Anna Qriqoryevna Dostoyevskayanın xatirələri

Anna Qriqoryevna Dostoyevskayanın xatirələri

Fyodor Mixayloviçgildən qayıdanda ürəyimdə fərəh aşıb-daşırdı. Yadımdadır ki, evə qədər bütün yolu sevinc içində, yoldan ötənlərə fikir vermədən yüksək səslə deyirdim:
  – İlahi! Mən necə xoşbəxtəm! Görəsən, bu doğrudur? Görəsən, yuxu deyil ki? Doğrudanmı, Fyodor Mixayloviç mənim ərim olacaq?!
  Küçədəki adamların səs-küyü məni bir az bu fikirlərdən ayırdı və qohumumuzgilə qonaq getməli olduğumu xatırladım. Əmim oğlu Mixail Nikolayeviç Snitkinin doğum günü idi. Mən piroq almaqdan ötrü şirniyyat dükanına girdim. Ürəyim fərəhlə coşub-daşırdı. Hamı mənə xeyirxah və mehriban görünürdü, mən də hamıya xoş sözlər demək istəyirdim. Özümü saxlaya bilmədim və piroq satan alman qıza dedim: Anna Qriqoryevna Dostoyevskayanın xatirələri
  – Nə gözəl üz rənginiz var. Saçlarınızı da gözəl yığmısız!
  Qohumumgildə qonaq çox idi. Anamsa nahara gələcəyinə söz versə də, hələ də gəlib çıxmamışdı. Bu məni kədərləndirdi. Şad xəbəri ona deməyə elə tələsirdim ki...
  Naharda özümü qəribə aparırdım: gah hər şeyə gülür, gah fikrə dalır, nəsə düşünür, heç nə eşitmir, gah yersiz cavablar verirdim. Hələ gələn qonaqlardan birinə çaşıb Fyodor Mixayloviç deyərək müraciət də etdim. Mənlə zarafatlaşmağa başladılar. Miqrenimi əlimdə bayraq edib vəziyyətdən çıxmağa çalışdım.
  Nəhayət ki, mehriban anam gəldi. Mən qabaq otağa qaçıb onu qucaqladım. Sonra da qulağına astaca pıçıldadım:
  – Məni təbrik edin, gəlin oluram!
  Başqa bir kəlmə də deməyə macal olmadı. Çünki ev yiyəsi anamı qarşılamaq üçün ora gəldi. Yadımdadır ki, bütün axşamı anam mənə qəribə nəzərlərlə baxırdı. Yəqin ki, burda olan bəy namizədlərdən kimə ərə getmək fikrinə düşdüyümü düşünürdü. Ancaq evə gedəndə yolda imkan tapıb Dostoyevskiyə ərə gedəcəyimi deyə bildim. Bilmirəm, anam buna sevindi, yoxsa yox. Məncə, sevinmədi. Bu dünyada bir xeyli yaşamış, həyat təcrübəsi olan insan kimi o başa düşürdü ki, qarşıda məni həm onun xəstəliyinə, həm də maddi vəziyyətinin pis olmasına görə çox böyük çətinliklər gözləyir. Amma buna baxmayaraq, məni fikrimdən döndərməyə (amma başqaları çalışırdı) çalışmırdı. Buna görə ona çox minnətaram. Axı kim məni bu böyük xoşbəxtlikdən çəkindirə bilərdi?! Bu nikah birgə həyatımızın bütün ağır tərəflərinə (ərimin xəstəliyi, borclar) baxmayaraq, hər ikimiz üçün əsl xoşbəxtlik idi.
Səhəri gün – noyabrın doqquzu mənim üçün olduqca uzun və darıxdırıcı keçirdi. Heç bir işlə məşğul ola bilmirdim. Ancaq dünənki söhbətimizi bütün xırdalıqlarıyla xatırladım. Sonra hətta onları stenoqrafik kitabçama da qeyd etdim.
 
  Fyodor Mixayloviç yeddinin yarısı gəldi və təyin olunan vaxtdan yarım saat tez gəldiyinə görə üzrxahlıq da etdi.
  – Anna ürəyim dözmədi, sizinlə mümkün qədər tez görüşmək istəyirdim!
  –   Nous sommes logees a la meme enseigne (eyni müsibətdəyik (frans.) – gülümsəyərək cavab verdim, – bütün günü heç nə etməmişəm, ancaq sizi düşünmüşəm. Gəlişinizə o qədər çox sevinirəm ki!
  Fyodor Mixayloviç o dəqiqə açıq rəngli kostyum geyindiyimə diqqət yetirdi.
  – Bütün yolu matəm paltarınızı (atasına görə Anna Qriqoryevna matəm paltarı geyinirdi – X.A.) dəyişib dəyişməyəcəyinizi düşünmüşəm. Və budur! Siz çəhrayı paltardasınız!
  – Ürəyimdə bu cür böyük sevinc hissi var. Başqa cür necə ola bilərdi axı?! Toyumuzu camaata bildirənə qədər cəmiyyət içində mətəm paltarında gəzsəm də, evdə sizin üçün bax belə açıq rəngli paltarlar geyinəcəm.  
  – Sizə çəhrayı rəng çox gözəl yaraşır, – Fyodor Mixayloviç dedi, – amma bu rəng sizi bir az da gəncləşdirir və balaca qız kimi görünürsünüz.
  Mənim belə gənc olmağım, görünür, Fyodor Mixayloviçi nə qədər olmasa da narahat edirdi. Mən gülümsəyərək onu tezliklə qocalacağıma inandırmağa başladım. Bu bir zarafat olsa da, həyatımda baş verən bir çox hadisələrə görə bu, belə də oldu. Amma mən qocalmadım, yox,  sadəcə geyimimlə, söhbətimlə, özümü aparmağımla çalışdırdım ki, sanballı görünürm. Və aramızdakı yaş fərqi tezliklə sezilməz oldu.
  Anam otağa gəldi. Fyodor Mixayloviç onun əlini öpüb dedi:
  – Sizə, yəqin ki, məlumdur, qızınıza evlilik təklifi etmişəm. O mənə ərə getməyə razılıq verdi. Və mən buna görə inanılmaz dərəcədə xoşbəxtəm. Çox istəyərdim ki, siz də onun seçimini təqdir edəsiniz. Anna Qriqoryevna sizin haqqınızda o qədər yaxşı şeylər danışıb ki, mənim sizə artıq böyük hörmətim var. Onu xoşbəxt etməkdən ötrü mümkün və qeyri-mümkün olan hər bir şeyi edəcəyimə söz verirəm. Sizin üçünsə sadiq və sizə hörmət edən, sevən bir kürəkən olacam.
  Haqqına danışmaq lazımdır. On dörd illik evliliyimiz boyu Fyodor Mixayloviç anama qarşı həmişə yaxşı olub, ona hörmət edib, sevib.
  Fyodor Mixayloviç nitqini təntənəli, lakin bir balaca qarışıq kimi səsləndirdi. Özü də bunu hiss etdi. Anam bu sözlərdən çox təsirləndi və Fyodor Mixayloviçi qucaqladı. Xahiş etdi ki, məni qorusun və hər zaman da sevsin. Anam, hətta ağladı da.
  Mən bu söhbəti – bəlkə də, Fyodor Mixayloviç üçün bir balaca əziyyətli söhbəti kəsmək üçün dedim:
  – Əziz anam. Bizə tez bir çay verin. Fyodor Mixayloviç soyuqdan donub.
  Çay gəldi. Əllərimizdə stəkanlar qədim yumşaq kreslokara oturub söhbətə başladıq.
 
Müəllif: Xanım Aydın
Mənbə: artkaspi.az
Top