Dramaturgiya Haqverdiyevin simasında özünün ən istedadlı nü­ma­yən­dələrindən birini tapdı

Dramaturgiya Haqverdiyevin simasında özünün ən istedadlı nü­ma­yən­dələrindən birini tapdı

Dünyanın ən qədim, zəngin və rəngarəng sahələrindən biri olan Azərbaycan mək­təb və pedaqoji fikir tarixində özünə layiqli yer tutan Əbdürrəhim bəy Haqverdiyevin “Hacı Daşdəmir”, “Dağılan tifaq”, “Bəxtsiz ca­van”, “Pəri cadu”, “Millət dostları”, “Kimdi müqəssir?”, “Ac həriflər”, “Xəyalat”, “Qa­dın­­­lar bayramı”, “Ağac kölgəsində”, “Köhnə dudman”, “Çox gözəl”, “Padşahın mə­həb­bə­­ti”, “Sağsağan”, “Ağa Məhəmməd şah Qacar” və başqa dram əsərləri şirin dili, mə­na­lı gülüşü, aydın təşbihləri, dərin mə­na­sı, yüksək ideyası ilə oxucunun nəzərini cəlb edir. Görkəmli ədibin “Ayın şahidliyi”, “Ata və oğul”, “Şeyx Şəban”, “Pir”, “Seyidlər ocağı”, “Ma­ral­la­­rım” və s. hekayələrində də güclü yumor, tənqidi realizm əsas yer tutur.
Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılıq Əbdürrəhim bəy Haqverdiyevyolu o qədər zəngin və rən­ga­rəng­dir ki, bə­zən “Molla Nəsrəddin” jurnalının səhifələrində gizli imzalarla “Ceyranəli”, “Xortdan”, “Həkimi-Nu­ni­sə­ğir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” kimi (1906-1931), bəzən ali məktəb audi­toriyasında mü­ha­zi­rə oxuyan müəllim-pedaqoq kimi (1921-1931), gahdan masa arxasında oturan nasir, dramaturq, tər­cü­mə­çi kimi, gahdan da dirijor kürsüsündə (pultunda), re­jis­sor kimi səhnədə özünə mənəvi abidə ucalt­mış­dır.
Müəllif öz ecazkar qələmi ilə xalqımızı avamlıqdan, cəhalətdən, nadanlıqdan, onu kölgə kimi izləyən mövhumatçılığın, xurafatçılığın təsirindən qurtarmağa çağırmışdır.
Öz sevimli xalqının yeni həyata olan arzu və istəyini bədii yaradıcılığında mə­ha­rət­lə əks etdirən humanist sənətkar dövrünün mütərəqqi ideyalarından ilham almış, müxtəlif imzalarla “Molla Nəsrəddin” jurnlında çıxış edərək xalqını elmə, maarifə səsləmişdir.
Əbdürrəhim bəy Haqverdiyev pedaqoji fikir tarixində bir tərcüməçi kimi də şöhrət tapmışdır. Görkəmli ədib Maksim Qorkinin “İzergil qarı”, “Makar Çudra”, “Arxip baba və Lyonka”, “Xan və oğru”, Anton Povlaviç Çexovun “Kontrabas romanı”, “Sirr”, “Nadinc uşaq”, “Dəhşətli gecə”, “Şir və Xurşid”, Çirikovun “Yəhudilər”, Vlyam Şeks­pi­rin “Hamlet” və “Kral Lir”, Volterin “Sol­tan Osman”, Şillerin “Qaçaqlar” və “Vil­helm Tel”, Emil Zolyanın “Qazmaçılar”, Andersenin “Şahın təzə libası” və “Bül­bül­lər”, İ.Krı­lo­vun “At və eşşək” s. əsərləri də tərcümə etməklə, azərbaycanlı oxucuların bu gör­kəm­­li ya­zıçı və şairlərin yaradıcılığı ilə tanış olmasına kömək göstərmişdir.
Əbdürrəhim bəy Haqverdiyev Maksim Qorkidən tərcümələr etməklə yanaşı bu dahi yazıçı haq­qın­da həm də böyük bir məqalə yazmışdır. “Maksim Qorkinin həyat və ya­ra­dı­cılığı” adlanan bu mə­qa­lə­də müəllifin Qorkinin həyat və yaradıcılığına dərindən bələd ol­duğunu çox aydın göstərir. Haqverdiyev mə­qalədə Maksim Qorkinin zəhmət və mə­şəq­qət­lə keçən həyatını təsvir etməklə bərabər, yazıçının hə­yat idealını, yaradıcılıq qay­naq­la­rı­nı üç dövrə bölərək faktlar əsasında işıqlandırır və elmi şəkildə ümu­mi­ləşdirir.
Əbdürrəhim bəy Haqverdiyevin pedaqoji fikir tarixindəki mövqeyi bunlarla məhdudlaşmır. İctimai xadim Haqverdiyev Azərbaycan mədəniyyəti tarixində istedadlı alim kimi də tanınmış və şöhrət qazanmışdır. O, 1924-cü ildə Rusiya Elmlər Aka­de­mi­ya­sı­nın ölkəşünaslıq bürosuna üzv seçilmiş, 1928-ci ildə isə Azərbycanın əməkdar in­cə­sə­nət xadimi fəxri adına layiq görülmüşdür. Onun mətbuatda ədə­biy­yata, dilə və incəsənətə dair bir sıra elmi məqalələri dərc olunmuşdur. Bunların sırasında “Mü­səl­man­lar­da teatro”, “Azərbaycanda teatr”, “Molla Nəsrəddin haqqında xatiratım”, “Mirzə Fətəli və ərəb əlif­ba­sı”, “Axundovun həyatı və fəaliyyəti”, “Mirzə Fətəlinin faciəsi”, “Ədəbi dilimiz haqqında”, “Bizim ya­bı­lığımız” və sair elmi-publisist əsərləri diqqəti cəlb edir.
Azərbaycan dramaturgiyası Haqverdiyevin simasında özünün ən istedadlı nü­ma­yən­dələrindən birini tapmışdır. Məhz bu xüsusiyyətlərinə görədir ki, məşhur fransız ədibi Lui Araqon “Qərb və Şərq di­­vanının zəruriliyi” adlı əsərində bir neçə Azərbaycan ya­zı­çı­sı ilə yanaşı Əbdürrəhim bəy Haq­ver­di­ye­vin də adını çəkir və onun sənətkarlığını yüksək qiymətləndirmişdir.
Məlumdur ki, Əbdürrəhim bəy Haqverdiyev həm də bir rejissor, səhnə xadimi kimi Azərbaycand teatrın yaranması və inkişafı sahəsində əvəzolunmaz xidmətləri olmuşdur. Bu baxımdan, Haqverdiyevi, eyni zamanda, milli teatrın tarixçəsini çox müfəssəl və nə­zə­ri şəkildə, həm də xronoloji ardıcıllıqla keç­di­yi inkişaf yolunu ilk dəfə qələmə alan müəllif kimi, başqa sözlə, ilk Azərbaycan teatrşünas-alim kimi də qiymətləndirsək, ancaq həqiqəti təkrar etmiş olarıq. O, “Azərbaycanda teatr” adlı məqaləsində belə bir cəhəti nə­zə­rə çarpdırır ki, Azərbycan teatrı öz tarixi inkişafı yolunda səhnəni “şeytan yuvası” ad­lan­dırıb, xalqı ondan uzaqlaşdıran xurafatçı ruhani ideolaqları ilə üz-üzə gəlmişdir. Görkəmli səhnə ustaları isə hər cür təhqir və hədələrə dözmüş, lakin əyilməmişdir. “Azər­bay­canda teatr” məqaləsi bu sözlərlə bi­tir: “O teatr ki, bir zaman yanından keçərkən ca­ma­at az qala gözünü yumardı, indi ağzına qədər dolur… Bir zaman hamıya avara və müftəxor görünən dramaturq və artistlər indi şərəf və hörmətlə qarşılanırlar”.
Əbdürrəhim bəy Haqverdiyevin elmi-nəzəri məqalələrində öz yaradıcılığı və akt­yor­luğu ilə si­lin­məz iz buraxanlardan biri də mollanəsrəddinçi Əliqulu Qəmküsar ol­muş­dur. Haqverdiyev “Beş il” adlı mə­qaləsində yazır ki, ömründə səhnə görməyən Əliqulu Qəm­küsar “ilk dəfə səhnəyə çıxıb ta­maşaçıları hey­rətə gətirdi. Bakı teatr se­vən­lə­rin­dən onu hər kəs “Ölülər” komediyasında Şeyx Nəsrullah rolunda gö­rüb, indi də xə­ya­lın­dan çıxartmayıb. Gözəl natiq, şirin-zəban, dərin fikirli, geniş məlumat sahibi və in­sa­nı tə­əc­cü­bə gətirən hafizəli bir vücud idi...”.
Xalqın maariflənməsində teatrın rolunu əvəzsiz sayan mollanəsrəddinçi Əbdür­rə­him Bəy Haq­ver­di­yev yazır ki, “1920-ci ildə Azərbaycanda savadsızlar 98 fai­zi təş­kil edir­­­di. Xalqla danış­maq, onu mə­də­niyyətə və maarifə çağırmaq üçün ən yax­­şı va­si­tə teatr səh­­nəsi idi”. Çünki “artist üzünü un­luyub acı hə­qi­qət­lə­ri sənətin şə­kəri ilə şi­rinlədib camaata yedirdir”. Ancaq qazılar, axund­lar teat­ra “na­la­yiq yer ki­­mi” bax­mış, belə yerə münasi­bətləri heç də normal ol­ma­mış­dır. Pedaqoq, dra­ma­turq, tərcüməçi, jurnalist, naşir, həmçinin, “Təzə həyat”, “İttifaq”, “Səda”, “Kavkazeç”, “Sədayi-və­tən”, “Sədayi-həqq”, “Sədayi-Qafqaz” qəzetlərinin və “Məzəli” jurnalının redaktoru olmuş Ha­­­şım bəy Və­zi­ro­vun 1892-ci ildə Şu­şada “Evlənmək su içmək deyil” adlı səh­­­­­­nə­ləş­­di­rilmiş ko­­me­di­ya­sın­da akt­yor­­lar­­­dan birinin “Həzrət Ab­ba­sa and olsun” de­­­mə­si ilə aləm bir-birinə dəy­miş, bununla da 1899-cu ilə­­dək Şuşada teatr gös­tə­ril­məsinə veto qo­­­yul­muşdur. Ə.Haqverdiyev “Keç­miş gün­lər­dən” ad­lı məqaləsində əh­va­latı belə xa­tır­­­la­yır: “Səhnədə qu­­mar məclisi gös­tə­ri­lir­di. Bir guşədə dörd nəfər əy­lə­şib “dörd aşıq” oy­nayırlardı. Bir aşığın “alçı” dur­ma­sı üs­tün­də” mübahisə düşür. Oyna­yan­lar­­­dan biri­si aşığın alçı dur­­duğunu sü­but et­dikdə, bi­risi, aşı­ğın alçı durma­yıb, an­caq pa­lazın qı­rı­şığına söy­kə­nib alçıya bən­zə­di­yi­­ni söy­­lə­yir. Birinci oyunçu öz sö­zü­­­nü isbata ye­tir­mək üçün bir­dən qışqırdı: “A kişi, Həzrət Abbasa and olsun ki, aşıq al­çıdır”. Bu söz­lər teatro sa­lonunda bir bomba ki­mi par­t­la­yıb, tamaşaçıların ara­­­sında bö­yük bir qarı­şıq­lığa sə­bəb ol­du. Teatroda olan gənc­lər: “Bu məlunlar, din­­siz­lər, Al­lahı ta­nıma­yan­lar, araq-ça­xır içən­lər, nə haqq ilə teatro kimi na­layiq bir yer­də Həz­­rət Abbasın adı­­­nı çəkirlər” – de­yə xəncər və tapançalara əl at­­dılar. Teat­ro ya­rım­­çıq pozuldu, “akt­yor­lar” dal qa­­pı­­­dan qaçdılar. Səhnədə iştirak edən bir müəl­lim əy­­nindəki qadın pal­ta­rını soyunma­ğa vaxt tapmadığından, öz pal­tar­la­­rı­­nı qoltuğuna ala­­­raq evlərinə qədər qaç­mış­dı. Sabahısı günü şəhərin gəncləri silahlanıb kənd müəllimlərini avlamağa çıxdılar. Müəllimlər isə hamısı qaçıb öz kəndlərinə getdilər. Müəllim Ha­­­şım bəy Vəzi­ro­v qapısını bağlayıb evdə gizlənməyə məcbur oldu. Bir axşam Ha­­­şım bəy öz qohumlarından bir neçə adam götürüb qazının evinə getdi: Əsərin əl yaz­ma­sı ilə Quranı qazının qarşısına qoyub dedi: “Qazı ağa! Bu mənim yazdığım əsər, oxu­ya bi­lərsiniz, ancaq and olsun bu Qurana, “Həzrət Abbas” adını mən kitabıma sal­ma­mışam. O nadürüst Bədir (həvəskarın adıdır), dili dinc durmayıb, bu sözləri özündən demişdir”. Qazı inandıqdan sonra cəmaəti sakit etdi”.
Göründüyü kimi, Azərbaycanda dini fanatizmin tüğyan etməsi, yalançı din xa­dim­lə­ri­­nin isə bundan istifadə edərək teatra, dram sənətinə, ümumiyyətlə desək sivil mə­də­­niy­yə­tin inkişafına mane törədərək xalqın maariflənməsinin qarşısını hər vəchlə alır­dılar.
Ə.Haqverdiyev yazır ki, “1905-ci ilə qədər Azərbaycan tamaşaları aktyorlar və hə­­vəs­karlar üçün dəhşətli əzab və işgəncədən ibarət idi. Şəhərlərdə (Bakıdan baş­­­­qa) teatr bi­na­ları yox idi”.
Ə.Haqverdiyev xalqın xoşbəxtliyini həmçinin, maarif toxumu səpən xalq mək­təb­lə­rin­də, elm­də, təhsildə görürdü. Qızların məktəbə cəlb olunması məsələsini daim düşünənlərdən biri də Haqverdiyev idi. Qız­ların məktəbə nə qədər həvəs və marağı olsa da atalar qızlarını məktəbə yox, sək­­­­­kiz yaşından ərə ve­rib baş­dan rədd etməyi düşünürlər. Ə.Haqver­di­ye­vin qızların təhsili üzərində apardığı maarif­lən­dir­mə iş­i öz işi­ni görməkdə idi. Ar­tıq atalar qızlarının əlindən yapışır və çə­kə-çəkə mək­tə­bə apa­r­maq məc­buriyyətində qa­lır­dılar. Əbdürrəhim Bəy Haqverdiyev yazır ki, “Bir vaxt ola­­­caq – çox uzaq da çək­mə­yə­cək, – görəssən təsəttürü nisvanın ən mü­tə­­əs­sib tə­rəf­da­rı, mə­sə­lən: bir nə­­fər Kərbəlayı Fərzalı qızının qo­lundan yapışıb küçə ilə apa­rır və yolda öz dü­kan qon­şu­su Məşədi Meydanəli rast gəlir. Məşədi xəbər alır: “Kər­bəlayı bu uşağı ha­ra apa­rırsan?”
Kərbəlayı: “Neyləyim, ay məşədi, Allah zəmanəni dağıtsın! İki qızım evdə bö­­­­yü­yüb qalıblar, hər kəs yaxınlarına düşmür, qardaşım oğluna istədim verəm, al­ma­­dı, de­­­di: “Mən gərək oxumuş qız alam”. Gedib bir yəhudi qızı alıb gətirib. Ba­cım oğlan­la­­­rı­na yal­var­­dım, özün bilərsən biri bir nemka (nemes, alman – K.C.) de­yir­­lər, nə mil­lət de­­­yir­­lər alıb, biri də bir rus qızına uyub. Kənardan da gəlib istəyən yox­­­­dur, çün­ki, əv­və­­la, ca­­hil­lə­ri­miz xarab olub və bir də deyirlər: Əgər Kərbəlayı Fər­zalının qız­ları yax­şı­­dırlar, ni­­yə əmi­ləri, dayıları oğlanlarına getmirlər?” İndi əla­cımız kəsi­lib, apa­rı­ram o da­­ğılmış şey­­tan yu­­vasına, bəlkə heç olmasa bu qız ev­də qalmıya”.
Yazıçının qələmə aldığı “Odabaşının hekayəsi” əsəri də dövrün hacılarını, ru­ha­ni­lə­rini ifşa edən gözəl sənət əsəridir. Hekayədə varlanmaq üçün şəxsiyyət və vicdanlarını qa­ra pula satan, öz şəxsi mə­na­fe­ləri üçün hər cür fırıldağa əl atan, ürəklərində təmiz mə­həb­­bət gəzdirən cavanları zəhərləyib məhv edən xurafatçıların üç üzü hərtərəfli təsvir edil­­mişdir.
Əbdürrəhim bəy Haqverdiyev
Göründüyü kimi, Əbdürrəhim bəy Haqverdiyev nə yolla olursa-olsun, qadını Şərq ətalətindən, qa­­ra­gü­­­­ruh­­çu di­nin tə­sirindən, kölə vəziyyətindən qurtarmağa və ictimai hə­ya­ta cəlb et­mə­­yə ça­lı­şmış və azad­­­­­lıq uğrunda gedən mübarizəni də, mədəni və siyasi tə­rəq­qi­ni də mək­təb­lə əla­qə­lən­­di­rmişdir­. Əb­dür­rə­him Bəy Haqverdiyev yazır ki, milyonçu Ha­cı Zeynalabdin Tağıyev ünas məktəbinin əsasını qoyanda “dünyada bir murdar ad qal­ma­dı ki, Bakı camaatı o mək­­­­­­tə­bə qoy­masın. Qulağım elə sözlər eşidirdi ki, bütün bədənim titrəşirdi”.
O zaman məktəb adı ilə yaranmış və illər boyu məscidlərdə fəaliyyətini da­vam et­di­­rən mol­la­xa­na­lar və başqa milli tədris müəssisələri dövrün tələblərinə qə­tiy­­yən ca­vab ver­­mir, millətin gələcəyi olan uşaqları şikəst edirdilər. Əbdürrəhim Bəy Haq­ver­­di­yev ya­zır­dı ki, “məktəblərdə tədris kitabları və ca­ma­atın oxuduğu ki­tab­­­lar ancaq “Ley­li və Məcnun”, “Gülüstan”, “Bustan”, “Tarixi-Nadir” və bu qə­bil İran­da çap olun­muş və ək­sə­­ri fars dilində yazılmış kitablar idi”. Dövr dünyəvi elm­lə­rin tədrisini, gənc nəs­lin hərtərəfli bilik səviyyəsinə ma­lik ol­ma­­sını tələb edirdi.
Xalqın təlimi, təhsili, tərbiyəsi ilə bağlı ya­zı­lar yazan Əbdürrəhim bəy Haq­ver­­di­yev həm də bir pedaqoq kimi çıxış edə­­rək xal­­­qın ma­arif­lən­mə­sin­də bən­zərsiz xidmətləri ilə pedaqoji fikir tariximizi zən­gin­ləş­­dir­miş­dir. Haq­ver­­di­yev gənc nəslin tərbiyəsi, əxlaqı mə­sə­lə­­­­lərinə həmişə ic­ti­­mai və mə­dəni in­ki­şaf baxımından yanaşmışdır. O, bu möv­zuda yaz­­­dığı he­­ka­­yə, mə­qalə, fel­yeton, Azərbaycan xalq pe­da­qo­gikası nü­munələrində köh­­­nə, çü­­rük tə­lim-tər­biyə üsul­la­­­rını tənqid etmiş, uşaqların, gənc nəs­lin mü­tərəqqi üsul­­lar əsa­sın­­da tər­bi­yə­­lən­di­ril­mə­si­nə çalışmışdır. Əbdürrəhim bəyin qarşıya qoyduğu əsas məq­səd kök­dən ayrılmamaq, kö­­kə qayıtmaq, milli-mənəvi dəyərləri qorumaq olmuşdur. Onun ən bö­yük və nə­­cib arzula­rın­dan biri də uşaqları və­tə­nə, xal­­qın adət və ənə­­­­­nə­­­lə­ri­nə və ya milli də­yərlərə mə­həb­bət ru­hun­­da bö­yüt­mək, onlara mə­də­­ni vər­­­diş­­­lər, müs­­bət əx­laq normaları aşı­lamaq və gələcək nəslə ərmağan et­­mək ideyası idi.
Əbdürrəhim bəy Haq­ver­­di­yev yaradıcılığında Cənubi Azərbaycan xalqını vətəni sev­­məyə, onu düş­­mən­­dən qo­rumağa, həqiqi vətənpərvər olmağa çağırırdı. Onlara hə­ya­tın mənasını ba­şa sal­­ma­­ğa ça­lı­şır, öz azadlıq və xoş gələcəyi uğrunda vuruş meydanına ça­­ğırır­dı. Ə.Haq­­ver­­diyev “Həm­şəri” adlı fel­ye­tonunda Cənubi Azərbaycan xalqını möh­kəm ira­dəli, mü­­bariz, qorxu bil­məyən nəsil tərbiyə etməyə ça­ğırırdı.
Ə.Haq­­ver­­diyev hər cür vətənpərvərlik hissindən məhrum olan, namus, mə­­də­­niy­­­­yət, insaniyyət, humanizm, səmimiyyət məfhumlarını tapdalayan şöh­rət­pə­­rəst­­­lə­ri bir şə­­­kildə tənqid atəşinə tuturdu. Bu nöqteyi-nəzərdən Əb­dür­­rəhim Bəy Haqverdiyevin “Ma­ral­la­rım” əsəri çox xarakte­rik­dir. Abbas Za­ma­no­vun da qeyd etdiyi kimi “Marallarım”da böyük bədii ümumiləşdirmə vardır”. Belə məlum olur ki, Dəc­cə­la­­bad ma­­­­ralları məclis qayırıb bir “üsuli-cədid” mək­tə­bi acmaq fik­ri­nə dü­şür­­lər. Son­ra baş­­­la­yır­lar ki, məktəbin adını nə qoyaq? “Biri de­yir: “Məktəbi-şa­­ma­tət”, bi­ri – “Ləa­­mət”, biri – “Nə­­da­mət”, biri – “İfti­zah”, biri – “İz­meh­lal”… Sədr tək­lif edir: “Məd­­rə­se­yi-töh­mət”. Bu ad məclis tərə­fin­dən qə­­bul olun­duq­dan son­­­ra Teh­ran­­dan iki müəllim gə­lir və dərs deyir. Bu­­nu eşidən Konsul Ağa məktəbə gə­­­lir və mü­dir­dən proqramla ta­nış olmasını istəyir.
“Müdir başlayır bir-bir oxumağa:
Əvvəlinci: “Vətən – Zavallının əşarından.
Konsul ilan çalmış tək sıçrayır:
Amandı, nə fikirdəsən?
Xan, necə?
Rəhmətlik oğlu, rusun qoşunu Ərdəbildə əyləşib, sən vətən sözünü dilinə gə­ti­rir­sən? Bəlkə sabah gəlib məktəbi bağladılar.
Eybi yoxdur, bu dursun.İkincisi: “Ayıl ey milləti-İran, oyan bu xabi-qəf­lət­­dən”
Ay xanəxarab dayan!
Nə oldu, xan?
Xanəxarab! Rus Təbrizdə əyləşib! Sən milləti-İran sözü danışırsan. Bun­dan son­­ra əlbəttə gərək “millət” sözü ortalığa çıxmasın!
Xub, bu da dursun. Üçüncü:
                             Bir günü tülkü girdi bir bağa,
                             Baxdı orada sola, həm sağa,                     
                             Gördü o bağda üzüm saralıb,
                             Konsulun bığları əcəb qaralıb.
Bax budur ha, belə-belə əşardan oxut, xalq da ləzzət aparsın. Və bir də ça­­­­lış qi­­ya­­mət, in­sa­niy­­yət, mürüvvət, həmiyyət, ittihad, namus, qeyrət, mədəniyyət söz­­­­ləri or­ta­lı­ğa gəlməsin!”.
Əb­dür­­rəhim Bəy Haqverdiyev Cənubi Azərbaycanda yaşayan türklərin nümu­nə­sin­də Şərq xalq­­­­larının cəhalət zəncirini qırmağa, onları vahid bir qüvvə ilə birləşməyə və bir­­­­lə­şə­rək ölkənin varını, yo­xu­nu talayan imperialistləri ölkədən çıxarmağa və da­xi­lin­də­ki istismar dünyasını da­ğıt­ma­­ğa ça­lı­şmışdır.
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin əsərləri təkcə ana dilində Azər­bay­can­da de­yil, dünyanın bir sıra ölkələrində (Rusiyada, Gürcüstanda, Litvada, Taciqistanda, Qırğızıstanda, Bolqarıstanda, Tür­ki­yədə, Almaniyada və s.) müxtəlif dillərdə çap olunmuşdur.
Sonda qeyd edək ki, əsrlərdən əsrlərə süzülərək gələn xalq pedaqogikası nü­mu­nə­lə­ri – nağıl­lar, tap­­­­­­ma­calar, bayatılar, xalq mahnıları, mövsüm-mərasim nəğmələri, aşıq şeir­­lə­ri, das­­­tan­lar, xalq ta­ma­şa­la­rı və s. Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında mə­nəvi key­fiy­­yət­lə­rin for­malaşmasının mühüm vasitələrindən biri olmuş, hələ təlim və tər­­biyə haq­­­qın­da elm olan pedaqogika yaranmazdan əvvəl gənc nəslin milli-mə­nə­vi də­yər­­lər əsa­­sında tərbiyə edilməsində müstəsna rolunu qeyd etmişdir. Əbdürrəhim bəy Haq­ver­diyevin yaradıcılığından qidalanan hər bir oxucuya aydın olur ki, gənc nəslin təlim, tərbiyə və təhsili, el­mi-pe­­daqoji fikrin inkişafı, şübhəsiz ki, xalqımızın milli-mənəvi də­yər­lərindən, soy kö­kün­dən qidalanmışdır.                   
 
 
 
Müəllif: KAMAL CAMALOVPedaqogika üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Respublikasinin Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Mənbə: modern.az
Top