Bu gün Azərbaycan estetik poeziyasının ən güclü nümayəndələrindən olan nakam taleli şair Mikayıl Müşfiqin anım günüdür. 1908-ci ilin bu günündə anadan olmuş şair qısa ömür yaşamasına baxmayaraq, çağdaş Azərbaycan poeziyasının banilərindən birinə çevrildi. Təsadüfi deyil ki, Müşfiqin anadan olduğu tarix Azərbaycanda Şairlər Günü kimi qeyd olunur.
Böyük şairin anım günü münasibətilə təqdim etdiyi bu yazıda Müşfiqin ədəbiyyatdakı pasportuna çevrilən nakam taleyinin bir neçə epizoduna toxunub.
Qanlı 1937-ci ildə hələ 30 yaşı olmayan şairin düşmənlərinin nə qədər çox olduğu, ona həsəd aparanların kəmiyyəti Müşfiqi qaralamaq üçün hazırlanan süni oyunlarda özünü göstərirdi. Bu zaman əllərinə fürsət düşən və Müşfiqi sıradan çıxarmaq üçün danoslar yazan şairlərin ard-arası kəsilmirdi. Onlardan biri də Mirmehdi Seyidzadə olub. Halbuki, həmin hadisələrdən əvvəl o, Müşfiqlə eyni bağda dincəlib. Özləri ilə bərabər, ailələri də yaxın dost olublar. Amma səd heyf...
Aradan çox keçmir ki, o, Müşfiqi bada verən bir məktubu Yazıçılar İttifaqına göndərir
O zaman üzə duranlar üç qrupa bölünürdü: məcburən bu işə təhrik olunanlar, rəhbərliyin yanında yerlərini yaxşı etmək üçün bu işi görənlər və paxıllıq girdabına düşdüyü üçün bu işə qol qoyanlar.
Deyilənə görə, Mirmehdi Seyidzadə birincilərdən imiş. Amma heyhat! Məktubda heç 30 il ömür sürməyən, nakam taleli Müşfiq elə təhqir olunub ki, onu yazıb təqdim etmək belə, çətindir! Lakin bu tarixdir!
Yazılmalıdır ki, tarixdə necə hadisələrin olması, Müşfiq, Cavid kimi insanların necə əzab çəkmələri bilinsin. Elə məktubun yer aldığı nəşr — arxiv bilicisi və araşdımaçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” adlı kitabı da bu məqsədlə yazılıb. Tarix, keçmiş bilinməlidir. İbrət dərsi üçün bilinməlidir!
“Sizin tələbinizə görə, …. kontrrevolyusioner (nöqtələrin yerinə Cavid və Müşfiqin şanına yaraşmayan söz yazıldığı üçün silmək qərarına gəldik. E.N.) Hüseyn Cavid və Müşfiqlə olan əlaqəm haqqında aşağıdakı məlumatı verirəm:
…. Mikayıl Müşfiqi mən Yazıçılar Cəmiyyətində tanımışam. Onunla birlikdə Firdovsinin şeirlərindən tərcümə etmişik… Müşfiq haqqında danışmaq istəmişəm, iki dəfə sədrə yanaşmışam da, mənə söz verilməyib. Müşfiqin yazdıqları haqqında yazdığım materialları iclasdan sonra Rahim yoldaş (Məmməd Rahim – A.K.) məndən alıb məqalə üçün istifadə edəcəyinə söz verdi”.
Yazmağa məcbur edilən bu söz müəllifinin bir neçə il sonra M.Müşfiq haqqında yazdığı хatirə insanda ikrah hissi doğurmaya bilmir:
“… Müşfiq bəzən gecələr də bizdə qalırdı".
“Mikayıl Müşfiq fitrətən şair yaranmışdı. O bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də olsun ilhamsız yaşamırdı”.
“1934-cü ildə biz Müşfiqlə bərabər Mərdəkanda bir bağa köçmüşdük. Səhərlər və aхşamlar dəniz sahilinə gedərdik”.
Bu, M.Seyidzadənin daхilindən gələn həqiqi səs idi. Bu fikirləri demək üçün şair uzun illər gözləmişdi. Gələcəkdə böhtan dolu yazılacaq məqaləsi üçün “danos” yığan, bunun üçün də M.Seyidzadədən ustalıqla istifadə edən “söz ustadı” Məmməd Rahim həmin materiallardan “lazımınca” bəhrələnməyə müvəffəq olur.
Adı ədəbiyyat tarixinə heç vəchlə düşməyən, bir zamanlar başqalarını repressiyaya məruz qoyan, sonradan isə özü bu acı taleyi yaşayan Seyfulla Şamilov isə Müşfiqə qara yaxmaq üçün çox gülünc detallara əl atırdı. Birini təqdim edək:
“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quşla maraqlanır, ancaq bizim sovet quruluşu ilə maraqlanmır?! Bizim sovet qəhrəmanları ilə maraqlanmır?! Bax, bu Səməndər sizin fikrinizə haradan gəlib?! (Müşfiqə müraciətlə). Biz demirik, filankəs sənin qohumundur. Bəlkə ola bilər, demişik ki, sənin qohumun Müsavatın qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında danışmalısan. Sən bu gün sovet ədəbiyyatını ifşa etməyə çalışmırsansa, bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir ki, bunu yazasan”.
Müşfiqə qarşı çıxan növbəti qələm adamı isə Məmməd Rahim olub. Məmməd Rahim Müşfiq haqqındakı yazıda onu üç maddəyə əsasən suçlayır:
Birinci “maddə”: “Zahirən sovet, lakin bütün daxili quruluşu etibarı ilə qəddar kontrrevolyuson ruhu ilə dolu olan” əsərlərin müəllifi kimi;
İkinci “maddə”: “Müşfiq dili və şeirlərindəki kontrabanda yolu ilə gətirdiyi fikirləri etibari ilə proletariata sadiq şair” olmadığını sübut kimi
Üçüncü “maddə”: Sinfi qardaşı Çobanzadədən oğurluq etdiyinə görə.
Məmməd Rahim “qatı millətçi” saydıqları Bəkir Çobanzadənin kitabından “Buludlar” adlı şeiri oğurlayaraq, onu “Küləklər” adlı şeirlər əvəzləməsini yazır.
Amma Müşfiqə hədyan qoşanlar, yazdıqları məqalələrlə onu güllə qarşısına çıxaran təkcə bu üçlük olmayıb. Sanki özünü kimlər üçünsə təsdiqləmək istəyənlərin əlinə Müşfiq kimi fürsət düşmüşdü.
Bu yerdə xüsusi olaraq qeyd edək ki, Müşfiqə qarşı çıxanların arasında Hacıkərim Sanılı kimi günahsız bir ziyalı da vardı. Təsəvvür edin, bu vicdanlı adama o dərəcədə dəhşətli işgəncələr verirlər ki, ağrılardan xilas olmaq üçün məcbur qalıb Müşfiqin əleyhinə ifadə verir:
“Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə Müşfiq həvəslə əks-inqilabi fikirlərlə çıxış edərək deyirdi: “Azərbaycan əhalisi başqa millətlərdən fərqli olaraq gözdən salınmışdır. Başqa millətlər –rus və ermənilər- Azərbaycana öz mədəniyyətini inkişaf etdirməyə imkan vermədikləri səbəbindən son nəticədə gözdən düşən xalq olub”.
Bu ifadələrdən sonra Sanılıya verilən işgəncə səngiyir. Lakin aldığı zədələr çox keçmir ki, onun həyatına son qoyur.
Bu cür danosların “sayəsində” 1938-ci ildə qısa müddətli davam edən sorğu-sualdan sonra Müşfiq güllələnir. 1938-ci ilin 5 yanvarında saat 11:20-də başlanan “məhkəmə” 20 dəqiqədən sonra- saat 11:40-da bitir. Qərar isə artıq hamıya məlumdur.
Bundan sonra isə Müşfiqin ruhunu rahat buraxmırlar. Özü güllələnsə də, təqib növbəsi bacısı və həyat yoldaşına keçmişdi.
Müşfiqə görə çox keçmir ki, müəllimə işləyən bacısını işdən çıxarırlar. İşdən azad olduğunu bilən Balacaхanım İsmayılzadə (Şükürlü) həmin gün Voroşilov rayon (indiki Səbail) хalq maarif şöbəsinin müdiri olmuş Aхundovaya müraciət edir. Lakin ondan bir müsbət cavab ala bilməyən müəllimə Voroşilov (Səbail) rayon partiya komitəsinin katibi Ankişeviçə müraciət edir. Ankişeviç müəllimənin M.Müşfiqin bacısı olduğunu bilib, onu хalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib, kabinetindən qovur. Bu azmış kimi bir qrup öyrədilmiş şəхsi yanına çağırıb Balacaхanım Şükürlüyə qarşı akt tərtib etdirir. Həmin şəхslər tərəfindən rayon polis şöbəsinə müəllimənin “хuliqanlığı” barədə müraciət edilir.
Təsəvvür edin, xanım müəlliməni həbs etdirməkdən ötrü polis orqanı nə dərəcədə gülünc bir iddia irəli sürür.
Aslan Kənanın yuxarıda adını çəkdiyimiz kitabına yenidən istinad edərək, həmin gülünc, biabırçı iddianı diqqətə çatdıraq:
“13 sentyabr 1937-ci ildə 3 saylı şəhər polis şöbəsi belə bir nəticəyə gəlir ki, doğrudan da 1906-cı ildə Bakı şəhərində anadan olmuş, bitərəf, evli, orta təhsilli müəllimə İsmayılzadə (Şükürlü) Balacaхanım Qədir qızı Ankişeviçi təhqir etmiş, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş, mürəkkəbqabını onlara tərəf atmışdır.
Bunu nəzərə alaraq qərara alınır ki, Balacaхanım İsmayılzadə (Şükürlü) həbs edilsin”.
Məhz “İttihamnamə”də də İsmailzadə (Şükürlü) əvvəlcə “sestroy razoblaçennoqo vraqa naroda İsmailova Mikaila” yazmaqla B.İsmayılzadəni хuliqanlıq üstə yoх, məhz хalq düşməni Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs edildiyi bir daha aydın olur. Şahverdiyanın sədirliyi ilə məhkəmə Balacaхanım Qədir qızı İsmayılzadəni (Şükürlü) altı il müddətində azadlıqdan məhrum edilməsi üçün qərar çıхarır.
5 iyun 1954-cü ildə bəraət alan Balacaхanım İsmayılzadə (Şükürlü) haqqında H.Abramova, S.Hüseynov, Q.İ.Qolusi tərəfindən verilən şahid ifadələrindən məlum olur ki, müəllimə atılan böhtanlardan biri də “doşlo do takoqo stepeni çto razbila qrafin” ifadəsi olmuşdur. Guya müəllimə həmin şəxslərə qrafin atmış, lakin istənilən nöqtəyə dəyməmiş və nəticədə sınmışdı”.
Mənbə: azedu.az