Qarşımda «Ulduz” jurnalının yenicə çapdan çıxan xüsusi buraxılışı var. Bu say 20-ci yüzilliyin əvvəllərində Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi formalaşmasında mühüm xidmətləri olan, „Füyuzat” ədəbi məktəbinin görkəmli nümayəndəsi, istedadlı şair və publisist Məhəmməd Hadinin yaradıcılığına və şəxsi həyatına həsr edilib.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ilin 5 dekabrında Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Həmin sərəncamdan irəli gələrək ölkəmizdə bu sahədə bir çox işlər görülmüş, tədbirlər keçirilmişdir. “Ulduz” jurnalının xüsusi buraxılışı da bu münasibətlə çap edilib. Xüsusi buraxılışın redaktoru filologiya elmləri doktoru Abid Tahirlidir.
Xüsusi buraxılışda görkəmli yazarlarımızın, uzun illər ədəbi aləmdə tanınmış tədqiqatçı alimlərimizin və gənc tədqiqatçılarımızın da məqalələri çap edilib. Bu məqalələrin hər birində əqidəsinə, amalına sadiq qalan M.Hadi yaradıcılığına və şəxsiyyətinə bir sevgi, sayğı duydum. Və mənə elə gəldi ki, onların hər biri eyni istək, eyni həvəs və eyni məsuliyyət hissi ilə qələmə alınıb. İlk məqalə Xalq yazıçısı Anara məxsusdur. Müəllif „Hadinin sonacan yaşaya bilmədiyi sevinc” sərlövhəli bədii-publisistik məqaləsində şairi “təkcə yaradıcılığında deyil, həyatında da romantik” adlandıraraq, onun „bədbəxtliyə məhkum edilmiş” taleyindən ürək ağrısı ilə söz açır.
Hadişünasların “Vətənin və millətin azadlığı uğrunda şəhid şair” adlandırdığı M.Hadini şair Fikrət Qoca „Millət idi dərdi-səri...” deyə “ustaların ustadıydı” kimi qürurla təqdim edir. Həm yaradıcılığında, həm də şəxsi həyatında bir amalı -Vətənin səadəti amalını hayqıran Hadini F.Qoca „Haqqın haqsız olduğunu, bildi, getdi bu dünyadan” deyərək, təəssüf hissi ilə xatırladır. Bu dünyadan çox gənc və nakam gedən M.Hadinin istər publisistik məqalələrində, istər şeirlərində coşqunluq hissi ümumi məzmunda olsa da, əsas hürriyyətpərvərlik, vətənpərvərlik hissidir.
Ədəbiyyata, poeziyaya fədakarcasına, minnətsiz xidmət edən söz, sənət fədaisi olan M.Hadi yaradıcılığını akademik İsa Həbibbəyli “Bənzərsiz sənətkarlıq nümunəsi” kimi elmi ictimaiyyətə təqdim edir. Akademik, şairin ətrafda baş verən bütün hadisələrə müdaxilə etməsindən bəhs edərək yazır: „Gündəlik hadisələrə fəal müdaxilə edən M.Hadi, təəssüratlarını məqalələri ilə yanaşı, şeirlərində də geniş şəkildə əks etdirmişdi”. İ.Həbibbəyli daha sonra M.Hadinin publisistik məqalələrindəki əxlaqi dəyərlərdən, elmi və fəlsəfi təlimlərdən, ədəbi-nəzəri baxışlardan geniş şəkildə söz açır.
Filologiya elmləri doktoru, professor İslam Qəriblinin məqaləsində A.Hadinin “Azərbaycan” (1918-1920) qəzeti ilə əməkdaşlığından danışılır. Tədqiqatçı alim yazır ki, millətə xidmət amalına yaradıcılığının əvvəlindən sonuna qədər sadiq qalan M.Hadinin bu qəzetdə çıxan ilk əsəri 15 sentyabr 1918-ci il tarixli birinci nömrədə çap olunan „Türkün nəğməsi”, son əsəri isə 2 may 1919-cu ildə, 170-ci nömrədə dərc olunan “Kor soqqur” şeiridir”. Müəllif geniş həcmli məqaləsində şairin bir necə şeirini və publisistik məqaləsini tədqiqata cəlb edərək, dəyərli fikirlər söyləyib.
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli „Məhəmməd Hadi romantizmində ədəbi-fəlsəfi cərəyanların izlərinə dair” sərlövhəli məqaləsində M.Hadi yaradıcılığına müraciət edən görkəmli alimlərin fikir və mülahizələrinə istinad edərək, şairin yaradıcılığına münasibət bildirmiş, Prezident İ.Əliyevin bu barədə imzaladığı sərəncamı alqışlamış və sonda gəncləri bu sahədə tədqiqat aparmağa çağırmışdır. “Qalır hünərvər və istedadlı bir gəncin XX əsr Azərbaycan poeziyası, habelə Məhəmməd Hadi romantizminin ədəbi-fəlsəfi qaynaqları haqqında daha geniş, hərtərəfli və dərin bir tədqiqat əsəri yazması!”
Növbəti yazı xüsusi buraxılışın redaktoru, filologiya elmləri doktoru Abid Tahirliyə məxsusdur. „Hadi poeziyası-istiqlalın ədəbi və əbədi məşəli” sərlövhəli məqalədə Abid müəllim
M.Ə.Rəsulzadənin, M.B.Məhəmmədzadənin, Ə.Cəfəroğlunun, Ə.Yurdsevərin, H.Baykaranın və digər mühacir həyatı yaşayan ədəbiyyatşünas, folklorşünas, istedadlı publisist və ən başlıcası Azərbaycan milli istiqlal hərəkatının fəal üzvlərinin Hadi irsinə münasibətindən bəhs edir. Abid müəllim yazır ki, onların M.Hadinin şəxsiyyəti və yaradıcılığı haqqında mülahizələri maraqlı olduğu qədər də əsaslı və sərrastdır. Həmçinin Hadi romantizminin mahiyyətini, onun ideya istiqamətini kifayət qədər əhatə etməklə yanaşı, şairin yaradıcılığının məğzini, ideyasını açaraq, özünəməxsus məziyyətlərini göstərə bilmişlər.
Jurnalda diqqəti cəlb edən yazılardan biri də gənc tədqiqatçı Dilqəm Əhmədin Mehdi Gəncəlinin “Azerbaycanlı şair Mehemmed Hadi-hayatı, sanatı, eserleri” adlı kitabı haqında olan məqaləsidir.
Xüsusi buraxlışda „Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında” rubrikası altında H.Zeynallı, Ö.F.Nemanzadə, S.Hüseyn, A.Şaiq, M.Cəfər, M.Cəlal, Ə.Mirəhmədov, Y.Qarayev və başqa görkəmli tədqiqatçılarımızın Hadi haqqında maraqlı, dəyərli fikirləri ilə yanaşı, dövrü mətbuat da çap olunan məqalələrdən parçalar verilib. “Hadidən seçmələr”də isə şairin müxtəlif illərdə qələmə aldığı bir necə şeiri çap edilib.
Bu sirr deyil ki, hər bir qəzetin, jurnalın oxucu diqqətini cəlb etməsində onun məzmunu ilə yanaşı, forması da mühüm rol oynayır. Xüsusi buraxılışda əksər məqalələrin, şeirlərin məzmuna aid rəsmlərlə birlikdə verilməsi, istər-istəməz diqqəti cəlb edir.
A.Şaiqin təbrincə desək, Hadi məğrur və heç bir qüvvəyə əyilməyən bir şəxsiyyət idi. Yəqin ona görə, bu böyüklüyü və əyilməzliyi sosialist realizminin siyasi burulğanında itib-batmadı. F.Sadıq demiş „Ümmandan damla” olan Hadini dövrün ideoloji araşdırmaçıları “ardıcıl bir məfkurəyə malik olmayan sərxoş” kimi „qiymətləndirsələr” də, zaman “Azərbaycan şeirində romantizm cərəyanının ən qüdrətli nümayəndəsi” kimi tarixə həkk etdi.
Müəllif: Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist
Mənbə: kaspi.az