Rus ədəbiyyatında Şair və çar arasında dramatik qarşıdurmalar dəfələrlə yaşanıb, bu baxımdan Puşkinlə I Nikolayın münasibətlərinin tarixçəsini xatırlamaq kifayətdir – imperator birinci şairin şəxsi senzoruna çevrilmiş, polis nəzarəti ayırmışdı. Onun hətta xaricə getməsinə də izn vermirdi və s.
Lakin elə həmin imperator jurnal nəşr etmiş, şairdən dueldə iştirak etməməsi barədə vəd almış, Puşkin ölümcül yaralı olduğu zaman həkim yollamış, çoxuşaqlı ailəsini maddi cəhətdən təmin etmişdi.
Bu sadaladığımız faktların bütün aydınlığı ilə bərabər Puşkinin duelinin səbəbini tapmağa çalışan ədəbiyyatçılar nəsli dueldə imperatoru günahlandırırdı. Bəziləri isə hətta işi o yerə çatdırmışdılar ki, guya tapançanı Dantesin əlinə Nikolay özü verib.
Puşkindən və Lermontovdan bir əsr sonra yaşamış Mandelştam onların ali təbəqə ilə münasibətlərinin tarixçəsini, həmin hakimiyyətin şairlərin taleyinə hansı təsir göstərdiyini yaxşı bilirdi. Görəsən, padşah tituluna malik olmadığı halda, Lenindən sonra ölkəni təkbaşına idarə edən birinə qarşı çıxış etdikdə onun özünü hansı lənətin yaxalayacağını bilirdimi?
1924-cü ilin yanvar günlərində Leninin tabutunun yanından keçən Mandelştam qəzetə müsahibə verərək vəfat edən şəxsi «Bütün Rusiyanın təmsilçisi” adlandırdı. Sonrakı şeirlərində isə onu „yetişmiş tufan” deyə yad edirdi.
Rəhbəri hər yerdə qatil deyə yad etməsi, onun barmaqlarını qurda bənzətməsi, milyon tirajlarla yayılan portretlərdə, fotoşəkillərdə gülümsəyən gözlərini isə tarakan adlandırması qarşılığında Stalinin onun üçün hansı tufanı yaradacağını bilmək çətin deyildi.
“1932-1933-cü illərdə Osip Emilyeviç Mandelştam Moskvada Tver bulvarı, 25-də Gertsenin evində binanın sağ darvazası tərəfdəki birinci mərtəbədə yaşayırdı” – deyə şairin yaşadığı mənzilə dəfələrlə baş çəkmiş ədəbiyyatçı Emma Gerşteyn yazırdı. Ardınca qeyd edirdi: „O, Gertsenin evində yerləşdikdən bəri həmin evdə sol binada yaşayan Sergey Antonoviç Klıçkov onun yanına tez-tez gəlirdi”. İstedadlı şair və gözəl nasir Klıçkov gənclik illərində Sergey Yeseninin dostu olmuşdur.
Elə həmin evdə həmin illərdə Tver bulvarında başqa qonşu – romanlarını masanın üzərinə yazan Andrey Platonov yaşayırdı… Jurnalların redaksiyaları, yazıçı təşkilatlarının – eləcə də həmin dövrdə hökumətə katiblik edən Aleksandr Fadeyevin dayandığı zirvəyə doğru ucalan “proletar” qurumun qərargahı şəhərdə qərar tutmuş geniş malikanədə yerləşirdi.
Bu evdə „Yoxsulun səlnamələri”nə və onun müəllifinə şəxsən yoldaş Stalinin (Fadeyevə həvalə edilmiş) verdiyi məxfi qərardan xəbərdar idilər (bundan sonra isə Andrey Platonovun çap edilməsinə qarşı şiddətli qadağa başlamışdır). Ali hakimiyyətin adı 1926-cı ildən unudulmağa başlayan Yeseninə qarşı münasibətini də bilirdilər.
İyirminci illərin ortalarından başlayaraq Stalin və hal-hazırda rus ədəbiyyatının vicdanı adlandırdığımız yazıçılar olan Bulqakov, Axmatova, Platonov arasında qarşıdurma yarandı və möhkəmləndi.
Mandelştamla hakimiyyət arasındakı qarşıdurma isə daha əvvəl başlamışdı. “O.M.-la hökumətin ilk görüşü Dzerjinski və müstəntiqi ziyarət edərkən, 1922-ci ildə həbs edilmiş qardaşına görə əl çaldığı zaman baş tutmuşdu” — Nadejda Mandelştam yazırdı. Şairlə yeni hökumət arasındakı ilk görüş daha əvvəl hakimiyyətin yarandığı günlərdə baş vermişdi. Aleksandr Blok kimi Osip Mandelştam da inqilabın musiqisini eşitdiyi andan bolşeviklərə xidmət etməyə başladı.
Moskvaya isə inqilabdan sonra – 1918-ci ilin martında xalq komissarlıqlarının əməkdaşlarını, daha doğrusu nazirləri gətirən hakimiyyət qatarında gəldi.
»Moskvaya gəldikdə bir neçə gün Qorbunovun evində, Kremldə yaşamalı oldu” – özlüyündə Qorbunovun kim olduğunu dəqiqləşdirməyən Nadejda Mandelştam xaricdə çap edilmiş «Xatirələr” kitabında yazırdı.
Ensiklopediyadakı məlumata əsasən Nikolay Petroviç Qorbunov 1917-ci ilin noyabrından Xalq Komissarları Sovetinin, daha dəqiqi hakimiyyətin katibi və V.İ.Leninin şəxsi katibi olmuşdur.
Gəlişinin ertəsi günü Kremldə hakimiyyət rəhbərinin katibinin mənzilində yuxudan oyanan şair səhər yeməyi üçün keçmiş saray nökərinin masanı düzəldərək indilərdə nahar etməyə xalq komissarı yoldaş Trotskinin gələcəyi barədə xəbərdarlıq etdiyi yeməkxanaya yollandı.
Bir çox müasir müəlliflərin məntiqinə əsasən həmin anda Osip Emilyeviç bu fürsətdən istifadə edərək Lev Davıdoviçin bayraqdarına çevrilməli idi. Lakin əksi baş verdi: şair heç yerdə nahar edə bilməyəcəyini bildiyi halda oradan çıxıb getməyə tələsdi.
Onu Xalq komissarlığına xarici işlərlə əlaqədar qulluğa götürmək niyyətində olan digər xalq komissarı Georgi Çiçerinlə də görüş baş tutmadı. Xalq komissarı dili bilən, iş axtarışında olan birisi üçün heç bir çətinlik yaratmayacaq tapşırıq verərək hakimiyyət teleqramının layihəsini nümunə qismində fransız dilində yazmağı təklif etdi. Lakin şair elə həmin gün Xalq komissarlığından sağollaşmadan ayrıldı. Səbəb nə idi?
»Nədənsə o, həmişə hakimiyyətdən uzaq qaçırdı. Bir neçə ay Xalq maarifçiliyi Komitəsində çalışdı. Bu barədə ÜFK (Ümumrusiya fövqəladə Komissiyası – X.N.) nümayəndəsi də şahidlik edib” – deyə «Xatirələr”in müəllifi izah edirdi.
ÜFK-nın „Qırmızı kitab”ını, 1918-ci ilin iyulunda Yakov Blyumkinin (Rusiya inqilabçısı, terrorist, partizan və dövlət xadimi. Avantürist – 1900-1929 – X.N.) ölümü ilə əlaqədar F.E.Dzerjinskinin ifadələrini oxuduqda mən bu sənəddə üç dəfə xatırlanan Mandelştamın soyadına xüsusi diqqət yetirmədim.
“Sui-qəsddən bir neçə gün, bəlkə də bir həftə əvvəl mən Raskolnikov və Mandelştamdan (Petroqradda Lunaçarskinin yanında çalışır) məlumat aldım ki, bu şəxs (Blyumkin – L.K.) – insanların həyatı mənim əlimdədir, kağız imzalayaram iki saat sonra bütün insanlar məhv olar – kimi sözlər deyir. Yanımda vətəndaş şair, mədəni şəxsiyyət Puslovski əyləşib, onun ölüm hökmünü imzalayaram, lakin əgər müsahibim həyatdan əl çəkmək istəmirsə, saxlaya bilərəm… Mandelştam qəzəbli halda etiraz etdi, Blyumkin ona hədə-qorxu gəlməyə başladı...”
Qatilin Yakov Blyumkin olduğunu öyrəndiyini nəql etdikdən sonra çekistlərin başçısı qeyd edir: „Hər şeyi başa düşdüm. Blyumkinin Raskolnikov və Mandelştamı ifşa edirmiş kimi görünməsi onun təhrikçi olduğunu göstərirdi”.
Hansı Mandelştamdan bəhs edilir? Bəlkə soyadlar eynidir? Amma yox, Nadejda Mandelştam təsdiq edir ki, bu, Osip Emilyeviç olmuşdur.
Bütün məşhur və qeyri-məşhur müəlliflərin görüşdüyü “Şairlər kafesi”ndə Osip Mandelştam gənc, coşqun təbiətli çekist, mübahisələri tez-tez koburadan çıxardığı naqanla həll edən Yakov Blyumkinlə anlaşdı. Dzerjinskinin ifadələrinə əsasən sağçı eserlər partiyasının döyüşçüsü Blyumkinə sovet kəşfiyyatının təşkilat şöbəsi həvalə edilmişdi, o həmin vəzifədə aktiv çalışır, istədiyi adamları ətrafına toplayırdı. Kəşfiyyatçının fikrincə ən uyğun agent Avropanın müxtəlif ölkələrində uzun müddət yaşamış, dilləri əla bilən Mandelştam idi. İmkanları haqqında dinləyicilərdə şübhə yeri qalmasın deyə Blyumkin kafedə həyat bahasına başa gələcək sənədləri, həbs haqqında orderləri və digər kağızları nümayiş etdirir, təşkilatının əzəməti ilə fəxr edirdi.
Eşitdiklərindən heyrətlənən Mandelştam kağızları götürüb yandırdı. Vaxt itirmədən Fyodr Raskolnikovun arvadı, dəniz məsələləri üzrə Xalq komitəsinin sədri əvəzi, gənc yazıçı Larisa Reysnerin yanına yollandı.
Mandelştam onu Blyumkinin „əl-qolunu yığmaq” barədə razı sala bildi. Daha sonra Lubyankada informasiyanı ciddi qəbul edən Dzerjinski ilə görüş baş tutdu. Yakov Blyumkin rəhbərlik etdiyi vəzifədən səs-küylə çıxarıldı, amma orqanlardan uzaqlaşdırılmadı, bu da nəticədə onun səfiri öldürməsinə imkan yaratdı.
Hadisələrin bu cür dönüşündən sonra Mandelştam qəzəbli terroristin gözünə görünməsə daha yaxşı olardı. O, Petroqrada qayıdıb Xalq Komitəsində çalışmağa, 1919-cu ilin əvvəlindən isə şəhər və kəndlərə səfər etməyə başlayır. İsti hava və təbiəti zəngin olan cənuba yollanır. Ukraynaya, Krıma, Qafqaza səyahət edir. Bir dəfə onu Krımda həbs edirlər. Oradan dənizlə Qafqaza yollanır və həbs müddəti Tiflisdə davam edir.
Moskvaya qayıtdıqdan sonra 1922-ci ildə qardaşı Aleksandr Lubyankaya gəldi. Onu dəhşətli tale gözləyirdi. Şair partiyanın ən gənc rəhbəri olan, həm ofis, həm də rəhbərlik etdiyi işçilər üçün mənzil rolunu oynayan kabineti “Metropolda” yerləşən Nikolay İvanoviç Buxarinin qəbuluna düşür.
Həmin dövrə xas olan, layiq görüldüyü „telefon hüququ”ndan istifadə edən Nikolay İvanoviç Dövlət Siyasi İdarəsinə — Lubyankaya, Feliks Edmundoviçə zəng vuraraq həbs edilən şəxsin onun üçün əziyyətlər çəkən qardaşı Osipə verilməsini məsləhət gördü.
Mandelştamı qəbul edən Dzerjinski təbii ki, onların əvvəllər görüşdüyünü xatırladı. Telefonun dəstəyini götürərək Aleksandr Mandelştamın azad edilməsi haqqında sərəncam verdi. Lakin müstəntiq təlimata əməl etmədi. Osip Lubyankaya yollanıb silahlı müstəntiqin qarşısında təzim etməli oldu. Müstəntiq onu iki cangüdəni ilə birlikdə qarşıladı. Lakin onun fikrincə ərizəçinin marağı qardaşının azadlığı ilə üst-üstə düşmürdü. Osip yenidən Buxarinin himayədarlığına müraciət etməli oldu.
Həmin zamandan da öz təbirincə desək, “insanlara qarşı toplu nifrət” bəsləməyə başladı. Digər tərəfdən — ədəbi istiqamətdə növbəti ildən xoşagəlməz hadisələr baş verdi.
Bioqraf Nadejda Mandelştamın qənaətincə „onun ədəbi mövqeyi artıq 1923-cü ildə, adı bütün jurnalların əməkdaşları sırasından çıxarıldıqda təyin edilmişdi, ona görə də iyirminci illərdə ətrafında sözgəzdirənlər dolaşırdı”.
Mandelştam bilirdi ki, hər bir əsəri redaktorla yanaşı, senzura və Dövlət Siyasi İdarəsi tərəfindən az qala rentgenə salınaraq yoxlanılır. Buna baxmayaraq, 1933-cü ilin payızında şəxsən diktatorun əleyhinə yönəldilmiş 16 sətirlik şeir yazmışdı. Həmin sətirləri qohumlara, dostlara, tanışlara, bu cür aşkarlıqdan məmnun olmayanlara oxuyurdu. Xəbəri kim vermişdi. Hələ ki, məlum deyil.
Məlumdur ki, müəllif tərəfindən əlyazma şəklində yazılan şeirlər 1934-cü ilin mayında müstəntiqin kabinetində “peyda olmuşdu”. Ondan etirafla bərabər, həm də maddi sübut — əlyazma mətn tələb olunurdu. Xoşbəxt taleyi olan avtoqraf bu cür peyda oldu.
Müstəntiqdə şeirin üçüncü dördüncü misralarında
Kreml dağlısının səsi indicə gəldi –
Sui-qəsdçi zalımın.
– sətirləri yazılmış ilkin variantı var idi.
1941-ci il oktyabrında tələsik Volqaya evakuasiya edilən xalq komissarlarının arxivləri Moskvada yandırıldığı zaman bu şeirlər qovluqda qalmışdı. O.E.Mandelştamın irsi üzrə komissiyanın xahişinə əsasən son illərdə arxivdə şairin avtoqrafı ilə bərabər nəşrlərin də ortaya çıxması ilə nəticələnən axtarış edilib.
Ayağımız altındakı ölkəni duymadan yaşayırıq
Sözlərimiz on addımdan eşidilmir.
Yarımçıq söhbət harda yetərli
Qafqaz dağlısını xatırladır.
Onun toppuş barmaqları, qurd kimi, piyli,
Sözlərin çəkisi pud kimi ağır...
Qərarı qərara calayır
Kiminin kürəyinə, kiminin alnına, qaşına, gözünə.
Edama layiq görülməyənsə
Yalnız osetinin enli kürəyidir.
İntihar dolu misraların müəllifinin ardınca üç nəfər gecə saatlarında hal şahidləri ilə bərabər gəldi.
Təsadüfən Anna Andreyevna Axmatova da həbsin şahidi oldu. Hadisə Moskvada, Arbatda, 1926-cı ildən sonra Naşokinski dalanı adlanan Furmanov küçəsinin Sivtsev Vrajla kəsişməsindəki otuzuncu illərin əvvəlində tikilən kooperativ evdə baş tutdu. Mixail Bulqakov da bu evdə arvadı Yelena Sergeyevna ilə birgə yaşayırdı. Osip Mandelştam ömründə ilk dəfə idi ki, mənzil əldə edirdi. Həmin zaman üçün bu, olduqca uğurlu variant idi: mərkəzdə yerləşən, yaxşı şəraiti və telefonu olan ev. Natamamlıqlar olsa da rahat mənzil idi.
»1934-cü ilin on üç mayında onu həbs etdilər – Anna Andreyevna yazırdı, – həbs barədə order Yaqodun özü tərəfindən imzalanmışdı. Axtarış bütün gecəni davam etdi. Şeirləri axtarırdılar. Biz hamımız bir otaqda əyləşmişdik. Sakitlik hökm sürürdü. Divarın o üzündə Kirsanovun evindən gitara səsi gəlirdi. Müstəntiq «Canavar”ı tapıb Osip Emilyeviçə göstərdi. O, sakitcə başını tərpətdi. Vidalaşarkən məni öpdü. Onu səhər saat yeddidə apardılar, hava tam işıqlanmışdı. Nadya qardaşıgilə, mən köhnə dostlarımın yanına getdim… Evə birlikdə qayıdıb mənzili yığışdırdıq, nahar etdik. Yenə qapı döyüldü, yenə axtarış başladı...”
»Canavar” «Gələcək nəsillərin möhkəm şücaətinə görə...” sözləri ilə başlayan şeir idi. Amma onlar „canavar”ı axtarmırdılar.
Sonra nə baş verdi? Anna Andreyevna yazır: “Mənim həmin gün evində olduğum Pasternak Mandelştama görə Buxarinin, mən isə Yenukidzenin yanına Kremlə getdik. Görünür, işin tezləşdirilməsinə, xitamın yüngülləşməsinə səbəbkar da biz olduq...
On beş gündən sonra səhər tezdən Nadyaya zəng vurub istəsə axşam əri ilə bərabər Kazan vağzalına gələ biləcəyini xəbər verdilər. Hər şey bitmişdi. X. və mən səfər üçün pul toplamağa yollandıq. Xeyli pul yığıldı. Yelena Sergeyevna ağladı və ovcuma böyük məbləğdə pul qoydu.
Vağzala ikimiz getdik. Sənədləri götürmək üçün yolüstü Lubyankaya dəydik (Beləcə, Anna Andreyevna tezliklə özünün də dəfələrlə baş çəkəcəyi yerin harada olduğunu öyrəndi...) Osipi gec gətirdilər. Mənim qatarım (Leninqrad vağzalından) yola düşürdü və mən getməli oldum… Onu gözləməməyim və onun məni görə bilməməsi çox pis oldu. Çünki bu səbəbdən Çerdınidə o, mənim yəqin ki, həlak olduğumu düşünməyə başlamışdı”.
Şeirlərə görə Mandelştamı onu edama apardıqlarından ehtiyat etdikləri üçün təsəlli verən üç nəfərlik mühafizəçinin müşayiəti ilə üç illik ucqar şəhərə sürgün etdilər. „Bizdə nəğməyə görə güllələmirlər”. İlk əvvəl tərbiyələndirmək məqsədi ilə kanala göndərib, əlinə bel vermək haqqında düşündülər. Daha sonra bu təcrübəyə dözə bilməyəcəyini başa düşüb həmin düşüncədən daşındılar.
Lubyankada gecə dindirmələri, lampanın parlaq işığı, susuzluqla – duzlu yemək yedirib, su vermirdilər – işgəncə verirdilər. Etiraz etmək cəhdi olardısa, dəli köynəyi geyindirib karserə yollayır, bununla da ağır psixoloji travma vururdular.
“Bu şeirlərin onun həyatı bahasına başa gələcəyinə heç kim şübhə etmirdi” – Nadejda Mandelştam yazırdı. Öz sonunu təxmin edən Osip Emilyeviç çəkməçidən ayaqqabının altlığında gizli yer düzəltməsini xahiş etmiş, orada taraş ülgücü gizlətmişdi. Bu üsulla onu gizlicə kameraya aparmış, təhqirlərə dözməyərək intihar etmək üçün ilk cəhdini həyata keçirmişdir. Hər iki əlinin sadəcə biləyindəki damarları kəsdiyi üçün niyyətini sona çatdıra bilməmişdi.
Məhbuslar müstəntiqi Xristoforıç deyə çağırırdılar. Tam adı – Nikolay Xristoforoviç Şivarov idi. O, özü də güllələnmişdir.
Uzun illər sonra, Stalin repressiyaları aşkarlandıqda reabilitasiya ilə məşğul olan müstəntiq yazıçı Veniamin Kaverinə demişdi:
»Bir çox şeyləri başa düşə bilmirəm, nə üçün Mandelştam o qədər həlim insan olduğu halda cəzalanmışdı”.
«Mən təxminimi dedim, görünür, tərifə öyrəşən Stalin Mandelştamın səmimiliyindən heyrətlənmişdi. Yeri gəlmişkən bu, onun Pasternakla telefon danışığını da təsdiqləyir, amma bu sadəcə mənim fərziyyəmdir” deyə Kovarin əlavə etdi.
Həqiqətən də, bu cür poetik şillə Stalinə o zaman heç kimdən dəyməmişdi. „XX əsr Rus poeziyası” antologiyasının müəllifi Yevgeni Yevtuşenko deyirdi: “otuzuncu illərin əvvəlindən başlayaraq şəxsiyyət kultuna çevrilən Stalinə qarşı şeirlər yazan Mandelştam Rusiyanın ən öncül şairi idi. Amma bu, ona çox baha başa gəldi”.
Lakin dəqiqləşdirmək gərəkdir ki, həmin bədnam kult otuzuncu deyil, iyirminci illərdən başlamışdı. Əgər bu cür antistalinsayağı şeirlər ilk idisə, o halda məhkəmənin yumşaq hökmü təəccüblüdür.
Lakin bu cür „yumşaqlığın” bir neçə səbəbi var idi. Əvvəla 1934-cü ilin yayında davamlı olaraq hazırlanmış və 1937-38-ci illərdə kulminasiyaya çatmış “böyük terror”un başlanacağını xəbər verən Smolnıdakı güllələnmədən əvvəl poetik cəhətdən fərqli düşüncəyə görə, adətən, ya sürgünə, ya da düşərgəyə göndərirdilər. Əgər həmin zaman həyatdakı istedadlardan biri hesab edilən Boris Pasternak onun müdafiəsinə qalxmasaydı, yəqin ki, Mandelştam da düşərgədən yaxa qurtara bilməzdi. Amma ən başda həmin zaman artıq siyasi büronun üzvü olmasa da Partiya MK-nin üzvü olan, rəhbərin bir zamanlar ən mehriban olan münasibətləri saxlamaqda davam etdiyi „İzvestiya”nın redaktoru Nikolay İvanoviç Buxarin gəlirdi.
Mandelştamla Buxarinin 1922-ci ildə “Metropol”da başlayan tanışlığı fasilə vermədi, əksinə daha da möhkəmləndi və həbsə qədər davam etdi. Gecə axtarışları zamanı Naşokinski dalanında Nikolay İvanoviçin şairin onu ziyarət etməsinə dair tapdıqları qeydləri Lubyankaya apardılar. Məlum olduğu kimi görüşlər tez-tez baş tuturmuş. Əgər Mandelştam üçün Stalin qəddar dahi idisə, Buxarin təqib edilən səfil üçün əlindən gələni edən xeyirxah insan idi.
Şairin nəşr fəaliyyətinin zirvəsi 1928-ci ilə aiddir. Həmin zaman üç kitab dərc olunmuşdu – şeirlər, nəsr və tənqid. Bu cür möcüzəni heç bir ictimai proseslərlə izah etmək mümkün deyil: senzura sərtləşmiş, fərqli düşüncəlilər təqib edilir, bu baxımdan Mandelştam kimi „qeyri-aktual” şairin isə ümumiyyətlə kitab dərc etdirməyə şansı yox idi. Amma eyni vaxtda üç kitabı çıxmışdı.
Səbəb o idi ki, Buxarin Mandelştamın istedadının gücünü dərk edərək onun üçün qaydaları pozdu, mövqeyindən öz həmfikirləri ilə birgə yaratdığı maneələri aşdı.
“Həyatındakı bütün işıqlı günlərə görə Osya Buxarinə borclu idi, Kirovu da öz tərəfinə çəkən Nikolay İvanoviçin aktiv müdaxiləsi olmadan 28 yaşlı şairiin şeirlər kitabı heç vaxt çap edilə bilməzdi.” – N.Y.Mandelştam „Xatirələr”də yazırdı.
Leninqrada Kirova zəng edib deyirdi: uzun müddət orada, “Şeirlər”i çap etmədilər. Qəzəbə tuş gəlmiş insan üçün qərarı SSRİ Xalq Komissarlar Soveti vasitəsilə həyata keçirən Nikolay İvanoviç hətta xüsusi pensiya da düzəldə bildi.
Mandelştam hətta tanımadığı insanlar üçün də həmin rəhbərin himayədarlığa sığınırdı. Beş ahıla, bank əməkdaşlarına hansısa səbəbdən güllələnmə qərarı təhlükəsi olduğundan təsadüfən xəbər tutduqda, edam hökmü ləğv edilənə qədər sakitləşmək bilmədi.
»Biz bolşeviklər buna adi yanaşırıq. Bizim hər birimiz bilir ki, bu hadisə onun da başına gələ bilər” – şairi həyəcanlandıran güllələnmələri nəzərdə tutan Buxarin deyirdi.
Şair bütün varlığı ilə bu cür sadəliyə etiraz edirdi.
Müasirləri tərəfindən yazılanlar içərisində Yeseninin misralarına xüsusi yanaşırdı:
zavallıları zindanlarda güllələmirdim.
Son mənzilində qazın və ya vannanın müvəqqəti olmaması şairi o qədər də kədərləndirmirdi.
- Mənzil kağız tək sakitdir
- Bütün əyləncələrdən uzaq
- Elə bərk guruldayır ki
- Kranlardan axan su.
Onu kədərləndirən başqa idi: çap edilmək, pul qazanmaq üçün baş çəkdiyi nəşriyyatlarda getdikcə artan zülmü gördükdə dözülməz fiziki ağrı hiss edirdi.
Rus ədəbiyyatının azğın keşikçilərindən ibarət proletar yazıçılar təşkilatı ləğv edildikdə işıq görünməyə başlamışdı. Leninqradda və Moskvada kütləvi gecələr keçirilirdi (özü də böyük uğurla). Paytaxtdakı Politexnik muzeyinin auditoriyasını onun ixtiyarına vermişdilər.
Elə həmin, 1933-cü il noyabr tarixli şeirində oxuyuruq:
Lənətə gəlmiş divarlarsa nazikdir
Görəsən, bu yerdən qaçasan hara?
Mən isə səfeh tək heç dayanmadan
Mahnı oxuyuram o insanlara.
Şəhər sakini, incəqəlbli şair, poliqlot, sanki sənayeləşmə və kollektivləşməni yaşayan kütlədən bu qədər uzaqda olan, əyalətdə və kənddə heç bir qohumu olmayan şəxs də xalqın çəkdiyi əzabları çəkir. O, nəhəng müasirləri arasında ilk olmasa da, bir çoxlarından əvvəl dövlətin sürükləndiyi bataqlığı görürdü.
Torpaq ayaqları altından çoxdan qaçmışdı, "ölkəni duymadan” yaşayırdı. Qorxu yeni mənzilinə çağırılmamış qonaq kimi gəlmiş və həmişəlik yerləşmişdi.
Müasirlərindən fərqli olaraq, getdikcə özünü daha çox tərifləyən rəhbərə qarşı məftunluq duymurdu. Əgər Pasternak N.İ.Buxarinin təkidi ilə otuzuncu illərin əvvəlində Stalini mədh edən, rəhbərin poetik abidəsinin bünövrəsinə təməl daşını qoyan şeirlər yazmışdısa, Mandelştam artıq həmin zaman dərk etmişdi ki, Kremli idarə edən kimdir.
Həbsindən uzun müddət əvvəl başa düşmüşdü ki, gələcəyi yoxdur.
«Mən bizim poeziya haqqındakı söhbətlərimizdən birini çox yaxşı xatırlayıram. Bu gün şəxsiyyətə pərəstiş adlandırdıqları anlayışı qəbul etməyən Osip Emilyeviç mənə dedi: „bu gün şeirlər vətəndaş mövqeli olmalıdır...”.” – Anna Axmatova yazırdı.
Və Stalin haqqında həyatı bahasına başa gələn şeirləri onun üçün oxumuşdu.
Osip Mandelştam 1934-cü ilin mayında Lubyankada olanda Boris Pasternak da kömək üçün eyni qapıya – Nikolay Buxarinə müraciət etmişdi. Mandelşatmın arvadı da Buxarindən kömək istəmişdi. Məhz hansı şeirlərə görə həbs edildiyini Buxarin dəqiq bilmirdi, xahiş edənlərin də heç bir məlumatı yox idi. Buxarin keçmiş yaxın dostu Stalinə ərizə yazdı. Həmin zamanlar tək onun xahişi nəzərə alınmayacağına görə ərizədə Pasternakın da fikrinə istinad etdi.
Pasternakla telefon danışığı da bundan sonra baş tutdu.
Gəncliyində rus dilində şeirlər yazan Stalin əmin olmaq istəyirdi ki, Mandelştam həqiqətənmi böyük şairdi və onu bağışlamağa dəyərmi? Pasternakı danışdırarkən onun dostuna görə mübarizə aparmadığını gördükdə və Mandelştamla heç də yaxın dostluq etmədiyi cavabını eşitdikdə rəhbər soruşdu:
– Amma axı o, ustaddır? Elə deyil?
Pasternak: Elədir, amma məsələ bunda deyil.
Stalin: Bəs nədədir?
Pasternak: Sizinlə görüşüb danışmaq istərdim.
Stalin: Nə barədə?
Pasternak: Həyat və ölüm barədə.
Rəhbər dəstəyi asdı, amma ustadlıq barədəki sualına dəqiq cavabı Pasternakdan sona qədər ala bilməsə də, həmin zaman hiss etmədiyi çatışmazlığı digər ədəbiyyat məsləhətçilərindən əldə edə bildi.
Pasternak başa düşürdü ki, Stalin haqqında Tver bulvarında dinlədiyi, qəbul etmədiyi şeirlər ölkəyə, xalqa, əsasən də yazıçılara tərəf yaxınlaşmaqda olan faciənin cüzi hissəsi, epizodudur. Bu səbəblə də rəhbərə necəsə təsir göstərmək, mümkün olduğu qədər qəlbini yumşaltmağa çalışırdı.
Əvvəlki qərinələrin şairləri, o cümlədən I Nikolayı məhkum edilmiş dekabristləri əfv etməyə çağıran Puşkin də bu cür davranmağa çalışmışdı.
Mandelştamı Lubyankadakı hakimlərə həvalə edən Stalin hökmü sətiraltı ifadələrlə verdi:
“Təcrid etməli, amma sağ saxlamalı”. Qərar haqqında şairin arvadı həbsxanada müstəntiqdən öyrənmiş və bizə xəbər vermişdi.
Osip Emilyeviçin vəfalı ömür-gün yoldaşı, onun ardınca könüllü surətdə sürgünə yollanan Nadejda Yakovlevna olmadan heç yerə yoxa çıxmayacağına dair xüsusi sərəncam olmadan onu Çerdında üç illik „təcrid etdilər”.
Lakin onlar fikrində Lubyankada gəzişən, əzab çəkən Mandelştamın özünü “sağ saxlamaq” istəmədiyini nəzərə almadılar.
Qadın ərini sığınacaqdan xəstəxanaya apardı. O, burada ikinci mərtəbədəki palataya yerləşdirildi. Şair səhərə yaxın palatanın pəncərəsindən özünü atır, amma xoşbəxtlikdən sağ qalır. İkinci dəfə baş verən intihar cəhdi də uğursuz oldu. Amma əlini həmişəlik itirdi.
Bax elə həmin zaman Nadejda Mandelştam Moskvaya teleqram vurdu. Tezliklə paytaxta gələn qadın „İzvestiya”ya gedib baş redaktorun kabinetinə keçməyə çalışır, bu zaman o, xoşagəlməz səhnə yaşamalı olur: qapı onun üzünə açılmır.
Katibə qınayıcı tərzdə “Çerdından necə qorxulu teleqramlar vurmusuz,” – deyib məruzə üçün kabinetə daxil oldu. Oradan kövrəlmiş vəziyyətdə çıxdı. – Nikolay İvanoviç sizi görmək istəmir, hansısa şeirlərə görə...” „Bundan sonra onu görmədim, – Nadejda İvanovna deyir – Yaqoda ona Stalin haqqındakı şeirləri əzbərdən oxumuş, o isə qorxudan geri çəkilmişdir”.
Onun kabinetdə rəsmi olaraq qəbul etməyə cürəti çatmadı. Amma kömək etdi.
O.Mandelştama Çerdınidən üç illik sürgün həyatının ötüşdüyü Voronejə adlamağa izn verildi. Rəhbərin qəzəbinə tuş gəlmiş şair 1934-1937-ci illər ərzində Koltsov və Platonovun vətənində həm yaradıcılığının, həm də XX əsrdə hər kəsin yüksələ bilmədiyi rus poeziyasının zirvələrini fəth edirdi.
Nə zamansa, ədəbiyyatçılar Stalin haqqında şeirlərin toplandığı antologiyanı həmin şeirlərin hansı şəraitdə işığa çıxmasını əks etdirən şərhlərlə nəşr edəcəklər. Pasternak həmin şeirləri “müalayim havalar”da, Stalinin terrora son qoyacağına ümid edərək yazmışdı. Axmatova müharibədən sonrakı illərdə, şeirlərin həmin ərəfədə düşərgədəki oğlunun azad edilməsində bilavasitə rolu olacağı vəd edildiyi üçün qələmə almışdı. Mandelştam 1937-ci ildə, sürgün həyatının sonu gəldikdə Stalin haqqında mədhiyyələr yazmışdı, bu yolla özünün „xalq düşməni” olmadığını sübut etməyə çalışırdı. O, şeirlərini təbliğatın yorulmadan təkrar etdiyi “Stalinin andı, Stalinin sürgündən qaçışı, Stalinin bugünkü Lenin olduğu” barədə ifadələrlə böyük çətinliklər bahasına qafiyələndirirdi.
Qatil obrazı Stalin haqqındakı intihar şeirlərinin ilk variantında da təsvir edilmiş, daha sonra „Kreml dağlısı” ifadəsi ilə əvəz olunmuşdu.
Ona bir illik Moskvada və digər şəhərlərdə yaşamaq hüququ olmayan nisbi azadlıq verildi. Tver bulvarında arvadı ilə birlikdə əyləşdiyi skamya özünü azad hiss etdiyi yeganə məkan idi.
Evə gizlicə gəlirdilər. Amma hər tərəfi görən baxışlardan necə gizlənmək olar? Onun kooperativ mənzilinin ikinci otağında qanunsuz qeydiyyata alınmış casus yaşayırdı. Bu, yazıçı Kostırev idi.
“1937-ci ilin mayında Mandelştamlar Moskvaya, Naşokinskidəki evlərinə qayıtdılar. Bu zaman mən Ardovların evində qonaq idim. Osip artıq yataq xəstəsi idi. Mənə yeni şeirlərini oxudu, amma üzünü köçürməyə kimsəyə icazə vermədi”.
Artıq bir il idi ki, dayanmadan genişlənən terror davam edirdi. Mandelştamın iki otağından birində onlardan yalan donoslar yazan və tezliklə onların bu mənzildə hətta görünməməsinə səbəb olan şəxs yaşayırdı.
Paytaxtda qalmaq barədə icazə ala bilmədi. X. ona dedi: „Siz olduqca əsəbisiz”. İş yox idi. Onlar Kalinindən gəlib bulvarda əyləşirdilər”. – Anna Axmatova yazırdı.
Hələ ki ölməmisən sən, hələ ki tək deyilsən
Yoxsul rəfiqən də yanındadır bax.
Düzənliklərin böyüklüyündən zövq alsan belə,
Sənə dumandır, soyuqdur, çovğundur qonaq.
Voronejdəki sürgündən sonra təbiətdən zövq almaq bir il çəkdi. Mandelştam paytaxtın cəmi 131 kilometrliyində məskunlaşa bilərdi. Orada yaxşı insanların əhatəsinə düşmüşdü – fəhlələr, taxtadan evi olan, maddi imkansızlıqdan mənzilini icarə verənlər. Hər dəfə daha artıq hissəsi Stalinin portretləri, “xalq düşmənləri”nin məhkəmə hesabatlarının tutduğu Moskva qəzetlərini oxuyarkən Mandelştam rəhbərin hakimiyyəti ələ keçirməsinə mane olmaq üçün həmkarlarından heç birinin barmağını belə tərpətməməyindən dəhşətə gəlirdi. Əksinə, növbəti qurbanı küncə sıxışdırmaq üçün hər kəs ona kömək edirdi.
Yaxın zamana qədər qəzetdə düşmənləri ləkələyən Stanislav Kosiorun həbsi barədə xəbəri oxuduqdan sonra dedi:
– Stalinin baş kəsməsinə ehtiyac yoxdur, başlar özləri zəncirotu kimi uçub gəlir.
Moskvaya qanunsuz səfəri zamanı şəhərə beşinci mərtəbədən baxarkən düşündü, „bəlkə pəncərədən başı aşağı özünü atım”… Dostlar bacardıqları qədər kömək edirdi. Sonuncu yayın bir hissəsini yazıçılar Katayev, Petrov, aktyor Mixoelsin verdikləri pullar hesabına yaşaya bildi. Bir dəfə, hər zaman olduğu Yazıçılar Birliyindən çıxarkən kiminsə xəbərsizcə cibinə qoyduğu 300 rublu tapdı. Yəqin ki, bu, həmin zaman hələ gənc, hakimiyyətdən uzaq olan Surkovun “əməlləri”ndən idi.
Yazıçılar Birliyinin kabinetlərini ziyarət edərkən özünü elə aparırdı ki, sanki hüquqlardan məhrum olmayıb – qışqırır, tələb edir, məcbur edirdi.
Martın əvvəlində əsəb xəstələrinin müalicə edildiyi sanatoriyaya iki aylıq putyovka aldı, onu həyata buraxılış vərəqəsi kimi əlinə götürdü, son ümid baş qaldırdı. Ona dedilər ki, putyovka „sağlamlığın ictimai təmiri”dir. İnandı.
Elə həmin ilin mart ayında Moskvada Mandelştamın həyatını xilas edən, Stalinə məktub yazan, vəsatət göndərən şəxsin məhkəməsi başladı.
Buxarinin məktubu Lubyankada əmin əllərə yetişdi. Barəsində xahiş edəsi kimsə olmayan, Yazıçılar Birliyinin rəhbərlərindən kimsənin müdafiə etməyəcəyi şairə ikinci dəfə “toxundular”.
Güman ki, məhz həmin „Birlikdə” şairin həbsinə razılıq vermişdilər. Ən azından Moskvadan yüz kilometr uzağa getmiş şəxsin ünvanını orqanlara yalnız putyovkanı verən idarə xəbər verə bilərdi.
İkinci həbs də birinci dəfə kimi mayda – onu axşam apardıqları gündən dörd il sonra baş verdi.
Moskvada son sığınacağı Butır həbsxanası oldu, II Yekaterinanın “maarifçilik əsri”ndə hətta hökumət evlərinə də Avropa görünüşü verməyə çalışan Matvey Kazakovun layihəsi ilə inşa edilmiş Butır qalası.
Əl izlərini götürdükləri məhkum Mandelştamın profildən bir neçə fotosunu çəkdikləri Lubyankadan bura gətirdilər.
Bu fotolar, 93145 nömrəsi altında „Həmişəlik qorunub saxlanmalı” qeydi olan şəxsi iş qovluğuna yerləşdirildi.
Çəkilişin qaydalarına əsasən məhkum gözünü qırpmadan diqqətlə obyektivə baxmalı idi. Həmin fotoda məhkum bu gün də bizə baxır...
Şəxsi işin üz qabığında tarixlər qeyd edilib. 3 may 1938-ci il – həbs günü. 4 avqust Butırkaya göndəriş. Bundan iki gün əvvəl tələsik və haqsız məhkəmə adlandırılan xüsusi iclasda 1891-ci il təvəllüdlü, tasir oğlu, eser Osip Emilyeviç Mandelştamın işi dinlənildi. Qərar alındı: “Mandelştam Osip Emilyeviç kontrinqilabçı fəaliyyətinə görə 30 aprel 1938-ci il tarixdən hesab edilməklə beş illiyə islah əmək düşərgəsinə göndərilsin”. Həbs orderin imzalandığı andan qüvvəyə mindi.
Qiyabi dinlənilmədən sonra məhkumlar öz aqibəti haqqında xəbərdar olur, imzalayır: „OSO-nun (OSO – SSRİ DİN Xalq Komissarlığı nəzdində xüsusi iclas – X.N.) qərarını oxudum. O.Y.Mandelştam”
1938-ci ildə beş illik sürgün qismən yüngül qərardır. Hakimlər rəhbərin “Təcrid etmək, amma sağ saxlamaq” üsulundan qaynaqlanaraq bu cür qərar verdilər.
Osip Mandelştam nə eserlərin, nə də digər partiyanın heç zaman üzvü olmayıb. Hakimlər məhkumu eser olmasını haradan çıxarmışdılar? Görünür, onun Moskvada nəşr edilən „Znamya truda” (əmək bayrağı) qəzetində dərc edildiyindən xəbərdar idilər. Nəşri həmin dövrlər qanunsuz fəaliyyət göstərən sosialist-inqilabçılar partiyası buraxırdı.
Sürgündən Moskvada yaşayan qardaşına məktub yazaraq onun yatabının (düşərgəsi – X.N.) 9 sentyabrda yola düşdüyünü, 12 oktyabrda gəlib çatdığını xəbər verdi. Bu tarix “Həmişəlik qorunub saxlanmalı” qeydi olan şəxsi işdəki anketdə də qeyd edilib.
Sənədlərdə cəfakeş şairin ürək tutmasından vəfat etdiyi yazılıb. Nadejda Yakovlevna ərinin sürgündə qısa müddət yaşamasını təsdiqləyən keçmiş məhkumlardan məlumat toplamışdı. Onun beyni Çerdınidə olduğu kimi dolaşmışdı. Həyat eşqi sönmüşdü. Elə düşünürdü ki, onu zəhərləmək istəyirlər.
Onu vəfatı günü görən, 1988-ci ildə Leninqrad idman institutunda masajist çalışan şəxs deyirdi:
»Onun əllərini qatlamağa başladım, amma onlar yumşaq idi. Xaç şəklində idi. Əlləri yumşaq idi.
Amma onu apardılar”.
Moskvanın düz sərhədində, qərb tərəfdə qədim kənd qəbiristanlığı var. Kilsənin divarında son günə kimi ərinin irsini, xatirəsini qoruyub saxlayan Nadejda Yakovlevna dəfn olunub. Şeir və nəsrdən ibarət üç cildlik xaricdə nəşr edilib. Elə orada da moskvalı ədəbiyyatçıların araşdırmaları, şairin arvadının kitabları meydana çıxdı. Hissələr şəklində dövrü mətbuatda, jurnallarda dərc edilən bu əsərləri ən yaxşı xatirə nəsri nümunələrinə aid etmək olar. Osip Mandelştamın anadan olmasının yüz illiyi münasibəti ilə Moskvada onun əsərlərinin tam külliyyatının dərc edilməsi nəzərdə tutuldu. Böyük şairlərdən heç biri xalqa bu qədər gec, bu cür çətinliklə geri dönmür.
N.Y.Mandelştamın məzarı üzərindəki xaçın yanında şairin sevənləri tərəfindən «Osip Emilyeviç Mandelştamın əziz xatirəsinə” yazılı daş qoyulmuşdur. O, dəniz kənarlarına yaxın ərazidə „Vtoroya reçka” adlı keçmiş düşərgənin məzarlığında dəfn edilmişdir.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
Mənbə: kaspi.az