Yusif Vəzir Çəmənzəminli ilə Əlimərdan bəy Topçubaşı arasındakı qarşıdurmanın əsl səbəbi

Yusif Vəzir Çəmənzəminli ilə Əlimərdan bəy Topçubaşı arasındakı qarşıdurmanın əsl səbəbi

Rusiyanın hüdudlarını tərk edərək 1922-ci il dekabrın sonunda İstanbula gələn Məhəmməd Əmin  Rəsulzadə Azərbaycan siyasi mühacirətinin Türkiyədə təşkilatlanması işinə praktiki olaraq sıfırdan başlamalı oldu. Çünki həmin dönəmdə İstanbulda Azərbaycan mühacirətinin heç bir nüfuzlu təşkilatı yox idi, mövcud təşkilatlar isə iflic vəziyyətində idi. Məhz bunu nəzərdə tutaraq M.Ə. Rəsulzadə yazırdı ki, “1922-ci ilin sonunda İstanbula gəldiyim günlərdə oradakı Azərbaycan icmasında qarşılaşdığım mənzərə heç də gözləmədiyim bir fəlakət səviyyəsindəydi”. Yusif Vəzir Çəmənzəminli və Əlimərdan bəy Topçubaş
Mühacirlər arasındakı intriqa və fikir ayrılıqları səbəbindən İstanbuldakı Azərbaycan konsulluğu da fəaliyyətini dayandırmışdı. Nümayəndəliyinin bağlanmasında o zaman Parisdə olan Əlimərdan bəy Topçubaşının dəstəklədiyi Xəlil Xasməmmədovla Yusif Vəzir Çəmənzəminli arasındakı ziddiyyətlər xüsusilə önəmli rol oynamışdı.
Əlimərdan bəy Topçubaşının belə bir mövqe sərgiləməsi, onun Y.V.Çəmənzəminliyə olan ədavətindən irəli gəlirdi.
Belə ki, 1919-cu ilin aprelində Paris sülh konfransına yola düşənədək Ə.M. Topçubaşı həmiçinin Azərbaycan Cümhuriyyətinin Osmanlı imperiyasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərirdi. Parisə yollanan Topçubaşı bu vəzifəni bir növ “özəlləşdirərək”, səfirin vəzifələrini yerinə yetirməyi öz qaynı – Səfvət bəy Məlikova (1891-1975) tapşırır.
Lakin Azərbaycan hökuməti Əlimərdan bəy Topçubaşının bu təklifini rədd edərək, bir müddət sonra Yusif Vəzir Çəmənzəminlini Azərbaycanın İstanbuldakı səfiri təyin edir. Bu hadisə bir daha göstərir ki, Cümhuriyyət dönəmində yüksək vəzifələrə təyinatlar zamanı namizədlərin əsl-nəcabəti və qohumluq əlaqələri deyil, onların professional keyfiyyətləri əsas götürülürdü. Təbii ki, belə bir qərar Əlimərdan bəy Topçubaşını yümşaq desək, qıcıqlandırır və onun Azərbaycanın baş naziri Nəsib bəy Usubbəyliyə ünvanladığı 1919-cu il 8 iyul tarixli məktubda bu qıcıq açıq-aşkar hiss olunur.
Əlimərdan bəy Topçubaşı bu qərarla barışmalı olsa da, məsələni unutmadı və əlinə ilk imkan düşən kimi Y.V.Çəmənzəminlidən “qisas”ını aldı. Belə ki, üstündən iki il keçdikdən sonra, Y.V.Çəmənzəminli ilə X.Xasməmmədov arasında İstanbuldakı Azərbaycan nümayəndəliyinə rəhbərlik etmək üstündə qarşıdurma yaranarkən, Ə.b. Topçubaşı birmənalı şəkildə sonuncunu dəstəklədi. Bununla da, Ə.b. Topçubaşı ilə Y.V.Çəmənzəminli arasında münasibətlər birdəfəlik korlanmış oldu və sonralar sonuncunun Ə.b. Topçubaşının ünvanına kəskin ittihamlar səsləndirməsinə gətirib çıxardı.


Müəllif: Aydın Balayev
Top