Qədim dövr Azərbaycan ədəbiyyatı

Qədim dövr Azərbaycan ədəbiyyatı

Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr — şeir parçaları ideya-məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.

Qədim türklərin ortaq ədəbiyyatının əsasında duran epos yaradıcılığı — “Dünyanın yaranması”, “Türklərin törəyişi”, “Oğuz xaqan”, “Alp Ər Tonqa”, “Ərgənəkon”, “Köç” onların tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. Ortaq məkanda, coğrafiyada, mənəvi mühitdə yaradılmış bu əsərlərdə ulu babalarımızın təfəkkürü, dünyaya, həyata baxışı, mədəni ənənələri bədii ifadəsini tapmışdır. Bizə çatan nümunələrdən məlum olur ki, onlar məzmunca fərqli, rəngarəng olmuşdur.

Məsələn, “Yaradılış” dastanında qədim türklərin əvvəllər kainatın mənzərəsinin necə olması barədəki təsəvvürləri öz əksini tapıb. Əsərdə Tanrı Qara xan obrazı yaradılıb. Dünya Tanrının iradəsinə tabedir. Dünyada xeyirxahlıqla yanaşı, bədxahlıq da mövcuddur. Tanrı bədxahlığın xeyirxahlığı üstələməsinə, dünyanı idarə etməsinə imkan vermir. Göyün yeddinci qatında oturub kainatı idarə edən Tanrı türklərin yaşadığı torpağın da, cəmiyyətin də taleyini müəyyənləşdirir.

Qədim türklərin soykökünü təşkil edən el və tayfa birləşmələri Yaxın Şərqdə yaşayan xalqlarla sıx iqtisadi, mədəni əlaqədə olmuşlar. Bu əlaqə eyniköklü xalqların birində yaranmış söz sənəti nümunələrinin digər xalqlar arasında da geniş yayılmasına səbəb olmuşdur. Belə əsərlərdən biri olan “Avesta” atəşpərəst Azərbaycan türklərinin də dini kitabı idi. “Avesta”nın müəllifi Zərdüşt peyğəmbərdir. Əsərin özəyi sayılan, bədii təfəkkürün məhsulu olan “Qatlar”da ilk insanın yaranması, insan həyatının müxtəlif məqamları, insanla təbiət arasında mübarizə, müharibədə qələbə və məğlubiyyətin doğurduğu hislər bədii dillə əks etdirilir. Əsərdə Xeyir allahı Ahura Məzda (Hörmüz) ilə Şər allahı Əhrimənin (Anqramanyu) mübarizəsindən söz açılır. Xeyir allahı Hörmüz bütün yaxşılıqların — işığın, sağlamlığın, odun, həyatın yaradıcısıdır. Yalan, zülmət, ölüm, xəstəlikləri isə Şər allahı Əhrimən yaratmışdır. Onların mübarizəsi işığın qaranlıq, xeyirin şər üzərində qələbəsi ilə nəticələnir. “Avesta”da insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. Atəşpərəstlər müqəddəs saydıqları oda sitayiş edir, onun vasitəsilə pisliklərdən qurtulmağın mümkünlüyünə inanırdılar. Zərdüştiliklə bağlı olan bir sıra adətlər — odun müqəddəs sayılması, səməni göyərdilməsi, odun (tonqalın) üstündən atlanma və s. dövrümüzə gəlib çatmışdır.

Eposun yaranma tarixi kimi, nə vaxt yazıya alınması da fərqli şəkildə izah olunur. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi, bədii söz sənətimizin ilk mükəmməl ədəbi-bədii hadisəsi olan “Kitabi-Dədə Qorqud” islamiyyətdən çox-çox öncəki “Oğuznamələr” silsiləsinə daxil olsa da, ana dilimizin abidəsidir. Onun yazıya alınması yazılı ədəbiyyatımızın yalnız ərəb, yaxud fars dilində deyil, həm də doğma dilimizdə inkişaf etdiyini göstərirdi. Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir.

VII əsrin ortalarından Ərəbistanda yaranan güclü islam dövləti bir çox ölkələri islam bayrağı altında istila etdi. Azərbaycan da kənarda qalmadı. Ölkəmizə hücum edən ərəblər xalqın ciddi müqaviməti ilə qarşılaşdılar. Çətinliklə də olsa, ölkə işğal olundu. İslamın qəbulundan sonra müxtəlif bölgələrdə mədrəsələr açıldı. Məqsəd islam dininin əsaslarını və ərəb dilini mənimsətmək idi

Ərəb dilində mükəmməl sənət əsərləri yaradan Musa Şəhəvat, İsmayıl ibn Yəsar, Əbül-Abbas əl-Əma kimi sənətkarlarımızın yaradıcılığında vətənpərvərlik, doğma yurda bağlılıq hislərinin ifadəsinə geniş yer verilirdi.

Ədalət — zülm qarşıdurması, ictimai mühitdəki yaramazlıqlara etiraz onların əsərlərində əksini tapan məsələlərdən idi. Bu sənətkarların təbiət mövzusunda yazılmış əsərlərində yenilik axtarışları, səmimilik, lirizm özünü aydın göstərirdi.

Ərəb xilafəti zəiflədikdən sonra Yaxın və Orta Şərq ölkələrində, saraylarda fars dili geniş yayılmağa başladı. Azərbaycanda XI əsrin ortalarından başlayaraq, farsca yazmaq ənənəsi yarandı. Saray ədəbiyyatında qəsidənin mədhiyyə, həcv, mərsiyə, fəxriyyə kimi növlərinə geniş yer verilir, dini mövzularda əsərlərin yazılmasına xüsusi diqqət yetirilirdi. Mədhiyyələr hökmdarların qüdrətinin, əməllərinin tərifi ilə məhdudlaşmır, onlar xeyirxah, mərhəmətli olmağa, ölkədə quruculuq işləri aparmağa, əmin-amanlıq yaratmağa dəvət edilirdi. Sarayda yaşayan mütərəqqi görüşlü sənətkarlar tarixi hadisələrə, ictimai-fəlsəfi məsələlərə həsr etdikləri əsərlərlə saray ədəbiyyatının mövzu, məzmun baxımından zənginləşməsinə istiqamət verirdilər. Əsərlərini farsca yazsalar da, təbliğ etdikləri ideya baxımından türk-Azərbaycan dünyagörüşünü, mənəviyyatını əks etdirən Qətran Təbrizi, Əbül-üla Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani kimi şairlər məhəbbətin, təbiətin tərənnümünə, eləcə də dərin fəlsəfi düşüncələrin ifadəsinə lirik şeirlərində geniş yer verirdilər. Bu sənətkarların yaradıcılığında ictimai-siyasi problemlər, humanist ideyalar da əksini tapırdı.

XI əsr saray ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanmış Q.Təbrizinin irsi “Divan”dan və “Ət-təfasir” adlı farsca lüğətdən ibarətdir. Şairin “Divan”ına mədhiyyələrlə yanaşı, məhəbbət, vətən, insan taleyi, təbiət mövzusunda, eləcə də saraydan narazılığı əks etdirən lirik şeirləri daxildir. Gəncədə və Təbrizdə yazıb-yaratmış şairin Təbrizdə baş vermiş zəlzələ haqqında iki mənzuməsi bu qədim şəhərlə bağlı məlumat verən mənbə kimi dəyərlidir.

M.Gəncəvi XII əsr ədəbiyyatımızda ictimai-fəlsəfi məzmunlu rübailəri ilə şöhrət tapmışdır. Bu şeirlərin lirik qəhrəmanı dərin məhəbbətlə sevən, iztirab çəkən, gözəlliyi dəyərləndirən aşiqdir. Rübailərində müxtəlif peşə sahiblərindən söz açması şairin əməkçi insana verdiyi yüksək dəyəri əks etdirir. Bu nümunələrdə insanın taleyi, həyatı, sevinci, kədəri ilə bağlı humanist düşüncələr yüksək poetik ifadəsini tapmışdır.

Ə.Xaqaninin “Divan”ındakı ictimai-fəlsəfi məzmunlu şeirlərdə, “Töhfətül- İraqeyn” poeması, “Mədain xərabələri” qəsidəsində saraydan narazılıq motivlərinin əks olunması ədalətsizliyə etiraz edən ədibin vətəndaşlıq mövqeyi ilə bağlı idi. Ədəbiyyatımızda ilk poema olan “Töhfətül-İraqeyn” əsərində şairin öz həyatı, uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələri də əksini tapmışdır. Üsyankar təbiətli şair saraydan, hökmdarlardan üz çevirmiş, öz xalqına, sadə insanlara dərin məhəbbət bəsləmişdir:

İstəmirəm, adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani.

“Mədain xərabələri” qəsidəsində şair Sasani hökmdarlarının paytaxtı olmuş Mədain şəhərinin xarabalıqlarını təsvir etməklə dövrünün şahlarına ibrət dərsi vermək məqsədini güdmüşdür.

Şairin əsərlərində doğma yurduna məhəbbət, ondan ayrılığın doğurduğu şikayət motivləri güclüdür:

Şamaxı! Ey mənim sevimli yurdum!
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz.
O şəhər də mənə doğmadır, əziz.

Saray həyatından uzaq olmağı üstün tutan Nizami Gəncəvinin “Xəmsə”si məzmunu, bədii forma kamilliyi, humanist ideyaların ifadəsi baxımından qədim dövr Azərbaycan ədəbiyyatının, intibah dövrünün zirvəsi sayılır. Nizami yeni bir ədəbi məktəbin əsasını qoymuş, poemaları ilə Yaxın Şərq ədəbiyyatının inkişafına istiqamət vermişdir.

Top