Azərbaycanın novator qızı, sürücü-mexanik Sevil Qazıyeva və məşhur Amerika rəqqasəsi Aysedora Dunkan bir-birlərini heç zaman görməyib, tanımayıblar.
Hərəsi Ərzin müxtəlif guşələrində – min kilometrlərlə aralıda, fərqli dövr və siyasi-ictimai quruluşda yaşayıb, ömür sürüblər. Tanınıb-seviliblər. Müxtəlif tərzli həyat keçiriblər. Fəqət ömürləri bir-birinə bənzər ağlagəlməz tərzdə faciə ilə sona yetib...
Ecazkar ifası və gözəlliyi ilə milyonlarla insanı məftun edən, məşhur rus-sevgi şairi Yeseninin isə ağlını başından alan ABŞ rəqqasəsi Aysedora Dunkan barədə sovet dönəmində Azərbaycanda tək-tük adama bilgi məlumdu. Bir vaxtlar Sevil Qazıyevanın yenilikçi təşəbbüsü, təəssübkeş mövqeyi, fədakar əməyi barədə isə respublikamızda böyükdən kiçiyə demək olar hamı bilirdi.
Ötən əsrin ilk onilliklərində parlayan, səhnələri rövnəqləndirən rəqqasə Aysedora sonralar uzun müddət “unuduldu”. 60-cı illərin əvvəllərində isə yazılı mətbuatda, radio-televiziyada Sevil barədə müntəzəm bəhs olunurdu...
Bizim günlərdə vəziyyət əks istiqamətə səmt götürüb. Amerikalı rəqqasənin sevgi dolu, macəralı həyatı və ağlagəlməz faciəsi barədə çoxlu, həm də müxtəlif yönlü yazılar dərc olunmağa başlayıb. Sevil isə...
Azərbaycanın elə bölgələri var ki, o yerlərdə heç vədə pambıq bitkisi əkilib-becərilməyib. Bu səbəbdən həmin ərazilərin bəzi sakinlərinin təsəvvüründə pambıq bitkisi qollu-budaqlı ağac timsalındadır. Belələri saçaq-saçaq pambığın ağacda bitdiyini güman edirmişlər. Buna müqabil bir lətifə də söylənilirdi: Pambıq bitkisini qollu-budaqlı ağac kimi təsəvvür edən, Bakıdan uzaqlarda yaşayan ailələrdən birinin tələbə övladı paytaxtdan valideynlərinə ünvanladığı məktubunda yazır ki, bizi təhsildən müvəqqəti ayırıb pambıq yığmağa aparırlar. Həmin tələbənin valideynlərindən aldığı cavab məktubunda bildirilir: “Bala, qadan alım, ehtiyatlı ol, pambıq ağacından yıxılıb, qol-qıçını sındırma haa!”.
Sevil Qazıyevanın doğulub ərsəyə çatdığı Zaqatalada da ta əzəldən pambıq əkilib-becərilməyib.
Burada kiminsə pambıq bitkisi barədə yuxarıda söyləndiyi tərzdə təsəvvürü olub-olmadığını bilmirəm. Lakin əminəm ki, Sevil pambıq əkib-becərməyin, “ağ qızıl” deyilən bu qiymətli məhsulun yığılıb hasilə gətirilməsinin ağır əmək, gərgin zəhmət hesabına başa gəldiyini dərindən dərk edirdi. Bunu yazmaqda Sevil Qazıyevanın nəcib təəssübkeşliyinə əsaslanıram.
1960-cı illərin əvvəllərində Özbəkistanın məşhur sürücü-mexaniki Tursunoy Axunovanın əmək fəaliyyəti, iş təcrübəsi barədə İttifaq qəzetlərində çap olunan məqaləni oxuduqdan sonra Sevil qəti qərara gəlir ki, Azərbaycan pambıqçılarının da belə fəal köməkçiyə ehtiyacı var. Fikrini təhsil aldığı peşə məktəbindəki yaxın rəfiqələrinə bildirir. Fikrinə bir neçə tərəfdar tapılır. Onlar pambıqyığan kombaynların sürücüsü kursuna daxil olur və bu peşə ixtisasının sirlərinə yiyələnirlər. “Qızlar, sükan arxasına”, deyib “ağ qızıl” tarlasına hücuma keçirlər. O qədər də uzun vaxt ötmür. Hərb cəbhəsində komandir necə öndə olursa o tərzdə də Sevilin “tarla gəmisi” pambıq yığımı cəbhəsində birinci cərgədə irəliləyir. Yığımda onlarla tarla əməkçisinin bir gündə görəcəyi işi təkbaşına bir neçə saata həyata keçirir. Saçaq-saçaq sərvəti əl əməyi sərf etmədən maşınla keyfiyyətli və itkisiz toplayıb bunkerə, ardıyca lafetlərə axıdır. El-obanı heyrətləndirir. Şöhrətlənir, adı dillərə düşür. Hətta 1962-ci ildə Kremlin sahibi, SSRİ-nin bir nömrəlisi N.Xruşşov gurultulu çıxışlarının birində Azərbaycan qızı Sevil Qazıyevanın orijinal, şücaətli vətənpərvərlik hərəkətini gənclərə örnək timsalında tərifləyir. Qısa müddətdə minlərlə gəncin dilinin əzbəri olur Sevil. Onun yolu ilə gedərək, pambıqyığan maşın sürücüsü olmaq arzusuna düşənlərin sayı sürətlə çoxalır. Respublikada “Maşınlar tarlaya, kətmən muzeyə” devizi şüara çevrilir…
1980-ci illərdə Jdanov (Beyləqan) Rayon Partiya Komitəsinin katibi vəzifəsinə irəli çəkilən Sona Qazıyevanın özünün unudulmaz bacısı Sevil Qazıyeva barədə kövrək, təsirli, titrək deyimlərini xatırlayıram. Sona xanımın söhbətlərindən anladım ki, şair təbiətli Sevil hörüklərini daim sevə-sevə darayar, səliqəyə salar, onları əzizləyərdi. Ancaq tale elə gətirdi ki, hər gün dəfələrlə məhəbbət və qayğı ilə sığallanıb-tumarlanan həmin o hörüklər, özləri də bilmədən istəkli Sevilin qəsdinə durub, onun həyatına son qoyublar… Günəşi hər gün tarlada qarşılayıb salamlayan bu cəsur əmək qəhrəmanı öz “Mavi gəmi”si ilə əlçim-əlçim ağ ləçəkli məhsulun yığımı ilə qızğın fəaliyyətdə olanda idarə etdiyi maşında texniki qüsur yaranır. Sevil vaxt itirməsin deyə maşının mühərrikini söndürməyib aşağı enir. Nasazlığı aradan qaldırmaq niyyətiylə önə keçir, mexanizmin ayrı-ayrı hissələrini yoxlayır. Və… elə bu zaman ağlagəlməz faciə baş verir. Aramsız hərlənən şpindellər saçaq-saçaq ağ pambıq əvəzinə Sevil Qazıyevanın şəvə sayaq qara hörüklərini qamarlayır...
Hadisə yerinə kömək-yardım yürüşü, sonrakı cəhdlər də kara gəlmir. Əmək cəbhəsinin döyüş meydanında fədakarlıqla həlak olur “Günəşin bacısı” Sevil… Sevilin təqdirolunası təşəbbüsü, əməyi, səyi barədə çox yazılıb. Xalq şairi Nəbi Xəzri Sevilə həsr etdiyi poemada bu qızı “Günəşin bacısı” adlandırıb. Paytaxtımızın Bakıxanov küçəsində S.Qazıyeva parkı da salınıb. Orada abidəsi də ucaldılıb. Parkın və abidənin təntənəli açılışı cah-cəlallı olub...
İ
llər ötəndən sonra “Günəşin bacısı”, demək olar ki, unudulub. Onun adını daşıyan park da, “Sevil Qazıyeva abidəsi” də gözdən-könüldən iraq qalıb. Abidənin ucaldıldığı parkın indiki durumunu təsvir etmək üçün gərək dahi Balzak olasan ki, ustad yazıçı “Qorio ata” əsərində “Volkenin evi”ni oxucuya mahir ustalıqla təsvirləyib əyaniləşdirdiyi sayaq əhatəli qələmə ala biləsən. Onda oxucu duyar ki, parkın cari görünüşü nə kökdədir… Oradakı hovuzlar diqqətsizlikdən suyu qurumuş dəyirman kimidir: yayın yandırıcu vədəsində də fəvvarələrin su fısqırası lüləklərinə su qadağası qoyulub, çalışmaq tövbələtməsi verilib. Onlar quru ağac kötüyünə, yanğından qalan kösövə oxşayır, yetimlənib və daha nələr, nələr… Heykəl-abidənin üzərində heç bir məlumat, qeyd yoxdur. Arxasında əski əlifbayla belə yazılıb”. Qızlar arasında pambıqyığan maşınların ilk sürücü-mexaniki, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyeva”. Doğum-ölüm tarixi də göstərilmir. Yaxşı ki, bir çox yurddaşımız unutmayıblar. Bilirlər ki, bu fədakar, yenilikçi, avanqard, nakam qız 1 iyun (bəzi mənbədə 1 mart göstərilir) 1940-cı ildə Zaqatala rayonunun Tala kəndində anadan olub, 23 sentyabr 1963-cü ildə Jdanov (Beyləqan) rayonunun pambıq tarlasında faciəli surətdə həlak olub. Gözlənilməz ölümündən bir neçə ay əvvəl Azərbaycan SSR Ali Sovetinin deputatı da seçilib...
Sovetlər ölkəsinin ilk illərində Rusiyaya dəvət edilən təkrarsız rəqslər ustası Aysedora Dunkan gözəlliyi və misilsiz ifası ilə sevgi şairi Yesenini məftun edərək ağlını başından alır. Rəqqasə də şairin sevgisinə öz coşqun məhəbbəti, ülfətli duyğuları ilə cavab verir. Bu cütlük- eşq dəlisi ilk baxışdan bir-birlərinə alovlu məhəbbətlə vurulur. Biri digərinin danışıq dilini anlamasa da iki könül bir olur. Eşq-sevgi dilində ünsiyyət daha şirindir! Belədə danışıb dil-dil ötməyə nə hacət?! Çılğın təbiətli şair özündən 17-18 yaş böyük rəqqasəyə qoşulur, əvvəl Avropaya, oradansa ABŞ-a yollanırlar. Amma belə tez alışıb-yanmaq çox uzun çəkmir… Bu “məhəbbət romanı” Dunkanın ömür yolunda nə birinciydi, nə də sonuncu… Həyatı sevgi macəraları ilə dolu olan Aysedora növbəti dəfə yenə özündən yaşca xeyli gənc, yunan allahlarına bənzətdiyi Benua Falkettoda bənd olur. Həm də Benuanın gözəl, üstü açılıb-örtülən idman maşınına vurulur. Məhz həmin avtomobil misilsiz rəqslər ifaçısının həyatına son qoyur. “14 sentyabr, 1927-ci il. Fransanın Nitsa şəhəri. Aysedora dostları ilə axşam yeməyindən qalxır. Sevgilisi Benua ilə maşın gəzintisinə çıxacaq. Şampan şərabından yüngülcə meyxoş olan Aysedora boynundakı məşhur uzun, qırmızı şərfini yelləyərək üstüaçıq maşının arxa oturacağında əyləşir. Və onu yola salmağa çıxan dostlarına əl edərək qışqırır: “Dostlar, mən uğura doğru gedirəm!”
Maşın yerindən sıçrayır. Külək mələk simalı rəqqasənin boynuna doladığı ipək şərfin uzun saçaqlı ətəklərini arxaya atır. Sevgililəri ötürməyə gələn Aysedoranın rəfiqələrindən biri şərfin uclarının təkərin oxuna dolandığını görür. Maşının arxasınca qaçır. Ha qışqırsa da çığırtını rəqqasənin özü də, sevgilisi-sürücü də eşitmir, ya da səsə məhəl qoymur, etina etmirlər. Avtomobilin sürəti isə durmadan artır. Təkər hərləndikcə onun “əcəl” oxu, bu zərif xanımın əzizləyib qoynuna basdığı şərf boynunda durmadan gərilir… Şərf dramaturji cəngavər Otellonun boğucu-qəzəbli əlləri sayaq amansız caynaq olub, sıxılır, sıxılır!.. Aysedoranın nəfəsini kəsir, həyatına son qoyur!!! Kimin ağlına gələrdi ki, şpindellər, ya da təkər oxu insan qatili olar?!
Müəllif : Rafiq Həsənov, veteran jurnalist
Mənbə : modern.az