1930-cu illərdə Türkiyədə Atatürkün qarşısında söz deməkdən, mövqeyini müdafiə etməkdən çəkinməyən Əhməd Ağaoğludan başqa ikinci bir Əhməd də vardı — əslən Gəncədən olan məşhur
türkoloq-alim Əhməd Cəfəroğlu (1899-1975)
1934-cü il 18-23 avqust tarixlərində İstanbulun Dolmabaxça sarayında II Beynəlxalq Türkoloji Konqres keçirilirdi. SSRİ-dən tərkibində akad. İ.Meşşaninov, akad. A.Samoyloviç və başqa tanınmış alimlərin olduğu nüfuzlu heyət gəlmişdi. Bütünlükdə dövr sovet-türk münasibətlərinin yüksəlişi ilə səciyyəvi idi.
Konqressin ikinci günü İstanbul universitetinin dosenti Əhməd Cəfəroğlu «Rus dilində ilk türk yadigarları» adlı məruzə ilə çıxış edirdi. Məruzədə vurğulanan fikir belə idi ki, ruslar türklərin təkcə torpaqlarını deyil, dillərini də işğal ediblər, kasıb dillərini türk dili hesabına zənginləşdiriblər, türk mədəniyyətindən çox şey götürüblər və mədəniyyət sahəsində türklərə borcludurlar.
Sovet nümayəndə heyəti bu çıxışı təhqir kimi qarşılamışdı. Əhməd bəyin sözlərindən hiddətlənən Atatürk çox əsəbi bir halda konqress zalını tərk eləmişdi.
Hadisə böyük səs-küy doğurmuş, təqiblərə yol açmışdı.
SSRİ qəzetləri Əhməd bəyin çıxışını «ağ mühacirin Türkiyədəki dil qurultayında sovetlərə qarşı çevrilmiş hərəkəti» kimi dəyərləndirmişdi.
Türkiyənin aparıcı «Cumhuriyet» qəzeti isə Əhməd bəyi «qurultayda mevzu haricinə çıkan bir hatib» kimi qələmə verərək, söylədiklərinin heç bir elmi əsası olmadığını, fikirlərini dəlillərlə əsaslandıra bilmədiyini iddia etmişdi.
Bunun ardınca universitet rəhbərliyinin qəzəbinə tuş olan Əhməd Cəfəroğlu ədəbiyyat fakültəsindəki rus dili müəllimliyindən azad edilərək, ilahiyyat faküitəsinə (görünür, Allah yoluna qayıtması üçün!) kitabxanaçı vəzifəsinə göndərilmişdi.
Ən böyük zərbə isə Azərbaycan mühacir mətbuatına dəymişdi — həmin ilin sonunda Əhməd bəyin naşiri və redaktoru olduğu akademik təmüyllü «Azərbaycan Yurd Bilgisi» jurnalının nəşri dayandırılmışdı...
Müəllif : Vilayət Quliyev, Azərbaycanın Macarıstandakı səfiri
Mənbə : modern.az