Qafiyəşünaslıq orta əsrlərdə çox mühüm bir sahə sayılırdı və qafiyələr nitq hissələri, fonetik xüsusiyyətlər baxımından və s. cəhətdən təsnif edilmişdir. Biz aşağıda qafiyənin ən ümumi və mühüm növlərini qısaca qeyd edəcəyik.
Rədif — eyni sözün şeir boyu özü-özünü qafiyələndirməsidir. Rədifli qəzəldə qafiyələnən bütün sətirlər eyni sözlə bitir. Divan ədəbiyyatında “eşq”, “gecə”, “şam”, “hamam”, ”könül” kimi rədiflər üzərində rədifli qəzəllər yazmaq məcburi bir ənənədir. Həmçinin xalq şeirində qoşmanın da “dağlar”, “durnalar” tipli rədif qafiyələri vardır.
Cinas formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır. Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsi ilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi.
Eşqindən anun bu könülüm olmadı xalı,
Andan bərü ki, gördü gözüm, olmadı xalı.
(“Qazı divanı ”)
Bu beytin birinci misrasında xali sözü “ayrı, uzaq”, ikincidə isə “xal” mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır:
Pir müşg edəlüm zülfün ilə şamı bu gecə,
Ələ alalumlə”li mey aşamı bu gecə.
(“Qazi Divanı”)
Burada üç tərkibli cinas ikinci misradakı artıq “a” səsi ilə sınmış olur.
Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır.
Geyibdi qəddinə yar alacanı,
At müjgan oxunu, yarala canı.
İstər Ələsgərdən yar ala canı,
Tökəndə zülflərin, a yana, yana.
(Aşıq Ələsgər)
Xalq poeziyasında cinaslı qoşmanın məna, forma baxımından çoxlu növləri fərqləndirilir. Cinaslı qoşmada dil baxımından yazılı ədəbiyyata, klassik şeirə bağlılıq qüvvətli olur. Çoxlu cinaslar yaratmaq üçün hətta Aşıq Ələsgər kimi bir sənətkar da ərəb və fars sözlərindən qafiyə kimi geniş istifadə etmişdir. Ələsgərdə cığalı, dodaqdəyməz, dodaqdəyməz cığalı, müstəzad təcnis kimi cinas növləri işlənmişdir.
Mürəkkəb qafiyələr iki-üç və daha artıq sözdən ibarət olur. Burada şair öz dil bilgisini nümayiş etdirir, digər tərəfdən isə mürəkkəb qafiyələr misraların ritmikliyini artırır. Qafiyənin bu növü kollektiv oxuma üçün nəzərdə tutulan şeir mətnlərində daha artıq istifadə edilirdi. Eyni xüsusiyyəti aşıq şeirində də müşahidə etmək olar. Qəzəl formasında misraların uzunluğu da mürəkkəb qafiyələrin işlənməsi üçün əlverişli imkan yaradır.
Təqti. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır.
Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır. Məsələn 11 hecalıq qoşmada təqtilər 6+5, 4+4+3 və s. ola bilir.
Çərşənbə günündə, (6) çeşmə başında (5)
Gözüm bir alagöz (6) xanıma düşdü. (5)
Dindirirəm (4) danışmırsan, (4) gülmürsən, (3)
Xəbər alıb (4) əhvalımı (4) bilmirsən. (3)
(Aşıq Ələsgər)
Yeddi hecalıdan 16 hecalıya qədər bütün şeir formalarımda misraları təqtilərə bölmək mümkündür və bununla şeirşünaslıq elmi məşğul olur. Folklorda misraların təqtilərə sabit bölünməsi mütləq bir tələbdir. Yazılı poeziyada bu forma tələbi müəyyən hallarda pozula da bilir. Şeir misralarının təqtilərə bölünməsi bütün dillərdə poeziyanın və onun əsas ünsürü olan poetik misraların başlıca əlamətidir. Əruzda təqtilərə təfilə deyilir. Hər dildə təqtini bildirən müvafiq termin vardır və bu müvafiq dillərin poetikasına aiddir.
Məsələn, sillabik vəzn adlandırılan şeir ölçülərində çox zaman misranın ritmi ancaq sintaktik təqtilər üzərində qurulur və saitlərin üzərinə düşən vurğu burada əsas rol oynayır. Məsələn, rus şeirində işlənən sillabik vəzn belədir. Səməd Vurğun A.S.Puşkinin “Yevgeni Onegin” romanını tərcümə edəndə pus sillabik təqtilərini Azərbaycan dilində də ustalıqla saxlamış və şeirimizdə orijinal bir hadisə yaratmışdır. Bu ona görə mümkün olmuşdur ki, əslində Azərbaycan dilində də uzun saitlər yoxdur (alınma sözlər istisna olmaqla). Unudulmaz şair Mikayıl Müşfiqin, Süleyman Rüstəmin də bir sıra şeirləri sillabik vəzndən istifadə edilərək yazılmışdır. “Yenə o bağ olaydı”, “Küləklər”, “Çapayev” və s. nümunələr bu qəbildəndir.
Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: "Ədəbiyyat nəzəriyyəsi" kitabı, Bakı, 2008