Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovet hakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi.
Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu. Proletar ədəbiyyatı anlayışı inqilabçı maarifçiliyin bir şəkli idi. Maarifçilər ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə sosial tərbiyə üçün istifadə edirdilər.
Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları tərəfindən ədəbiyyata dair qəbul edilən xüsusi direktiv qərarlar əsasında aparılırdı. Bu qərarlar ehkam kimi tətbiq olunurdu.
Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi ilə dini maarifçilik arasında olan bir hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən şüurlu, qabaqcıl fəhlə tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl qanunları ilə yaşayan insan nəzəriyyəsinə uyğun idi. İkinci tərəfdən, proletar ədəbiyyatı proletar dünyagörüşünü, marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu da onu dini maarifçiliyə, din təbliğinə yaxınlaşdırırdı.
30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya daha dəqiq olan sosialist realizmi termini ilə əvəz edildi. Bu termin sosializm quran cəmiyyətin realizmi anlamına gəlirdi. Ad dəyişsə də, proletar ədəbiyyatı anlayışındakı əsas prinsiplər dəyişməz olaraq qaldı. Sosialist realizmi termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də qüvvətləndi.
Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan saraylarda məddah şairlərin olması ənənəsi olmuşdur. Onlar kralı və sultanı tərifləməklə əsasən onun insanlar arasında nüfuzunun artmasına və bu yolla hakimiyyətinin möhkəmlənməsinə xidmət etməli idilər. Rəsmi ədəbiyyatın əsas əlaməti onda müəllif başlanğıcının, istedad və daxili istəklərin ikinci dərəcəli olmasıdır. Yəni rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə yetirir və pul qazanır. Onun istedadının əsas əlaməti də bədiilik yaratmaqda yox, yaltaqlıqda, hakimiyyətə yarınmaqda, hakimiyyəti təmsil edən adamların şəxsi ambisiyalarına maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyyatın əsas siması yazıçı yox, sifarişçidir, haqq ödəyən hakimiyyətdir. Sovet dövründə rəsmi ədəbiyyat Yazıcılar İttifaqı vasitəsi ilə yaradılırdı. Bu ittifaq formal olaraq seçkili ictimai birlik idi. Amma əslində Yazıcılar İttifaqı dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi.
İttifaqın bütün işçiləri dövlət büdcəsindən əmək haqqı alırdı. İttifaqın rəhbərliyində DTK-nın məxfi zabiti işləyir və hamıya göz qoyurdu. Rəhbər işçilər, xalq yazıcıları Kommunist partiyası MK-nın üzvləri, Ali Sovetin deputatları idi, onlar dövlətin xüsusi güzəştlər sistemindən, xüsusi mağazalardan, istirahət evlərindən, xəstəxanalardan istifadə edirdilər. İttifaqın rəhbərləri, xalq yazıcıları, qəzet və jurnalların redaktorları partiyaçı idilər və partiyanın ədəbi siyasətini, sosialist realizmi ədəbiyyatının prinsiplərini həyata keçirən adamlar idilər. Buna görə onlar nəşriyyatlarda dövlət planlarına daxil olan əsərlərin, müəlliflərin siyahısına baxıb onu təsdiq edir və çıxan kitabların ideoloji təmizliyinə görə cavabdeh idilər. Onlar nəşriyyatlarda çıxan kitabları üçün adi, titulsuz, vəzifəsiz yazıçılardan 3-6 dəfə artıq haqq alırdılar. Bu qonorar fondunun 80 faizindən çoxunu təşkil edirdi.
Rəsmi tənqid. Yazıcılar İttifaqının rəhbərləri, titullu yazıçılar və ədəbi orqanların rəhbər işçiləri rəsmi partiyalı, sinfi ədəbi tənqidin hegemonluğunu təmin edir və özləri də qələmləri ilə buna xidmət edirdilər. Rəsmi tənqid dövlətin və partiyanın ədəbi siyasətini təmsil edən qələm adamlarının mövqeyi idi. Bu da müəllif yaradıcılığını yox, partiyanın baxış nöqtəsini təmsil edən bir hadisə idi. Rəsmi tənqid 1934-cü ildə SSRİ Yazıçılar İttifaqı yaranandan sonra formalaşmış bir hadisə idi. Deyilənlərə görə, sovet vaxtı tənqidlə məşğul olmuş qələm əhlinin çoxu rəsmi tənqidin xidmətçiləri idi, onların öz tənqidi görüşlərindən danışmaq çətindir. Rəsmi tənqidçi dövlətin ədəbi tələblərini konkret yazıçıya və əsərə tətbiq edirdi. Onun əsas vəzifəsi sovet həyatındakı qüsurların ədəbiyyatda göstərilməsinin qarşısını almaq idi.
Sovet quruculuğunu və partiyanı tərənnüm. Sosialist realizminin əsas vəzifəsi sovet dövlətinin və kommunist partiyasının üstünlüklərini və yaxşılığını tərənnüm etmək idi. Bu təkcə poeziyadan yox, bütün janrlardan tələb olunurdu. Həmin tələbdən də sosialist realizmi ədəbiyyatının şüarlara və plakatçılığa bağlılığı onun marksist maarifçilik forması olduğunu ortaya qoyurdu. Beşillik planlar, İ.Stalinin və V.Leninin şəxsiyyəti, kommunist partiyasının siyasətindən gələn bütün kampaniyalar ədəbiyyat tərəfindən himayə olunmalı böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi təqdim edilməliydi. Hələ proletar ədəbiyyatı dövründən yazıçıdan həyatı inqilabi inkişafda göstərmək tələb olunurdu. Bunun üçün xüsusi bir tipiklik konsepsiyası yaradılmışdı. Bir milyon fakt qeyri tipik sayıla bilərdi, amma inqilabi inkişafı göstərən bircə fakt isə əksinə, tipik elan olunurdu. Həyata belə yanaşmaq tələbi yazıçının istedadına qarşı zorakılıq idi, çünki o öz bildiyi və duyduğu şeyləri ədəbiyyata gətirə bilməzdi. Əgər belə təşəbbüs edilsə belə, rəsmi tənqid silahlanıb həmin yazıçını sovet gerçəkliyini təhrif etməkdə ittiham edilirdi. Belə yazıçılar rəsmi partiya sənədlərində pislənirdi və bu yolla onların nəşriyyatda kitab buraxdırmaq imkanları əldən gedirdi.
Ümumən Yazıçılar İttifaqı şəraitində təsadüfi adamların, bu qurumla bağlı olmayan və orada işləməyən adamların ədəbiyyata gəlməsini və yaradıcılıqla məşğul olmasını praktiki olaraq qeyri-mümkün edirdi. Bütün üzdə olan yazıcıların müəyyən dövlət vəzifələri var idi. Bu sovet dövründə ədəbiyyatın ideya istiqaməti baxımından birmənalı və eybəcər bir vəziyyətə gəlməsinə səbəb olmuşdur.
Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik prinsiplərindən biri sovet həyatının yaxşılığa doğru inkişafını göstərən, sosializmə xidməti həyat idealı sayan insanların obrazlarını yaratmaq idi. Əslində həyatda belə adamlar yox idi, bəlkə çox az və qüsurlu adamlar var idi. Partiya və dövlət orqanlarında karyera edən adamların əksəriyyəti simasız, tamahkar, yaltaq insanlar idi. Amma partiya onları ideal insanlar kimi göstərməyi tələb edirdi. Bu tipik müsbət qəhrəman əmək adamı idi. Ədəbiyyatda yaradılmış bu qəhrəman şəxsi mənafe və maraq hissindən məhrum, istehsalatda çalışan fəhlə idi. Bu fəhlənin belə heç bir şəxsi qüsuru ola bilməzdi. Əslində müsbət qəhrəman konsepsiyası sosialist realizmində cəmiyyəti müsbət planda təqdim etmək üsulu idi. Buna isə sovet ədəbiyyatının təsdiq pafosu adı verilmişdi.
Lakin sosialist realizmi ədəbiyyatının içində milli əqidəli, istedadlı, vicdanlı yazıcılar da olmuşdur. Məhz onlar — C.Cabbarlı, C.Vurğun, M.İb-rahimov, İ.Əfəndiyev, B.Vahabzadə kimi yazıcılar sovet dövrü Azərbaycan ədəbiyyatında milli bir ədəbiyyat xətti yarada və qoruya bilmişlər. Ona görə sosialist realizmi ədəbiyyatının içində həqiqi bir milli ədəbiyyat yarandığını da inkar etmək doğru deyildir.
Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: "Ədəbiyyat nəzəriyyəsi" kitabı, Bakı, 2008