Nabokovun “Lolita”sı: fəlakətin bir addımlığında

Nabokovun “Lolita”sı: fəlakətin bir addımlığında

Vladimir NabokovVladimir Nabokov standartlardan kənar bir yazıçıdır. Onun əsərlərində ideya təbliğ olunmur, sadəcə fikir ifadə olunur, ona görə də orijinal dünyagörüşü və üslub tərzi yazıçı münasibətini pərdə arxasında saxlayır.

V.Nabokov estetik kateqoriyalardan danışmır, onları sözlərlə ifadə etmir, təzadlara münasibət bildirmir, bir çox məsələləri oxucu fikrinə və münasibətinə həvalə edərək, onu düşündürməyə, qərar çıxartmağa sövq edir. Bu baxımdan da yazıçının əsərlərini tədqiq və təhlil edən zaman ənənəvi tənqid və estetikanın normalarından istifadə etmək hər zaman mümkün olmur.

“Lolita” romanını əxlaq kateqoriyası baxımından təhlil edilməsi zamanı isə çıxarılacaq yalnış nəticələrdən qaçmaq üçün V.Nabokov məktublarından birində yazır: “Lolitanı” oxumağa qərar verdiyində lütfən onun son dərəcə əxlaqlı bir kitab olduğunu unutma”.

“Lolita” romanı Humbert Humbert və Lolita kimi iki əsas obraz və onların həyatı əsasında ifadə edlimiş psixolofi, fizoloji, sosioloji problemlərin şərhi əsasında qurulmuşdur. Yazıçı məktublarından birində yazırdı: “Mən indi çox əxlaqlı orta yaşlı bir cənabın tamamilə əxlaqsızcasına on üç yaşlı ögey qızına aşiq olması haqqında roman yazıram”.

Romanın ilk cümləsi Humberti çox aydın şəkildə təsvir edir və əsərə açar rolunu oynayır: “Lolita, həyatımın işığı, ehtiraslarımın odu-alovu… Günahlarım, ruhum”. Humbertin fizioloji xəstəliyi və psixi durumu, Lolitanın nimfetyeniyetmə qızlardan biri olması əsərdə qoyulan bütün problemlərin kökündə dayanır. Əsər Humbertin simasında bir qatilin gündəliyindən ibarətdir. Həmin qatil isə əsərin ilk səhifəsindən səmimi olacağını oxucuya vəd edir: “Hekayənin maraqlı olması üçün qatilə həmişə güvənə bilərsiniz”.

“Lolita” romanı, əsas etibarilə, Humbertin əsərə qəhrəman seçilməsi ilə tənqid hədəfinə çevrilmişdir. Humbert kimdir? İlk növbədə müəllif bu suala cavab verir: “Romanın ön sözündə “… yaratdığım Humbert bir yabançı və anarxistdir, nimfet qızlar bir yana, başqa bir çox mövzularda da onunla eyni düşüncəni paylaşmıram”. Humbetr özü haqqında deyir: “İllər boyu keçirdiyim gizli əzablar mənə fövqəlinsan soyuqqanlılığı öyrətmişdir”. Əsər həmin gizli əzabların ifadəsidir ki, onların da arxasında obrazın psixoloji vəziyyəti, xəstəliyi dayanırdı.

Humbert daxili dünyası və cəmiyyətdəki mövqeyi ilə ikili həyat yaşayır. “Sakitcə, ancaq təsirli tərzdə təkrar etmək istəyirəm ki, bədbəxtliklərimə rəğmən, təmkinli hərəkətlərim, yumşaq qara saçlarım, cəlbedici boy-buxunum xeyli yaraşıqlı görünürdü” deyən qəhrəman gizli saxlamağa çalışdığı iç dünyasının xüsusiyyətlərini də etiraf edir: “...göstərilən cizgilərə sahib subyektlərdə buna qədər tez-tez tutqun və qızgın bir şey olur ki, bunu gizlətməyə çalışırlar”.Bütün əsər boyu gizlədilən və Kuiltini öldürərək həbsxanaya düşməklə yazdığı gündəlikdə ifadə etdikləri həmin gizli məsələlərin arxasında obrazın ruhi aləmi, psixoloji durumu, fizioloji xəstəlikləri dayanırdı.

Əslində, Humbert, geniş mənada, zorakılığı, onun ətrafdakı insanlara vurduğu ziyanı, qurbanlarını səciyyələndirir. Eyni zamanda, Humbert özü də gizli əzabları, zəiflikləri, özündən uzaqlaşdıra bilmədiyi şeytanı ilə birlikdə söylədiyi kimi bədbəxt insan obrazını simvollaşdırır.

Əsərdən məlum olur ki, Humbert Lolita ilə kirayə qaldığı evdə tanış olur və ondan ayrılmamaq üçün 13 yaşlı qızın anası Şarlotta Qeyz ilə evlənməyə belə razı olur. Cəmiyyət üçün fərqli, məhdud bir qrupu təmsil edən Humbert içindəki insanı və şeytani hisslərinin mübarizəsində daim hansısa bir qətlin planını düşünməkdədir. Çünki onun hissləri cəmiyyət tərəfindən qəbulolunmazdır və o yeganə yolunu qarşısına çıxan maneələri ölüm ilə aşmaqda görür.



V.Nabokov öz qəhrəmanının həyat yolunun qatilliklə bitəcəyini çox maraqlı formada əsərin əvvəllərində işarələyə bilmiş, hələ Lolitaya sahib olmadan öncə hadisələrin axarında qarşılaşacağı ölüm kodunu şifrələmişdir: “Hər halda, tam obyektiv danışsaq, mən fəlakətin bir addımlığındayam və ideal qətl haqqındakı pritçamın mahiyyəti də indi açılır”. Bütün əsər fəlakətin bir addımlığında cərəyan edir.

Humbertin qatil olması da əsərdə şərtləndirilmişdir. O adi qatillərdən nə ilə fərqlənirdi? Niyə görə Humbert nə ona xəyanət edən ilk arvadı Valeriyanı, nə Şarlottanı, nə də əsərin sonuna doğru Lolitanın əri olan mədən ustasını deyil, məhz sevdiyi qızı ondan qaçıran Kuiltini öldürür? Bütün bu suallar, əslində, Humbertin öz sözlərində cavabını tapmışdır: “Biz cinsi yırtıcılar deyilik! Biz cəsur əsgərlər kimi heç kəsi zorlamırıq da. Biz bədbəxt, sakit, yaxşı tərbiyə almış köpək gözlü insanlarıq, öz ehtiraslarımızı böyüklərin yanında cilovlamağı çox yaxşı bacarırıq, ancaq nimfet qızlara bircə toxunuşa görə çox şeyimizi, ömrümüzün yarısını verməyə hazırıq. Təkrar edirəm, biz qətiyyən qatil deyilik. Şairlər öldürmürlər”.

Sevdiyi ilk qız Anabella ilə görüşü və fizioloji zəifliyini hiss edənə qədər yazıçı onun yetişdiyi mühiti qiymətləndirmək üçün bizə bir şifrə təqdim edir ki, bu da əsərin gedişi zamanı geniş şəkildə açılır: “Mən atamı sevir və qiymətləndirir, qulluqçuların onun saysız-hesabsız sevgililərindən danışdığını eşidəndə fərəhlənirdim”. Burada atasının simasında kiçik Humbertin qəlbində, Z.Freydin təbirincə, “qızıl əsr”ə bir həsrət ifadə olunur.

Humbert 13 yaşında olarkən kiçik Anabellaya münasibətini “fitri pozğunluğunun” ilkin əlaməti kimi qiymətləndirir, Lolitaya olan duyğuların da “sirli və məşum bir şəkildə Anabelladan” başladığını söyləyərkən xəstəliyinə işarə edirdi.

Ağlın arxasındakı dünyanın problemlərini önə çəkən əsərin qəhrəmanı öz “azadlığının” həsrəti ilə yaşayır. Humbert xəstəliyini əsərdə dəfələrlə etiraf edir. Qəhrəman xəstəliyini “onu culğalayan qorxunc, dəli, gülməli və miskin xəstəlik” adlandırsa da özü də, eyni zamanda, ciddi psixi analizləri aparmağı bacarır, insan psixologiyasının dərinliklərinə varıb nəticələr çıxara bilir. Bəzən pisixi xəstəliyindən, bəzən şeytanın onu yoldan çıxarmasından şikayətlənən, öz vəziyyətini tam şəkildə şərh etməyi və qiymətləndirməyi bacaran Humbert özü də əslində psixiatırdır, faciəsini anlayan bir düşkündür: “Ah, icazə verin, bircə dəfə də sentimentallıq edim! Abırsızlıqdan elə bezmişəm ki!”

Humbert romantikdirmi? Romantik qəlbin cövhərində sevgi dayanır. Bütün bu xüsusiyətləri və yaşadığı həyat tərzi ilə Humbertə sevən, romantik bir obraz kimi yanaşmaq olarmı? Sözügedən suallara cavab tapmaq üçün, ilk növbədə, Lolita obrazının səciyyəsinə, əsərdəki yerinə və roluna diqqət yetirmək lazımdır. Digər tərəfdən, Humbetrə məhz yazıçının ironiyası arxasında yaradılmış, cəmiyyətdəki hadisələrə münasibətin yekunu kimi meydana çıxan rəmzləşdirilmiş və gerçək olanları təmsil edən bir obraz kimi yanaşdıqda qəhrəmanı anlamaq mümkündür.

“Lolita” romanının ikinci mühüm tərəfini Lolita obrazı təşkil edir ki, bu qəhrəman istər təmsil etdiyi yeniyetmə qızlar, onların mənəvi, psixoloji vəziyyəti, cəmiyyətin onların yetişdirilməsi və tərbiyəsindəki iştirakı xüsusiyyətləri, istərsə də Humbertin xarakterinin bir obraz kimi daha dərindən açılmasında önəmli yerə sahibdir. Lolita əsərə ilk dəfə 12 yaşlı yeniyetmə qız kimi daxil olur: “O dəyişkəndir, o şıltaqdır, o kobuddur, o, şux yeniyetmələrə xas dözüm tələb edən məlahətlə doludur. O, başdan-ayağa – saçlarındakı bantdan və sancaqdan tutmuş biçimli baldırının aşağı hissəsində, ağ yun corabın qurtardığı yerdəki kiçik çapığa qədər dözülməz dərəcədə cəlbedicidir”.

Lolita Humbertin Anabelladan ona qədərki 24 illik “vəsfəsəsinin”, düşkünlüyünün zirvəsi kimi meydana çıxır. V.Nabokovun bir sıra qəhrəmanlarına xas təzadlar Lolita üçün də xarakterik idi. O səmimi və hiyləgər, zərif və vulqar, boz qaşqabağlı və çəhrayı diribaşlığı birləşdiridi.

Humbert Lolitanı nimfet qızlara aid edir. Lolitanın təmsil etdiyi nimfet qızlar yeniyetmə qızların bir qrupunu təşkil edir ki, onların cəmiyyətdə zərərli obyekt olmalarına, yazıçıya görə, onlara həm psixoloji və fizioloji məsələlər, həm ailə mühiti, həm də təlim prosesi təsir edir.

Yazıçı on iki yaşlı qızın dünyagörüşü və həyat tərzindəki qeyri-etik halların səbəblərini araşdırmaq üçün yenə də özünəməxsus üsullardan, kodlardan istifadə edir. Sözügedən məsələ məhz o dövrün yeniyetmələrinin ümumi vəziyyətinə nəzər yetirməklə aydınlaşdırıla bilər. Lolitanın simasında nimfet qızların ailədə, gimnaziyada, cəmiyyətdəki yerini və onlara təsir göstərən meylləri müşahidə edirik.

Müasiri olduğu zamanın yeniyetmələrini Humbert hər şeyə bayağı nəzərlərlə baxan, sadəlövh duyğulu və ştamp beyinli yeniyetmələr kimi dəyərləndirir. Lolitanın davranışlarındakı kobudluq, eqoizm, etik qaydalara riayət etməməsi, əxlaqsızlığa meylinin ən mühüm səbəbini yazıçı onun ailə problemində görür. Humbertin Lolitanın yalançı atası rolunu oynadığı iki il ərzində ata və qız arasındakı münasibətlər, sözügedən əlaqələrin psixoloji cəhətlərinə daha çox önəm verilmişdir. Qəhrəmana görə, ata və qız arasındakı münasibətlər haqqındakı müasir anlayışlar sxolastik cəfəngiyatlar və standartlaşdırılmış psixoanalitik simvollarla son dərəcə korlanmışdır. Yazıçı quru nəzəriyyələri deyil, canlı, həqiqi hissləri dəyərləndirir. Atasını erkən itirən, anası ilə çox soyuq münasibətlər şəraitində böyüyən, sonra isə Humbertin ehtirasına tuş gələn Lolita gözəl duyğulardan məhrum edilmiş bir ailə faciəsinin qurbanı olur.

“Lolita” əsərinə, xüsusilə də Humbert obrazına görə, V.Nabokov uzun müddət tənqidlərə məruz qalmışdır. “Əxlaqsız, düşkün, yeniyetmə qıza qarşı yırtıcı hisslər bəsləyən bir obrazın əsərə gətirilməsi, hətta romanın təhkiyəçisi səviyyəsində verilməsi doğrudurmu?” sualı həm oxucu, həm də tənqidçiləri düşündürmüşdür. Lakin bir məsələni diqqətə almaq lazımdır ki, Lolita və onun təmsil etdiyi yeniyetmə nəsli, cəmiyyətin müxtəlif problemlərini, insanların psixoloji dünyası, fizioloji vəziyyətini anlamaq üçün Humbert obrazının xüsusi missiyası vardır. Bu baxımdan da çox gözəl söylənilmişdir ki, “təqdirəlayiq oxucu özünü oxuduğu kitabdakı kişi və qadınla deyil, o kitabı yaradan, quran ağılla eyniləşdirir”.



Humberti tamamilə sevgi və şəfqətdən məhrum bir obraz kimi qiymətləndirmək də yanlış nəticələrə gətirib çıxara bilər. Humbertin hisslərində və düşüncəsində Lolita bütün həyatı boyu xəyal edib yaratdığı, əsl Lolitadan belə gerçək hesab etdiyi bir qızdır.

Humbertin Lolitaya qarşı sevgisi qızın Kuilti ilə gizlicə qaçması və sonradan isə ondan da ayrılıb mühəndis bir oğlana ərə getməsi ilə bağlı ayrıldıqları 2 il ərzində, qəhrəmanın sevdiyi qız üçün gərgin axtarışları, nəhayət Lolitanın məktub yazaraq ondan pul istədikdən sonra görüşmələri proseslərində daha həssas şəkildə ifadə olunmuşdur. Əgər Humbertin sevgi etiraflarına diqqət yetirsək, əsərin ilk cümləsi və iki illik ayrılıqdan sonra görüşdükləri zaman ağlına gələn ilk fikirlər qəhrəmanın sevgisinin ən güclü əksidir: “Bəzilərinin gözlədiyi kimi, əlbəttə, onu öldürə bilməzdim. Çünki onu sevirdim. Bu ilk baxışdan, orta baxışdan, əzəli baxışdan olan bir sevgiydi”. Əsərin ilk cümləsində deyilmiş sözlər sona doğru açılır. Hər bir fikir riyazi dəqiqliklə tamamlanır. Lolita Humbertin həyatının işığıdır.

Lolita qəhrəmanın ruhudur: “… ölümüm qədər dəqiq bilirdim ki, onu bu dünyada haçansa gördüyüm və ya xəyal edə biləcəyim, yaxud o dünyada görməyi arzuladığım hər şeydən çox sevirəm”. Lolita Humbertin ən böyük günahıdır: “Bəzən ürəyimin bir-birinə dolaşmış zoğlarında oxşayıb-əzizlədiyim günah, mənim böyük, xoşbəxt günahım, öz mahiyyətinədək yığılıb-kiçilirdi: bəhrəsiz və xudbin əxlaqsızlığadək; və mən onu qaralayaraq lənətləyirdim”. Yazıçı yazdığı heç bir sözü təsadüfi işlətmir. Humbertin sözügedən fikirləri də əsərin əvvəlində oxuculara ünvanlanmış qatilə güvənmək təmənnasını təsdiq edir və özünə inandırır: “Mən səni sevirdim. Mən beşayaqlı yırtıcı idim, ancaq səni sevirdim. Mən qəddar idim, alçaq idim, hər nə desən ondan idim, ancaq mən səni sevirdim, səni sevirdim”.

V.Nabokovun “Lolita” romanının ən mühüm və yekun xətti qatillik, ona aparan yolun psixoloji məqamlarıdır. Humbert sevimli Lolitasını qaçıran Kuiltini qətlə yetirir və həbs olunur.

“Lolita” romanı mühüm problemlər və gərgin psixoloji məsələlərin şərhi baxımından əhəmiyyətli əsərdir. V.Nabokovun çox böyük və kəskin müzakirələr doğuran romanı cəmiyyət həyatı və insanların daxili dünyasında ciddi məqamlarla bağlı olan, lakin səsləndirilə bilinməyən mövzunun seçilməsi, geniş şəkildə, detallarına qədər şərhi baxımından təqdirəlayiqdir. Roman oxucunu təsvir olunan hadisələrin içinə varmağa, qəhrəmanları tərif və tənqid etməkdən daha çox anlamağa vadar edir.

Bəsirə Əzizəli
Top