Branislav Nuşiç | Serb və balkanların Qoqolu

Branislav Nuşiç | Serb və balkanların Qoqolu

Branislav Nuşiçin şəxsiyyətini açmaq üçün bir neçə tərif işlətməli olarıq: yazıçı, dramaturq, satirik, jurnalist, oçerk müəllifi, Serbiyada müasir ritorikanın banisi, dövlət məmuru, aktivist və sairə. Ancaq ədəbi fəaliyyətini bir sözlə ifadə etməli olsaq: serb və balkanların Qoqolu – onu tez-tez bu adla anırlar.

Həyat və fəaliyyəti
Branislav Nuşiç 20 oktyabr 1864-cü ildə (köhnə təqvimlə 8 oktyabrda) Belqradda Alkiviad Nuşa adı ilə dünyaya gəlib. Onun atası Georq Nusias makedoniyalı tacir, anası Lyubiça isə Brçkodan olan evdar qadın idi. Nuşanın atası serbləşmiş arumın, anası isə serb idi. İbtidai təhsilini Dunay sahilində kiçik Smederevo şəhərində, orta təhsilini isə Belqradda alır.

1882-ci ildə 18 yaşı olarkən Alkiviad Nuşa qanuni şəkildə adını Branislav Nuşiç olaraq dəyişir. O, Belqrad Ali Məktəbinə (sonralar Belqrad Universiteti adlanacaq) daxil olur və 1885-ci ildə hüquq fakültəsini bitirib. Həmin il – 21 yaşında olarkən – o, Serbiya Kral Ordusunda hərbi xidmətə yollanır. Nuşiç xidmət dövründə Serb-Bolqar müharibəsində (14–28 noyabr 1885) Qərbi Bolqarıstanda serb kapralı kimi iştirak edərək döyüşlərin birbaşa şahidi olur.

Nuşiç bolqarların qələbəsi ilə bitən müharibə müddətində Serb Ali Komandanlığının idarəsinə tənqidi yanaşırdı. O, öz etirazını 1886-cı ildə çap olunmuş “1885-ci il serb-bolqar müharibəsindəki kapralın hekayələri” kitabında ifadə edib. Xidmətdən sonra birillik təhsilinə Avstriya-Macarıstan İmperiyasında Qrats Universitetində davam edir. 1887-ci ildə Nuşiç “İki qul” adlı şeirini dərc etdirir. Bu satirik şeirində o, kral rejiminin bayrağını qoruyarkən aldığı yaralardan ölən zabit Mixaylo Kataniçin dəfn mərasimi əvəzinə, heç kimin tanımadığı generalın anasının dəfn mərasiminə qatılan Serbiya kralı I Milan Obrenoviçi məsxərəyə qoyur. Nəticədə Nuşiç kralı təhqir etməkdə təqsirli bilinərək həbs olunur və ikiillik məhbəs həyatı yaşayır. Pojarevats həbsxanasında bir ildən sonra nümunəvi davranışına görə əfv olunur.

1889-cu ildə, həbsdən azad olunandan bir az sonra, Nuşiç Serbiya Xarici İşlər Nazirliyində rəsmi olaraq vətəndaş xidmətinə daxil olur. Bir neçə il sonra – 1893-cü ildə Makedoniyanın Bitola şəhərindəki konsulu Dimitriye Bodinin 17 yaşlı qardaşı qızı Darinka Dordeviçlə ailə həyatı qurur. Cütlüyün üç uşağı dünyaya gəlir; onlardan biri körpə ikən dünyasını dəyişir. 1889–1900-cü illər arasında Nuşiç Osmanlı İmperiyasının Bitola, Sere, Saloniki, Skopye və Pristina şəhərlərində serb konsulluğunda dəftərxana işçisi kimi çalışır.

Əvvəlki antimilitarist ritorikasının əksinə olaraq, Nuşiç Osmanlıları Balkanlardan çıxarmaq üçün hərbi üsullardan istifadənin coşqun dəstəkçisinə çevrilir. 1900-cü ildə o, Təhsil Nazirliyində mənsəb sahibi olur. Bundan qısa müddət sonra, Belqrad Milli Teatrının aparıcı dramaturquna çevrilir. Yazıçı 1904-cü ildə Novi-Sad şəhərində Serb Milli Teatrının direktoru təyin olunur. 1905-ci ildə isə yeni vəzifəsindən imtina edərək, jurnalist işləmək üçün Belqrada köçür. O, həmçinin, müxtəlif jurnallarda redaktor işləyib, “Politika” gündəlik qəzetində “Ben Akiba” təxəllüsü ilə felyetonlar yazıb.

1908-ci ilin oktyabrında Bosniya və Hersoqovinanın Avstriya-Macarıstan İmperiyasına birləşdirilməsinin ardınca Nuşiç Belqradda bir neçə anti-Habsburq nümayişlərinə başçılıq edir. O, Milli Teatrda bir balkona çıxır və Avstriya-Macarıstanın serb torpaqlarını “qarət” etməsinə qarşı söyüşlər yağdırır və dərhal hərbi əməliyyatlar tələb edir. Sonra o, atını Xarici İşlər Nazirliyinin binasına sürərək Baş nazir Nikola Paşiçi təəccübləndirir. Nuşiçin əsərlərinin digər dramaturq Petar Koçiçinkilər qədər məşhurluğu birləşdirmədən sonra daha da artdı. 1912-ci ildə Nuşiç Bitolaya sivil xidmətçi kimi qayıdır.

1913-cü ilin fevralında Birinci Balkan müharibəsində Makedoniya Serbiya tərəfindən ilhaq edilir, Nuşiç isə Bitolaya prefekt təyin olunur. O, tezliklə Serbiya Kral Ordusunun işğalçı qüvvələrinin onurğası kimi yaradılmış “Qara əl” və ultra-millətçi partizan qruplaşmalarının sadiq qalma tələblərinə əməl etmədiyinə görə istefaya məcbur edilir. Bunun əksinə olaraq, o, Skopyedə qalır və 1913-cü ildə şəhərin ilk teatrının qurulmasında kömək edir. Birinci Dünya müharibəsinin başlanğıcı Nuşiçin həyatına faciə gətirir – oğlu Straxinya serb orudusunda xidmət edərkən cəbhə xəttində öldürülür. Nuşiç 1915-ci ilin noyabrına kimi – Avstriya-Macarıstan, Almaniya və Bolqarıstanın Serbiyaya uğurlu işğalçı basqınına qədər Skopyedə yaşayır. O, 1915-ci ilin noyabrı ilə 1916-cı ilin fevralı arasında serb ordusunun Albaniyaya geri çəkilməsi prosesində iştirak edir. Nuşiç müharibənin sonuna kimi İtaliya, İsveçrə və Fransada yaşayır.

Nuşiç Serbiyaya sınmış, yeganə oğlunu itirməklə viran olmuş bir insan kimi qayıdır. Təhsil Nazirliyinin incəsənət departamentinin ilk başçısı təyin olunur, yazıçılar Borisav Stankoviç və Stanislav Vinaverlə yanaşı xidmət edir. Həmçinin, Skopyedə müharibə sonrası ilk teatr rejissoru olur. Bu vəzifədə 1923-cü ilə qədər qalır. Sarayevo Milli Teatrının başçısı vəzifəsinə təyinat alır. Sarayevoda Nuşiç “Halil Delibaşiç” təxəllüsü ilə “Ramazan gecələri” əsərini yazır. 1924-cü ildə Elmlər Akademiyasına üzv seçilmədiyinə görə satirik “Özbioqrafiyam” əsərini qələmə alır. 1927-ci ildə Belqrada qayıdır. Nəhayət, 1933-cü ildə Serbiya Elmlər Akademiyasının üzvü seçilir. 1935-ci ildə Sofiyada “Bəxtsiz ailə”nin premiyerasının ardınca Bolqarıstan hökuməti tərəfindən medalla təltif olunur. Branislav Nuşiç 19 yanvar 1938-ci ildə Belqradda dünyasını dəyişir.

Yaradıcılığı
Nuşiç romançıdan daha çox dramaturq kimi anılır. Onun roman və felyetonları mənəvi və ya cilalanmış deyil, ancaq canlı və həyatın məzəli eskizləridir. O, daha çox tarixi dram və komediya sahəsində məhsuldar idi. Əsərləri içərisindən “Kabinet nazirinin arvadı”, “Şübhəli şəxs”, “Parlamentin üzvü”, “Bəxtsiz ailə”, “Rəhmətlik” və “Həkim” komediyaları çox məşhurdur.

Pyeslərində Nuşiç serb cəmiyyətini, kiçik şəhər və kəndlərdə orta sinfin dünyagörüşünü təsvir edir. O, təkcə pərakəndə tacirlərin, əyalət kapitanlarının, aztəhsilli rəsmilərin, cari və əvvəlki nazirlərin arvadlarının yox, həmçinin, keçmiş kübarların və harınlamış mülkədarların, onların dekadent oğullarının, imtahandan kəsilmiş tələbələrin, evlilik yaşında olan kübar qızların və acgöz görməmişlərin obrazlarını səhnəyə çıxarıb.

Beləliklə, yazıçı bütün siyasi və sosial reformasiyalara, yeni formalaşdırılan təhsil sisteminə və mədəni institutlara qarşı sağ qalmaq üçün əlindən gələni edən serb orta sinfini və onun əxlaqi dəyərlərini təsvir edib. O, həmçinin, həyata keçə bilməyən arzular və acgöz iştah, təhrif edilmiş ailə və ər-arvad münasibətləri, atalar və oğullar arasında anlaşılmazlıq və dözülməzlik, saxta ərlər və arvadlar, məmurların cəhaləti və korrupsiyası və qeyri-real siyasi ambisiyalar və onların köklərinin sosial şərtlərinə xüsusi diqqət yetirib. Yekun olaraq, Nuşiç təkcə dramaturq, müşahidəçi və dövrünün tərcüməçisi yox, həmçinin xüsusi tarixi zamanda serb cəmiyyətinin və onun əxlaqi dəyərlərinin analitiki idi.

Nurlan Babazadə
Top