Ey oğul, bir adam sənə əmanət versə, qətiyyən götürmə, elə ki, götürdün, möhkəm saxla. Əmanət saxlamaq bəladır, çünki onun nəticəsində üç haldan başqa bir şey ola bilməz. Əgər bu əmanəti ona geri qaytarmalı olsan, Allah-Taalanın nazil etdiyi: “Əmanətləriyiyələrinə qaytarın” hökmünü yerinə yetirmiş olarsan. Comərdlik vəkişilik odur ki, əmanəti qəbul etməyəsən, qəbul etsən, qoruyub sağ-salamat sahibinə qaytarasan.
Hekayət.Belə eşitmişəm, bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir: “Mənimlə hamama getmək istəyirsənmi?” Yoldaşı deyir: “Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm, lakin hamama gedə bilmərəm, işim var”. Hamamın yaxınlığına qədər bir yerdə gedirlər. Yol ayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb başqa tərəfə gedir. Təsadüfən, bir oğru da həmin kişinin dalısınca oğurluq məqsədilə hamama gedirmiş. Birdən kişi geri baxır, oğrunu görür, lakin hələ ala-qaranlıq olduğundan onu dostu təsəvvür edib, qurşağından dəsmala bağlanmış yüz dinarı çıxarır, həman oğruya verir və deyir: “Ay qardaş, bu əmanətdir, al, mən hamamdan çıxandan sonra qaytararsan”.
Oğru qızılı alır, kişi hamamdan çıxana qədər heç yerə getməyib orada gözləyir. Hava işıqlanır. Kişi paltarını geyib yola düzəlir. Oğru onu çağırıb deyir: “Ey cavan mərd, qızılını geri al, sonra get, sənin əmanətin üzündən bu gün mən də işimdən avara oldum”. Kişi deyir: “Bu nədir, əmanət nədir, sən kimsən?” Oğru deyir: “Mən oğruyam, sən isə hamamdan çıxana qədər bu qızılı mənə tapşıran adam”.
Kişi deyir: “Oğrusansa, bəs nə üçün mənim qızıllarımı aparmayıbsan?”
Oğru deyir: “Əgər öz peşəmlə ələ keçirsəydim, min dinar olsaydı, sənə yazığım gəlməzdi, bir dinar da sənə qaytarmazdım. Lakin sən bunu mənə əmanət olaraq veribsən, insafsızlıq olar ki, sən alicənablıq edib mənə əmanət verəsən, mən də nanəciblik göstərib ona xəyanət edəm”.
Bir də, təsadüfən, qərəzsiz olaraq əmanət sənin əlində xarab olsa, əvəzini ala bilsən yaxşıdır. Əgər şeytan səni yoldan azdırsa, əmanətə tamah salsan və onu dansan, bu çox pisdir. Əgər əmanəti sahibinə qaytarsan, o vaxta qədər əmanəti saxlamaq üçün çox iztirab və zəhmət çəkməli olarsan, bu qədər əziyyətdən sonra haman şeyi yiyəsinə qaytararsan, zəhmət sənə qalar, o adam isə heç bir vəchlə özünü sənə minnətdar hesab etməz. Deyər: “Öz şeyim idi,vermişdim, geri aldım, sənə qalmayacaq idi ki”.
Doğru deyirəm, çəkdiyin əziyyət üçün “sağol” deyən olmaz, əvəzində isə ləkələnə bilərsən. Əmanət itsə, heç kəs inanmaz, xəyanət etmədiyin halda, xalq arasında xain sayılarsan, tay-tuş içərisində hörmətdən düşərsən, artıq heç kəs sənə etibar etməz. Özündə saxlasan, haramdır, böyük günaha batarsan, bu dünyada istifadə edə bilməzsən, o dünyada Haqq-Taalanın qəzəbinə gələrsən.
Haşiyə. Lakin bir adama əmanət verdikdə gizlin vermə, heç kəs sənin malını ondan ala bilməz. Bir də ki, iki etibarlı şahid olmadan heç kəsə öz malını etibar etmə, verdiyin əmanət müqabilində qəbz al ki, məhkəməyə getməkdən azad olasan. İş gedib məhkəməyə çıxsa, məhkəmədə kobudluq etmə, çünki kobudluq zorakılıq əlamətidir. Bacardıqca yalandan and içmə və and içməkdə məşhur olma, elə et ki, əgər bir vaxt and içmək lazım gəlsə, xalq sənə inansın. Nə qədər dövlətli olursan ol, xeyirxah, düz danışan olmasan, özünü yoxsul hesab etməlisən, çünki bədxah və yalançının axırı yoxsulluqdan başqa bir şey olmaz. Əmanətin qədrini bil. Deyiblər ki, “əmanət kimyadır, həmişə dövlətli olarsan”.
Düz danışan və etibarlı adam ol, dünyanın bütün dövləti düz danışan və etibarlı adamlarındır. Çalış, adam aldadan olma. Ehtiyatlı ol ki, səni də aldatmasınlar, xüsusilə qul almaqda. Allah köməyin olsun.