Yuxular | Aleksandr Kuprin

Yuxular | Aleksandr Kuprin

I

Uşaqlıqda olduqca qəribə bir yuxu məni tez-tez ziyarət edirdi. Əksərən pəncərədən uzun müddət küçəyə baxdığım ərəfələrdə baş verən bu hadisə zamanı adamlar ora-bura qaçışır, görüşür, bir-birinin yanından keçərkən dayanır, gülümsəyir, bir-birinə əl yelləyirdi. İtaətkar atlara qoşulu ekipajlar guruldayır, qadınlar, kişilər, uşaqlar, itlər – bütün bu sadaladıqlarım dayanmadan, saatlarla küçədə axın edirdi.

Elə həmin zaman mənə elə gəlməyə başladı ki, insanların özlərini qayğıkeş, tələskən, biganə və yad göstərməsinə səbəb xatırlamaq hissini yadırğayaraq, hansısa böyük, nəhəng və əzəmətli nəyisə unutmalarıdır. Düşünürdüm ki, tezliklə o gün yetişəcək – qısa, ani bir zaman ərzində, unudulmuş hansısa yeganə və gözəl hadisə bütün dünyaya yayılacaq və hər kəs olduğu yerdə dayanacaq. İnsanlar, evlər, kaminlər, səmadakı buludlar, hamı, hər şey – canlı, cansız təəccüblə baxacaq, susacaq və dinləməyə başlayacaq. Və həmin zaman Məhşərə çağıran Mələyin suru dünyanın üzərində çalınacaq.

Körpə qəlbimdəki titrəyiş, qorxu və dərin ümidlə möcüzə gözləyirdim… Qaranlıq küçənin dərinliyində iki qızılı zəncir boyunca fanarın alovları uzanana qədər gözləyirdim…

II

Demək olar ki, hər ay təkrarlanan və mənə əzab verən daha bir qorxulu yuxu var idi; qaranlıq boş otaqda qorxudan sarsılmış bir neçə insan titrəyərək dayanıb. Mən də onlarlayam. Bizlərdən bəzisi divarın dibində əyləşib və əlləri ilə dizlərinin künclərindən yapışıb önə-arxaya doğru yellənir. Digərləri saçlarını yolur. Bəziləri bir-birini qəfəsə salınmış heyvan kimi qovaraq irəli-geri gedir.

Amma qorxudan donmuş dodaqlarımızdan bircə söz, səs belə çıxmır. Nəzərlərimiz gözəgörünməz tellərlə bağlandığı divarın qapı yerləşən bölgəsindən ayrılmır. Vaxt-vaxtdan qapı açılır və bizdən birimiz dərhal, səssiz halda, itaətlə, başını aşağı əyərək gedib qapının arxasında gözdən itən kimi, o yenidən bağlanır.

Amma bircə dəqiqəliyə biz hamımız solğun kölgələrin vurnuxduğu qıpqırmızı işığa bürünən nəhəng otağı görürük, ağrı və dərd dolu səslər eşidirik və nəhayət, onu – Cəlladı görürük. O, hərəkətsiz dayanır, güclü və ciddidir, qırmızı libası əzələli bədəninə dar gəlir, uzun sifəti solğundur. Cəllad həm də onun öz adıdır.

Qapı bağlanır və yenidən qaranlıq və dəhşət başlayır. Bilirəm ki, indicə mənim də vaxtım yetişəcək. Öldürücü tənhalıqda başımı əllərimlə tutub pıçıldayıram:
– Yox, ola bilməz… bu, yuxudur, sadəcə olaraq yuxu. Mən indicə ayılacağam!..
Amma ayıla bilmirəm, əksinə yenidən qorxu içərisində titrəyərək düşünürəm:
"Əgər mən yatmış olsaydım, yuxuda olduğumu düşünməzdim. Bütün bunlar canlıdır, həqiqətdir: bu kədərli görünüşlü, səssiz bədənlər, qanlı otaq. Məni gözləyən Cəllad… Ölüm!"

Qapı açılır. «Mənim növbəmdir» – deyə düşünərək itaətlə ayağa qalxıram, bədənimin hər bir nöqtəsində dəhşətli həyəcan hiss edirəm. Cəlladın uzun, solğun sifəti mənə tərəf çevrilir. Elə bu an yuxudan ayılıram.

III

İndi isə yuxuda tez-tez torpaq görürəm – bu, fırlanarkən hansısa qara, sonsuz, naməlum istiqamətə doğru uçan nəhəng canlı nüvədir. O, dəqiq və sirli qaydalara əməl edərək uçur. Ətrafdakı torpaq qan, cəsəd qoxularının qarışığı ilə dolu qaranlıq, qupquru, al rəngli zülmətə bürünmüşdür. Bu, təhlükədir, onun üzərinə qorxulu kabus enib, o yuxuda inildəyir və vurnuxur, amma ayıla bilmir.

Yazıq, gözəl, qeyri-adi, anlaşılmaz Vətənimi görürəm yuxuda. Onu namusuna təcavüz edilmiş, döyülüb qana bulanmış, əzilmiş və aldadılmış sevgili qadın timsalında görürəm. Onu Şimal buzlu okeanından isti dənizlərə, Qərbdən nağıllarla zəngin Şərqə kimi ölçüyəgəlməz nəhənglikdə görürəm, o, bütünlüklə alova qərq olmuş, qana bürünmüşdür, üzünə lənətlər yağdıran səslərdən titrəyir. Qanlı yuxu onun üzəri ilə addımlayır. Yuxumdakı quduz dəstə qəhqəhələr içərisində qadınları və qocaları öldürür, uşaqların qafa tasını sındırır, əlləri al rəngə boyanmış bu insanlar qanla nəfəs alır.

Ətrafda arıq əllərin aşağı uzandığını, quru, əyilmiş ağızların səssiz şəkildə fəryad etməsini görürəm: 
– Çörək verin!
– Səbr edin! – digərləri cavabında deyir.
– Səsinizi kəsin! – başqaları qışqırır.
Bədənləri yanaraq əldən düşmüş, əlləri gücləri yetməyən işi görməkdən parça-parça olan, arıq sinəli adamlar görürəm.
– Bu, bizim əməyimizdi, lənətə gəlmişlər, biz qul olmaq istəmirik! – onların səssiz fəryadını eşidirəm.
– Səbr edin! – cavab verir bəziləri.
– Səsinizi kəsin! – qışqırır başqaları. – Qul olmağa dözün, ya da sizi də, küçüklərinizi də ölüm gözləyir.

Yeyib doymuş, yedikləri ərzağın mədələrinə sığmayanları görürəm, yemədiyi çörək parçasını aclardan gizlədənləri, səbəbsiz öldürülən qulları, tapdalanan və rüsvay edilən vəziyyətdə olan şəhid cəsədlərini görürəm.

Elə bu zaman mənə belə gəlir ki, tezliklə qana boyanmış dünya oyanacaq. Mənə belə gəlir ki, bir gün gecə, ya da gündüz dünya üzərindən alovlar, təcavüzlər, qan və iniltilər arasından kiminsə sakit, müdrik, ciddi, aydın və şən sözləri vüsət tapacaq.

Hər kəs oyanacaq, dərindən nəfəs alıb hər şeyi dərk edəcək. Qurulan silahlar öz-özündən susacaq, qarnı tox olanların utanc hissindən sifətləri qızaracaq, etibarsız və zəiflərin sifətləri işıqda qaralacaq və torpağın qan tökülən yerlərində şəhidlərin məzarına qoymaq üçün əklil düzəldəcəyimiz çiçəklər açacaq. O zaman dünənki qul deyəcək: «Quldarlıq məhv oldu!» Cənabsa deyəcək: «Dünyada tək cənab insandır!» Yuxudan ayılan parlaq torpaq hər kəsə şəfqətlə: «Uşaqlar, mənə tərəf gəlin, bərabərhüquqlu və azad şəkildə gəlin hamınız» deyəcək.

IV

İnanıram ki, yuxu bitir və oyanış baş verir. Biz alovlu və al şəfəqlər işığında oyanırıq. Amma bu, gecənin deyil, səhərin şəfəqləridir. Səma işıqlanır, səhər yeli ağaclarda uğuldayır. Ətrafda qaranlıq gecənin kabusları qaçışır. Yoldaşlar! Azadlıq günü gəlir! 
Bizi qanlı yuxulardan oyadanlara əbədi eşq olsun! İztirablı kölgələrin ruhu şad olsun!

1905

Rus dilindən tərcümə: Xatirə NURGÜL
Top