Ey oğul, bil ki, at minmək, ov etmək, çövkan oynamaq böyük adamlara xasdır, xüsusilə, cavanlıqda. Lakin hər işin öz vaxtı, həddi, əndazəsi olmalıdır. Hər gün ova getmək olmaz. Həftədə yeddi gün vardır, iki gün ova get, üç gün şərab iç, iki gün isə öz təsərrüfat işlərinlə məşğul ol.
Lakin ata mindikdə alçağına minmə, adam yekəpər olsa da, alçaq at onu kiçik göstərər, alçaq boy olanda isə uca at onu hündür nəzərə çarpdırar. Yorğa və sakit ata yalnız səfərə çıxarkən min, çünki at sakit olanda adam özünü boş saxlayır.
Şəhər içərisində və başqa atlılarla birlikdə getdikdə, oynaq və tünd qaçan ata min ki, onun tündlüyü səni ayıq olmağa məcbur etsin. Həmişə atda düz, şəstlə otur ki, gözə pis dəyməyəsən.
Ovlaqda boş yerə at çapma, hədərə at çapmaq qulamların vəuşaqların işidir. Yırtıcı heyvanların arxasınca da at salma, çünki yırtıcı heyvan ovundan xeyir gəlməz, həyat üçün isə təhlükəli olar. İki böyük şah heyvan ovunda həlak olmuşdur. Biri atamın babası Vəşmgir ibn Ziyar, ikincisi isə əmioğlum Əmir Şərəfülməalidir. Qoy səndən kiçiklər çapsınlar, sən çapma. Yalnız böyük padşahların qarşısında ad qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər.
Deməli, ovu sevirsənsə, qızılquş, çərğ, şahin, qaplan və tazı ilə ova get. Həm ovun ov olsun, həm təhlükə baş verməsin. Yırtıcı heyvanların nə əti yeməli olar, nə dərisi geyməli. Əgər qızılquşla ova getsən, bil ki, şahlar bunu iki cür edirlər: Xorasan padşahları qızılquşu özləri uçurtmazlar, İraq şahları adətən özləri uçurdarlar. Hər ikisi olar.
Şah olmasan, nə cür istəyirsən, elə də et, şah olsan və özün uçurtmaq istəsən, o da mümkündür. Lakin qızılquşu heç vaxt bir dəfədən artıq uçurtma, çünki padşaha bir quşu iki dəfə uçurtmaq yaraşmaz. Bir dəfə uçurt, bax gör ov gətirir, ya yox, sonra başqa qızılquş tələb et.
Şahın ovda məqsədi tamaşa olmalıdır, yemək tamahı olmamalıdır. Əgər şah tazı ilə ova çıxırsa, iti o özü tutmamalıdır, qulları iti onun qabağınca aparmalıdırlar, o isə tamaşa etməlidir. Ovun dalınca at çapma. Qaplanla ova çıxsan, heç vaxt onu arxadan atının tərkinə mindirmə, qaplan gəzdirmək şaha yaraşmaz, bir də yırtıcı heyvanı öz arxasına mindirmək ağıllı iş hesab edilməz, xüsusilə, şahlara və hökmdarlara. Ov və onun şərtləri bundan ibarətdir.