Hamama getmək qaydaları haqqında | Qabusnamə

Hamama getmək qaydaları haqqında | Qabusnamə

Bil, ey oğul, hamama gedəndə tox getmə, ziyanı var. Hamam çox yaxşı şeydir, demək olar ki, alimlər bina tikməyə başlayandan bəri hamamdan daha gözəl heç bir şey yaratmamışlar. Lakin bütün yaxşılığına baxmayaraq, hamama hər gün getmək olmaz, yoxsa bədənə ziyanı olar, həm də vasvasılıqda sənə eyib tutarlar…

Hər gün hamama getməyin nəinki xeyri yoxdur, hətta zərəri vardır: əsəbləri, oynaqları yumşaldar, onların bərkliyini azaldar və insan təbiəti hər gün hamama getməyə adət edər, bir gün getmədikdə adam xəstə kimi olar, bədənin üzvləri kobudlaşar. Buna görə iki gündən bir hamama getmək lazımdır.

Qışda və yayda hamama getdikdə əvvəlcə soyuq otaqda biraz oturki, təbiətin oranın havasına öyrəşsin, sonra orta otağa keçib bir qədər də burada otur ki, o otaqdan da fayda götürmüş olasan, sonra isti otağa get, orada da bir az otur ki, bədənin istiyə alışsın. Hamamın istisi sənə təsir edəndə xəlvətxanaya gedib, orada başını yu.

Gərək hamamda çox qalmayasan, öz üstünə çox isti və çox soyuq su tökməyəsən, ilıq yaxşıdır. Hamam xəlvət olsa, böyük xoşbəxtlikdir. Alim adamlar boş hamamı bütün qənimətlərdən qiymətli hesab edirlər.

Hamamdan çıxdıqda saçını yaxşı-yaxşı qurutmalısan, sonra dışarı çıxa bilərsən. Saçın yaş yola düzəlmək nə ağıllı adamlara, nə adlı-sanlı adamlara yaraşar. Hamamdan saçı yaş çıxıb böyük adamların yanına getmək yaramaz, bu tərbiyəsizlik sayılar.

Hamamın xeyri və ziyanlarının hamısını dedim. Vəssalam. Lakin hamamda su və pivə içməkdən özünü qoru, çox zərərlidir. Nəticədə, bədən boşluqlarında su yığılması xəstəliyinə səbəb olar. Əgər xumarlığın varsa, onu yatırmaq üçün bir az içmək olar, bunun zərəri azdır.
Top