Kef çəkmək qaydaları haqqında | Qabusnamə

Kef çəkmək qaydaları haqqında | Qabusnamə

Birini sevsən, ayıq və məst halda onunla ara vermədən əlaqədə olma, səndən ayrılan hər nütfədə, məlumdur ki, bir şəxsin, bir canlının toxumu vardır. Əlaqədə olsan, heç olmasa, sərxoş vaxtı olma, ziyanı daha çoxdur, lakin xumar vaxtı daha yaxşıdır.

Nə vaxt yadına düşdü, o saat onunla məşğul olmağa başlama. Bu, heyvan xasiyyətidir. Heyvan hər işin yerin bilməz, nə vaxt yadına düşsə, o vaxt da məşğul olar. Adama müəyyən vaxt lazımdır ki, onunla heyvan arasında bir fərq olsun…

Dediyim kimi, çox əlaqədə olmağın ziyanı var, ona görə hər nə etsən iştaha ilə et, zorla etmə, ziyanı az olar. Lakin istər meylin olsun, istərsə yox, yayın istisindən və qışın soyuğundan özünü qoru. Bu fəsillərdə ziyanı daha çox olar, xüsusilə, qocalara.

Bütün fəsillərdən ən yaxşısı bahardır, ən münasibi də budur. Bahar fəslində hava mülayim olar, sular çoxalar, dünya gözəlliyə və rahatlığa doğru üz qoyar. Böyük aləm belə olduqda, kiçik aləm sayılan bizim bədənimiz də onun təsirindən mülayimləşər.

Bədəndə olan ünsürlər arasında müvazinət yaranar, damarlardakı qan artar, beldəki kişilik maddəsi çoxalar və insanlar təbii olaraq bir-biri ilə əlaqədə olmağa meyl göstərərlər. Bu meyl təbii ehtiyacdan doğduğundan ziyanı az olar.

Bir də bacardıqca yayın istisində və qışın soyuğunda qan aldırma. Bədənində qanın artdığını hiss etsən, yemək-içməklə qaydaya sal. Fəslə zidd heç nə yemə. Yayda və qışda qadınlara çox meyl etmə. Bu barədə qısa danışdım, bundan artıq danışmağa da ehtiyac yoxdur.
Top