Demirəm şərab iç, ya içmə, çünki bilirəm cavanlar başqasının sözü ilə cavanlıqdan əl çəkməzlər. Mənə də çox deyiblər, lakin eşitməmişəm.Yalnız əlli ildən sonra Allahın mənə rəhmi gəlmişdir, tövbə edib şərabı tərgidə bilmişəm.Lakin əgər içməsən, hər iki dünyada fayda götürmüş olarsan: həm Allah səndən razı qalar, həm də xalqın qınağına düçar olmazsan.
Ağılsız adamların adət və peşələrindən, xoşagəlməz əməllərindən uzaqlaşarsan, israfçılığa yol verməzsən, maddi güzəranın isə xeyli yaxşı keçər. Bütün bu deyilənləri nəzərə alıb şəraba meyl etməsən, məni çox sevindirmiş olarsan. Lakin bilirəm, cavansan və yoldaşların qoymazlar içməyəsən. Hədər yerə deməyiblər: „Təklik pis yoldaşdan yaxşıdır“.
Əgər içsən, bilirəm, ürəyində tövbə etmək istəyəcəksən, tutduğun işdən peşman olacaqsan. Hər halda şərab içməli olsan, gərək onu necə içmək lazım olduğunu biləsən, bilməsən, zəhr olar, bilsən — padizəhr.
Həqiqətdə də belədir, yemək və içməkdə qayda-qanuna riayət etməsən, nəticəsi pis olar. Deyiblər ki:
Padizəhr zəhr olar, çox olsa əgər.
Hər şey həddin aşsa, bil, ziyan verər.
Çörək yedikdə o saat şərab içmək olmaz, üç saat gözləməlisən ki, üç dəfə susayıb su içəsən. Susamasan da, üç saat gözlə, çünki mədə sağlam və qaydasında olsa, həddindən artıq xörək yemiş olsan belə, yeddi saata həzm gedəcəkdir: üç saat həll edəcək, üç saat da şirəsini çəkib ciyərə göndərəcəkdir ki, o da onu bütün daxili bədən üzvləri arasında bölüşdürsün, çünki bölüşdürən odur. Bir saat keçdikdənsonra nə qalsa, bağırsaqlara göndərər. Səkkiz saata mədə boşalmalıdır, boşalmırsa, o, mədə deyil, çürümüş tuluqdur.
Dedim, yeməkdən üç saat sonra iç ki, xörək mədədə tam həzm edilmiş olsun və sənin dörd təbiətin xörəkdən onlara düşən payı almış olsun. Bundan sonra şərab iç, beləliklə, həm şərabdan həzz alarsan, həm təamdan. Amma şərab içməyə ikindi namazından sonra başla ki, məstlik vaxtı çatanda gecə düşmüş olsun, xalq sənin sərxoşluğunu görməsin. Məst olduqda yerini dəyişmə, məstlikdə yerini dəyişmək yaxşı olmaz. Şərab içmək üçün çölə və bağa getmə, getsən, keflənənə qədər içmə, evə gəl,sərxoşluğu evdə et. Evin tavanı altında mümkün olan şeyləri çölün asimanı altında etmək olmaz. Hər kəs evində öz ölkəsində olan padşah kimidir, səhrada isə — yad ölkədə olan qərib kimi.
Şərab içərkən elə iç ki, həmişə iki-üç badəyə yer qalsın. Artıq yeyib, artıq içməkdən özünü saxla, sərxoşluq və toxluqdan uzaq ol. Toxluq təamın son tikəsində olur. Demək, həmişə bir tikə az yeyib bir badə az içməlisən ki, hər ikisinin artıqlığından xilas olasan.
Çalış içki düşkünü olma, çünki düşkünlüyün nəticəsi iki şey ola bilər: xəstəlik və dəlilik. Nəticəsi belə olan bir işlə məşğul olmağına dəyərmi?
Mən bilirəm ki, belə sözlərlə sən içkidən əl çəkməyəcəksən, ancaq heç olmazsa, çalış, səhər acqarına şərab içməyi özünə adət etmə, təsadüfən səhərlər içməli olsan, hərdənbir iç. Ağıllı adamlar səhər içməyi pisləmişlər. Səhər içməyin birinci ziyanı odur ki, sübh namazını bada verərsən, ikincisi, dünənki gecə xumarlığı başından çıxmamış, bugünkü səhər buxarlığı ona əlavə olunar, bunun nəticəsi isə melanxoliyadan başqa birşey olmaz, iki müfsidin fəsadı bir müfsidin fəsadından çox olar.
Bundan əlavə, başqaları yatarkən sən ayıq qalarsan, onlar ayıq olduqda sən yatmağa məcbur olarsan. Gündüz yatmayıb gecəni oyaq qalanda sabahısı bir tərəfdən şərabın təsiri, digər tərəfdən yuxusuzluğun nəticəsində bədənin üzvləri yorğunluqdan ağrımağa başlar. Səhər içkisindən sonra adətən dava-dalaş olar, bunun da axırı ya peşmançılıqdır, ya yersiz pulməsrəfi. Yalnız əsaslı səbəb olduqda tək-tək hallarda səhər içmək olar, lakin içməsən, daha yaxşıdır, çünki pis adətdir.
Əgər şəraba həris olsan, cümə axşamı ona görə içmə ki, cümə günü camaatın görüşünə getməli və cümə namazı qılmalı olacaqsan. Bir cümə axşamı şərab içməməklə sən bir həftə camaatın könlünü ələ alarsan, xalqın məzəmmətindən uzaq olarsan və sənin xərcin xeyli azalar, çünki hər ildə əlli cümə var, deməli, əlli günlük xərcin cibində qalar, bədənin, nəfsin, əqlin, ruhun da dincəlmiş olar, bir həftədə beyin və damarlarına dolmuş içki buxarı həmin bir gecə içərisində yayılıb yox olar. Bir gecə dincəlməyin həm səhhətinə və halına, həm cibinə və malına fayda verər. Deməli, beş xüsusiyyətin əmələ gəlməsinə səbəb olan bir adətə vərdiş etmək lazımdır.