Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-qanun, nizam-intizam olmaz, onlar bir şeyin vaxtı olub-olmadığına fikir verməzlər. Ağıllı və böyük adamlarda isə hər işin öz vaxtı olar, gecə-gündüzün iyirmi dörd saatını öz işləri arasında bölərlər. İşlərbir-birinə qarışmasın deyə, onların hərəsinə müəyyən vaxt və hədd-hüdud qoyarlar. Onların xidmətçiləri də bilər ki, nə vaxt, nə ilə məşğul olmaq lazımdır ki, işlər öz qaydasında getsin. Hər şeydən əvvəl yemək haqqında.
Bil ki, bazar adamlarının adəti gecə çox yeməkdir və onun böyük ziyanı vardır, həmişə mədəni qıcqırdır. Hərbi adamların peşəsi elədir ki, onlar vaxta baxmazlar, harada və nə vaxt tapsalar, orada da yeyərlər, bu isə heyvan adətidir, çünki harada ələf tapsalar, orada da yeyərlər.
Böyük və əsil-nəsəbli adamlar isə gecə-gündüzdə bir dəfə yeyərlər. Bu, özünü saxlamaq (pəhriz) qaydasıdır, lakin bu, adamı zəiflədib qüvvətdən salar. Deməli, böyük və hörmətli adam elə etməlidir ki, səhər tezdən xəlvətdə bir şey yeyib sonra dışarı çıxsın və günorta namazına qədər öz işləri ilə məşğul olsun. Yemək vaxtı çatdıqda kim səninlə bir yerdə çörək yeyəcəksə, onları çağırtdır.
Yeyərkən tələsmə, təmkinlə ye və süfrə başında, şəriətdə deyildiyi kimi, adamlara hədis danış, lakin başını aşağı sal, camaatın tikəsinə baxma.
Hekayət. Eşitmişəm, deyirlər ki, bir dəfə Sahib Əbbad öz nədimləri və yaxın adamları ilə birlikdə çörək yeyirmiş. Oradakılardan biri kasadan bir tikə götürür. Onda tük var imiş. Sahib görüb deyir: “Tükü tikəndən götür”. O adam tikəsini yerə qoyub, durub gedir. Sahib əmr edir, onu geri qaytarırlar.
Sahib soruşur: “Filankəs, nə üçün çörəyi yeməmiş süfrədən qalxdın?”
O adam deyir: “Tükü tikəmdə seçən bir adamın çörəyini yeməyi özümə layiq bilmədim”. Sahib o sözdən bərk utanır.
Lakin həmişə özünə fikir ver, bir az gözlə, sonra əmr et xörək gətirsinlər. Böyük adamlarda iki adət vardır: bəziləri əvvəlcə özünün, sonra isə başqalarının kasalarının verilməsini əmr edər, bəziləri isə, əksinə, əvvəlcə başqalarının, sonra isə öz kasalarının verilməsini buyurar. Bu kəramət, o isə siyasət üsuludur.
Əmr et, müxtəlif xörəklər hazırlasınlar, həm turşu olsun, həm şirini. Elə et ki, çox yeməyə adət etmişlər də, az yeyənlər də sənin süfrəndən tox qalxsınlar. Əgər sənin qarşında yemək olsa, başqasının qabağında olmasa, öz qarşında olan yeməyi ona göndər. Süfrə başında üzünü turşutma, qaşqabaqlı oturma, xörək hazırlayıb mizi sahmana salanlarla dalaşma, demə ki, “nə üçün filan xörək yaxşıdır, filan yemək isə pis”. Belə sözləri başqa zaman, sonra da demək olar. İndi ki çörək yemək şərtlərini bildin, şərab içmək üsulunu da bil, çünki onu da nizama salmaq üçün xüsusi qayda-qanun vardır.