Ey oğul, bil ki, bizi yaradan, dünyanı abad saxlamaq üçün nəslin artıb törəməsini lazım bildi və heyvani şəhvəti buna səbəb etdi. Deməli, sağlam düşüncəyə görə, övlad (öz səbəbinə) hörmət etməli, öz əsil-zatına ehtiram qoymalıdır, onun əsil-zatı isə ata və anasıdır.
Demə ki: “ata-ananın mənim üzərimdə nə haqqı vardır, onların məqsədi öz şəhvətlərini söndürmək olub, məni yaratmaq olmayıb”. Məqsədləri şəhvəti söndürmək olsa da, onlar sənin yolunda ölümə də getməyə hazır olarlar, bu isə şəhvətdən daha üstündür.
Ana və ataya ən azı ona görə hörmət etmək lazımdır ki, onların hər ikisi səninlə Yaradan arasında vasitədir. Deməli, sən özünə və Yaradanına hörmət etdiyin qədər öz vasitələrinə də hörmət etməlisən. Ağlı başında olan hər bir övlad heç vaxt ata və ana haqqını unutmaz. Allah öz Kitabi-Məcidində belə deyir: “İtaət ediniz Allaha, itaət ediniz peyğəmbərə və öz amirlərinizə”.
Bu ayəni bir neçə cür təfsir etmişlər. Onlardan birində belə oxumuşam ki, “amirlər” ana və atadır, çünki ərəb dilində “əmr” sözünün iki mənası vardır: iş və əmr. Amir ona deyərlər ki, həm ixtiyarı olsun, həm iqtidarı. Ata və anada isə həm iqtidar var, həm ixtiyar. İqtidar — yedirdib bəsləmək, ixtiyar — yaxşı şeylər öyrətməkdir.
Ehtiyatlı ol, ey oğul, ata və ananın qəlbini incitmə, onların ürəyinə toxunma, çünki Yaradan, ana və atanı incidənə ağır cəza verir. Allah-Taala deyir: “Onlara tüfu demə, onları incitmə, onlara xoş sözlər de!”
Əli Əmirəlmömindən (Allah ondan razı olsun) soruşdular ki, ana və atanın haqqı nə qədər olar?
Dedi: “Onun nə qədər olduğunu Allah-Taala Peyğəmbər əleyhissəlamın ana və atasının ölümündə göstərmişdir. Çünki onlar Peyğəmbər əleyhissəlamın peyğəmbərlik dövrünə qədər yaşasaydılar, Peyğəmbər (s.) onları hamıdan şərəfli tutmağı vacib bilərdi, bu da onun dediyi: “Mən Adəm övladının ən şərəflisiyəm və bunda qürurum yoxdur” sözü səhv görünərdi.
Deməli, ana və atanın haqqını dini cəhətdən qəbul etməsən, ağıl və insanlıq nöqteyi-nəzərindən qəbul etməlisən. Ana və ata sənin əsl böyüdənin və tərbiyə verənindir, sən onların haqqını ödəməkdə kahıllıq göstərsən, bu ona dəlalət edər ki, sən heç bir yaxşılığa layiq deyilsən. Çünki aşkar xeyirxahlığın qədrini bilməyən adam dolayı xeyirxahlığın qədrini haradan bilər? Qədir bilməyən adama yaxşılıq etmək nadanlıqdır. Sən də nadanlıq adını qazanmağa çalışma. Öz övladının sənə qarşı necə olmasını arzulayırsansa, sən də öz ata və anana qarşı elə ol! Sən səni doğanla necə rəftar edibsənsə, səndənd oğulan da səninlə elə rəftar edəcəkdir.
Övlad meyvəyə bənzər, ata-ana isə ağaca. Ağaca nə qədər çox xidmət etsən, o qədər onun meyvəsi yaxşı və gözəl olar. Ata-anaya da nə qədər çox hörmət edib onlardan utansan, onların sənin haqqındakı duaları o qədər tez müstəcab olar. Sən həm Allah yanında, həm valideynin yanında üzü ağ olarsan.
Amandır, miras xatirinə ana və atanın ölümünü arzulama. Ata-anan ölməsə də, sənin ruzin yetişəcək, çünki hər kəsin qisməti özünə çatacaq. Artıq ruzi əldə etmək üçün özünü çox da ora-bura vurma; ora-bura soxulmaqla ruzi artmaz. Ona görə deyiblər: “Zəhmət çəkməklə yaşa, özünə əziyyət verməklə yaşama!”
Ruzi haqqında həmişə Allahdan razı qalmaq istəyirsənsə, halı səninkilərdən yaxşı olanlara deyil, pis olanlara bax. Mal-dövlət cəhətdən yoxsul olsan, çalış ağıl və kamalca dövlətli ol, çünki ağıl-kamal zənginliyi ki var mal-dövlətdən daha yaxşıdır. Ağıl ilə dövlət əldə etmək olar, dövlətlə ağıl qazanmaq isə olmaz.
Cahil adamtez yoxsullaşa bilər, lakin ağılı oğru apara bilməz, su və od məhv edə bilməz.
Beləliklə, əgər ağlın varsa, sənət öyrən, çünki biliksiz ağıl paltarsız bədən, simasız adam kimidir. Yaxşı deyiblər: “Bilik ağlın aynasıdır”.