Ey oğul, bil ki, nemət sahibinə minnətdarlıq lazımdır, bu, hamıya vacibdir, özü də onun layiq olduğu qədər deyil, buyurulan qədər, çünki əgər hamı bütün ömrü boyu yalnız şükürlə məşğul olsa, yenə onun layiq olduğunun mində birini yerinə yetirə bilməz. Əgər Allah hər verdiyi nemət müqabilində azacıq da olsa şükür istəsə, bu olduqca çox olar, ona görə də İslam dinində itaət beşdir, bunların ikisi yalnız varlılara, üçü isə hamıya aiddir.
Bunlardan biri (Haqqı) dildə iqrar edib ürəkdə təsdiq etmək, o biri beş dəfə namaz qılmaq, üçüncüsü isə otuz günlük oruc tutmaqdır. Şəhadət Haqdan başqa hər şeyi inkar etməyin dəlilidir, namaz bəndəliyi iqrar etmək üçün sidqlə deyilən söz, oruc isə Allah-Taalaya verilən vədi təsdiq üçündür. Elə ki dedin: mən bəndəyəm, gərək bəndəlik bağını da boynuna bağlayasan, elə ki dedin: O, ağadır, gərə kağanın buyruğuna da qulaq asasan. İstəyirsən ki, qulun sənə itaət etsin, sən də öz ağana itaət etməkdən boyun qaçırma, boyun qaçırsan, öz qulundan itaət gözləmə, çünki sənin öz quluna etdiyin mərhəmət Allahın sənə göstərdiyi mərhəmətdən çox ola bilməz.
İtaət etməyən bəndə olma, çünki itaət etməyən bəndə Allahlıq iddiasına düşər və tez məhv olar.
Layiqdir vurula o qulun başı
Ki, Allahlıq edə hər addımbaşı.
Bil və agah ol ki, namaz və oruc Allaha xasdır, onda ehmallıq etmə, xasda ehmallıq edən xalqa aid olan bütün işlərdən məhrum olar. Onu da bilməlisən ki, bizim şəriət sahibi namazı bütün dinə bərabər hesab etmişdir: kim namazdan əl çəksə, o, bütün dindən əl çəkmiş olar...
Amandır, oğlum, dünyada boş şeylərə könül vermə və demə ki, namazı qılmamaq da olar. Əgər sən namazı din xatirinə qılmaq istəməsən, heç olmasa sağlam düşüncə əsasında qıl.
Bilməlisən ki, namazın bir neçə faydası vardır: birincisi, beş dəfə vacib namaz qılan adamın həmişə bədəni və paltarı təmiz olar, təmizlik isə, hər halda natəmizlikdən yaxşıdır; ikincisi, o, təkəbbür və qeybətdən uzaq olar, çünki namazın əsasını təvazökarlıq təşkil edir, təbiətini təvazökarlığa alışdırsan, bədənin də təvazökarlığa adət edər.
Məlumdur ki, birinə tay olmaq istəyən, mütləq gedib ona qoşular. Xoşbəxt və varlı olmaq istəyənlər varlılara uyğunlaşmalı, bədbəxtlər də özü kimilərlə oturub-durmalıdır. Ağıllı adamların fikrinə görə, İslam dinindən qüvvətli heç bir dövlət, onun əmrindən qüdrətli heç bir qüvvət yoxdur.
Deməli, əgər sən əbədi dövlət və nemət sahibi olmaq istəyirsənsə, dövlət sahibləri ilə yaxınlıq etməyə çalış və həmişə onların əmrlərini yerinə yetir, onların əksinə getmə ki, bədbəxt və günahkar olmayasan.
Amandır, ey oğul, namazı ələ salma, onun rükətlərinin və səcdələrinin natamamlığına istehza etmə. Bu nə dinə yaraşar, nə dünyaya.
Ey oğul, onu da bilməlisən ki, oruc ildə bir dəfə edilən itaətdir, onu yerinə yetirməmək insafsızlıq olar. Ağıllı adamlar belə bir şeyi özlərinə rəva görməzlər, gərək sən də görməyəsən. Orucluq ayı ifratsız keçə bilmir, lakin sən çalış ifrata yol vermə. Gördün ki, beş mötəbər, inanılmış üləma oruc tutub, sən də onlarla birlikdə oruc tut, onlar oruclarını yeyəndə, sən də ye!
Nadanların sözünə uyma, bil və agahol ki, Allah-Taalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc, Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.
Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın. Ey oğul, diqqətli ol ki, hamıya aid olan bu üç itaətdə ehmallıq etməyəsən, çünki bu üç itaəti yerinə yetirməməyə heç bir üzr və bəhanə yoxdur. Lakin yalnız varlılara aid olan iki itaətdə üzrlü səbəb olduqda ehmallıq etmək mümkündür. Bu barədə çox danışmaq olar, lakin zəruri nə vardısa, hamısını dedim.