Bəşəriyyətin gündəmindəki ikinci böyük proyekt, ehtimal ki, xoşbəxtliyə gedən yolu tapmaq olacaqdır. Tarix boyu saysız-hesabsız mütəfəkkir, kahin və adi insan ən ali dəyər olaraq həyatdan çox xoşbəxtliyi yüksəltmişdir. Antik yunan mütəfəkkiri Epikür, tanrılara ibadətin vaxt itkisi olduğunu, ölümdən sonranın olmadığını və xoşbəxtliyin həyatın tək məqsədi olduğunu müdafiə edirdi. Antik dövrdə çox insan epikürçiliyi rədd etsə də, onun fikirləri bu gün etibar qazanmışdır, o biri dünyaya duyulan şübhə, insanları sadəcə ölümsüzlüyü deyil, dünyəvi xoşbəxtlik axtarışına da yönəltmişdir. Sonsuza qədər davam edəcək iztirabla yaşamağı kim istəyər ki?
Epikürə görə xoşbəxtliyin arxasınca düşmək fərdi axtarışdır. Müasir mütəfəkkirlər isə, xoşbəxtliyi kollektiv proyekt kimi qiymətləndirirlər. Hökumət planlaması, iqtisadi resurslar və elmi araşdırmalar olmadan fərdlər xoşbəxtlik axtarışlarında çox yol gedə bilməyəcəklər. Əgər ölkəniz müharibədə parçalanmış, iqtisadiyyatınız böhranda, səhiyyə sisteminiz çökmüşsə, səfalətdə yaşamağınız böyük ölçüdə mümkündür.
18-ci əsrin sonunda ingilis mütəfəkkir Jeremy Bentham, ən ali dəyərin “çoxluğun xoşbəxtliyi” olduğunu ifadə edərək dövlətin, bazarın və elmi ictimaiyyətin varlığının qeyd edilməyə dəyən tək məqsədinin qlobal xoşbəxtliyi artırmaq olmalı olduğunu müdafiə etmişdir.
Siyasətçilər sülhü təmin etməli, sahibkarlar rifahı artırmalı və elm insanları kralların, dövlətin yaxud tanrının şanı üçün deyil, siz və mənim kimilər daha xoşbəxt bir həyat davam etdirə bilsin deyə təbiəti araşdırmalıdır.
19 və 20-ci əsrlər boyu, bir seqment Benthamın fikirlərinə real olmayan bağlılıq göstərdiyi halda, hökumətlər, şirkətlər və laboratoriyalar daha dəqiq və təcili məqsədlərə yönəldilər. Ölkələr müvəffəqiyyətlərini vətəndaşlarının xoşbəxtliyi ilə deyil, torpaqlarının genişliyi, əhalilərinin artımı və ümumi daxili məhsullarının (ÜDM) artımı ilə ölçməyə başladılar.
Almaniya, Fransa və Yaponiya kimi sənayeləşmiş cəmiyyətlər nəhəng təhsil, sağlamlıq və sosial yardım sistemləri qurdular, lakin bu sistemlər fərdi rifahı qorumaqdan çox, millətlərini gücləndirməyi məqsəd qoyurdu.
Millətə sədaqətlə xidmət edəcək qabiliyyətli və itaətkar vətəndaşlar yetişdirmək üçün məktəblər təsis edildi. On səkkiz yaşına çatan gənclər yalnız vətənpərvər olmaq üçün deyil, komandirlərin əmrlərini oxuyub gələcəyin müharibə taktikalarını təşkil edə bilmək üçün də savadlı olmalı idilər.
Topların mənzilini hesablamaq və ya düşmənin şifrələrini qıra bilmək üçün riyaziyyat bilməli, simsiz əlaqə vasitəsi istifadə edə bilməli, tank sürə bilməli və yaralı yoldaşlarına baxa bilmək üçün elektrik, mexanika və tibb sahələrinə də hakim olmalı idilər. Ordudan təxris olunduqdan sonra da katib, müəllim və mühəndis kimi millətlərinə xidmət etmələri, bol-bol vergi ödəyib müasir iqtisadiyyatı qurmaları gözlənilirdi.
Eyni vəziyyət səhiyyə sistemi üçün də etibarlı idi. 19-cu əsrin sonunda Fransa, Almaniya və Yaponiya kimi ölkələr kütlələrə ödənişsiz səhiyyə xidməti təqdim etməyə başladılar. Körpələrin peyvəndlərə, uşaqların balanslı yetişdirilmə planlarına əlçatanlığını təmin edərək gənclərə bədən tərbiyəsi dərsləri keçdilər.
Mikrob saçan bataqlıqları qurudub, ağcaqanadların kökünü qazıdılar və mərkəzi kanalizasiya sistemləri qurdular. Məqsədləri isə insanları xoşbəxt etmək deyil, milləti gücləndirmək idi. Ölkənin güclü-qüvvətli işçi və əsgərlərə ehtiyacı vardı; sağlam qadınlar daha çox işçi və əsgər doğmalı, bürokratlar evlərində mürgüləmək yerinə səhər səkkizdə işə başlamalı idilər.
Sosial yardım sistemləri belə insanların ehtiyaclarından çox, millətlərin mənfəətləri üçün hazırlanmışdı. Otto von Bismark 19-cu əsrin sonunda Almaniyada ictimai təhlükəsizlik və təqaüd planlarını ilk dəfə qurarkən, onun təməl hədəfi vətəndaşların sağlamlığını artırmaq deyil, sədaqətini zəmanət altına almaq idi. Əgər siz on səkkiz yaşınızda ölkəniz üçün döyüşdünüz, qırx yaşınızda vergilərinizi ödədiniz, dövlətinizə güvəndinizsə, beləliklə yetmiş yaşınızda da dövlətiniz sizə baxacaq.
1776-cı ildə ABŞ-ın qurucu liderləri, həyat və azadlıq haqqları ilə yanaşı, xoşbəxtlik arxasınca qaçmaq haqqını da üç təməl ayrılmaz haqqdan biri kimi qəbul etdilər. Bununla belə, Amerikan Müstəqillik Bəyannaməsinin xoşbəxt olmaq haqqını deyil, xoşbəxtlik arxasınca qaçmaq haqqını təmin etdiyini vurğulamaq lazımdır. Tomas Jefferson vətəndaşların xoşbəxtliyindən dövləti məsul tutmamışdı.
Əksinə, onun hədəfi dövlətin gücünü məhdudlaşdırmaq idi. Əsl məqsəd, fərdlərə dövlət nəzarətindən uzaq, avtonom bir seçim sahəsi təmin etmək idi: Mary ilə evlənməkdənsə, Johnla evlənsəm daha xoşbəxt olaram, San Fransisko yerinə Salt Lake City-də yaşaya bilərəm yaxud süd sağmaq yerinə barmen ola bilərəm kimi seçimlərlə xoşbəxtliyin arxasınca istədiyim kimi qaçarkən səhv seçimlər etsəm də dövlət buna qarışmamalıdır.
Lakin ötən illərdə küləyin istiqaməti dəyişdi və Benthamın fikirləri daha çox önə çıxmağa başladı; insanlar bir əsrdən bir az daha uzun müddət əvvəl qurulan bu nəhəng sistemin, millətləri gücləndirmək yerinə vətəndaşların fərdi rifah və xoşbəxtliyinə xidmət etməli olduğuna inanmağa başladılar. Biz dövlətə deyil, dövlət bizə xidmət etmək üçün var. Əsasən dövlətin gücünü məhdudlaşdırmaq üçün hazırlanmış xoşbəxtlik arxasınca qaçmaq haqqı, yavaş-yavaş xoşbəxt olmaq haqqına çevrildi; sanki bəşər övladının xoşbəxtlik deyə bir təbii haqqı varmış və bizi məmnun etməyən hər şeyi varlığımıza yönəlmiş təhlükə və təməl insan haqqı pozuntusu sayaraq, dövlətin bu məsələdə tədbir görməsi gərəkli imiş kimi.
Adambaşına düşən ÜDM 20-ci əsrdə milli müvəffəqiyyətləri qiymətləndirmək üçün istifadə edilən ən əhəmiyyətli meyar qəbul edildi. Bu bucaqdan baxdıqda, hər vətəndaşı ortalama 56 min dollardan çox mal və xidmət istehsal edən Sinqapur, vətəndaşları sadəcə 14 min dollar istehsal edə bilən Kosta-Rikadan daha müvəffəqiyyətli bir ölkədir. Lakin bu günün düşüncə adamları, siyasətçiləri, hətta iqtisadçıları belə ÜDM meyarını ÜDX ilə, yəni ümumdaxili xoşbəxtliklə dəstəkləmək, hətta dəyişdirmək istəyirlər. Nəticədə insanlar istehsal etmək deyil, xoşbəxt olmaq istəyirlər. İstehsal, xoşbəxtliyin maddi təməli olduğu üçün əhəmiyyətlidir. Ancaq istehsal məqsəd deyil, sadəcə bir vasitədir. Ard-arda çıxan anketlər Kosta-Rikalıların həyat məmnuniyyətinin Sinqapurlulardan xeyli yüksək olduğunu üzə çıxarır. Yaxşı, siz çox istehsal edən xoşbəxt olmayan bir Sinqapurlumu, yoxsa az istehsal edən xoşbəxt bir Kosta Rikalımı olmaq istəyərsiniz?
Bu məntiq 21-ci əsrin ikinci təməl hədəfi olaraq bəşər övladını xoşbəxtliyə çatmağa istiqamətləndirir və xoşbəxtlik hədəfi ilk baxışda olduqca sadə bir proyekt kimi görünür. Qıtlıq, epidemiya və müharibələr sona çatdısa, bəşəriyyət daha əvvəl tayı-bərabəri görülməmiş rifah və sülh dövrünə daxil oldusa, gözlənilən həyat müddəti sürətlə yüksəlirsə, insanlar bunlarla xoşbəxt olmalıdırlar, deyilmi?
Xeyr. Epikür həyatın tək həqiqi məqsədi olaraq xoşbəxtliyi təriflərkən, öz yolundan gedənləri xoşbəxtliyə çatmağın çox çətin bir məşğuliyyət olduğu barədə xəbərdar edirdi. Maddi qazancların təmini uzun müddətli deyil, belə ki, pul, şöhrət və keyf arxasında kor-koranə qaçmaq bizi sadəcə daha da aciz edəcək, məsələn Epikür ölçü-biçili yeməyi və içməyi, cinsi impulsları buxovlamağı məsləhət görürdü. Dərin bir dostluq çılğın əyləncələrdən daha çox xoşbəxt edəcək uzun vədədə. Epikür edilməsi və çəkinilməsi lazım olanların əhatəli etik xəritəsini çəkərək, xoşbəxtliyə gedən etibarsız çığırda insanlara yol bələdçisi olmağa çalışmışdır.
Epikürün bir bildiyi var, bu aydındır, xoşbəxt olmaq heç də asan deyil. Ötən illərdə əldə etdiyimiz bənzəri görülməmiş uğurlarımıza baxmayaraq, müasir insanların keçmişdə qalmış atalarından böyük ölçüdə daha xoşbəxt olduğunu demək elə də mümkün deyil. Hətta yüksək rifah, təhlükəsizlik və dincliyə baxmayaraq, inkişaf etmiş dünyadakı intihar nisbətlərinin ənənəvi cəmiyyətlər ilə müqayisədə xeyli yüksək olması da bu fikri dəstəkləyir.
Peru, Quetamala, Filipin və Albaniya kimi yoxsulluq və siyasi sabitsizlikdən əziyyət çəkən, inkişaf etməkdə olan ölkələrdə hər il təxminən 100 min insandan bir adam intihar etməkdədir. İsveçrə, Fransa, Yaponiya və Yeni Zelandiya kimi zəngin və dinc ölkələrdə isə bu nisbət 100 min insanda iyirmi beşdir.
1985-ci ildə bir çox Cənubi Koreyalı yoxsul, təhsilsiz idi və ənənələrə tabe olaraq həyatlarını avtoritar bir diktatorluq altında davam etdirirdilər. Bu gün Cənub Koreya qabaqcıl iqtisadi gücdür, vətəndaşları dünyanın ən təhsilli insanları arasındadır və nisbi olaraq liberal demokratik bir idarəçiliyin altında sabit gedişatdan yararlanırlar. Bununla belə, 1985-ci ildə hər 100 mindən təxminən doqquz Cənubi Koreyalı özünü öldürərkən, bu gün bu nisbət üç qat artaraq 100 mində otuza qədər yüksəldi.
Əlbəttə, hadisəyə fərqli bir pəncərədən baxmağımızı təmin edəcək daha pozitiv və cəsarətləndirici dəyişikliklər də var. Uşaq ölümlərindəki effektiv eniş, şübhəsiz, müasir həyatın stressini bir qədər azaldaraq insanların xoşbəxtliyini artırdı. Atalarımızdan bir az daha xoşbəxt olsaq da, yenə də rifah səviyyəmizdəki ümumi artım gözlədiyimizdən çox aşağıdır. Daş Dövründə ortalama bir insan gündəlik təxminən 4000 kaloriyə ehtiyac duyurdu. Alətlər düzəltmək, yemək, geyinmək, sənət əsəri yaradıb tonqal yandırmaq üçün lazım olan enerji də daxil idi buna. Bu gün ortalama bir amerikalı, qarnını doyurmaqdan əlavə, avtomobili, kompüteri, soyuducu və televizoru daxil, gündə təxminən 228 min kalori istifadə edir. Demək, ortalama bir amerikalı Daş Dövründə ortalama bir ovçu-yığıcının tam altmış qatı qədər enerji istehlak edir. Yaxşı ortalama bir amerikalı altmış qat daha xoşbəxtdirmi? Bu çəhrayı yuxulara bir az şübhəli yanaşmaqda fayda var.
Keçmişin çətinliklərinin mühüm bir hissəsinin öhdəsindən gəlsək də, xoşbəxtliyi yaxalamaq yaşadığımız iztirabı ortadan qaldırmaqdan xeyli çətin ola bilər. Orta əsrlərdə ac bir kəndlini məmnun etmək üçün bir parça çörək kifayət idi. Yaxşı, sıxıntılı, yüksək maaşlı, çəkisi çox bir mühəndisin kefini necə yerinə gətirə bilərsiniz? 20-ci əsrin ikinci yarısı ABŞ-ın qızıl çağı idi. İkinci Dünya Müharibəsindəki qalibiyyətdən dərhal sonra Soyuq Müharibənin ardından gələn qəti zəfər, ABŞ-ı qlobal super gücə çevirdi. 1950-2000-ci illər arasında ABŞ-ın ÜDM-si 2 trilyon dollardan 12 trilyon dollara qalxarkən, adambaşına düşən gəliri ikiqat artdı. Doğum kontrol həbləri seksi həmişəkindən daha çox sərbəstləşdirdi.
Qadınlar, homoseksuallar, afro-amerikalılar və digər azlıqlar tortdan nəhayət bir az daha çox pay almağa başladılar. Ucuz avtomobil, soyuducu, kondisioner, elektrik süpürgəsi, qab-qacaq maşını, paltaryuyan maşın, telefon, televizor və kompüter yağışı gündəlik həyatı az qala tanınmayacaq qədər dəyişdirdi. Lakin 1990-cı illərdə görülən işlər ABŞ-da fərdi rifah səviyyələrinin kobud şəkildə 1950-ci illərlə eyni seyr etdiyini göstərir.
Yaponiyada 1958-1987-ci illər arasında yaşanan və tarixin ən böyük iqtisadi yüksəlişlərindən biri olaraq qəbul edilən dövrdə adam başına düşən gəlir az qala beş qat artdı. Yapon həyat tərzi və ictimai əlaqələrində milyonlarla müsbət və mənfi dəyişikliyə səbəb olan zənginlik axını, xoşbəxtlik səviyyələrinə çaşdırıcı dərəcədə az təsir edə bildi. 1990-cı illərdə Yaponlar, həyatlarından 1950-ci illərdə olduğu qədər məmnun yaxud yenə o qədər də qeyri-məmnun idilər.
Nəzər yetirdikdə bənzərsiz müvəfəqiyyətlərimizə baxmayaraq, xoşbəxtliyimiz sirrli bir şüşə qübbəyə çarpır və daha artıq böyüyə bilmir. Hər kəs üçün pulsuz yemək təmin etsək, bütün xəstəlikləri yaxşılaşdırsaq, dünya sülhünü zəmanət altına alsaq belə, bu şüşə qübbəni keçə bilməyəcəyik. Əsl xoşbəxtliyi yaxalamaq, yaşlılıq və ölümü məğlub etməkdən daha asan olmayacaq.
Xoşbəxtliyin şüşə qübbəsi, onu saxlayan biri psixoloji, digəri bioloji iki sütun sayəsində sapsağlam dayanır. Psixoloji baxımdan xoşbəxtlik obyektiv şərtlərdən çox gözləntilərə əsaslanır. Xoşbəxt və sağlamlıq içində, bir nizamı idarə edərək məmnun ola bilmərik. Əksinə, həqiqət, gözləntilərimizlə uyğunlaşdıqda razı qalarıq. Pis olan isə, şərtlər yaxşılaşdıqca gözləntilərimizin şar kimi şişməsidir. İnsan növünün ötən illərdə yaşadığı şərtlərdəki müəyyənedici yaxşılaşmalar, bir az daha qənaətkar davranış yerinə, daha böyük gözləntilərə çevrildi. Bu məsələdə tədbir görməsək, gələcəkdə əldə etdiklərimiz bizi hər zamankındən daha doyumsuz hala salacaq.
Bioloji olaraq həm gözləntilərimiz, həm də xoşbəxtliyimiz iqtisadi, sosial yaxud siyasi şərtlərlə deyil, biokimyamızla müəyyən olunur. Epikürə görə, həzz aldığımız və iztirab çəkmədiyimiz müddətcə xoşbəxtik. Təbiətin insana hökm edən iki ağası olduğu fikrini Jeremy Bentham da davam etdirir; etdiyimiz, dediyimiz və düşündüyümüz hər şeyi həzz və iztirab müəyyən edir.
Benthamın xələfi John Stuart Mill xoşbəxtliyin iztirabın yoxluğu olduğunu və həzzdən başqa bir şey olmadığını bildirir; həzz və iztirabın kənarında yaxşı və pis yoxdur. Yaxşı və pisi tanrının kəlamı və ya milli mənfəətlər kimi başqa yerlərdə tapmağa çalışan hər kəs sizi və ehtimal ki, özünü də aldatmaqdadır.
Bu və oxşar düşüncələr Epikürün dövründə kafirlik sayıldığı halda, Bentham və Millin dövründə köklü bir çöküş mənasını verirdi. Lakin 21-ci əsrə gəlindiyində artıq elmi bir inanış idi. Həyat elmlərinə (Life Sciences.Yaşayan orqanizmləri araşdıran elm sahələri ilə yanaşı, bioetika kimi mövzularla da maraqlanan disiplinlərarası bir sahədir. Bioloji elmlər mərkəzdə olmaq üzrə, molekulyar biologiya və biooteknologiya kimi başlıqların inkişafıyla xüsusiləşmiş və müxtəlif universitetlərdə ayrı kürsülər qurulmuşdur.) görə, xoşbəxtlik və iztirab fiziki duyğuların fərqli tarazlıqlarından ibarətdir.
Heç vaxt xarici dünyadakı hadisələrə reaksiya vermirik, əksinə sadəcə bədənimizin duyğularına cavab veririk. Kimsə iztirabı işini itirdiyi, boşandığı yaxud da müharibə başladığı üçün çəkmir. İnsanları bədbəxt edə biləcək yeganə şey öz bədənlərindəki naxoş duyğulardır. İşini itirmək, təbii ki, depressiyanı tətikləyə bilər, lakin depressiyanın özü onsuz da naxoş bir fiziki duyğudur. Minlərlə fərqli məsələ hirsləndirə bilər bizi, lakin hirsin özü mücərrəd deyil, hirsi daha da narahatedici və dözülməz edən, bədəndə tərləmə və gərginlik olaraq ortaya çıxmasıdır. Boş yerə hirsdən “yanıb tutuşur” demirik.
Digər tərəfdən elm, mükafat aldıqda, lotereyadan pul qazandıqda, hətta əsl eşqi tapdıqda belə insanların əslində xoşbəxt olmadığını deyir. İnsanları yalnız və yalnız tək bir şey məmnun edə bilər; fiziki həzzlər. 2014-cü ildəki Dünya Kuboku Finalında Argentina qarşısında oynayan alman komandasının orta sahə oyunçusu Mario Götze olduğunuzu düşünün; 113 dəqiqə tək bir qol belə vurulmadan uçub getdi. Qorxu dolu penalti vuruşlarına yalnız yeddi dəqiqə var. Riodakı Marakana Stadionunda 75 min həyəcanlı tərəfdar və bütün dünyada milyonlar ekranların başında oyunu izləyir. Andre Schürrle sizə doğru o möcüzəvi pası atdığı zaman, Argentinanın qapısından bir neçə metr araldasınız. Topu sinənizdə yumşaldırsınız və yavaşca ayaqlarınıza yaxınlaşarkən vurduğunuz top argentinalı qapıçını keçib tora çatır. Qoool! Stadion vulkan kimi partlayır. On minlərlə insan dəlicəsinə qışqırır, komanda yoldaşlarınız sizi qucaqlayıb öpmək üçün yarışır. Berlin və Münhendəki milyonlar ekranların qarşısında gözyaşlarına boğulur.
Özünüzdən keçmisiniz, amma top Argentina qapısına girdiyi üçün və ya dopdolu Bavariya pivəxanalarında davam edən qeydetmələr üzündən deyil.
Əslində içinizdəki duyğu fırtınasına reaksiya verirsiniz. Tükləriniz ürpənir, elektrik dalğalarıyla bədəniniz sarsılır və partlayan milyonlarla enerji topuna çevrilmiş kimi hiss edirsiniz.
Bu tip hisslər yaşamaq üçün Dünya Kuboku Finalını qazandıran qolu vurmaq məcburiyyətində deyilsiniz. Gözlənilməz bir yüksəlişin həyəcanıyla tullandığınızda da oxşar hisslər yaşayarsınız. Beyninizin dərinlikləri futbol yaxud iş arasındakı ayrı-seçkiliyi bilməz, sadəcə duyğuları bilər. Bir tərif aldınızsa, amma müəyyən bir səbəbdən xoş duyğular içində deyilsinizsə, bu sizi təmin etməz. Bunun tam əksi də ola bilər. Əgər qovuldunuz və ya çox mühüm bir oyunu uduzdunuz, amma müəyyən bir səbəbdən çox xoş həzz yaşayırsınızsa, (güman ki, hansısa həb atdığınız üçün) özünüzü yenə də buludların üzərində hiss edə bilərsiniz.
Pis olansa, xoş duyğuların qısa müddətdə sakitləşib naxoş duyğulara təkamül etməsidir. Dünya Kubokunu qazandıran qol belə, həyat boyu səadətin açarı deyil, belə ki o andan sonra hər şey yoxuş aşağı getməyə belə başlaya bilər. Ötən il gözlənilməz bir yüksəliş alsam da, xəbəri aldığım zaman duyduğum gözəl hisslər bir neçə saat ərzində itib gedəcək. O möcüzəvi hissləri yenidən yaşamaq üçün təkrar müvəfəqiyyət qazanmalıyam. Yenidən və yenidən.
Yenidən müvəfəqiyyət qazana bilmədikdə də, özümü sıravi bir piyadaykən hiss edəcəyimdən daha kədərli və hirsli hiss edə bilərəm.
Bütün bunlar əslində təkamülün bir səhvidir. Biyokimyəvi sistemimiz nəsillər boyu xoşbəxtliyimizi deyil, sağ qalma və artım ehtimalımızı artıracaq şəkildə təkamül etdi. Biokimyəvi sistemimiz, sağ qalmağa və törəməyə yardımçı olan davranışları həzz verən duyğularla mükafatlandırır. Bunlar yalnız müvəqqəti hiylələrdir. Aclıq hissindən xilas olmaq və həzzverici orqazmların dadını çıxarmaq, yemək və partnyor tapmağı tələb etdiyi üçün mübarizə apararıq. Lakin həzz verən hisslər və orqazmlar çox uzun çəkmir, o anları təkrarən yaşamaq isəyiriksə, çölə çıxıb daha çox yemək və partnyor axtarmalıyıq.
Yuval Noah Harari
“Homo Deus: sabahın qısa tarixi” kitabından