"Çerçil «Nobel mükafatı»nı nə yazdığı şeirlərə, nə də nəsrinə görə aldı. Ona bu mükafat bir neçə sadə və hikmətli sözünə görə verildi ki, onlara nə poeziya, nə nəsr demək olar. O, bu mükafatı uğurlu başlıq — «gerçəkliyin poeziyası» — seçə bildiyi üçün, dəyərli fikirlərinə görə aldı, hansı ki, həmin fikirlərdə insan dəyanətinin və kobudluğunun əsl mahiyyəti əks olunurdu.
Bizim çoxumuz, yəni o dövrdə yaşayanlar yaxşı bilir ki, Çerçilin «gerçəkliyin poeziyası» tarixin gedişatını dəyişdi. Hər şey onun qələminin qüdrəti yanında miskin göründü. Qısqanclıqla təqdim edilən söz, ustalıq, həvəs və istedadla birlikdə bəzən son dərəcə möhtəşəm çıxış yolu ola bilər.
Söz insanları bir-biri ilə danışmağa təhrik etmək gücünə qadirdir, çünki yazıçının ağzından qaçırdığı söz, sadəcə onun öz fikirlərini ifadə etmir, o söz bütünlükdə Yer kürəsinin fikir və düşüncələrini təzahür edir. Sözlər insanın insanla, yəni yolçunun öz bələdçisi ilə ünsiyyət qurmağına körpü salır, beləcə, hər bir millət sağlam fikirlə köklənir, ağılla ehtiyatını götürür, onun gücü qarşısında hakimlər və alverçilər məğlub olur və millətlər bir-birilə dil tapır.
Belə çıxır ki, biz bu yolla öz iddialarımızın miqyasını ölçə və təbiətin bizə bəxş etdiyi lütfdən qədərincə yararlana bilərik. Ola bilsin insanlığın qulağı adlanan kitabların, hekayələrin, şeirlərin və mühazirələrin köməyi ilə, necə deyərlər, insanı müharibəsiz bir cəmiyyətə yaxınlaşdırmq mümkün oldu.
Bu açıq təbliğatı mexaniki şəkildə qəbul etmək səviyyəsinə enə bilməz. Əslinə qalsa heç mən də belə bir şeyi bacarmıram, amma hekayə yaza bilirəm və həmin hekayələrdə insanları öz hərəkətlərinə görə hesabat verməyə səsləyirəm; amma bunu bacarmayanlar da var və elələri hər zaman olub. Bizim daha çox insanlığa, daha böyük qayğıya, daha saf sevgiyə ehtiyacımız var. Bəzi adamlar bütün ümidlərini siyasi sistemə bağlayır, elə bilir ki, bu sistem istədiyi hər şeyi ona verə bilər; digərləri isə elə güman edir ki, belə bir sistemi yalnız eşq yarada bilər. Şəxsən mənə qalsa, məncə həqiqət haradasa orta səviyyədədir. Biz özümüzü insan kimi aparsaq da, axmaq və qeyri ağıllı hərəkətlərlə yolumuza davam etsək də və bu yolda büdrəsək də olar, əsas odur ki, bəşəriyyət qarşısında özümüzü yaxşı və ləyaqətli aparaq, əks halda planetimizin sürükləndiyi zorakılığın mahiyyətini bütünlüklə dərk edə bilmərik. Çünki insan — yaradılışın baş tacıdır.
Çox möhtəşəm bir qadını xatırlayıram, 500 il əvvəl dünyasını dəyişmiş Yulian Noricskayanı. Öz peyğəmbəranə öngörüşlərinin birində bu qadın fındıq boyda, ovcunun içinə sığışa bilən qeyri-adi şeylə qarşılaşdı. Ona dedilər ki, bu, bizim dünyamızdır. Və o dünyada xeyli qeyri-adi, təəccüblü və dəhşətli şeylər vardı ki, dünya onları yaşamalıydı. Nəhayət, haradansa bir səda gəldi və dedi ki, hər şey yaxşı olacaq, hər şey yoluna düşəcək, özü də lap yüksək səviyyədə. Bu gün biz bütün dini-mənəvi uzaqgörənlikdən kənarda qalmışıq və Yeri, anamızı qiymətli daş kimi kosmosdan asılmış «Gaia Mater» kimi görürük. Onun bitib-tükənməyən nemətlərindən və nəhayətsiz həyat mənbələrindən yararlanıb çaşmağa haqqımız çatmır. Biz bu təmiz və qiymətli daşın övladlarıyıq.
Anamız Yerlə birlikdə həm də Günəş sisteminin bir parçasıyıq, lap bütöv götürsək, ucsuz-bucaqsız kainatın bir parçası. Hətta «Gerçəkliyin poeziyası»nın dili ilə desək biz — ulduzların övladlarıyıq. Amma yaxşı olar ki, Yerə enim. Çerçil, Yuliana Noricskaya, Ben Conson, Şekspir — aman Tanrım, sən bir siyahıya bax! Şöhrət gəlib-gedir və istənilən şöhrət çələngi bir gün solur. Son dərəcə praktik adamlardan biri Yuli Sezar — mən hər zaman bu feldmarşal Yuli Sezarın ağlına qibtə etmişəm, — hə, deyilənlərə görə guya Yuli Sezar başının dazını gizlətmək üçün dəfnə çələngi ilə gəzirmi. Prinsip etibarilə laureatlıq ideyasını xoş qarşılasaq belə, unutmaq olmaz ki, bu dəfnə çələngi sadəcə və sadəcə bizim dazımızı gizlətməyə yetir. Qısası, laureat gərək öz laureatlığına çox da ciddi yanaşmasın…"
"Ədəbiyyat" qəzeti