Silviya Plat

Silviya Plat

Sylvia PlathSilviya Plat müasir Amerika poeziyasının ən böyük simalarından biri hesab edilir. İlk romanı heç bir ay deyildi ki, nəşr olunmuşdu. Bu – “Şüşə qapaq altında” – elə sonuncu romanı oldu. Silviya əsərin nəşrindən bir ay keçməmiş intihar etdi. 

31 yaşı vardı. Yaradıcılıq eşqinin qaynadığı dövr idi. İki uşaq anası olsa da, vaxt tapıb şeirlər yazır və artıq Amerikanın parlayan günəşini tənqidçilər tanımağa başlayırdı.

Lakin o bir andaca bütün bunlara son verdi. Qayğıkeş ana ölümünü dəqiqliklə hazırlamışdı: əvvəlcə uşaqları üçün səhər yeməyi hazırlayır, süd, yağ və s. sonra mətbəxə keçib şəlpəni isladaraq qapının altına dürtür. Yuxu dərmanı qəbul edir, dördgözü açır və başını sobaya soxub yatır…

Zalım atasını çox sevirdi
Silviya Plat 1932-ci ildə Massaçusets ştatında anadan olmuşdu. Atası alman mühaciri idi. Çox sərt adam olsa da, Silviya atasını sevirdi. Atası ölərkən Silviyanın səkkiz yaşı vardı. Atasının sərt davranışları balaca Sliviyanın psixikasında silinməz izlər buraxdı. 1962-ci ildə yazdığı qalmaqallı “Atacan” və başqa şeirlərində bu təsir əks olunmuşdu.

İlk şeir
Silviyanın ilk şeiri dərc olunanda səkkiz yaşı vardı. “Şer” məktəb qəzetində dərc olundu. O dərslərini yaxşı oxuyur, şagirdlər arasında fərqlənirdi. Vaxtının çoxunu yazmaqla keçirən qızcığaz əlliyə yaxın hekayə yazmışdı. Əsərlərini qadın jurnallarına göndərsə də, hər dəfə rədd cavabı alırdı və bu, Silviyanı üzürdü.

Bostonun sevimli itkini
Təbiətən Silviya çox kövrək, depressiv xarakterli idi. İki işdə işləyən anası ailəni çətinliklə dolandırırdı. Silviyanın Smit kollecində oxuması üçün kifayət qədər maddi vəsait yox idi. Bir neçə dəfə isə Silviyaya yazıçı Olviya Hiqqins Prouti kömək etmişdi. Bir zamanlar oxşar tale yaşamış bu qadın gənc qızdakı istedadı görür, onun üzə çıxması üçün səy göstərirdi. 

Silviyanın depressiyaları ağır hal almağa başlayır. 1950-ci il avqustun 24-də o, “Gəzintiyə çıxmışam...” adlı məktub qoyub səhər tezdən yoxa çıxır. Bütün Boston gənc qızın axtarışına başlayır. İki gün sonra onu evlərinin zirzəmisində huşsuz vəziyyətdə tapırlar. 

Zirzəminin döşəməsinə yuxu həbləri səpələnmişdi. Bu, Silviyanın ilk intihar cəhdi idi. Anası söyləyirdi ki, qız son vaxtlar yalnız Ziqmund Freydin “Patopsixlogiya” əsərini oxuyurmuş.

İngiltərə yollarında
1954-cü ildə “Dostayevskinin yaradıcılığında ikiləşmə” adlı diplom işini müdafiə edəndən sonra Silviya Kembric Universitetində təhsilini davam etditmək şansı qazanır. O, İngiltərəyə yollanır.
Universitetdə Silviya teatr truppasında çıxış etməklə yanaşı, dövrünün böyük ədəbiyyatçılarının mühazirələrinə qatılır. Eyni zamanda hekayələr, essələr, məqalələr, şeirlər yazır. Onun əsərləri universitet jurnalında dərc edilir.

Sevgili-qatil
Universitetin ədəbi kuluarlarında 1954-cü illərin parlayan şairi Ted Hyuzun adı dolaşırdı. Qızlar bu gənc şairə valeh idi və onun sevgilisi olmağı səadət sanırdı. Silviya Tedin yaradıcılığından savayı, yaraşığına da heyran olur. O, Tedlə bağlı düzənlənmiş bir gecəyə dəvətsiz qatılır. 

Gecədə Hyuzun bir neçə şeirini əzbər söylədikdən sonra onlar rəqs edirlər. Rəqs zamanı Silviya Tedin yanaqlarını dişləyir. Az sonra bu tanışlıq evliliklə bitir. Silviya hələ o zaman Ted haqqında bir şeirində yazırdı: “Bir gün mənim ölümüm də onun əlindən olacaq”.

Mehriban cütlük
1956-cı ilin yayında onlar bal ayı üçün İspaniyaya yollanırlar. İki şair yaradıcılıq işlərində bir-birinə dayaq olur və Silviya bilmədiklərini Teddən öyrənir. Silviya onun əsərlərinin üzünü köçürür, redaksiyalara yollayırdı.
Cütlük Bostona köçdükdə Silviyanın xəstəliyi yenidən baş qaldırır. Bütün günü işləyən şairə yaradıcılığa vaxt ayıra bilmir. Bu isə onu hədsiz dərəcədə üzür. 1958-ci ilin qışında Silviya pisixi müalicə almaq üçün xəstəxanaya yerləşdirilir.

İlk uşaqları doğulanda ailə İngiltərəyə qayıdır. Tedin şöhrəti artmaqdaykən Silviya bütün gününü uşağın beşiyi başında keçirtməli olur. Yazmaq üçün o heç cür vaxt tapa bilmir. Bir yandan da baldızı, Tedin ailəsi ilə olan soyuq münasibətləri onu üzür.

Şorgöz ər
Qadın düşkünü olan Tedin saysız xəyanətlərindən Silviyanın xəbəri olsa da, onun dözməkdən başqa çarəsi yox idi. Silviya Amerikadakı dostları ilə məktublaşır, dərdini minlərcə kilometr uzaqdakı tanışlarına anladırdı. 
İkinci uşağın doğulmasına baxmayaraq, pozulan münasibətləri bərpa etmək üçün ailə istirahətə yollanır. LakinTed ailəsini İrlandiyada atıb kanadalı şair Devid Vevilin arvadı Asya Vevilin yanına qaçır. Bu hadisədən sonra Silviya boşanmaq qərarı verir.

Ağrılı illər
Silviyanın artıq bir neçə şeir kitabı çap olunmuşdu. Bu illər onun üçün çox ağrılı keçirdi. Ailə münasibətlərində bəxtinin gətirməməsi, ərinin xəyanəti onu ruh düşkünlüyünə sürükləmişdi. Gənc şairə tamamilə gücdən düşmüşdü. Yalnız yazmaqla təskinlik tapa bilirdi. O, qəlbindən keçənləri inadla kağıza köçürürdü. 1960-cı illər Silviyanın yaradıcılığının zirvəsi idi. Şairə tezliklə dünya ilə vidalaşacağını sanki bildiyindən ciddi cəhdlə yazırdı. Artıq yarıavtobioqrafik “Şüşə qapaq altında” romanı da nəşrə hazır idi.

Selincerin qadın nüsxəsi
“Şüşə qapaq altında” Viktoriya Lukas imzası ilə çap olundu. Əsər gənc qız Ester Qrinvudun başına gələnlərdən bəhs edir. Kitabda Silviyanın həyatı ilə parallelllər o qədər çoxdur ki, tənqidçilər onu çəkinmədən avtobioqrafik əsər adlandırdılar. Əsəri “Çovdarlıqda uçurumdan qoruyan”ın qadın nüsxəsi hesab edirlər. Əsər milyondan çox nüsxə ilə dərc olunur. 



Ərindən rəsmi ayrılmasa da, Silviya Plat iki uşağı ilə birlikdə Londona, Primrouz-hilldəki evə köçür. Bu evdə əvvəllər ədəbiyyat üzrə Nobel mükafatı lauretı Uilyam Batler Yeyts yaşamışdı. Silviya bunu yaxşı əlamət, bundan sonra həyatının düzələcəyini güman edir. O, yüksək məhsuldarlıqla yazırdı. Yanvar ayı boyu o dayanmadan çalışır və on beş günə iyirmidən çox şeir yazır. Lakin içindəki qəzəb Tedin xəyanətini unutmağa mane olur. Fevralın 11-də isə… o, intihar edir.

Dirilmə
Onun əsərlərinə istər İngiltərədə, istərsə də Amerikada böyük diqqət yaranır. Tənqidçilər Platı yüksək qiymətləndirirlər. Feministlər isə Silviya Platın intiharı ilə barışa bilmir, onun ölümünün səbəbini Ted Hyuzda axtarır, ona qarşı kampaniyalar təşkil edir, şeir gecələrini qışqır-bağırla boykot edirlər.

Bədbəxt ər
Müharibədən sonrakı dövrün 50 şairindən biri kimi ad qazanmış Hyuz bu qara ləkəni ölənə qədər üstündən ata bilmir. Çox çəkmir ki, birgə yaşadığı Asya Vevil də eyni ssenari üzrə intihar edir. Asyanın kiçik qızı Şura da bu zaman qazdan zəhərlənərək ölür. Növbəti faciədən sonra Ted Hyuzun adı şairlikdən başqa, qadın düşməni kimi də tarixə yazılır.

Mirmehdi Ağaoğlu
Top