“Bir dəfə gecə kəşfiyyatda idim. Bizim polkun ərazisində bütöv bir rota döyüş keçdi. Səhərə yaxın onlar getdi, neytral zonada inilti səsləri gəldi. Yaralılar qalmışdı. “Getmə, öldürərlər”- deyə döyüşçülər məni buraxmırdı: “Görürsən, artıq hava işıqlaşır”. Qulaq asmadım, sürünə-sürünə getdim. Yaralını tapdım, kəmərlə əlimə bağlayıb 8 saat sürüdüm. Sağ-salamat gətirib çıxardım. Komandir bildi: Özbaşınalığa görə 5 sutka həbs verdi. Polk komandiri isə başqa söz deyirdi: “Təltifə layiqdir”. 19 yaşımda mənim “Cəsurluğu görə” medalım var idi. 19 yaşımda saçıma dən düşdü. 19 yaşımda hər iki ciyərimdən güllə keçmişdi, iki fəqərəmin arasından başqa bir güllə yarası almışdım. Ayaqlarım iflic oldu… 19 yaşımda… Mənim indi 19 yaşında nəvəm var. Baxıram ona və inana bilmirəm. Uşaqdır… Uşaq...”
“Gecə növbədə idim. Ağır yaralıların palatasına keçdim. Kapitan yaralı halda uzanmışdı… Həkimlər mənə demişdilər ki, vəziyyəti ağırdır, səhərə çıxmaz… Ondan soruşdüm: “Necəsən? Sənə necə kömək edim?”
Heç vaxt yadımdan çıxmaz… O, birdən gülümsədi, üzü nura boyandı: “Xalatının yaxasını aç, sinəni mənə göstər… Arvadımı nə vaxtdı görmürəm...”. Bərk utandım. Ona nəsə mızıldanıb, bayıra qaçdım. Bir saat sonra qayıtdım. Gördüm kapitan ölüb. Üzündə də həmin təbəssüm...”
“Qorxaqlar döyüşməyə heç vaxt özxoşuna getməz, amma qızlar müharibəyə könüllü getmişdilər. Bunlar qeyri-adi cəsur qızlar idi. Statistika var: tibb işçiləri arasında itki sayı atıcı batalyondan sonra ikinci yerdə idi. Piyadalar arsında… Yaralını döyüş meydanından çəkib gətirmək nə deməkdir, mən sizə deyim...
Biz hücuma keçdik, o saat da bizi pulemyotla biçib tökdülər. Bütün batalyon artıq ölü halda yerdə idi. Yaralılar da çox idi. Almanlar atəşi dayandırmırdılar. Gözlənilmədən səngərdən bir qız çıxdı… Sonra o biri… Sonra başqası. Onlar yaralıları sarımağa, daşımağa başladı. Bir neçə anlıq almanlar da donub qaldılar. Axşam saat 10-da qızların hamısı yaralı idi. Hər biri adama azı iki-üç əsgər xilas etmişdi. Onları xəsisliklə mükafatlandırırdılar. Yaralını silahı ilə birgə daşımaq lazım imiş. Tibbi sanitar batalyonda ilk sual bu idi: “Silahı hanı?” Müharibənin əvvəlində silah çatışmırdı. 41-ci ildə mükafatlandırma haqqında 281 saylı əmr çıxmışdı: 15 ağır yaralını silahı ilə birgə döyüş meydanından çıxarmaq şərti ilə “döyüşdə xidmətlərinə görə”, 25 əsgəri xilas etməyə görə “Qırmızı ulduz” ordeni, 40 əsgəri xilas etməyə görə “Qırmızı lent ordeni”, 80 əsgərə görə isə “Lenin ordeni”… Mən sizə yalnız bir əsgəri güllənin altından çıxarmaqdan danışdım.”
“Həyatımda ilk dəfə idi… Bilirsiniz… Qadın xəstəliyi (Menustrasiya-red.)… Qanı görüb həşir saldım: “Məni yaralayıblar...” Kəşfiyyatda orta yaşlı bir feldşer var idi. Soruşdu:
— Harandan?
— Bilmirəm haradan. Ağrımıram… Amma qan gəlir...
O mənə bir ata kimi hər şeyi izah elədi… 15 yaşım var idi onda. Hər axşam kəşfiyyata gedirdim. Yuxularım da belə şeylərdən idi: Avtomat işləmir, bizi mühasirəyə alırlar. Ayılandan dişim-dişimə dəyirdi: Hardayam? Yuxuda, ya burada?”
“Cəbhəyə ateist kimi getmişdim. Yaxşı oxumuş Sovet məktəblisi idim. Orada isə… Orada isə dua etməyə başladım. Döyüşdən qabaq həmişə dua edirdim. Özümdən düzəltdiyim duam idi. Sadə sözləri vardı… Duanın bircə mənası var idi: Evə — ata-anamın yanına sağ salamat qayıdım. Mən həqiqi duaları bilmirdim, İncili oxumamışdım. Heç kim də mənim dua etdiyimi görməzdi, gizlində edirdim. Çünki… Başa düşürsünüz, onda başqa zəmanə idi...”
“Mənim üçün müharibədə ən ağırı kişi tumanı geyinmək idi. Bu dəhşətli idi… İfadə edə bilmirəm… Nəsə belə… Birincisi, çox eybəcər bir şey idi… Sən müharibədəsən, Vətən üçün ölməyə hazırlaşırsan, amma əynində kişi tumanı var. Yəni sən belə gülməli, sarsaq görünürsən… O zaman kişilər uzun tumanlar geyinirdilər. Sətindən tikilmiş gen tumanlar. Yayda da, qışda da. Dörd il… Sovet sərhədini keçdik… İlk polyak kəndindəcə bizi geyindirdilər. Yeni mundirlər və… Və! Və! Qadın tumanları ilə büstqalterlər. Bütün müharibə boyu birinci dəfə… Biz ilk dəfə normal qadın geyimi geyindik… Həm gülürdük, həm də ağlayırdıq… “
“Kişi geyimi geyinmişdik-maskalanmışdıq. Oturmuşuq. 20 yaşlı Leytenant Mişa yaralıdır. Gitarada necə çalmağını, rəqs eləməyini xatırlayır. Birdən soruşdu:
— Sən heç bilirsən necə olur?
— Nə necə olur?
— Nə yox, kim. Qadınlar...
Müharibəyədək belə (“Babu” adında) pirojnalar var idi. Elə bildim onu deyir.
— Yoox...
— Mən də yaşamamışam. Ölüb gedəcəyik, bilməyəcəyik sevgi nə deməkdir… Sevişmək nə deməkdir… Bizi gecə öldürəcəklər…
— Axmaq! –dedim. Onun nə demək istədiyi mənə onda aydın oldu...
Həyat nədir, bilmədən, həyat uğrunda ölürdük...”
“Döyüş gedir, atışmadı… Tankçının yarasını bağlayıram. Məndən soruşur: “Adınız nədir?” Elə bil komplimentdir. Bu dəhşətin içində öz adımı demək, Olya demək mənə elə qəribə gəlirdi ki...“
“Bütün müharibə boyunca ayaqlarımı itirməkdən qorxdum. Mənim gözəl ayaqlarım var idi. Kişilərə nə vardı ki… Ayaqlarını itirsə nə olacaq… Onsuz da qəhrəmandı. Evlənəcək. Amma qadının ayağını kəssələr, əlil olsa taleyi necə olacaq? Qadın taleyi...”
«Mən həqiqəti deməkdən qorxmuram. Mən “Pepeje” idim. Bu bilirsiniz nə deməkdir? “Çöl-bayır arvadı” (poxodno-polevaya jena), müharibə arvadı. Sizə hamısını danışacağam.
O, batalyon komandiri idi. Yaxşı adam olsa da mən onu sevmirdim. Amma bir neçə ay sonra onun qazmasına getdim. Hara gedərdim? Hər yer kişilər idi, çoxunun əlinə keçməkdəncə, biri ilə yaşasam yaxşı olardı. Onların arasında qorxa-qorxa yaşamaqdan bezmişdim. Döyüş vaxtı elə də çətin deyildi, amma döyüşdən sonra istirahət veriləndə… Atəş açılanda, döyüş gedən zaman məni “Bacıcan, bacıcan!”-deyə çağırırdılar. Döyüşdən sonra hamısı göz-gözə dayanırdılar. Gecə qazmadan çıxa bilməzdin...
Sizə bunları o biri qızlar demişdi? Yəqin utanıblar… Bu barədə susublar! Nə deyim, qürurludurlar yəqin! Heç kim bu barədə danışmır… Danışmaq lazım deyil deyirlər. Amma məsələn, mən ümumi qazmada, kişilərlə birgə yaşayırdım. Düzdür, mənə yer ayırmışdılar, amma nə yer ayırması, Allah xatirinə? Qazma özü altıca metr idi. Gecə oyanırdım, əlimi yelləyib yoxlayırdım… Birinə şillə vururdum, o birinin əlini itələyirdim, o birini acılayırdım. Yaralanmışdım, qospitalda da əlimi bax eləcə yelləyirdim.”
“Donbassda məni yaraladılar. Həm də düz budumun dibindən — arxadan… Qamış kimi bir qəlpə düz arxama girdi. Görürəm qan axır, ora bezlər qoyuram. Qaçıram, yaralıları sarıyıram. Utandığımdan kimsəyə demirəm. Kimə deyim ki, məni yaralayıblar? Həm də haradan- düz oradan… Bilirsiz, adam 16 yaşında bunu kiməsə deməyə utandırırdı. Bunu deməkdən utanırdım. Qaçırdım, yaralıları sarıyırdım. O vaxtadək ki, qanaxmadan huşumu itirdim. Yadımda qalan odur ki, çəkmələrim az qala qanla dolmuşdu...”
“Biz çox çalışırdıq. İstəmirdik desinlər: “Qadındırlar dəəə”. Biz çalışırdıq kişilərə sübut edək ki, onlardan əskik deyilik. Amma bizə uzun müddət belə münasibət var idi: “Bu vuruşan arvadlara baxın...”
“Başımızı yumaq üçün bir qab su tapanda xoşbəxt olurduq. Çox gedirdiksə, yumşaq ot axtarırdıq. Otları qırıb, ayaqlarımızı təmizləyirdik… Ayaqlarımız yam-yaşıl olurdu. Axı biz qadın idik, özəlliklərimiz var idi… Ordu bu barədə düşünməmişdi… Əgər “starşina” orta yaşlı adam idisə, bizi başa düşürdü, “veşmeşok”dan artıq parçaları çıxarıb tullamırdı, cavan idisə, mütləq alıb tullayırdı. Bunun harası artıq idi? Bizə ən azı gündə iki dəfə bez dəyişmək lazım idi. Biz heç nə tapmayanda alt köynəklərimizin qollarını kəsib istifadə edirdik. Köynək də iki dənə idi. Cəmi dörd köynək qolu...”
“Gedirik… İki yüz qız qabaqda, iki yüz kişi arxada. İstidir. Yaydır… gedirik və bizdən sonra qumun üstündə qırmızı izlər qalır… Bizim məlum qadın xəstəliyimiz… Necə edə idik? Gizlədə bilməzdik ki. Əsgərlər arxamızca gəlir və özlərini elə aparırdılar ki, guya heç nə görmürlər. Ayaqlarının altına da baxmırlar. Şalvarlar quruyub qaxac kimi olurdu. Daim ondan qan iyi gəlirdi — yaralandıq, yaralanmadıq, fərq etməz. Axı bizə əlavə heç nə vermirdilər. Bu şeyləri nəzərə almamışdılar. Yadımdadır, gözləyirdik, əsgərlər köynəklərini asan kimi bir neçəsini oğurlayırdıq. Sonralar başa düşmüşdülər. Gülə-gülə starşinaya deyirdilər: “Starşina, bizə paltar ver, qızlar yenə köynəklərimizi götürüb”.
Necə edəydik, bint, pambıq heç yaralılara çatmırdı. Qadın alt paltarı yalnız iki ildən sonra gəldi. Ona kimi kişi mayka-tumanında olurduq. Nə isə… O isti yay günündə gedirdik. Ayağımızda çəkmələr. Əynimiz çirkli, qanlı… Keçidə çatanda bombalamağa başladılar. Kişilərin hərəsi bir yerə qaçdı. Bizi də çağırırlar. Bizimsə bombardmandan daha ciddi işimiz var-çayın üstünə qaçırıq. Su! Su! Yuyunub təmizlənməyincə ordan çəkilmədik. Qəlpələrin altında yuyunurduq. Nə qədər qız suda həlak oldu. Bizim üçün utanmaq ölümdən daha dəhşətli idi...”
“Bizim tibb bacısı əsir düşmüşdü. Bir gün sonra o əsir götürülən kəndi aldıq. Hər yerdə ölü atlar, motosikllər var idi. Onu da gördük: gözləri çıxarılmışdı, döşləri kəsilmişdi. Onu payaya keçirmişdilər… Şaxta vurmuşdu, o da ağappaq idi… Saçları ağarmışdı… Cəmi 19 yaşı var idi. Onun bel çantasından evdən aldığı məktub, bir də yaşıl rəngdə rezin quş tapdıq. Uşaq oyuncağı...”
“Ərim baş maşinist idi, mən maşinist. Dörd il oğlumuzla bir yerdə yük vaqonunda gedib-gəldik. Uşaq müharibədən başqa heç nə görməmişdi. Kiyev ətrafında bir pişik tapdı. Bizi bombalayan vaxtı o, pişiyi sığallayırdı. Axı necə olsa, uşaq elə uşaqdır. Yatanda mənə dedi: “Anacan, bizim pişiyimiz oldu. İndi əsl evimiz var, elə deyil?”
“İvanovsk vilayətinə, Kineşmoya gəldik, onun valideynləri ilə tanış olmağa. Mən özümü qəhrəman bilirdim, ağlıma da gəlmirdi ki, cəbhədən gələni belə qarşılayarlar. Axı biz o qədər şey keçmişdik, anaların uşaqlarını, arvadların ərlərini xilas etmişdik. Amma orada… Mən təhqir eşitdim, bu məni çox incitdi. Buna qədər, “bacıcan”dan artıq bir söz eşitməmişdim. Axşam onun valideynləri ilə çay içdik. Gördüm anası onu mətbəxə çağırdı. Oradan anasının səsini eşitdim. Ağlayıb deyirdi: “Sən kiminlə evlənmisən? Bütün cəbhəni gəzən qadınla? Sənin iki bacın var. Düşünmürsən ki, onları kim alacaq?”
İndi də yadıma düşəndə ağlamağım tutur. Təsəvvür edirsiz? Mən bir plastinka gətirmişdim. Cəbhədə döyüşən qızlar haqda mahnı idi: “Sənin də dəbli çəkmədə gəzmək haqqın var...” Qalxdım ayağa, onu gətirib oxutdum. Onun böyük bacısı qalxdı, plastinkanı mənim gözümün qabağında qırdı. Yəni, sizin heç nəyə haqqınız yoxdur. Onlar mənim bütün cəbhə şəkillərimi məhv etdilər. Müharibədən sonra başqa bir müharibə yaşadıq. Bu müharibə də ağrılı idi. Bu müharibədə kişilər bizi atmışdılar. Qorumurdular. Amma cəbhədə belə deyildi...”
“Mən Berlinə kimi ordunun tərkibində getdim. İki ordenlə evimizə qayıtdım. Üç gün keçdi, dördüncü gün anam dedi: “Qızım, mən sənə balaca bir düyünçə hazırlamışam. Get… Get… Evdə iki bacın böyüyür. Onlarla kim evlənəcək? Hamı bilir ki, sən 4 il cəbhədə kişilərin içində olmusan...” Xahiş edirəm, yaralarıma toxunmayın. Siz də o birilər kimi, mənim orden medallarımdan yazın...”
“Rəfiqəm, adını deməyəcəm, birdən xətrinə dəyər, feldşer idi. Üç dəfə yaralanmışdı. Müharibə bitəndən sonra Tibb Universitetinə daxil oldu. Doğmalarından heç kimi tapmadı, hamısı ölmüşdü. Çox yoxsulluq çəkdi, gecələr blokları silib-süpürürdü ki, ac qalmasın. Heç kimə deyə bilmirdi ki, müharibə əlilidir, təqaüd və güzəştlərə haqqı var. Çünki bütün sənədlərini cırmışdı. Bir dəfə soruşdum ki, niyə sənədlərini cırdın? Ağladı: “O sənədlərlə kim mənimlə evlənərdi?” “Onda yaxşı eləmisən”-dedim. Hönkürdü: “İndi o sənədlər işimə yarayardı. Ağır xəstəyəm mən”. Təsəvvür edirsiniz? (ağlayır)”
“Bizə sonralar hörmətlə yanaşdılar, otuz ildən sonra… Görüşlərə-filana çağırmağa başladılar… İlk vaxtlar sıxılırdıq, heç orden-medallarımızı da taxmırdıq. Kişilər taxırdı, amma biz yox. Kişilər qalib idilər, qəhrəman idilər, adaxlı idilər, onlar müharibə keçmişdilər, amma bizə tamam başqa gözlə baxırdılar… Deyim sizə, bizdən qələbəni çaldılar… Qələbəni bizimlə bölüşmədilər. Bu adamı ağrıdır...”
2015-ci il Nobel mükafatı laureatı Svetlana Aleksieviçin „Müharibənin qadın siması olmur“ kitabından bir hissə