Əfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təqribən eramızdan əvvəl VI əsrdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, Ezop kölə olub. Sonradan ona azadlıq verilib. Ezop Delfiya şəhərinin sakinləri tərəfindən öldürülüb.
Orta əsrlərdə Bizansda Ezopun məzəli bioqrafiyası yazılıb. Uzun illər həmin bioqrafiya Ezop haqqında dəqiq məlumatlar mənbəyi sayılıb. Burada Ezop dəyər-dəyməzinə alınıb-satılan, özü kimi kölələr, habelə nəzarətçiləri və ağaları tərəfindən daim incidilən bir şəxsdir. Lakin bu bioqrafiya Ezop haqqında həqiqətdən nəinki o, hətta yunan mənşəli deyil.
Onun bioqrafiyası hətta yunanlar tərəfindən yazılmayıb. Ezopu qozbel, axsaq, meymun sifətli, əlqərəz, hər baxımdan Apollonun ilahi gözəlliyinin tam əksi kimi təsvir ediblər. O, heykəltəraşlıqda da belə təsvir edilib, o cümlədən bizim günlərə qədər gəlib çıxan maraqlı heykəldə də bu şəkildədir.
Lakin bəzi tədqiqatçılar hesab edirlər ki, Ezopun anadangəlmə eybəcərliyi, onun hiyləgərliyi, müdriklər və kahinlər ilə müəmmalı əlaqələri uydurmadır. XX əsrə yaxınlaşdıqca Ezopun obrazı getdikcə daha aydın şəkil alıb. Əgər o, real şəxsiyyətdirsə, bir vaxtlar Qrim qardaşları kəndbəkənd gəzib nağıllar topladıqları kimi onun da təmsilləri xalqın müdriklik xəzinəsindən toplanıb. Ezopun məcmuə şəklində toplanmış təmsilləri bizim günlərə gəlib çatsa da, müəllifin real şəxsiyyət olmasını və fəlsəfi fikirlərin məhz onun tərəfindən deyildiyini təsdiq etmir.
Ezopun təmsilləri mənsur əsərlərdən ibarət topludur. Burada azı 400 təmsil yer alıb. Əfsanəyə görə, Aristofanın dövründə Afinada uşaqlara Ezopun müdrik təmsilləri öyrədilirmiş. Ezopun təmsillərini ilk dəfə hələ eramızdan əvvəl III əsrdə qədim yunan filosofu Demetri Falerski yeni şəklə salıb. Eramızdan əvvəl II əsrdə qədim yunan filosofu Babri Ezopun təmsillərini oxumağa və tərcümə etməyə başlayıb. Ezopun təmsil yaradıcılığının əsasını məhz onun tərcümələri təşkil edib. Bəzi tarixçilər məhz Babrini topunun həqiqi müəllifi sayırlar.
İllər və əsrlər bir-birini qovur, Ezopun təmsilləri Jan Lafonten, Lev Tolstoy, İvan Krılov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq kimi tanınmış yazıçı və təmsil ustaalrı üçün “ilham” mənbəyinə çevrilir. Belə çıxır onların bizə məlum olan süjetləri sadəcə “Ezopun təmsilləri” deyilən xalq müdrikliyi toplusundan götürülüb. Amma gəlin onları məzəmmət etməyə tələsməyək. Əsas məsələ budur ki, bu təmsillər uşaqlara aydın dildə yazılıb. Ezopun təmsillərini hər dildə oxumaq olar. İlk baxışda təmsillər müxtəlifdir.
Tülkü və üzüm
Ac tülkü tənəkdən üzüm salxımının sallandığını görür. Onu dərmək istəyir, amma bacarmır. “Hələ dəyməyib”- deyə çıxıb gedir. Yəni birisi oynaya bilmir, deyir: yerim dardır.
Kor maral
Bir gözü kor maral dənizin sahilinə gəlib otlamağa başlayır. Görən gözü ilə quruya baxır ki, ovçu görünsə, qaçıb canını qurtara bilsin. Kor gözü isə dənizə tərəf olur, çünki oradan heç bir təhlükə gözləmir. Bu zaman dənizdə üzən gəmidəki insanlar onu görür və oxla vurub öldürürlər. Canını tapşıran zaman maral öz-özünə deyir: «Mən bədbəxt! Qurudan qorxurdum, fəlakəti ondan gözləyirdim. Sığındığım dəniz isə daha təhlükəli oldu!». Çox vaxt təhlükəli bildiyimiz faydalı, nicat saydığımız isə məkrli olur.
Qarı və həkim
Qarının gözləri ağrıyır. O, həkim çağırır. Söz verir ki, haqqını ödəyəcək. Həkim hər dəfə gəlib qarının gözlərinə məlhəm qoyur, amma qarı gözlərini yumanda, onun evindən nə isə çırpışdırır. Qarının evindən daha aparılası bir şey qalmayanda müalicə də başa çatır. Həkim öz haqqını tələb edir, qarı isə onun haqqını ödəməkdən imtina edir. Onda həkim qarını sürüyə-sürüyə hakimin yanına gətirir. Burada qarı dözməyib deyir ki, ancaq gözlərini müalicə edəcəyi təqdirdə haqq ödəyəcəyinə söz verib. Amma müalicədən sonra lap pis görməyə başlayıb. Qarı deyib: “Əvvəllər, evimdəki bütün əşyaları görə bilirdim. İndi isə heç nə görmürəm”. Yaramaz adamlar tamah üzündən özlərini belə ifşa edirlər!
Bülbül və qırğı
Bülbül uca palıd ağacının budağında oturub adəti üzrə cəh-cəh vururmuş. Acından çinədanı quruldayan qırğı bülbülü görən kimi şığıyıb onu caynağına alır. Bülbül sonunun çatdığını başa düşür. Qırğıdan xahiş edir ki, onu buraxsın: axı, o qırğının çinədanını doldurmaq üçün hələ çox kiçikdir. Əgər qırğı çinədanını doldurmaq istəyirsə, qoy daha iri quş ovlasın. Qırğı etiraz edir: “Caynağındakı qəniməti əldən verib, xəyali qənimətin dalınca qaçmaq, səfehlikdir”. Təmsil göstərir ki, daha çox qazanmaq ümidi ilə əlindəkini əldən verənlər ən səfeh adamlardır.
Dəvə
İnsan ilk dəfə dəvəni görəndə, onun nəhəng boyundan qorxaraq qaçıb gizlənir. Müəyyən müddət keçəndən sonra dəvənin mülayim və itaətkar heyvan olduğunu görür. Cəsarətini toplayıb ona yaxınlaşır. Sonra heyvanın səfeh olduğunu görüb elə cəsarətlənir ki, yüyənini oğlan uşağına tapşırır. Təmsilin əxlaqi dəyəri budur: vərdiş qorxuya üstün gəlməyə kömək edir.
Balıqçı
Bir balıqçı çox gözəl tütək çalırmış. Bir gün o, tütək və tor götürüb dənizə gedir, qayanın çıxıntısında dayanıb tütək çalmağa başlayır. Belə hesab edir ki, balıqlar bu şirin musiqi sədalarını eşidib özləri sudan çıxacaq. Lakin nə qədər çalırsa-çalsın, balıqlar gözə dəymir ki dəymir. Onda tütəyi bir kənara qoyub suya tor atır və çoxlu sayda növbənöv balıq tutur. Torun içindəki balıqları sahilə boşaldır. Balıqların çırpınmasına tamaşa edərək deyir: “Yaramaz məxluqlarsız: sizin üçün çalırdım – oynamırdınız, indi daha çalmıram – amma oynayırsınız”. Təmsil yersiz iş görən adamlar üçün nəzərdə tutulub.
Tülkü və göyəm
Hasara dırmaşan tülkü yıxılmamaq üçün göyəm kolundan yapışır. Kolun tikanları onun dərisini deşik-deşik edir və incidir. Tülkü göyəmi qınamağa başlayır: axı o, yardım üçün ondan yapışıb, amma vəziyyəti daha da pisləşib. Göyəm etiraz edərək deyir: “Əzizim, məndən yapışmaqla səhvə yol vermisən. Axı, mən özüm hamıya yapışıram”. Yəni təbiətcə ziyankar adamlardan ancaq səfehlər yardım istəyir.
Yoğunlamış tülkü
Ac tülkü ağac koğuşunda çobanların unutduğu çörək və ət görür. Tülkü koğuşa girib bunları yeyir, lakin gödəni elə böyüyür ki, bayıra çıxa bilmir. Zar-zar zarıldayıb, ah-vay edir. Yaxınlıqdan keçən başqa bir tülkü onun zarıltısını eşidib yaxınlaşır, nə üçün ah-vay etdiyini soruşur. Səbəbini biləndən sonra deyir: “Bura hansı vəziyyətdə girmisənsə, o vəziyyətə düşənə qədər oturmalısan. Əvvəlki halını alandan sonra çıxmaq asandır”. Təmsil göstərir ki, bəzi çətinliklər vaxtı gələndə, öz-özünə həll olunur.
azertag.az