Lev Tolstoy

Lev Tolstoy

Böyük rus yazıçısı və mütəfəkkiri qraf Lev Nikolayeviç Tolstoy 1828-ci il avqustun 28-də Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. O, böyük zadəgan ailəsinin 4-cü uşağı olub. Valideynlərini tez itirdikləri üçün onu bacı və qardaşları ilə birlikdə ailənin uzaq qohumu T.A.Yerqolskaya tərbiyə edib. Buna baxmayaraq, Tolstoy uşaqlıq illərini həmişə ən xoş xatirələrlə xatırlayır: ailə əhvalatları, zadəgan malikanəsində həyatın ilk təəssüratları onun əsərləri üçün zəngin material olur və sonralar “Uşaqlıq” adlanan avtobioqrafik povestdə təsvir olunur. 

L.Tolstoyun 13 yaşı olanda ailəsi Kazana köçür. Gələcək yazıçı 1844-cü ildə Kazan Universitetinin fəlsəfə fakültəsinin Şərq dilləri bölməsinə daxil olur, sonralar hüquq fakültəsinə keçir.

Universitetdə oxumaq L.Tolstoy üçün darıxdırıcı olduğu üçün təhsilini yarımçıq qoyub və dağlılarla döyüşmək üçün 1951-ci ildə qardaşı Nikolayla bilrikdə Qafqaza yola düşür. Təxminən üç il Terek çayının sahilindəki kazak stanitsasında yaşayır, tez-tez Qızlar, Tiflis və Vladiqafqaza gedir, hərbi əməliyyatlarda iştirak edir. 

Qafqaz təəssüratlarının təsiri ilə yazdığı əsərlər Tolstoyun psixoloqluq, rəssamlıq və yazıçılıq istedadını üzə çıxarır. 

Qafqazın valehedici təbiəti və kazak həyatının sadəliyi onu “Kazaklar” avtobioqrafik povestini yazmağa sövq edir. Qafqaz təəssüratları “Basqın” (1853), “Meşənin qırılması” (1855) hekayələrində, habelə çox sonralar yazdığı “Hacı Murad” povestində də əksini tapır. Qafqazda xidmət etdiyi illərdə L.Tolstoy əvvəlcə “Uşaqlıq” povestini yazır və onu “Sovremennik” jurnalına göndərir, amma adını açıqlamır. Povest 1852-ci ildə “L.N.” inisialı ilə çap olunur. Sonralar onun “İlk gənclik” və “Gənclik” povestləri işıq üzü görür. Bu əsərlər “Uşaqlıq” ilə birlikdə avtobioqrafik trilogiya təşkil edir. L.Tolstoyun ədəbi debütü çox uğurlu olur və onu dərhal məşhurlaşdırır. 

L.Tolstoy döyüş əməliyyatları başa çatandan sonra hərbi xidmətdən azad olaraq bir müddət Sankt-Peterburqda yaşayır və ədəbi dairələrdə böyük ad-san qazanır. O, “Sovremennik” dərnəyinin üzvü olur, Nikolay Nekrasov, İvan Turgenev, İvan Qonçarov, Nikolay Çernışevski və digər tanınmış rus yazıçıları ilə dostluq etməyə başlayır.

Kübar və əbədi həyatdan yorulan L.Tolstoy 1860-cı illərin sonunda özünün Yasnaya Polyana malikanəsində yaşamağa başlayır. Orada kəndli uşaqları üçün məktəb açır, 1859-1862-ci illərdə bu məktəbdə çalışır. O, “Yasnaya Polyana” adlı pedaqoji jurnal (1862-ci il) nəşr edir, ciddi proqramlardan və sərt intizam qaydalarından uzaq təhsil və tərbiyə sistemini təbliğ edir. 1862-ci ildə Sofya Andreyevna Bers ilə evlənir və kübar cəmiyyətindən uzaqda — öz malikanəsində patriarxal ailə başçısı kimi yaşamağa başlayır. Təhkimçiliyin ləğv olunması ilə əlaqədar islahatların aparıldığı illərdə Krapivensk qəzasında barışdırıcı münsif kimi mülkədarlarla kəndlilər arasındakı mübahisələri həll edir. 

L.Tolstoy 1863-cü ildə özünün ən böyük əsəri – “Hərb və sülh” epopeyası üzərində işləməyə başlayır. Rus və dünya ədəbiyyatında unikal əsər olan bu roman üzərində iş altı il davam edir. Romanda istər uydurma, istərsə də real (məsələn, Napoleon, I Aleksandr, Kutuzov) 550-dən çox personaj təsvir edilib. Əsərdə müəllifin azadlıq və zərurət, tarixi prosesin hərəkətverici qüvvələri haqqında mülahizələri ilə müşayiət olunan tarixi-fəlsəfi məzmunlu fəsillərlə bədii məzmunlu fəsillər bir-birini əvəzləyir.

Yazıçı ən yaxşı qəhrəmanlarını daxili təlatümləri ilə birlikdə, daim həqiqət axtarışında, özlərini və dünyanı dəyişdirmək əzmində olan insanlar kimi təsvir edib. Knyaz Andrey Bolkonski, qraf Pyer Bezuxov, Nataşa Rostova, knyaz qızı Marya məhz belə qəhrəmanlardır. Roman rus xalqının tarixi müqəddəratının həll olunduğu dövrə — 1812-ci ilin Vətən müharibəsində həsr olunub. “Hərb və sülh” romanı üzərində iş başa çatandan sonra yazıçının həyatının çox çətin dövrü başlayır. Ədəbi tənqid roman üzərinə sərt hücuma keçir, xüsusən də fəlsəfi-tarixi məzmunlu fəsillər pislənir. Bütün bu rəylər müəllifi çox incidir. 

L.Tolstoy 1873-1877-ci illərdə özünün ikinci böyük romanını – “Anna Karenina”nı, daha sonra “Dirilmə” romanını yazır. 

Lev Tolstoy uşaqlar üçün çoxlu nağıl, hekayə, təmsil və povest yazıb. O dövrdə uşaq kitabları, demək olar ki, yox idi. L.Tolstoy uşaqların başa düşdüyü sadə dildə yazdığı hekayələr hələ də öz aktuallığını və əhəmiyyətinin itirməyib.

L.Tolstoy 1870-ci illərin əvvəlində “ Əlifba” və “Yeni əlifba” kitablarını tərtib və nəşr edib. Bu kitablar üçün orijinal hekayələr yazıb, nağıl və təmsilləri qələmə alıb. Ömrünün son illərində L.Tolstoy öz əqidə-etiqadı ilə Yasnaya Polyanadakı kübar həyat arasındakı ziddiyyətdən doğan dərin mənəvi əzab keçirirdi. O, 1910-cu il noyabrın 10-da malikanəsini xəlvətcə tərk edir, yolda sətəlcəm olur və noyabrın 20-də Ural dəmir yolunun Astapovo stansiyasında vəfat edir. O, Yasnaya Polyanada dəfn olunub.


azertag.az
Top