Bu hekayəni 1880-ci ildə böyük qardaşı Kristiyanın öldüyü gecə Moron məhələsindəki evlərində Nilsenlərin ən kiçiyi olan Edvard danışıb deyirlər. Əslində bu mənə o qədər də inandırıcı gəlmir, amma fakt budur ki həmin o bitmək bilməyən, uzun gecədə səhərə qədər çay fincanları dolub-boşalarkən kimsə kiməsə bu hekayəni danışıb və o eşidən adam da sonra bunu Santiyaqoya nağıl edib. Mən özüm bu hekayəni Santiyaqodan eşitmişdim yəni.
İllər sonra hadisə baş verən həmin yerdə, yəni, Turderdə bu hekayəni yenidən eşitdim. Bu ikinci variant əvvəlkindən bir qədər uzun olsa da Santiyaqonun danışdığı ilə çox bənzər idi. İndi mən sizə bu hekayəni olduğu kimi nəql etmək istəyirəm amma təbii ki, yaradıcı təxəyyülümün tələbi ilə bəzi nöqtələri bir qədər qabartmağa, bir-iki detal əlavə etməyə çalışacam.
Onlar Turderdə Nilsenlər olaraq tanınırdılar. Həmin o ərazinin keşişi özündən əvvəlki keşişin bu ailənin evində qara cildli, qotik hərflərlə yazılmış köhnə bir İncil gördüyünü demişdi. İncilin arxa səhifələrində əl yazısı ilə bəzi adlar və tarixlər yazılıbmış. Bu kitab həmin evdəki yeganə kitab imiş və günlərin bir günü itə biləcək hər bir əşya kimi o da itib, yoxa çıxıbmış. Bu gün artıq daş-divarı belə qalmayan o böyük evləri qırmızı kərpicdən tikilibmiş.
Ailə fərdlərindən başqa bu evə bircə nəfər də olsun yad insan ayaq basmazdı. Nilsenlər tənhalıq içində yaşadıqları həyatlarına kiminsə müdaxilə etməyini xoşlamırdılar. Köhnə otaqlarında, xarab çarpayılarda yatırdılar. Evin ən lüks əşyaları qısa uclu bıçaqlar, cümə günləri geydikləri rəngli paltarlar və şəkər qamışı likörü idi. Bu iki zənci mulatın damarlarında bəlkə də heç adını belə eşitmədikləri ya danimarkalı ya da irlandiyalı qanı axırdı. Qəsəbədə hamı bu iki qızılı saçlı qardaşdan qorxur, çəkinirdi. Onların şübhəsiz ki, qatil olduqlarını, indiyə qədər mütləq kimisə öldürdüklərini düşünürdülər. Nilsenlər at sürmək, dəri üzmək, at oğurlamaqla məşğul olur, hərdən də qumar oynayırdılar. Sərxoş olanda və qumar oyanayandakı səxavətliliklərini nəzərə almasaq, olduqca xəsis adamlar idilər. Qohumlarının kimliyini, onların bura hardan gəldiyini heç kim bilmirdi.
Bu qardaşlar bir-birinə çox bağlı idilər. İkisindən birini qəzəbləndirmək eyni vaxtda iki düşmən qazanmaq demək idi. Qardaşlar eşq həyatlarını fahişəxanalarda yaşayır, demək olar fahişəxanalara həbs olub qalmışdılar.
Günlərin bir günü Kristiyan fahişəxanadan Culyan Burqazı birgə yaşamaq üçün alıb evinə gətirdi və təbii ki, qəsəbədə dedi-qodular başladı. Şübhəsiz ki, Kristiyan onu evin qulluqçusu kimi görür, yemək bişirtdirir, paltar yudurdurdu. Amma həm də onu saxta incilərlə, ucuz bər-bəzəklə bürüyüb özüylə bərabər getdiyi ziyafətlərə, şənliklərə də aparırdı. Culyan qarabəniz, iri gözlü qadın idi. İş-gücün, qayğısızlığın qadınları məhv etdiyi bu qəsəbədə o cazibədar sayılacaq, üzünə baxmağa dəyər qadın idi.
Əvvəllər Edvard da onlarla birgə hər yerə gedirdi. Bir müddət sonra iş adıyla harasa getdi və qayıdanda özüylə bərabər bir qadın gətirdi. Onu yoldan tapdığını deyirdi. Amma cəmi iki-üç gündən sonra qadını başından rədd elədi. Və o vaxtdan Edvard qaşqabaqlı gəzməyə, barda təkbaşına içməyə və hamıdan qaçmağa başladı.
Həə, Edvard qardaşının arvadına aşiq olmuşdu. Onun dərdini özündən qabaq anlayan qəsəbə sakinləri isə iki qardaş arasında başlamaqda olan gizli yarışı izləməkdən zövq alırdılar.
Bir gecə tini burulub evə tərəf dönən Edvard Kristiyanın qara atının həyətdəki dirəyə bağlandığını gördü. Qardaşı geyinib-kecinib həyətdə onu gözləyirdi. Culyan isə əlində çay qutusu ora-bura tüyünürdü. Edvardı görən Kristiyan “Faryasda ziyafətə gedirəm” – dedi – “Culyanı aparmıram. Onu arzulayırsansa, istədiyini edə bilərsən”. Səsinin ifadədində yarı əmr edən, yarı da dəvətkar ton vardı. Edvard donub qalmışdı. Nə deyəcəyini bilmirdi. Kristiyan onunla sağollaşıb atın belinə qalxdı və çaparaq uzaqlaşdı.
Həmin gecədən etibarən qadını bölüşməyə başladılar. Bir neçə həftə bu cür davam etdi. Deyəsən, bundan artıq davam edə bilməyəcəkti. İki qardaş aralarında heç vaxt qadının adını çəkmir, heç onu çağıranda da adını demirdilər. Daima mübahisə etməyə mövzu axtarır, didişməyə səbəb tapırdılar. Belə vaxtlarda adətən Kristiyan bağırır, Edvard isə sakitcə dayanırdı. Bütün gün bir-birlərinin hər addımı izləyirdilər. Kişilərin hakim sayıldığı bu mühitdə bir kişi heç öz-özünə belə bir qadının dəyərli olduğunu etiraf edə bilməzdi. Buralarda qadınlar sadəcə arzulanan və sahib olunan əşyalar idi. Amma iki qardaşın ikisi də bu qadına dəli kimi aşiq olmuşdular.
Bir dəfə Edvard meydanda Con İberiylə rastlaşdı və Con sahib olduğu gözəlçə üçün onu təbrik etdi. Bundan qəzəblənən Edvard onu söyüb, təhqir etdi. Heç kəs onun yanında qardaşını ələ sala bilməzdi.
Qadın sədaqətli heyvan kimi ikisinə də qulluq edir amma könlünün kimdə olduğunu da gizlətmirdi. Bu şübhəsiz ki, kiçik qardaş idi.
Bir gün qardaşlar ona həyətə iki stul gətirib sonra da onları tək buraxmağını əmr etdilər. Vacib məsələ haqda söhbət etməli idilər. Söhbətin uzun çəkəcəyini düşünən qadın yatmağa getdi. Lakin tezliklə onu oyadıb nəyi var, nəyi yox, bütün əşyalarını boxçaya yığmasını tapşırdılar. Heç bir izahat vermədən onu arabaya mindirib yola çıxdılar. Uzun və sıxıcı səyahət idi. Yağış yağmış, yolları palçıq basmışdı. Paytaxta çatanda gecə saat on bir idi. Qadını fahişəxananın sahibəsinə satıb aldıqları pulu yarı bölən qatdaşlar geri qayıtdılar.
Evə çatan kimi keçmiş həyatlarına qayıtmağa qərar verdilər. Yenidən xoruz döyüşlərinə, içki məclislərinə və qumara ayaq açdılar. Beləcə düz bir il gəlib keçdi.
İlin sonunda paytaxta iş dalınca gedən böyük qardaş fahişəxananın həyətinə girəndə dirəyə bağlanmış qara atı gördü. Edvardın atı idi. İçəri keçdi. Qardaşı oturub növbə gözləyirdi. Kristiyan ona yaxınlaşıb “belə davam etsə, atları yorğunluqdan öldürəcəyik” – dedi – “qadın yaxınımızda olsa yaxşıdır”.
Sahibəylə sövdələşib Culyanı geri aldılar. Qadın böyük qardaşın atının tərkində idi. Edvard onları görməmək üçün atını çapıb qabaqda gedirdi.
Qardaşlar köhnə həyata bir də başlamışdılar. Tapdıqları çarə uğursuz olmuş, ikisi də hiyləyə əl atmışdılar. Qabilin ruhu ətrafda dolanırdı. Amma Nilsenlərin arasındakı sevgi çox güclü idi. Allah bilir, birlikdə hansı çətinliklərə, təhlükələrə sinə gərmişdilər. Beləcə, bir-birinə olan qəzəblərini itlərə, yadlara və qadına tökürdülər.
Mart ayının sonları idi. Havalar əməlli-başlı isinmişdi. Bazar günü olduğu üçün bar tez bağlanmışdı. Evə qayıdan Edvard Kristiyanın öküz arabasını qoşduğunu gördü. Onu görən Kristiyan “gəl, tez ol, hava sərinləmişkən dəriləri aparıb verək” – dedi.
Şərqə tərəf yola çıxdılar. Tarlaları keçib getdilər. Bir otlaq sahəsinin yanına çatanda Kristiyan sakit səslə “tez ol, işə başlamaq vaxtıdır” – dedi – “qadını öldürmüşəm. İncilərini, muncuqlarını da yanına qoymuşam, bura ataq onu. Daha bizə zərər verə bilməyəcək”.
İki qardaş hönkürüb qucaqlaşdılar. İndi onları bir-birinə bağlayan daha güclü bir bağ vardı – vəhşicəsinə qurban etdikləri bir qadın və onu unutmaq məcburiyyəti.
Tərcümə: Fəridə Uğur