XX əsr alman ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Herman Hesse (1877-1962) məşhur missioner və leksikoqraf, əksər hind dillərində sərbəst danışan, sanskrit dilində yaradılmış mədəniyyət abidələrinin birincilərindən sayılan Herman Hundertin nəvəsidir. Hesse hind mədəniyyəti ilə uşaq yaşlarından tanış olmuş, ona dərin məhəbbət və hörmət ruhunda tərbiyə almışdır. Sonralar bu rəğbət ciddi marağa çevrilmiş, ümumən Şərq fəlsəfi fikrinin, xüsusilə qədim Çin filosoflarının irsini dərin və yaradıcı şəkildə, Qərb mədəniyyətinin nailiyyətləri ilə üzvi əlaqədə öyrənməyə yönəlmişdir.
Yeniyetmə yaşlarından heç bir mənəvi buxovla barışmayan, ailəsində hökm sürən, insanın daxili aləmini çərçivəyə salan sərt etnik qanunlara qarşı üsyan qaldıran döyüşkən təbiətli Hesse öz asilik ovqatını sonralar I və II Dünya müharibələrinə, faşizmə, millitarizmə, nüvə qırğını təhlükəsinə qarşı çevrilmişdir. Haqsızlığa, mənəvi əsarətə qarşı barışmazlığın nəticəsidir ki, Herman Hesse Almaniyada faşizmin hakimiyyətə gəlməsi təhlükəsi ortaya çıxan kimi etiraz əlaməti olaraq doğma vətənini birdəfəlik tərk edərək İsveçrə torpağına pənah gətirmişdir.
Yazıçının zahirən sərgüjəstsiz, gözlənilməz hadisələrin sakit həyatı daxilən son dərəcə mürəkkəb və ziddiyyətli idi. Onun, demək olar ki, bütün əsərlərinin mayası bu mənəvi narahatlıqdan, intellektual gərginlikdən tutulmuşdu. Bütün yaradıcılığı ilə, əslində, başıbəlalı zəmanəmizin bir qlobal sualının hərtərəfli və müfəssəl cavabını axtarmağa yönəlmişdir. XX əsrdə bəşəri faciələrinin kökündə dayanan problemə – insanının insandan, cəmiyyətdən, təbiətdən hətta öz xislətindən ayrı düşməsinə, özgələşməsinə səbəb nədir? Belə yalqızlaşma həm ayrı-ayrı fərdlər, həm də bütün bəşər nəsli üçün necə nəticələnə bilər? Yazıçının bəhs edəcəyimiz əsərlərindəki özgələşmə bəlasının müxtəlif tərəflərinin və həmin prosesin təzahür formalarının təsvirinə həsr olunub. Hessenin qəhrəmanları antihumanist qanunlara baş əymir, biganə insanlar arasında yaşamaq istəmirlər.
“Knulp” povestinin eyni adlı qəhrəmanı bu etirazın, bu asiliyin əyaniləşmiş ifadəsidir. Düzdür, bu əsərdə həyatda heç cür qərar tuta bilməyən yurdsuz-yuvasız insanla cəmiyyət arasındakı gərginlik hələlik son həddinə çatmır, ziddiyyət yazıçının “Yalquzaq” və “Muncuq oyunu” romanlarında olduğu kimi, anytaqonist xarakter daşımır. Lakin buna baxmayaraq, povestin süjet xəttində Knulp didərgin, sərgərdan həyat sürməsinə səbəb heçdə onun xarakterinin genetik keyfiyyətləri deyil, indsanla insan, cəmiyyətlə insan arasındakı ziddiyyətlərdir. Hessenin fikrincə, insan öz ömrünün müəyyən anlarında yamanlıqla, pisliklə üz-üzə gəlir. O, məcbur olur ki, ya haqsızlıqla barışıb cəmiyyət qanunlarına uyğun ömür sürsün, ya ona qarşı mübarizə aparsın, ya da tamamilə kənara çəkilib, köksüz-rişəsiz yosun kimi həyat ümmanında üzülsün. Yalanla, pisliklə ilk dəfə üz-üzə gələn Knulp üçüncü yolu seçir.
“Ağlı başıda olan” adamlardan fərqli olaraq vəzifə, pul, şan-şöhrət, rahatlıq əsiri olmayan, həyatdan heç nə ummayan Knulp quş kimi sərbəstdir. Düzdür, müəllif öz qəhrəmanının həyat mövqeyinə bəraət qazandırmır. Axı bəşəriyyətin nə xoşbəxtliyi, nə də tərəqqisi Knulp kimi qeyri-fəal şəxsiyyətlərə söykənir. Təsadüfi deyil ki, Knulpun rastına çıxan adamların əksəriyyəti xeyirxahdır, yüksək mənəviyyata malikdir. Lakin bu bir həqiqətdir ki, Knulpun həyat tərzi mənəvi təmizliyi qoruyub saxlamağın bir yolu, bir üsuludur. Çətinliklərlə dolu həyatımızda Knulpsuz, yəni romantikasız da keçinmək çətindir. Yaşa dolmuş, bərkə-boşa düşüb “Müdrikləşmiş” adamların Knulpa bəslədikləri şəfqətli münasibətin səbəbini də elə məhz bu daxili təlabatda axtarmaq lazımdır.
“Yalquzaq” (1927) romanının baş qəhrəmanı Harri Heller də Knulp kimi yurdsuz-yuvasızdır. Lakin o, insanlardan tamamilə ayrı düşüb. Onunla cəmiyyət arasında ziddyyət son dərəcə kəskinləşərək antoqonist xarakter almışdır. Bu, yazıçının şəxsi, mənəvi böhranının ictimai böhranla çulğalaşmasından doğur. “Yalquzaq” qısa vaxt ərzində yazıçıya ümumdünya şöhrəti qazandırmış, illər ötdükcə əsərin yeni-yeni məna düyünləri açılmış, əvvəllər oxucuların sezmədiyi, diqqət yetirmədiyi bir sıra məziyyələr aşkarlanmış, aktuallığı, problematikası, ümumbəşəriliyi ilə özünün müasirlik statusunu təsdiq etmişdir.
Hessenin hələ 1927-ci ildə peyğəmbər uzaqgörənliyi ilə görüb-duyduğu, yüksək nəsr dili ilə qabaqcadan xəbər verdiyi bəzi ictimai-siyasi hadisələrlə bağlı narahatlığının həqiqi mahiyyəti geniş oxucu kütləsi üçün çox-çox sonralar açılmışdır. Belə ki, Almaniyada faşist meydan sulayanda əsərin antimilitarist ruhu nəzərə çarpırdısa, 60-cı illərdə Qərb ölkələrini hippi hərəkatı bürüyəndə yazıçının autsayderlik adı ilə şərtləndirdiyi gənclərin antihumanist sosial quruluşa qarşı etirazıön plana çəkilirdi.
Ümumiyyətlə, romanın fəlsəfi-sosial baxımdan son dərəcə tutumluğu onun təhlilini xeyli qəlizləşdirir. “Yalquzaq”da müxtəlif dünyagörüşlərinin həqiqətlərindən söz açılır və yazıçının əsl niyyəti bu həqiqətlərin toqquşması, bir-birinə yaxımlaşması, çulğalaşması prosesində meydana çıxır. Özü də əsərin daha yaxşı mənilsənilməsi üçün oxucudan geniş məlumat, yüksək intellekt tələb olunur. Əks halda romanın strukturunda neçə-neçə ayrılmamış lay qalır. “Yalquzaq”da həmçinin Şərq vəQərb fəlsəfi fikirləri görüşür. Bir-birindən fərqlənən bu iki dünyagörüşün Hessenin təxəyyül-təfəkkür süzgəcindən keçərək vəhdət yaratmasını duymadan əsərin məzmununu tam anlamaq çətinləşir. Yazıçı qayəsinin açılmasında əsərin kompozisiyası da əhəmiyyətli rol oynayır. Hessenin özünün göstərdiyi kimi, roman sonata formasında qurulmuşdur və aşağıdakı hissələrdən ibarətdir: “Naşirin qeydləri”, “Harri Hallerin qeydləri”, “Yalquzaq haqqında traktat”, “Sehrli teatr”. Bu sərt sonata konstruksiyası təsadüfi xarakter daşımır: qəhrəmanın psixologiyasını, get-gedə daha dərin qatlara enən özünütəhsil həvəsini əks etdirir, xaotik fikirlər, düşüncələr axınını haradasa nizamlayır, müəyyən qayda-qanun çərçivəsinə salır.
Harri Hallerin qeydlərinin ilk şərhçisi “ağlı başımda olan” naşirdir. O, oxucunu aləmə özü kimi baxmağa çağırır. Lakin gündəliyin problematikası açıldıqca naşirin dünyanıduyma tərzi də, meşşan mövqeyi də yaddan çıxır, oxucu Harri Hallerlə təkbətək qalır, roman qəhrəmanının dərdinə, təlaşlarına şərik çıxır. Beləliklə də, sonata forması “normal” dünyada Harri Hallerin “çılğınlıq” aləminə tədrici keçidini təmin edir. Hessenin görkəmli tətqiqatçısı S.Averinstev haqlı olaraq bunu “görmə bucağının aramsız hərəkəti” kimi qiymətləndirir. Hessenin bütün digər əsərləri kimi, “Yalquzaq” da struktur baxımından son dərəcə mürəkkəb olmasına baxmayaraq, bütövlükdə monoloq-romandır. Bu əsərdə müəllif öz həyat təcrübəsini, ömrünün konkret bir dövrünün təsəvvürlərini, həyəcanlarını, təlaşlarını, dazili ziddiyyətləərini müxtəlif personajların simasında gerşəkləşdirir.
Əlavə etmək lazımdır ki, əslində, Hermine də, Pablo da, epizodik obraz kimi peyda olan Herman da yazıçı dünyasının müxtəlif tərəflərini, rəngarəng çalarlarını əks etdirir. Müəllif bir tərəfdən başqəhrəmanın arxasında gizlənirsə, səsini onun səsinə qatırsa, digər tərəfdən, prinsipial məsələlərin həllindəöz sözünü deyir, qəhrəmanıyla razılaşmır, ona qarşı çıxır, onunla qızğın mübahisəyə girişir. Özü də bu, müxtəlif dünyagörüşlərinə maik ayrı-ayrı adamlar arasında gedən çarpışma yox, ziddiyyətli düşüncələrin, mənəvi varlığını şübhələrin parçalayıb dağıtdığı bir insanın öz-özü ilə davasıdır, özünün özündən narazılığıdır.
Yazıçı bir-birinə zidd olan dünyagörüşlərinin heç birisini mütləqləşdirmir, hərəsində həqiqətin bir parçasını görür. Romanda dünya çox ədalı və ziddiyyətli şəkildə təsvir edilir, xaos və insan gerçəkliyinin əsas mövcudluq forması kimi meydana çıxır. “Yalquzaq”dakı xaos genetik baxımdan ikiköklüdür, iki qnoseoloji mənbədən süzülüb gəlir: bir tərəfdən o, 20-ci illərdə cəmiyyətdə hökm sürən sosial mənəvi hərc-mərcliklə bağlıdırsa, digər tərəfdən, Şərq fəlsəfi fikrindən gəlmə bir anlayışdır-buddizimdə xaos məhz ziddiyyətlərin qarşılıqlı şəkildə bir-birinə keçməsini, transformasiyasını təmin edən amildir. Alman ədəbiyyatında Hessenin söykəndiyi bədii-estetik ənənələrin ən böyük nümayəndələrindən sayılan Novalisin təbirincə desək, xaos insanın öz ilkinə, özaləminə, keçmişinə qayıtması üçün şərait yaradır, yəni ona öz əhəmiyyətini tamamilə gerçəkləşdirməyə kömək edir. Hesse insanın kosmosla, cəmiyyətlə əlaqələrini göstərmək üçün xaos və böhran konsersiyalarına əsaslanırsa, onun bir fərd kimi təşəkkülünü qələmə alarkən Freydin və Yunqun psixoanalitik metodlarına üstünlük verir.
Hesse tətqiqatçılarının fikrincə, “Yalquzaq” romanının bədii konsepsiyası Yunqun “iç psixologiya”sı ilə səsləşir vəbaş qəhrəmanın təhtəlşüuru çoxpersonajlı dramı xatırladır. Psixoanaliz nəzəriyyəsi və onun insanın daxili aləmini dərketmə metodları yazıçını ona görə maraqlandırırdı ki, elmin həmin sahəsi şüur və təhtəşüurla tipoloji cəhətləri üzə çıxarıb göstərməyə imkan verir. Belə ki, Yunqun fikrincə, şəxsiyyət öz təşəkkülü prosesində kollektiv təhtəşüuru inteqrasiyua edir və bütün bəşər tarixini özündə cəmləşdirir. Bu baxımdan Harri Hellerin saysız-hesabsız şəxsiyyətlərə parçalanması, lakin buna baxmayaraq, öz şəxsiyyətinin bütövlüyünü qoruyub saxlaya bilməsi psixoanalitik dialektikanın yüksək bədii inikasına misaldır. Baş qəhrəmanın daxili aləmi bir tərəfdən konkret tarixi şəraitin əksidir, digər tərəfdən, insan nəslinin milyon illərlə üst-üstə qalanmış ziddiyyətlərinin mübarizə və yoqquşma meydanıdır.
Ayrıca götürülmüş fərdin bütün bəşəriyyətin dünənini də, bu gününü də, hətta sabahını da əks etdirə bilməsi keyfiyyəti Hesse humanizminin əsasıdır; belə ki, kiçik, zəif tərəddüdlər və təlaşlar içərisində boğulub əldən düşən insan fövqəlbəşər əzəmət və dərinlik kəsb edir, bütün dəyərlərin yeganə ölçüsünə çevrilir. “Yalquzaq” kimi tutumlu, mürəkkəb və çoxçalarlı simvolun məzmunu və məhz bu kontekstdə aydınlaşır. “Yalquzaq”lıq bir tərəfdən insanın daxili ziddiyyətlərinin inikasıdır və onun bir fərd kimi təşəkkül tapmasının vacib şərtidir: Hessenin fikrincə, insanın ruhu yalnız iki qütb – xeyirlə şər, gecəylə gündüz, pisliklə yaxşılıq arasında yaranan mənəvi gərginlik sahəsində qərara tapa bilər.
Digər tərəfdən isə cəmiyyətin insana zorla qəbul etdirdiyi, onun hər addımını tənzimləyən steriotiplərdən xilas edən keyfiyyətdir. “Yalquzaq”lıq, eyni zamanda, qəhrəmanın xislətində humanizmin kəsərli olmasını təmin edən döyüşkənlikdir, insanı üzvi şəkildə təbiətlə bağlayan “vəhşilikdir”. Hesse yaradıcılığının alman tətqiqatçıları əsərdə öz yüksək mənəvi və intellektual potensiallarını tamamilə gerçəkləşdirə bilmək timsalı kimi göstərilən ölməzlərin də adında “canavar” sözünün olduğunu yazmışlar. Yohan Volfqanq, Amadey Motsart (volf (wolf) – almanca canavar deməkdir.), deməli, Harrinin pərəstiş etdiyi, bəşər nəslinin ən yüksək keyfiyyətlərini özlərində cəmləşdirən bu dahilərin də daxilində yırtıcı canavar gizlənmişdir. Onların şəxsiyyətlərindəki insani keyfiyyətlər ona görə qüdrətlidir ki, humanizm ona görə yenilməzdir ki, öz insanlıqlarını daxili aləmlərindəki yırtıcı və amansız ölüm-dirim mübarizəsində təsdiq etmişlər. Romanda işıq və kölgə, gecə və gündüz, xeyir və şər bir-biriylə əlaqədardır. Bu keyfiyyətlər qarşılıqlı şəkildə bir-birini sıxışdırıb fəaliyyət dairələrini məhdudlaşdırsalar da, bir-birini məhv etməyə cəhd göstərmir. Onlar ara vermədən, rahatlıq bilmədən bir-birinə çevrilir, bir-birinin xüsusiyyətlərini əxz edir.
Məhz buna görə də romanda “canavarlıq” sabitləşmiş, donuq anlayış deyil; o, bəzən yaxşılıq, bəzən pislik, bəzən insanlıq, bəzən vəhşilik təzahürü və rəmzi kimi çıxış edir. Hesse yaradıcılığına sondərəcə dərin təsir göstərmiş Dostoyevskinin polifonik xarakter daşıyan əsərlərinin qəhrəmanları kimi “Yalquzaq” romanının personajları da zidd dünyagörüş mövqelərində dururlar. Lakin əgər rus yazıçısının hər bir qəhrəmanı dəyanətlə, hətta çılğınlıqla ta əsərin sonuna kimi öz ideyasının müdafiəsindən dönmürsə, Hessenin personajları çox asanlıqla “barışır”, özgə düşüncə tərzinin rəddinə yox, ehtivasına, onun hesabına öz dünyagörüşü dairəsini genişləndirməyə çalışırlar. Əgər dahi rus yazıçısı ziddiyyətlərin toqquşması və mübarizə anı maraqlandırırsa, Hesse bütün diqqətini bu ziddiyyətlərin bir-birinə keçməsi məqamına yönəldirdi.
Konkret dövrün sosial-siyasi problematikası ilə sıx bağlılıq Hesseyə misilsiz uzaqgörənlik və həssaslıqla cəmiyyət həyatında güclə seçilən meyillərin nəticələrini üzə çıxarıb göstərmək imkanı verir: romanda hər bir konkret hadisə, əşya, meyil rəmzi məna kəsb edir, öz stereotip çərçivələrindən çıxıb ümimbəşəri simvola çevrilir. Hər bir detal oxucu qarşısında, sanki iki qiyafədə çıxış edir: bir tərəfdən o, çox konkret və realdır, müəyyən tarixi dövrün məhsuludur, digər tərəfdən son dərəcə tutumludur, vüsətlidir, geniş ictimai mündəricəsi olan hadisələrin aydın nişanəsidir, izidir. Romanın həm ideyasında, həm də poetikasında iki elementin – “Yalquzaq haqqında traktat”ın və “Sehrli teatr”ın rolu müstəsnadır. Əgər traktat bir tərəfdən əsərin bütün problematikasını müəyyən etməyə, digər tərəfdən, Harriyə keçirdiyi dəruni böhranın səbəblərini üzə çıxarmağa yönəlmişdirsə, sehrli teatr bu problemin mümkün həllini verməyə, qəhrəmanın taleyini, zəmanənin gələcək inkişaf perspektivlərini göstərməyə xidmət edir. Bəzi tətqiqatçılar traktatdakı ideyaları müəllifin konseptual mövqeyi ilə eyniləşdirir, onun mətnində bütövlükdə əsərin məzmununun, qayəsinin cəmləşdiyini göstərirlər. Bu fikirlə razılaşmaq mümkün deyil.
Məlum faktların sistemləşdirilməsi və bunun əsasında müəyyən nəticələrə gəlmək prinsipinə əsaslanan traktat olsa-olsa irrasional “yalquzaqlıq” foneminin mahiyyəti şərh edilir. “Sehrli teatr” isə cəmiyyətin insandan tələb etdiyi əxlaq və davranış kodeksinin buxovlarından xilas olmuş təhtəlşüurun bədii gerçəkləşmə formasıdır. “Sehrli teatr” arxetiplərin, kollektiv təhtəlşüurun – bu əzli fitri obraz və motivlərin fəaliyyət meydanıdır: teatra yalnız ağlını itirmək hesabına daxil ola bilmək mümkünlüyünü məhz bu kontekstdə başa düşmək lazımdır. Lakin “Sehrli teatr”da yalnız konkret bir fərdin şüurunda kollektiv təhtəlşüurun əksini axtarmaq düzgün olmazdı. Harrinin simasında və Harri ilə birlikdə, bir növ, bütün alman xalqı, bütün bəşəriyyət öz qandallarını qırıb atır, uzun əsrlər boyu işgəncələrin, məşəqqətlərin, qurbanların hesabına min bir çətinliklə əldə edilmiş əxlaq normalarından, mənəvi dəyərlərdən bir anın içində xilas olur. Beləiklə, bir adamın öz şüurundan məhrum olması bütün bəşəriyyərin “çılğınlaşmasının”, “başını itirməsinin” simvoluna çevrilir. Amma əsərin məzmununun açılmasında Hessenin tövsiyyəsini heç vaxt unutmaq olmaz: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmərəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəsi xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir”.
Qorxmaz Quliyev
Vilayət Haciyev