Tərk edildiyim günlər | Elena Ferrante

Tərk edildiyim günlər | Elena Ferrante

Aprel ayı idi. Nahar etdikdən dərhal sonra yoldaşım məndən ayrılmaq istədiyini dedi. O, bunu deyən zaman biz süfrəni yığışdırırdıq, uşaqlar yenə öz otaqlarında zarafatlaşırdılar, it isə radiatorun yanında mırıldana-mırıldana yatırdı. Mənə fikirlərinin qarışdığını və yorulduğundan, məmnuniyyətsizliyindən, bəlkə də qorxaqlığından dolayı çox çətin günlər keçirdiyini dedi. Bizim 15 illik evlilik münasibətimizdən, uşaqlardan uzun-uzadı danışdı və etiraf etdi ki, bu hərəkətinə görə nə məni, nə də uşaqları qınaya bilməz. Hər zaman olduğu kimi bunları izah edərkən də səsi çox sakit idi, üzünü uşaq kimi büzür, sağ qolunu həddən artıq yellədirdi. Deyirdi ki, sanki onu uzaqlara çəkib aparan nəsə var. “Bütün bunlar mənim içimdə baş verənlərlə bağlıdır” – deyə əlavə edib, məni əlüzyuyanın yanında donub qalmış halda qoydu, qapını arxasıyca örtdü və evdən çıxıb getdi.

Bütün gecəni çarpayımızda tək-tənha fikirləşməklə keçirdim. Son günlərdə olan bütün hadisələri incələsəm də, münasibətimiz üçün böhran yaradacaq heç nə tapmadım. Onu çox yaxşı tanıyırdım. Bilirdim ki, çox sakit insandır. Onun üçün bizim ailə münasibətlərimiz və evimiz hər şeydən daha vacibdir. Hər şeydən danışardıq. Bizim hələ də, bir-birimizi qucaqlamaqdan və öpməkdən xoşumuz gəlirdi. Bəzən məni gözümdən yaş gələnə qədər güldürməyi bacarırdı. Onun belə çıxıb getməsi doğrudan da mənim üçün mümkünsüz görünürdü. Sonra onun uşaqlarla sağ ollaşmadığını və heç bir lazımı əşyasını götürmədiyini xatırlayıb əmin oldum ki, bu ciddi bir davranış deyil. Anladım ki, çətin günlər keçirir. Biz belə hadisələri adətən kitablardan oxuyuruq – bəzən əsərin baş qəhramanı həyatın çətinliklərinə sinə gərə bilmir və olanlara ifrat münasibət göstərir.

Belə vəziyyəti əvvəllər də yaşamışdıq: keçmişdə olanlar yenidən ağlıma gəlib məni yataqda o tərəf-bu tərəfə çevrilməyə məcbur edirdi. Bir neçə il bundan əvvəl – cəmi altı ay idi ki, birlikdə idik – məni öpdü və daha mənimlə görüşmək istəmədiyini bildirdi. Onu çox sevirdim. Bu sözləri ondan eşidəndə sanki damarlarımda qanın dayandığını, bədənimin donduğunu hiss etdim. Mənə soyuq idi. O isə çıxıb getdi. Müqəddəs Elmonun divarlarının kənarında tək-tənha qalıb rəngi solmuş şəhərə baxdım. Ancaq beş gün sonra mənə üzgün, peşman halda zəng etdi və haqsız olduğunu, anidən mənasız hisslərə qapıldığını bildirdi. Onun bu hərəkəti mənim üçün sürpriz olmuşdu və artıq başım hərlənirdi.

O, bu hərəkətini yenə də təkrarladı, beş il, düz beş il sonra…

İtalyan dilindən tərcümə etdi: Abuzər Cəfərov
Top