80-cı illərin sonunda dostlarımla eyni filmlərin təkrar göstərildiyi “Moskva” kinoteatrının foyesində tez-tez görüşərdik. Biz hippi idik və hamımızın ləqəbi var idi. Foyenin də həmçinin, onu “Sevgi bağı” adlandırırdıq. Çünki qışda ora çox isti olurdu və kinoya az adam gəlirdi. Biz orda demək olar ki, hər gün görüşür, mühüm mövzulardan danışırdıq. O vaxtın əsas maraqlı mövzuları qızlar və narkotik yox, mühacirət idi. Bizim üçün böyük qəhrəmanlar sərhədi keçib xaricə qaçmağı bacaranlar idi. Necəsə özümüzü bu adamlarla eyniləşdirirdik və sonda həqiqətən elə bilirdik ki, bizi təqdib edirlər: yaşı çox olanları polis, gənc olanları isə valideynləri.
“Şahzadə” adlandırdığımız dostum bu mühacirət mövzusunun sanki xəstəsi idi. Qaçanlar barədə harda xəbər görsə, kəsib götürür, albomuna yapışdırırdı. Şahzadə qaçanların hamısını tanıyırdı: Şərqi Almaniyadan olan bir ailə vardı, hansı ki, hava şarı ilə Qərbə keçməyi bacarmışdılar.
Estoniyadan olan bir ər-arvad qaz piyi ilə özlərini yağlayıb soyuq qış günündə üzə-üzə gedib Finlandiyaya çıxmışdılar. Düzdü 2 gün şaxtalı havada dənizdə qalmışdılar, amma həyatlarının qalan hissəsini günəşli Finlandiyada keçirəcəkdilər.
Şahzadə həmçinin rəssam Zaxneviçin də hekayətini bilirdi. Rəssam Qara dənizdə səyahət edən zaman gəmidən tullanaraq üzə-üzə Türkiyəyə keçmişdi. O həmçinin heykəltaraş Petrov haqqında da məlumatlı idi. Hansı ki, özünü bronz rənginə boyayaraq heykəlin yerinə qoymuş və Parisdə keçiriləcək sərgiyə göndərmişdi. Petrov bir həftə taxta qutunun içində yol getmişdi. Nəhayət Amsterdam gömrüyündən keçəndə sərhədçilərdən biri qutudan pox iyi gəldiyini hiss edib və onu açıb. Qutunun içindən çıxan heykəltaraş elə Hollandiyadan sığınacaq istəmişdi.
Əsl adı Vitali olan Şahzadə də özü üçün məhz bu cür bir qaçış planı düşünürdü və buna hərtərəfli hazırlaşırdı. Başqa bir dostum Andrey – onu “Pessimist” adlandırırdıq – Vitalinin bütün ideyalarını boş adlandırır və onlara gülürdü: “Biz burda həmişə qul kimi qalacağıq, fərqi yoxdu sən necə ağıllı planlar qurursan, bütün hallarda SSRİ səni geri gətirəcək”- o deyirdi.
Bizim üçün gözlənilməz o oldu ki, elə aramızdan ən birinci Andrey qaça bildi. Roma Papası Polşaya səfər edən zaman, əsgərlər Polşa-Belarusiya sərhədində papanı görməyə gedən dindarların qabağını ala bilməmişdilər. Onlar üçün dərhal xüsusi bir qayda tətbiq etmişdilər. Ziyarətçilər qruplar şəklində, pasporta möhür vurulmadan, konkret siyahı ilə Polşaya keçməli idilər. Bizim arıq Pessimist isə uzun saç və saqqalı ilə əsl fanatik dindara oxşayırdı. O özünü problemsiz şəkildə həmin siyahılardan birinə yazdıra bilmişdi. Sərhədi keçən kimi qrupdan ayrılan Andrey, Roma Papasına heç salam da vermədən, Almaniyaya tərəf üz tutmuşdu. O bütün çətinlikləri aşaraq Fransaya qədər gedib çıxmış, Paris yaxınlığında avtostop edərkən bir rusla tanış olmuşdu. Onun köməyilə Parisdə məskunlaşan Pessimist, daha sonra bir rus kitab mağazasında iş tapmışdı. Artıq 5 ildir ki, Andrey öz rəsmləri ilə dolanır.
Şahzadə isə turistlərin ən çox gəlib keçdiyi Arbat küçəsində oturur və özünün qaçış planlarını reallaşdırmaq üçün xarici xanımlardan birini qarmağa keçirmək istəyirdi. Axtardığı xanım İsveçdən ya da Finnlandiyadan olsa yaxşı olardı. O düşünürdü ki, bu ölkələrdə kişi qıtlığı var. Sonuncu ümidini də itirməmiş, nəhayət o, bir danimarkalı jurnalist qızla tanış ola bildi. Qız onu özüylə Kopenhagenə apardı.
Bir müddət sonra poçtla “Dagens Nyheter” qəzetinin bir nüsxəsini aldım. Birinci səhifədə onun dişsiz fotosu var idi, altında da yazılmışdı: “Bu adamın dişlərini Moskvanın küçələrində sındırıblar”. Şahzadə məktubunda yazırdı ki, Danimarka Parlamenti xüsusi iclas keçirərək onun məsələsini müzakirə edib və ona siyasi sığınacaq verib. Bu yaxınlarda isə o öz şəxsi firmasını yaradıb.
Beləcə hər iki dostum avropalaşıb xeyli dəyişildilər. İndi arada-sırada internet vasitəsilə danışırıq.
“Rus diskotekası” romanından bir parça
Almancadan çevirdi: Elmin H.