Bu il zeytun da bol idi. Hələ keçən il çoxlu məhsul vermiş ağaclar, çiçəkləmə vaxtı havalar dumanlı keçsə də, artıq bərkimişdi.
Kvote Primosoledəki sahəsində kefin istəyən zeytunu olan Lollo Dzirafa zirzəmisindəsi beş köhnə küpün zeytun yağı üçün bəs etməyəcəyini görəndə əvvəlcədən küp düzəldilən Santo Stefano da Kamastrola daha bir gün sifariş vermişdi. Bu hündür, qarınlı təzə küp zirzəmisindəki küplərdən çox iri idi.
Don Lollo həmin küpün üstündə yerli dulusçu ilə çox çənə vurmuşdu. Don Lollo Dzirafa daha kimə ilişmirdi ki? Heç nəyin üstündə, hasardan düşən adicə bir daşın üstündə belə çığır-bağır salır, qatırını yəhərləyib, şikayət eləmək üçün dərhal şəhərə çapırdı. Nəhayət, gerb kağızına, vəkillərə, gah bu, gah da o qonşu ilə çəkişmə üstündə o qədər məhkəmə xərcləri vermişdi ki, az qala tamam var-yoxdan çıxmışdı.
Deyirdilər ki, həftədə üç-dörd dəfə yanına gəlməsindən boğaza yığılmış vəkil yaxasını onun əlindən qurtarmaqdan ötrü don Lolloya dua kitabına oxşayan bir kitabça – qanun külliyyatı bağışlamışdı. Qoy don Lollo qaldırmaq istədiyi işlərə özü axtarıb hüquqi əsas tapsın!
Əvvəllər don Lollo ilə yola getməyən adamlar ona sataşmaq məqsədiylə bir şey olan kimi: «Yəhərləyin qatırımı!” deyə çığırırdılar. İndi isə başqa söz də eşitmək olurdu: „Lüğətinizə müraciət eləyin!”
Don Lollo da cavab verərdi:
– Eybi yoxdur, hamınızın atasına od vuracağam, köpək uşağı! Düz dörd unsiyə başa gəlmiş təzə küpü zirzəmidə yer düzəldənə qədər üzüm çıxılan yerə qoymuşdular. Hələ heç kim belə küp görməmişdi. Ona görə də küpü hava üzü görməyən, qaranlıq, turşu iyi çökmüş, kif atmış köhnə kahada saxlamağa adamın ürəyi əl vermirdi.
İki gün idi ki, zeytun yığımı başlanmışdı. Don Lollo başını itirmişdi, bilmirdi kimə göz qoysun: zeytun yığan günəmuzd fəhlələrlə yeni mövsümdə paxla əkiləcək tarlaya gübrə daşıyan qatırçıların arasında qalmışdı. O, yaman söyüş söyür və tək bircə dənə, bircə dənə zeytun əskik çıxsa, hamının atasına od vuracağı ilə hədələyirdi. Elə bil o, zeytunları hələ dərilməmişdən, ağacın üstündə bir-bir saymışdı. Ya da hünərləri var, peyini bərabər yaymasınlar! Başında ağ enli şlyapa, əynində yaxası açıq köynək, qıpqırmızı qızarmış don Lollo qan-tərin içində ora-bura qaçır, canavar gözlərini ətrafa gəzdirir, təzəcə qırxılmış üzünü, hələ ülgücün altından çıxmağa başlayan saqqalını əsəbi halda qaşıyırdı.
Üçüncü gün, axşam tərəfi, məhsul yığan fəhlələrin üçü nərdivan və taxtaları qoymaq üçün zirzəmiyə girəndə, küpün çatladığını, ikiyə bölündüyünü görüb yerlərində qurudular. Elə bil kimsə küpü ölçüb-biçmiş, sərrast bir zərbə ilə onu iki yerə bölmüşdü.
– Ora baxın! Ora baxın!
– Bu kimin işi ola bilər?
– İlahi! İndi kim cürət edib bunu don Lolloya deyəcək? Təptəzə küp, heyif!
Daha çox qorxuya düşmüş fəhlə dərhal qapını bağlamağı, nərdivanı və taxtaları isə bayırda, divarın yanında qoyub sakitcə çıxıb getməyi təklif etdi. Lakin ikinci fəhlə ona etiraz elədi:
– Dəli olmusunuz, nədir? Don Lollo ilə belə zarafat olar? Elə başa düşər ki, küpü biz sındırmışıq. Yerinizdən tərpənməyin.
O, zirzəmidən çıxdı, əllərini ağzına tutub çığırdı:
– Don Lollo! Ay don Lollooo!
Don Lollo təpənin ətəyində, tarlaya gübrə səpən fəhlələrlə əlləşirdi. O, həmişə olduğu kimi əllərini qəzəblə yellədir, vaxtaşırı iri, ağ şlyapasını ikiəlli bərk-bərk başına basırdı. Axırda onu başına elə keçirdi ki, daha heç cür çıxara bilmədi. Artıq göyün üzündə günəşin son parıltıları sönmüşdü. Axşam qaranlığında həmişə qəzəbli olan bu adamın əl hərəkətləri sezilirdi.
– Don Lollo! Ay don Lollooo!
Nəhayət, don Lollo gəldi, küpün sındığını görəndə az qaldı ağlını itirsin. Əvvəl o, fəhlələrin üstünə cumdu, sonra birinin boğazından yapışıb divara dirədi:
– Müqəddəs Məryəmin qanına and olsun, bu sizə baha oturacaq.
O biri iki nəfər don Lollodan yapışdı, don Lollo qıvrılıb bu küt sifətləri görəndə qəzəbini boğmağa məcbur oldu. Şlyapasını yerə çırpdı, üzünü didib, ayaqlarını yerə döyə-döyə, əzizi ölmüş adamlar kimi hönkürməyə başladı:
– Təptəzə küp idi! Düz dörd unsi pul vermişdim! Bircə dəfə də olsun istifadə eləyə bilmədik!
Kaş biləydik onu kim sındırıb! Öz-özünə sınmayıb ki! Yəqin, bunu kimsə acıqdan, ya da paxıllıqdan eləyib! Lakin nə vaxt, necə? Heç bir iz görünmür. Bəlkə onu elə emalatxanadan çatlaq gətiriblər? Yox! Zəng kimi cingildəyirdi.
Qəzəbinin soyuduğunu görən kəndçilər don Lolloya təskinlik verməyə başladılar. Dedilər ki, küpü təmir etmək olar! Çox da pis sınmayıb. Təkcə bir parçası qopub düşüb. Yaxşı usta olsa, əməlli-başlı təmir edə bilər. Söz gəlişi dedilər ki, Lima Likazi çox qəribə bir yapışqan icad eləyib, sirrini də çox möhkəm gizlədir. Elə yapışqandır ki, bərkiyəndən sonra çəkiclə də sındırmaq olmur. Əgər don Lollo razılıq versə günü sabah Dima dayı gələr, küpü düzəldər, hələ bəlkə, əvvəlkindən də yaxşı olar.
Don Lollo baş tutan iş deyil deyə uzun müddət razılıq vermədi. Amma axırda yumşaldı və səhəri gün dan yeri təzəcə sökülmüşdü ki, Dima Likazi çiynində alət zənbili, Primotoleyə təşrif gətirdi.
O, qoca zeytun ağacının gövdəsinə oxşayan şikəst, əlləri düyün-düyün yaşlı kişi idi. Söz almaq üçün kəlbətin gərək idi. Qaraqabaqlığının səbəbi ya kələ-kötür canında kök salmış xəstəliklər, ya da böyük ixtiraçılıq istedadının heç kim tərəfindən layiqincə qiymətləndirilməməyi idi. Dima dayı istəyirdi ki, onu işinə görə tanısınlar. Bir də gərək ehtiyatla dolansın ki, sirrini ələ keçirməsinlər.
Don Lollo:
– Yapışqanı göstərin görüm, – dedi və qocanı şübhəli-şübhəli başdan-ayağa süzdü.
Dima dayı ötkəm-ötkəm başını buladı:
– Düzəldərəm, onda görərsiniz.
– Yəni yaxşı düzələcək?
Dima dayı zənbilini yerə qoydu: oradan rəngi solmuş böyük, bükülü bir qırmızı dəsmal çıxardı. Hamının diqqətini və marağını cəlb etmək üçün yavaş-yavaş açmağa başladı. Nəhayət, şüşəsi bir neçə yerdən sınmış və qulağa keçirilən yeri iplə sarınmış gözlüyü görəndə rahat nəfəs aldı, ətrafındakılar isə gülüşməyə başladılar. Dima dayı halını pozmadı. Gözlüyünü taxmazdan qabaq əllərini sildi. Sonra həyətə çıxarılmış küpə diqqətlə baxaraq dedi:
– Yaxşı düzələcək.
Don Lollo dedi:
– Ağlım kəsmir, tək yapışqanla əmələ gələn iş deyil, qurşaq da vurmaq lazımdır.
– Onda mən getdim.
– Dima dayı zənbilini çiyninə qaldırdı.
Don Lollo dərhal onun qolundan yapışdı.
– Hara? Sən bir buna bax! Elə bil Böyük Karldır! Qaniçən zibil! Eşşək! Mən ora yağ tökməliyəm, yağ isə sızır! Bir mil uzunluğunda çatlağı var, amma bu təkcə yapışdırmaq istəyir. Qurşaq lazımdır! Yapışqan və qurşaq! Küpün sahibi mənəm!
Dima dayı gözlərini yumdu, dodaqlarını büzüb başını buladı. Bax, həmişə belə olur! Ona əsl məharətini və ustalığını, yapışqanının yaxşılığını göstərməyə imkan vermirlər.
– Əgər bu gün əvvəlki sayaq, zəng kimi cingildəməsə…
– Eşitmək belə istəmirəm! – Don Lollo onun sözünü yarımçıq kəsdi. – Qurşaq! Həm yapışdırmağının, həm də qurşağın haqqını verərəm. Nə qədər verməliyəm?
– Əgər təkcə yapışqan…
– Lənət şeytana, bun ə təhər adamdır?! – Dzirafa özündən çıxdı. – Sizi necə başa salmaq lazımdır? Dedim ki, qurşaq istəyirəm. Yaxşı, iş qurtarandan sonra danışarıq. Sizinlə vaxtımı hədər yerə itirə bilmərəm.
Don Lollo bunu deyib işçilərə baş çəkməyə getdi. Hirsindən partlayan Dima dayı dilxor halda işə başladı. O küpü deşdikcə, hər dəfə məftili keçirmək üçün deşik açdıqca, daha da dilxor olur, hirslənirdi. Burğunu donquldana-donquldana hərləyirdi. Qəzəbindən sifəti göyərmişdi, gözlərindən od yağırdı. Hazırlıq işini görüb qurtarandan sonra o, burğunu qəzəblə zənbilinə atdı. Deşiklər arasındakı məsafənin dəqiqliyini, əyriliyini, düzlüyünü yoxlamaq üçün qopub düşmüş parçanı yerinə qoydu. Sonra qurşaq üçün məftili kəsdi və fəhlələrdən birini köməyə çağırdı.
Kişini qanı qara görən fəhlə:
– Kefini pozma, Dima dayı, – dedi.
Dima dayı hirsli-hirsli əlini yellətdi, yapışqan qabını açdı, yuxarı qaldırıb çalxaladı. Sanki adamların onun yapışqanına qiymət vermədiyini görüb, Allaha qurban verirdi. O, barmağı ilə bütün çatlaq və sınıq yerlərə yapışqan sürtdü. Sonra kəlbətini və əvvəlcədən hazırladığı məftilləri götürüb, sınıq yerdən küpün içinə girdi və kəndliyə dedi ki, qopuq hissəni o özü indicə qoyduğu kimi, yerinə qoysun. Məftili çəkməzdən əvvəl, küpün içindən kəndliyə bağırdı:
– Dart! Var gücünlə dart! Görürsən ki, qopmur! Vay inanmayanların halına! Vur, vur! Cingildəyir ya yox? Hələ mən içərisindəyəm. İndi get, get sahibinə danış!
– Nə etməli, Dima dayı, kim güclüdür o da haqlıdır! – deyə kəndli köksünü ötürdü. – Qurşaq! Qurşaq vur!..
Dima dayı məftilləri deşiklərdən keçirib çəkməyə başladı, birini zədəli yerin bu tərəfindən, digərini o biri tərəfdən. Məftilləri büküb uclarını kəlbətinlə kəsdi. İş düz bir saat çəkdi. Küpün içində yazıq qocadan tər su yerinə axırdı. İşləyə-işləyə o, kor taleyindən şikayətlənir, kəndli isə onun sözünə qüvvət verirdi.
Nəhayət, Dima dayı dedi:
– Hə, indi də kömək elə burdan çıxım.
Lakin aşağıdan gen olan küpün ağzı çox dar idi. Dima dayı əsəbiləşdiyindən buna fikir verməmişdi. İndi nə qədər çalışırdısa küpdən çıxa bilmirdi. Kəndli isə ona kömək etmək əvəzinə, gülməkdən uğunub gedirdi. O dustaq olmuşdu, öz əlilə özünü dustaq etmişdi! İndi oradan çıxmaqdan ötrü özgə əlac yox idi, küpü təzədən sındırmaq lazım idi.
Qəhqəhə səsinə, səs-küyə don Lollo gəldi. Dima dayı küpün içində vəhşi pişik kimi vurnuxurdu.
– Çıxardın məni buradan! – deyə o, bağırırdı. – ilahi, bu nə işdir! Tez olun! Kömək eləyin!
Don Lollo yerində donub qalmışdı. Gözlərinə inana bilmirdi.
– Axı bun ə təhər olub? Özü-özünü dustaq eləyib?
O, küpə yaxınlaşıb bağırdı:
– Kömək edək? Necə kömək edə bilərəm sizə, axmaq qoca! Bu nə işdir, əvvəl ölçüb-biçə bilmirdiniz? Yaxşı, əlini ver görüm. Belə! Başını da. Hə… yox, yavaş! Aşağı… Gözləyin! Belə yox! Aşağı, aşağı. Axı, bu necə olub? Bəs indi neyləyək?.. Sakit! Sakit! – don Lollo işçiləri sakitləşdirməyə çalışırdı, guya ki, bu sözlər onlara aid idi.
– Başım çatlayır! Sakit! Bu nə isə təzə şeydir. Qatırımı!..
O, barmaqları ilə küpü döyəclədi. Küp doğurdan da zəng səsi verirdi.
– Qiyamətdir! Elə bil lap təzədir! Gözləyin! Get qatırımı yəhərlə, – deyə o kəndliyə əmr eləyib, ikiəlli başını qaşıya-qaşıya götür-qoy eləməyə başladı: Görün başıma nə iş açırlar! Bu küp deyil! Şeytan əməlidir! Gözlə! Gözlə görüm!
O, küpdə vəhşi heyvan kimi çırpınan Dima dayıya yaxınlaşıb dedi:
– Bu, görünməmiş işdir, əzizim, vəkilə müraciət etmək lazımdır. Mənim işim deyil. Qatırımı! Bu saat qayıdaram, siz bir qədər dözün! Öz xeyirinizədir. Hələlik bir az sakit! Sakit! Mən də özümü düşünməliyəm. Hər şeydən əvvəl borcumdur. Bax, bugünkü işinizə görə pulunuzu verirəm. Beş lirə! Bəsinizdir?
– Heç nə istəmirəm, – Dima dayı bağırdı. – Çıxmaq istəyirəm!
– Çıxarsınız. Mən hələlik sizin əmək haqqınızı verməliyəm. Al, beş lirə.
O, jiletinin cibindən pul çıxarıb, küpün içinə atdı. Sonra canıyananlıq edirmiş kimi soruşdu: Səhər bir şey yemisiniz? Tez olun, ona yeməyə bir şey gətirin! İstəmirsiniz? Atın itlərə! Mən sizə təklif eləmişəm, – o, Dima dayıya yemək verməyi əmr edib qatırına mindi və dördnala şəhərə çapdı. Don Lollo əllərini elə qəribə yelləyirdi ki, ona baxanlar qət etdilər ki, dəlixanaya girməyə gedir.
Xoşbəxtlikdən çox gözləməli olmadı. Amma əhvalatı eşidəndə gülməkdən uğunub gedən vəkili xeyli gözləməli oldu. Don Lollo əməlli-başlı incidi.
– Bağışlayın burda gülməli nə var? Əlbəttə, sizə nə var! Küp mənimdir axı!
Lakin vəkil sakitləşə bilmirdi. O, əhvalata bir daha təfsilatı ilə qulaq asmaq istədi ki, bir də doyunca gülə bilsin.
– Küpün içində, hə? Özü özünü? Bəs siz don Lollo, nə etmək istəyirsiniz? O… o… onu azad eləmək istəmirsiniz, hə? Ah-ah-ah… Hi-hi-hi… Buraxmaq istəmirsiniz ki, küp zay olar?
– Axı niyə də küp zay olmalıdır? – Don Lollo yumruğunu sıxıb soruşdu. – Bəs mənə dəyən ziyan? Bəs bu rüsvaylıq?
– Heç bilirsiniz buna nə deyirlər? – nəhayət, vəkil özünə gəlib soruşdu. – buna deyirlər, adamı zorla dustaq etmək!
– Dustaq etmək? Axı kimdir onu dustaq edən? O, özü özünü dustaq eləyib. Mənim günahım nədir?
Vəkil aydınlaşdırmağa başladı ki, bu işin iki tərəfi var. Bir tərəfdən o, don Lollo, dərhal öz əsirini azad etməlidir ki, adamı zorla dustaq etmək məsuliyyətindən qurtarsın. O biri tərəfdən, Dima dayı öz sadəlövhlüyü və diqqətsizliyi üzündən don Lolloya vurduğu zərəri ödəməlidir.
– Aha! Don Lollo rahat nəfəs aldı. – O, mənə küpün pulunu ödəməlidir!
– Dayanın! Ödəməlidir, amma təzənin yox!
– Axı niyə?
– Ona görə ki, küp sınmışdı, hə?
– Sınmışdı? Yox, sinyor, o indi təptəzədir. Təzədən də yaxşıdır.
Dima dayı özü bunu təsdiq edər. İndi mən onu sındırsam, daha təmir etdirə bilməyəcəyəm. Küp əldən çıxar, sinyor vəkil!
Vəkil ona söz verdi ki, bu məsələ nəzərə alınacaq və indiki küpün pulunu alacaq.
– Bir də ki, – deyə vəkil axırda məsləhət gördü, – elə edin o özü küpə qiymət qoysun.
– Əlinizi öpürəm!
Don Lollo tələsik çıxıb getdi.
Don Lollo axşam tərəfi, geri qayıdanda küpün dövrəsində xeyli bayram əhval-ruhiyyəli adam gördü. Bu şənlikdə hətta onun iti də iştirak edirdi – tullanıb, düşür, hürürdü. Dima dayı sakitləşmişdi. O, hətta bu qəribə macəraya artıq o qədər də fikir vermirdi ki, bəxti gətirməyən adamlar sayağı qəmgin-qəmgin gülümsünürdü.
Don Lollo adamları qovub, küpün içinə boylandı.
– Hə, necəsən, yaxşısan?
– Əla! Təmiz havadayam. Evdən də yaxşıdır.
– Çox şadam. Amma gör, nə deyirəm, bu küpə mən düz dörd unsi pul vermişəm. Sən bilən onun qiyməti indi neçə olar?
– Mənimlə birlikdə? – deyə Dima dayı soruşdu.
Kəndlilər gülüşdülər.
– Susun! – Dzirafa bağırdı. – İkisindən biri olmalıdır. Ya sənin bu yapışqanın bir şeyə yarayır, ya da heç nəyə yaramır. Əgər o heç nəyə yaramırsa, onda sən sadəcə yalançısan! Yox, əgər bir şeyə yarayırsa, bu düzəldilmiş küpün qiyməti olmalıdır. Hə, nə qiymət qoyursan? Özün de!
Dima dayı bir qədər fikirləşib dedi:
– Deyərəm. Əgər siz qoysaydınız və mən onu özüm bildiyim kimi, təkcə yapışqanla təmir eləsəydim, onda hər şeydən qabaq, indi mən burada oturmazdım, küp də dəyərini itirməzdi. Məcbur elədiniz, içəridən bərkitdim, bu zəhrimara qalmış qurşaqlardan sonra onun nə qiyməti? Təxminən əvvəlki qiymətinin üçdə biri. Düz deyirəm, ya yox?
– Üçdə biri? Deyirsən üçdə biri? – Don Lollo bir də soruşdu.
– Bəli, bəlkə də hələ az.
– Onda, – don Lollo qızışdı, sözünün üstündə dur, özün dediyin kimi, küpün qiymətinin üçdə birini ver.
– Hə? – Dima dayı elə bil onun nə dediyini başa düşmədi.
– Mən küpü sındırıb səni buraxıram, sən də vəkil deyən kimi onun dəyərinin üçdə birini ödəyirsən.
– Mən sənə pul verməliyəm? – Dima dayı gülümsədi, – Sinyor, deyəsən, zarafat edir! Mənə burada da pis deyil!
O bir qədər çətinliklə köhnə demisini cibindən çıxardı, yandırıb tüstünü küpün ağzından bayıra buraxmağa başladı.
Don Lollo dəli olmuşdu. Dima dayının küpdən çıxmaq istəməyəcəyini nə o, nə də vəkil fikirləşməmişdilər. İndi bu məsələni necə həll etməli? O az qaldı yenə də – “Qatırımı!” –deyə əmr etsin, amma yadına düşdü ki, artıq çox gecdir.
– Deməli belə! Deməli, sən mənim küpümü özünə ev eləmək istəyirsən? Hamınız şahid olun! O pulumu ödəməməkdən ötrü küpdən çıxmaq istəmir. Amma mən elə indi bu dəqiqə küpü sındırmağa hazıram! Nə olar, indi ki, o küpdən çıxmaq istəmir, mən küpü sabah onu qanunu pozub, şəxsi mülkiyyəti ələ keçirdiyinə görə, küpdən istifadə etməyimə imkan vermədiyinə görə məhkəməyə verəcəyəm.
Dima dayı bir qullab vurdu, sonra sakitcə cavab verdi.
– Yox, sinyor, mən heç nəyə mane olmaq istəmirəm. Burada da öz kefimə oturmamışam! Buraxın, onda mən də məmnuniyyətlə çıxıb gedərəm. Amma pul ödəməyə heç zarafatla da razı olmaram!
Hirsindən boğulan don Lollo ayağını qaldırdı və az qaldı küpə bir möhkəm təpik ilişdirsin, lakin özünü saxladı. İkiəlli küpdən yapışıb silkələdi.
– Görürsünüz necə möhkəm yapışqandır? – Dima dayı soruşdu.
– Quldur! – Don Lollo bağırdı. – Bu işə bais kimdir? Mən yoxsa sən? Pulunu mən verməliyəm, hə? Öl orada acından! Görək kim peşman olacaq!
Don Lollo bunu deyib, səhər küpün içinə tulladığı beş lirəni də unudaraq çıxıb getdi. Dima dayı həmin pulların hesabına, bu qəribə hadisə üzündən evə qayıtmağa gecikmiş və elə oradaca, açıq havada gecələməyə qalmış kəndlilərlə kef eləməyi qərara aldı. Kəndlilərdən biri bazarlıq üçün yaxındakı yeməkxanaya getdi.
Gecə süd kimi aydınlıq idi.
Yuxuya getmiş don Lollo dəhşətli səs-küyə yuxudan hövlnak oyandı. Aynabəndə çıxanda həyətdə ay işığında rəqs eləyən cinləri gördü! Sərxoş kəndlilər küpün ətrafında dövrə vurub, yallı gedir, Dima dayı isə ucadan mahnı oxuyurdu.
Bu dəfə don Lollo özünü saxlaya bilmədi. Qızmış kəl kimi küpə tərəf cumdu, kəndlilər mane olmağa macal tapmamış, var gücü ilə küpü itələdi. Küp sərxoş kəndlilərin qəhqəhəsi altında dərəyə yuvarlandı, zeytun ağacına dəyib çilik-çilik oldu. Dima dayı qalib gəldi.
İtaliyan dilindən tərcümə edən: Cəmşid Cəmşidov