Balzakın əsərlərini yad eləmək, mənim üçün sanki boş, darıxdırıcı vadidə irəliləyən bir yolçunun bir vaxtlar keçdiyi bərəkətli, gözəl diyarı yad eləməsi kimi xoş bir şeydir.
İlk dəfə fransız ədəbiyyatını oxuyanda on üç yaşım varıydı. Bu, Edmond Qonkurun «Zemqanno Qardaşları» adlı əsəriydi, kitab sənətçilərdən — onlara qarşı düşməncə mövqe tutan, boğucu, pozğun ruhlu bir mühitdə mənəvi tənhalığa məhkum insanların təsirli hekayətindən bəhs edirdi.
Bu kitab məni məzmunundakı insani məramıyla həyacanlandırmış və mənə hər zaman qəlbinin ən gözəl tərəflərini dünyaya açan bütün insanlara qarşı xüsusilə diqqətli, qayğıkeş və mərhəmətli davranmaq fikrini aşılamışdı.
Qonkur eyni zamanda məndə tarixini çox az, natamam bildiyim, gözümdə cəngavərlər və qəhrəmanlar ölkəsi kimi canlanan Fransanın ədəbiyyatını öyrənmək istəyi yaratmışdı. Tanıdığım litsey tələbələrinə Fransa yazıçıları barədə suallar ünvanlayırdım, onlardan mənə fransız kitablarının tərcümələrini vermələrini də xahiş etmişdim.
Balzakın kiçik bir kitabı əlimə keçməzdən əvvəl, artıq ata Dümanın, Ponson du Terrailin, Buaqobeyanın, Zakorınenin, Qaborionun, Xavier de Montepenin və onlarla digər başqa yazarların kitablarını bir içim suyu içirmiş təki oxumuşdum. Balzakın kitabının adı "Şaqren dərisi" idi.
Əntiq mallar dükanının təsvir olunduğu səhifələri oxuyarkən, sözlərlə ifadə etməkdə çətinlik çəkdiyim zövq indi də açıq-aydın damağımdadır. Bu təsvir zənnimcə, hələ də söz ahəngi və zərifliyinin ən gözəl nümunələrindən biridir. Əsərdə məni ustalığıyla təsirləndirən bir başqa məqam bir dialoq idi ki, Balzak adicə bir masa arxası söhbətin rabitəsiz cümlələrindən istifadə eləməklə, şəxsləri və xarakterləri heyratamiz bir aydınlıqla göstərmişdi.
Balzakın əsərlərini axtarmağa başlamışdım, ondan oxuduğum növbəti kitab «Qorio ata» oldu: bu kitab məni birmənalı şəkildə yerlə-yeksan elədi, uzun müddət özümü tapdalanan insan qürurunun, ürəklərdə basdırdılan əzabların qisasını almaqla dünyanı hədələyən Rastinyak kimi hiss elədim. O vaxtlar həyatım o qədər də qaydasında deyildi, ancaq sağlam idim və buna görə də romantikləşmişdim.
«Bəşəri məzhəkə»ni oxuyanda artıq iyirmi yaşım vardı: bu kitab mənim hələ tam formalaşmayan romantikama sarsıdıcı bir zərbə endirdi. Kitabda Balzakın dühasını hiss edirdim və onu deyəsən, bir müəllimi, bir dostu necə sevərləsə, elə sevirdim.
İki-üç ildən sonra Rusiyada Balzakın bütün əsərləri tərcümə edildi, bütün kitablarını təkrarən bir də oxudum və onun nəhəngliyini dərk elədim. İstedadının dastanvari hüdudları məni heyrətləndirib əsir almışdı. Planlarının genişliyi, düşüncələrindəki cəsarət, sözlərindəki həqiqət və gələcəyə dair əksər vaxt reallaşmış dahiyanə proqnozları onu dünyanın ən böyük müəllimlərindən biri edib.
Zənnimcə, Şekspir, Balzak və Tolstoy bəşəriyyətin özünə ucaltdığı üç abidədir. Hər zaman bu və ya digər şəkildə yeni yaradıcılıq formaları, yeni həyat tərzləri yaradaraq daim insanlığın qarşısında addımlamış və indi də addımlamaqda davam edən Fransanı Balzak olmasaydı, daha az dərk edərdim. Bankirlər Fransanın şərəfini ləkələyirlər. Bu barədə əvvəllər də yazmışdım və yazdıqlarım sevdiyim bir ölkədə məna verə bilmədiyim bir qəzəbə səbəb olmuşdu. Lakin azadlıq yolunda rus xalqının ayağına badalaq vuran Fransa birjasının mədəniyyət düşmənçiliyi, insanlıq düşmənçiliyi kimi fəaliyyəti, böyük işlər və böyük adlar ölkəsi olan Fransanın həqiqi övladları Hüqo, Balzak, Flober kimi şəxsiyyətlərin saf işığını mən bilirəm ki, əsla söndürməyəcək.
Şəxsən Balzaka nə borcluyam bilmirəm və deyə bilmərəm, lakin ümumilikdə onun rus ədəbiyyatına təsiri çox böyükdür. Bu, Lev Tolstoy tərəfindən də qəti bir şəkildə təsdiqlənib. O, mənə bu sualı vermişdi:
«Xaricilərdən ən çox kimi oxuyursunuz?»
Dedim.
«Gözəl. Amma fransızları daha çox oxuyun. Bir vaxtlar hər kəsin yazmaq üçün öyrəndiyi Balzakı, Stendalı, Floberi, Mopassanı oxuyun. Yazmağı yaxşı bacarırlar, forma hissiyatları və məzmunu dramatikləşdirmək qabiliyyətləri təəccübləndirəcək dərəcədə inkişaf edib. Onlarla bir cərgəyə təkcə Dikkensi, bir də bəlkə Tekkereyi qoymaq olar. Əgər mən Stendalın „Parma monastrı”nı oxumasaydım, “Hərb və Sülh»ün müharibə səhnələrini yaza bilməzdim".
Sizə yazdığım məktubu burda bitirirəm.
Balzak mənim üçün nəhayətsiz və gücümün hüdudlarını aşan bir mövzudur, üstəlik, onunla bağlı xatirələrim həyatımın ən çətin günləriylə üst-üstə düşür, bu da həyəcana həyəcan qatır.
Kitab məfhumunun mənim həyatımda bir ananın oynayacağı rolu oynadığını, Balzakın kitablarının isə — əsərlərində dolu-dolu və sevinclə hiss etdiyim insani məhəbbət və həyatla bağlı heyratamiz bilik baxımından — mənim üçün ən qiymətli kitablar olduğunu da demək istəyirəm.
Maksim Qorki Balzak haqqında
Tərcümə: Cavid Ramazanlı