Meyiti restoranın yanından apararkən bir topa milçək masadan uzaqlaşıb, onun arxasınca uçdu, ancaq çox keçmədən geri qayıtdı.
Yas tutan kiçik kütlə — kişilər və oğlan uşaqları, qadınlar yox idi — bir tərəfdən nar piştaxtaları, digər tərəfdənsə taksi və dəvələrlə əhatələnən bazar meydanının içindən keçərkən eyni kədərli mahnını təkrarlayırdılar. Milçəkləri cəlb edən o idi ki, meyiti tabuta qoymurlar, əskiyə bürüyüb kobud taxta xərəyin köməyilə dörd dostunun çiyinlərində aparırlar. Dostlar qəbiristanlığa çatanda iki fut dərinliyində uzununa çuxur qazır, cəsədi ora uzadır və kərpic qırıntılarını xatırladan quru torpaqla üzərini örtürlər. Burada nə başdaşı, nə ad, nə də şəxsin kimliyini bildirən hər hansı işarə var. Qəbiristanlıq — nəhəng, boş bataqlıqdır, sanki atılmış tikinti meydanıdır. Bir neçə ay sonra hətta yaxınlarının harada basdırıldığını belə, tapmaq olmur.
İki yüz min əhalisindən ən azı iyirmi mininin bədənlərini sarıyan əski-üsküdən başqa heç nəyi olmayan şəhərdə gəzərkən, onların necə yaşadıqlarını, xüsusən, necə asan öldüklərini görəndə, həqiqətən insanların arasında olduğuna inanmaq çətindir. Bütün müstəmləkəçi imperiyalar bu faktın üzərində qurulub. İnsanların üzləri qəhvəyidir — onlar elə çoxdurlar ki! Görəsən, onlar da sənin kimi eyni bədəni daşıyır? Onların adları varmı? Bəlkə onlar elə bircinsli qəhvəyi kütlədir, arılardan, yaxud da mərcan poliplərindən heç fərqlənmirlər? Onlar torpaqdan əmələ gəlir, bir müddət tərləyir, aclıq çəkir və sonra qəbiristanlığın adsız hücrələrinə geri dönürlər, artıq həyatda olmadıqlarını da heç kim hiss etmir. Qəbirlərin özü belə, torpağa qarışır. Bəzən kaktuslar arasında gəzinərkən ayağının altında torpağın kələ-kötür olduğunu görürsən və bu nahamarlığın müəyyən məsafədə təkrarlanması skeletlər üzərində yeridiyindən xəbər verir.
Şəhər parkında qazellərdən birini yemləyirdim.
Qazel bəlkə də yeganə heyvandır ki, diri halında da çox dadlı görünür. Budlarına baxıb nanəli sous haqqında düşünməmək olmur. Yemlədiyim qazel, deyəsən, fikirlərimi oxuyurdu, əlimdəki çörəyi alsa da, aydın idi ki, xoşuna gəlməmişəm. Çörəyi cəld hərəkətlərlə gəmirib başını aşağı əydi və məni itələmək istədi. Yəqin düşünürdü ki, məni qovsa, əlimdəki çörək havadan asılı qalacaq.
Yaxınlıqdakı sahədə torpaq qazan ərəb ağır külüngünü yerə qoyub yavaş-yavaş bizə yaxınlaşdı. Təəccüb hissi ilə baxışlarını qazelə, çörəyə, sonra yenidən qazelə yönəltdi, sanki indiyə qədər belə şey görməmişdi. Sonra utanaraq fransızca dedi:
— O çörəyi mən yeyə bilərdim.
Bir tikə qoparıb ona verdim, o da çörəyi üstündki əskilərin arasında gizlətdi. Bu adam bələdiyyə işçisi idi.
Yəhudi məhəlləsindən keçərkən orta əsr gettolarının hansı formada mövcud olduğunu təsəvvür etmək çətin deyil. Mavrların hakimiyyəti altında yəhudilər yalnız müəyyən məhdud ərazilərdə məskunlaşa bilərdilər və bir neçə əsrdən sonra artıq toplu halda yaşamağa öyrəşdilər. Əksər küçələrin eni altı futdan çox deyil, evlərin pəncərələri yoxdur, hər küncdə yığışmış xəstə baxışlı uşaqlarsa milçək topasına bənzəyir. Küçənin mərkəzindən xəndək boyu sidik şırnağı axır.
Bazarda böyük yəhudi ailələrinin üzvləri uzun qara xalatlarda və başlarında qara yarmulke (yəhudilərin xüsusi baş geyimi) mağaraya bənzər, içərisində milçəklər vızıldayan qaranlıq oyuqlarda işləyirlər. Dülgər ayaqlarını çarpazlayaraq köhnə torna dəzgahının arxasında oturub və çox sürətlə stulların ayaqlarını yonur. Sağ əli ilə yaydan tutaraq dəzgahı fırladır, sol ayağı ilə kəsicini idarə edir. O, bütün həyatını bu cür oturaraq keçirdiyindən sol ayağı qeyri-təbii şəkildə kənara əyilib. Onun yanında altı yaşlı nəvəsi oturub və artıq nisbətən yüngül işləri görə bilir.
Misgər hücrələrinin yanından keçəndə kimsə siqaret yandırdığımı gördü. Göz qırpımındaca ətrafdakı qaranlıq oyuqlardan çıxan bir dəstə yəhudi mənə tərəf qaçdı, onların arasında ağappaq saqallı qoca da vardı, hətta bir kor da yəqin “siqaret” sözünü eşidib hasısa oyuqdan qaçıb gələrək havada əlini yelləyirdi. Bir qutu siqareti paylamağım heç bir dəqiqə çəkmədi. Bu insanlar güman ki, gündə on iki saatdan az işləmirlər, ancaq onlardan hər biri siqareti əlçatmaz dəbdəbənin nişanəsi kimi qəbul edir.
Yəhudilər öztəminatlı icmalarda yaşadıqlarıına görə, ərəblər kimi eyni sənət sahələri ilə məşğuldurlar, təkcə kənd təsərrüfatından başqa. Meyvə satanlar, dulusçular, gümüş ustaları, dəmirçilər, qəssablar, dəri alverçiləri, dərzilər, su daşıyanlar, dilənçilər, yük aparanlar — hara baxırsan bax, hər tərəfdə yəhudilərdir. Burada on üç min yəhudi var və onların hamısı bir neçə akr torpaqda məskunlaşıb. Yaxşı ki, Hitler burada olmayıb! Bəlkə də gəlmək fikri olub. Burada yəhudilər haqqında qara şaiələr eşitmək olar, həm də təkcə ərəblərdən yox, elə kasıb avropalıların dilindən də.
“Bəli, MON VİEUX (fransızca, köhnə dostum), məni qovdular və əvəzimə yəhudini işə götürdülər. Yəhudilər! Bu ölkənin əsl idarəçiləri onlardır. Bütün pullar da onlara məxsusdur. Banklar, maliyyə — hər şey onların əlindədir”.
“Bəs, əksər yəhudilərin saata bir penni üçün işlədikləri necə, gerçək deyilmi?”- dedim.
“Eh, hər şey göstəriş üçündür. Onların hamısı sələmlə pul verənlərdir. Yəhudilər, elə hiyləgərdilər ki”.
Bir neçə əsr əvvəl qoca qarıları cadugərliyə görə tonqalda yandırırdılar, bu da ona bənzəyir. Halbuki, onlar “sehrləri” ilə özləri üçün doyumlu nahar belə, hazırlaya bilmirdilər.
Əllə işləyən insanlar nəzərə çarpmırlar, yerinə yetirdikləri işin əhəmiyyəti artdıqca daha da görünməz olurlar. Bununla belə, ağ dəri həmişə gözə dəyir. Şimali Avropada kəndlinin torpağı şumladığını görəndə baxışını onun üzərində saxlayırsan. Cəbəllütariqdən cənuba, Süveyşdən şərqə doğru torpaqlarda işləyən əkinçilər isə heç diqqətini cəlb etməzlər. Dəfələrlə bunun şahidi olmuşam. Tropik iqlimli yerlərdə gözlər insanlardan başqa hər şeyi görür. Günəşin qızdırdığı torpağı, kaktusları, palmaları, uzaq dağları görürsən, amma sahəsini şumlayan kəndlini heç vaxt ayırd edə bilmirsən. O da torpaq rəngindədir və heç kəsi maraqlandırmır.
Məhz buna görə, Afrika və Asiyanın yoxsul ölkələri turistlər üçün istirahət yerləri kimi daha məqbuldur. Heç kim Britaniyanın iqtisadi böhrandan əziyyət çəkən bölgələrinə ucuz ekskursiyalar təşkil etməyi ağlına belə gətirməz, lakin qəhvəyi rəngli insanların yaşadığı yerlərdə onların kasıblığı da gözəgörünməzdir. Mərakeş Fransa üçün nə deməkdir? Portağal sahələri, ya da dövlət xidməti. Bəs ingilis üçün? Dəvələr, saraylar, Xarici Legion, latundan hazırlanmış sinilər və quldurlar. Əhalinin onda doqquzunun eroziyalı torpaqdan qida əldə etmək üçün fasiləsiz ağır zəhmətlə işlədiklərini gözardı edərək burada illərlə yaşamaq mümkündür.
Mərakeşin çox hissəsi o qədər bəhrəsizdir ki, dovşandan böyük heyvanı “doyurmağa qadir deyil”. Bir vaxtlar meşələrlə örtülən ucsuz-bucaqsız sahələr indi yaşıllıqsız torpaqlara dönub, torpaq isə kərpic qırıntılarını xatırladır. Bu cür torpaqlar olduqca ağır zəhmət bahasına becərilir. Bütün işlər əllə görülür. Uzun cərgələrdə tərsinə yazılan “L” kimi üçqat bükülmüş qadınlar əkin sahəsində yavaş-yavaş hərəkət edərək əllərilə tikanlı yabanı otları dartıb çıxarırlar; yonca yığan kəndli bitkini qırmayaraq gövdələrini ard-arda çıxarır ki, hər gövdədən bir-iki düym qənaət edə bilsin. Kotan — taxtadan hazırlanmış alətdir, elə yüngüldür ki, çiyinlərində daşıya bilərsən. Torpağı dörd düymə qədər dərinlikdə yumşaldan kobud dəmir dişlikləri kotana qoşurlar. Bu, elə kotanı dartan heyvanların daşıyacağı qədər ağırlığa malikdir. Adətən, bir yerdə bağlanmış inək və uzunqulaqla şumlayırlar. İki uzunqulaq kifayət qədər güclü deyil, digər tərəfdən iki inəyi yemləmək çox baha başa gəlir. Kəndlilərin dırmıqları olmadığından bir neçə dəfə müxtəlif istiqamətlərdə torpağı şumlayırlar. Bundan sonra kələ-kötür torpağı kiçik hisələrə ayırıb nazik çuxurlar açırlar ki, nəmliyini saxlaya bilsin. Nadir hallarda yağan leysanlardan bir-iki gün sonra torpağın nəmişliyi tamam azalır. Əkin sahəsinin kənarları ilə 30-40 futluq dərinlikdə kanallar açırlar ki, yeraltı sulardan istifadə edə bilsinlər.
Hər gün evimin önündən ağır odun şələsi daşıyan bir cərgə qoca qarı keçir. Onların hər biri qocalıq və qızmar günəş ucbatından sanki mumiyalanıblar və hamısının da boyu lap balacadır. Bütün primitiv cəmiyyətlərdə qadınlar müəyyən yaşı keçdikdən sonra uşaq kimi balacalaşmağa doğru gedirlər. Bir dəfə ağır şalbanları daşıyan yoxsul bir qadın, boyu 4 futdan uzun olmazdı (təxminən 120 sm), yanımdan keçirdi. Onu saxladım və ovcuna pul qoydum — beş su (fartinqdən bir az çox). O, təəccübdən, bəlkə də daha çox təşəkkür hissindən həyəcanlı səslə cavab verdi. Düşünürəm, onun fikrincə, onu “görməklə” bəlkə də təbiətin qanununu pozmuşdum. Qoca qarı, başqa sözlə, yük heyvanı vəzifəsini qəbul etmişdi. Ailələr köç edəndə ata və böyük oğulun öndə uzunqulağın üstündə getdiyini, arxadan isə qarıların ağır yüklərlə piyada onları izlədiyini görmək burada adi haldır.
Bu insanlarda ən qəribə cəhət isə görünməz olmalarıdır. Bir neçə həftə ard-arda, hər gün eyni vaxtda bir cərgə qarı öz odun şələləri ilə evimin yanından keçirdilər. Gözümə görünsələr də, qarıları həqiqətən gördüyümü etiraf edə bilmərəm. Sanki odunlar yeriyirdi — onları bax belə qəbul edirdim. Bir dəfə qarıların arxasınca yeriyərkən yüklərin aşağı-yuxarı, aşağı-yuxarı hərəkəti onların altındakı insanlara diqqət etməyimə səbəb oldu. Onda mən ilk dəfə ağır yük altında üç qat bükülmüş, sümükdən və qaba dəridən ibarət yaşlanmış, cansız, torpaq rəngli bədənləri gördüm. Bəs axı, Mərakeşə ayaq basdığım ilk dəqiqələrdən yüklənmiş uzunqulaqlara diqqət etmişdim və bundan çox qəzəblənmişdim. Şübhəm yoxdur ki, burada uzunqulaqlarla çox amansızcasına davranırlar. Mərakeş uzunqulağı senbernardan (it cinsi) bir az böyük olar, onun daşıdığı yükü Britaniya ordusunda on beş arşınlıq qatır üçün həddən artıq ağır hesab edərdilər. Yazıq heyvanın köhnəlmiş palanını həftələrlə üstündən götürmürlər. Ən heyfsləndirici məqam da budur ki, dünyada ən sadiq heyvandır; it kimi sahibinin arxasınca gedir, nə xaltaya, nə yüyənə ehtiyacı var. İllərlə çəkdiyi zəhmətdən sonra əldən düşür və təngnəfəs qalır. O zaman sahibi onu xəndəyə atır, kənd itləri də qaranlıq düşənə qədər didib-parçalayır.
Belə hadisələrdən nə qədər dəhşətə gəliriksə, insan bədbəxtliyinə bir o qədər soyuqqanlı yanaşırıq. Heç kimi ittiham etmirəm, sadəcə faktların müqayisəsini aparıram. Qəhvəyi dərili insanlar görünməzdirlər. Hər kəsin ağır yüklü uzunqulağa yazığı gəlir, amma şalban altındakı qoca qarını görmək üçün gərək nəsə mühüm hadisə baş versin.
Leyləklər şimal tərəfə uçurdu, zəncilər isə cənuba doğru addımlayırdılar — piyada, artilleriya, sonra yenə piyada, cəmi dör-beş min insan çəkmələrinin tappıltısı, təkərlərin qıcırtısı altında küçə ilə qalxırdılar.
Seneqallı idilər, Afrikanın ən qara zənciəri; elə qara idilər ki, boyunlarında saçlarının haradan başladığını ayırd etmək olmurdu. Qamətli bədənləri xaki rəngli uniformalarla örtülmüşdü, ayaqları odunu xatırladan uzunboğaz çəkmələrdə idi, başlarına isə ikiqat böyük ölçüdə papaqlar qoyulmuşdu. Qızmar istidə xeyli yol qət etmişdilər. Yük torbalarının altında əyilmiş əsgərlərin həssas qara üzləri tərdən parıldayırdı.
Yanımdan keçərkən hündürboy və olduqca gənc zənci başını çevirərək mənə baxdı. Üz ifadəsi gözlənilməz idi. Düşməncəsinə, nifrətlə, yorğun, ya da maraqla baxmırdı. Gəncin baxışlarında dərin hörmət hissi sezilirdi. Nə baş verdiyini özüm üçün təsəvvür etdim. Fransa vətəndaşı olan bu yazıq oğlan qarnizon şəhərlərində döşəməni təmizləmək və sifilis tutmaq üçün meşədən çıxarıldığına görə, ağ dərili insanlar qarşısında minnət duyur. Öyrədiblər ki, ağ insanlar onun sahibləridir və o da buna inanır.
Hər ağ dərili insanın (özünü sosialist sayıb saymamasından asılı olmayaraq) yanından addımlayan zəncini görəndə ağlına gələn bir fikir də var: “Bu insanları daha nə qədər alçalda bilərik? Görəsən, nə vaxt silahlarını bizə tərəf çevirəcəklər?”
Baş verənlər çox gülməli görünürdü. Orada olan hər ağ dərilinin qəlbinin dərinliklərində məhz bu fikir oyanırdı — məndə də, əsgərlərlə bir addımlayan gözətçilərdə də, tərli atların üstündəki zabitlərdə də, ağ dərili çavuşlarda da. Bu, hamımızın agah olduğu, amma dilə gətirmədiyimiz ümumi sirr idi; yalnız zəncilər bundan bixəbər idilər. Mənzərə mal-qara sürüsünü xatırladırdı: bir, yaxud iki mil boyu silahlanmış insanlar yolla üzüyuxarı gedirlər, başımız üzərindəki böyük ağ leyləklərsə bəyaz vərəqlər kimi parlayaraq əks istiqamətdə uçurdu.
1939-cu il
İngiliscədən tərcümə: Xavər ZAHİR