Sergey Yesenin: gözəllik aşiqi və kəpənəkqanadlı şeirlər
Onun gözlərində Şərq ecazkar, sirli bir aləm idi və bu amil onu maqnit kimi özünə cəzb edirdi. Məhz Şərqə olan bu sevgi 1921-ci ildə Yeseninin Türküstana (Orta Asiya), Ural və Orenburqa səyahətə çıxmasına səbəb oldu. Daşkənddə köhnə dostu şair Aleksandr Şiryayevla görüşən Yesenin dərhal ictimaiyyətin diqqətini özünə cəlb etdi. Özbəkistanda olduğu zaman Yesenin tez-tez çayxanalara gedir, özbək milli musiqisinə qulaq asır, yerli şairlərlə yaradıcılıq müzakirələri keçirir, qədim abidələrlə tanış olurdu. O, Türküstana olan sevgi və məhəbbətini yazdığı alovlu şeirləri ilə ifadə edirdi.
Onun adı bir vaxtlar SSRİ və rus ədəbiyyatında XX əsrin dahi şairlərindən biri, yeni dövrün Puşkini kimi çəkilirdi. Bu baxımdan azərbaycanlılar üçün Mükayil Müşfiq nə deməkdirsə, ruslar üçün də Yesenin o deməkdir. Həm Yesenin, həm də Müşfiq faciəli bir ömür yaşadılar və çoxlu sayda müəmmalar qoyaraq özlərinin gözləmədikləri şəkildə əbədiyyətə qovuşdular.
XX əsr rus-sovet ədəbiyyatının istedadlı simalarından biri sayılan Sergey Yesenin 1895-ci il sentyabr ayının 21-də (köhnə tarixlə oktyabrın 3-də) Ryazan quberniyasının Konstantinovo kəndində anadan olub. Atası Aleksandr və anası Tatyananın vaxtilə zorla xristianlaşdırılan tatar əsilli olduqları ehtimal edilir. Yesenin tatar ( türk) soylu olduğunu onun soy adı da ( Yasin, Yasen, Yesen, Yesən) bir daha təsdiq edir. Hər halda, uşaq yaşlarından ətrafda yaşayan tatarlarla sıx ünsiyyətdə olması və onlardan eşitdikləri nağıllar və çoxsaylı şeirlər Yeseninin gələcək həyat yolunun müəyyən edilməsində önəmli rol oynadı. Yesenin Şərqi doğma anası kimi sevərək, ən yaxşı şeirlərini ona həsr etdi. İlk təhsilini kilsə məktəbində aldı, oranı bitirdikdən sonra 17 yaşında ikən Moskvaya gəldi. Əvvəlcə kitab mağazasında, sonra mətbəədə işlədi. 1913-cü ildə Moskva Şəhər Xalq Universitetinin tarix-fəlsəfə şöbəsində azad dinləyici kimi iştirak etməyə başladı. Moskva həyatı Yesenini tamamilə dəyişdirdi və o, burada dövrün tanınmış yazarları ilə tanış oldu.
Ədəbi fəaliyyəti və şöhrət zirvəsinə gedən yol
Moskvada yaşadığı ilk illərdə özünü poeziyaya həsr edən və müntəzəm olaraq şeirlər yazan Yesenin tədricən ədəbi mühitdə tanınmağa başladı. 1914-cü ildə «Mirok» jurnalında ilk şeirləri dərc edildi. Bu şeirlər ona yeni bir şöhrət gətirdi. 1915-ci ildə Yesenin Moskvadan Petroqrada gedərək tanınmış şairlər A. Blok, S. Qorodetski və başqalarına öz şeirlərini oxudu.
1916-cı il yanvar ayının 16-da Yesenini orduya çağırdılar. Onu Sarskoe Seloya göndərdilər və o, burada sanitar kimi hərbi hospitalda çalışmağa başladı. Həmin dövrdə Yesenin «Yeni kəndli şairlər» qrupu ilə tanış oldu və özünün ilk kitabını («Radunitsa») çap etdirdi. Hospitalda hərbi xidmətini davam etdirdiyi zaman xəstələr qarşısında şeirlər oxuması onu daha da populyarlaşdırdı. Həmin dövrdə Sarskoye Seloda olan imperatriçə Aleksandra Fyodorovna istedadlı gənclə maraqlanır, yanına dəvət edib, qızı ilə birlikdə onun şeirlərinə qulaq asırdı. Yesenin çariçanı və qızlarını olduqca poetik səslənən şeirləri ilə özünə heyran etmişdi.
Romantik məhəbbət sorağında
Yesenin şairtəbiətli, romantik, olduqca həssas və emosional bir adam idi və bu onun ailə həyatında da ağır izlər buraxmışdı. Belə ki, Yesenin ilk dəfə 1914-cü ildə, 19 yaşında ikən mətbəədə korrektor işləyən Anna Romanovna İzryadnova ilə mülki nikaha daxil oldu. Bu izdivacdan onun Yuri adlı bir oğlu doğuldu. Yurinin taleyi gətirmədi və 1937-ci ildə o, xalq düşməni kimi güllələndi.
1917-ci ildə Yesenin tanınmış aktrisa, yəhudi mənşəli Zinaida Rayxla tanış olur və həmin il onunla ailə həyatı qurur. Zinaidadan Yeseninin Konstantin adlı oğlu və Tatyana adlı qızı dünyaya gəlir.
Amma iki il sonra Yesenin rəsmi şəkildə Zinaidadan ayrılır. Bundan sonra Zinaida məşhur rejissor V. Meyerxolda ərə gedir. Oğlu Konstantin isə sonralar idman jurnalisti oldu.
1918-1920-ci illərdə Yesenin Moskvada «imajinistlər» ədəbi qrupuna qoşulur və onun işində fəal iştirak edir. Bu dövrdə onun bir neçə şeir kitabı çapdan çıxır.
Şərqə məhəbbət və səyahət
Onun gözlərində Şərq ecazkar, sirli bir aləm idi və bu amil onu maqnit kimi özünə cəzb edirdi. Məhz Şərqə olan bu sevgi 1921-ci ildə Yeseninin Türküstana (Orta Asiya), Ural və Orenburqa səyahətə çıxmasına səbəb oldu. Daşkənddə köhnə dostu şair Aleksandr Şiryayevla görüşən Yesenin dərhal ictimaiyyətin diqqətini özünə cəlb etdi. Özbəkistanda olduğu zaman Yesenin tez-tez çayxanalara gedir, özbək milli musiqisinə qulaq asır, yerli şairlərlə yaradıcılıq müzakirələri keçirir, qədim abidələrlə tanış olurdu. O, Türküstana olan sevgi və məhəbbətini yazdığı alovlu şeirləri ilə ifadə edirdi. Orta Asiyaya romantik səyahətdən sonra geriyə — Rusiyaya qayıdan Yesenin 1921-ci ilin payızında tanınmış rəqqasə Aysedora Dunkanla tanış olur və onunla evlənir. Sonra xoşbəxt cütlük Avropaya (Almaniya, Fransa, Belçika, İtaliya) və ABŞ-a səyahət edir. 1922-ci ilin may ayından avqust ayına kimi onlar ABŞ-da yaşayırlar.
Həmin dövrdə Yesenin ABŞ haqqında "İzvestiya" qəzetində «Jeleznıy Mirqorod» («Dəmir sülhşəhər») adlı qeydlərini çap etdirir. Amma Dunkanla Yeseninin ailə həyatı uzun sürmür. Onlar Vətənə qayıdan kimi ayrılırlar. Aysedora Dunkandan ayrılandan sonra Yesenin tərcüməçi Nadejda Volpinlə ailə həyatı qurdu və ondan 1924-cü ildə Aleksandr adlı oğlu dünyaya gəldi. Aleksandr Yesenin sonralar SSRİ-də tanınmış riyaziyyatçı olsa da, atası kimi sovet rejiminə nifrət edirdi. O, SSRİ-də dissident hərəkatının əsasını qoydu.
Bolşeviklərə nifrət
Bununla belə, Amerikaya və Avropaya səyahət Yeseninin dünyagörüşündə dərin izlər buraxmışdı. O, bolşeviklərin ikiüzlülüyündən bezməyə başlamışdı. Bu da tədricən mövcud rejimə qarşı nifrətdə özünü büruzə verməkdə idi. Bu nifrət, öz növbəsində, Yesenin tərəfindən bolşevik idarəcilərin ikiüzlülüyünü ifşa edən «Yaramazlar ölkəsi» adlı poemanın yazılmasına səbəb oldu. Poemada sovet rəhbərlərinin tənqid edilməsi bolşeviklərin diqqətini çəkdi. Hüquq-mühafizə orqanları və xüsusi xüdmət təşkilatının əməkdaşları dərhal Yeseninin hər addımını nəzarətə götürdülər. Buna paralel olaraq, bolşevik mətbuatında Yesenini tənqid edən, onu sərxoşluqda günahlandıran yazılar dərc olunmağa başladı.
Əlbəttə, o da faktdır ki, həmin dövrdə Yesenin tərbiyə aldığı mühitin təsiri altında digərləri kimi içirdi. Ancaq nə qədər ki, Yesenin bolşevikləri tənqid etməmişdi, ona rəğbət bəsləyir və içki düşkünlüyünü görməzliyə vururdular. Amma Yesenin haqqı müdafiə edən kimi bolşeviklər dərhal ona qarşı çirkin təxribata əl atdılar, onun ünvanına saysız-hesabsız iftiralar yağdırmağa başladılar. Bütün bu iftiraları eşitməmək, özünü ruhən daha rahat hiss etmək üçün Yesenin bir-birinin ardınca üç dəfə Qafqaza, o cümlədən Azərbaycana səyahət etdi. Azərbaycandakı «Qırmızı Şərq» mətbəəsində Yeseninin seçilmiş şeirləri çap edildi.