Uzun şırımın axırında yanıb külə dönmüş qırıcı təyyarənin müqəvvası görünürdü; bu şırım həmin təyyarənin son enişindən yadigar qalmışdı.
Günəş batmaq üzrəydi. Hər qum təpəciyinin, hər kaktus kolunun, hər pırtlaşıq düşmüş tikanlı səhra zibilinin yöndəmsiz kölgəsi uzanaraq, qaranlığa bürünən üfüqə sarı sürünürdü. Sakit və ilıq qumluqda, nəhayətsiz, boş səmada, gecəyə və ya gündüzə aidliyi bilinməyən qürub çağının işığında elə saf sükut hökm sürürdü ki, sanki bu yerlərdə heç vaxt həyat əlaməti olmamışdı.
Bu sükutun, bu qumsallığın və işığın fonunda vurulub salınmış qırıcı təyyarə min illər əvvəl ölmüş hansı nəhəng heyvanınsa müqəvvasına bənzəyirdi. Onun tüstüdən qaralmış, istilikdən zəifləmiş gümüşü sümükləri himə bənd idilər – zamanın gözəgörünməz və qarşısıalınmaz təsiri onları tədricən çilik-çilik edəcəkdi; adama elə gəlirdi, təyyarənin müqəvvasını salamat saxlayan havadakı əzəli sükutdur – adi bir küləyin sığalı belə onu min illərin tör – töküntüsünə qatardı. İşıltılı qum səhrası yəqin ki, heç vaxt bir damcı yağış və ya külək əlaməti görməmişdi; ayaq izi burada tam bir əsrə pozulmazdı və qəzaya uğramış qırıcının quyruğunda qurtaran bu əyri – üyrü şırım da min il qabaq ölmüş nəhəng heyvanın palçıqda hifz olunan cəmdəyi kimi qədimlik təsiri bağışlayırdı.
Ancaq bu qədim görünüşlü metal “sümüklər” hərarətini hələ də itirməmişdi, təyyarə yerə çırpılanda, göyə millənmiş toz dumanı da indi-indi sovuşurdu. Təyyarəçi də hələ ölməmişdi. O, bir az kənara düşmüşdü. Ayağının biri sınıb, altında qalmış, sınmış çənəsi də qəribə formada sallanmış, açıq qalmış bəbəkləri qana bələnmiş, dişləri xıncım – xıncım olmuş, qan sifətini örtmüş, paltarlarını qaraltmışdı. Təkcə gözləri yaşayır, xəfifcə hərəkət edirdi.
Hiss edirdi ki, hələ sağdır, ancaq şüuru tam qayıtmadığı üçün ölümün uzaqda olmadığını ağlına gətirə bilmirdi. Bir onu bilirdi ki, içərisində nəsə baş verir. Qarnındakı ağrı kəskin deyildi, amma qəribə, dəhşətli və qorxulu idi. Elə bil, nə isə tərs, rezinvari, metalvari bir şey daxilində düyün salır və həmin düyün get – gedə böyüyürdü.
Tərpənmək istədi. Ağzının qırağından axan nazik, qara qan qumun üstünə damcıladı. Sınmış ayağından qopan dözülməz ağrı bütün əzələlərinə yayıldı, o, huşunu itirdi.
Əzgin bədənində dustaq olan, bayaqdan itib – batan yaddaşı oyanır və o, yaşayır, indi xatirələrə dönmüş keçmişə çətinlik çəkmədən baş vururdu. Qəzaya uğradığı anı, yuxarı qalxan üfüqü, donmuş saniyələrin gözlənilməz hücumunu, yerlə toqquşmazdan qabaq əzələlərinin gərildiyi dəqiqələri yaşayırdı. İndi o, döyüşdən sonra yenə də uçur, əsrarəngiz, doğma buludlar arasındadır və həyatının son ilini yenidən yaşayasıdır. Tamamilə tənha, sevinc içində, Günəşin parlaq ziyası altında yer üzündə kilometrlər qət edir, özünün oktyabrda torpaqla toqquşduğu son hadisəni yadına da salmır, sonra şığıyır, aşağıda bomba partlayır, yanan binaların göylərə dirənən tüstüsü, həmin tüstünün məngəənəsində ötəri nəzərə çarpan ağaclar və yaşıllığın bircə anda külə dönməsi; daha sonra o, Londonun, yaxşı bələd olduğu balaca təyyarə limanına enir, o limana ki, orada həmin qızı ilk dəfə görmüşdü və onunla qoşa addımlamışdı. O qız ki, bir ay, bircə ay qabaq onun arvadı olmuşdu.
Qızla birgə olanda hər şeyi unutdu; indi o, balaca pişik kimi xumarlanan sevgilisinin gülüşünü xatırlayırdı; qızla birgə çəmənlikdə gəzişir, bahar qoxuyan təmiz havanı ciyərlərinə çəkirdi. İndi o, gözəl yay gecəsində, qızın yaraşıqlı bədəni üstündə min cür ərköyünlük edir, birlikdə yaşayacaqları xoşbəxt gələcəklərini görürdü. Hər ikisi birlikdə olduqları vaxtın azlığını anlayır, ona görə də hər dəqiqəni daha da şirin keçirməyə cəhd edirdilər.
Canındakı şirin istilik tədricən sovuşur, təyyarəçinin bədənini soyuq və ağrı bürüyürdü. Şüurun qayıtması nə ağır imiş! Onun açıq gözləri ulduzlarla dolu gecə səmasına zillənmişdi. Soyuq və sükut onu dəfn edirdi. O, artıq ölümün tənhalığını dadırdı.
- Mən hələ ölməmişəm! – qışqırdı, ancaq özü də kəsik – kəsik çıxan, insandan çox heyvan
səsinə bənzəyən səsini eşitmədi. Bədəni amansız ağrılardan yığıldı. Sınmış ayağının, sallaq çənəsinin və ovxalanmış dişlərinin şişib tuluğa dönmüş yerlərindən yayılan ağrılar, onun daxilindəki ağrılarla birləşib, ona dəhşətli əzab verirdi. Ancaq ağrılar da onun düşüncələrinə hakim kəsilə bilmirdilər. O, ulduzlu səma altında öz gərəksiz bədəninin tənhalığını duyur, bilirdi ki, xilas olmağa və yaşamağa heç bir ümid yeri yoxdur. Bilirdi ki, ağrıları möhlət versə səhərəcən yaşayacaq. Sabah isti olacaq, uçunması, sayıqlaması başlayacaq, daha sonra isə ölüm kabusu sinəsinə çökəcək. Öz çıxılmaz durumunu anlasa da qorxu və gərəksiz ümidi özündən kənar etməyə çalışırdı. Yaxınlaşan ölümünə inansa da, sakitcə “Mən hələ ölməmişəm” sözlərini qışqırmağa, heç olmasa pıçıldamağa cəhd etdi, ancaq səsi yaralarında zoqquldayıb qaldı, dodaqlarına çatmadı.
Hardasa lap uzaqlardakı sakitlikdə çaqqallar ulaşdı, səslər saf, boş havada əzabkeş lunatiklərin iniltilərinə bənzədilər.
“Artıq ölürəm!” – təyyarəçi öz – özünə dedi.
Görəsən, Günəş haçan çıxacaq? (Ona soyuq idi, ancaq istidən yanırdı). Saatının çıqqıltısı qulağına dəydi. Saatının sınmadığına təəccüb etdi. Səhər çağı qurduğunu xatırladı, elə bil səhər çağından min il ötmüşdü. Düşündü ki, görəsən saatı qabaq dayanacaq, yoxsa ürəyi?
Ulduzlar tədricən seyrəkləşdi. Təyyarəçi, gecə və ya gündüz olduğunu ayırd edə bilmədi. Ancaq danın sökülməsini gözləyə və əzab çəkə bilərdi. Bilirdi ki, açılan sabah onun yer üzündə keçirəcəyi son gündən savayı bir şey olmayacaq. Ancaq nə qədər ki, yaşayırdı, səhəri sakit qarşılaya bilmirdi. Elə bil səhərin gəlişi ona nəsə xoş bir ümid gətirəcəkdi.
Londonun küçələrinin sübh çağı bir anlığa ona ağrı – acını, tənhalığı unutdurdu. Hisli bağçalardakı ağacların yaşıllığı, Londonun toz və neft qoxulu, darıxdırıcı havası, sırayla düzülmüş tanış evlər düşdü. Həmin evlərin seyrəldiyi yerdiyi bir yerdə bir bina, bir otaq və bir açıq qapı vardı – fikirlərini uzun zamandan bəri məşğul edən qapı. O, bir anlıq özünü salamat hiss etdi. Acmışdı. Səma alçaq və qorxunc idi.
İyirmi altı yaşındaydı və bu iyirmi altı illik ömrünü xəsisliklə yaşamışdı. İndi bircə addımlığında dayanmış ölümü də real hesab etmirdi. Sevinc və kədərini bölüşdüyü adamlar uzaq qəsəbə və şəhərlərdə sabahın ümidilə yatırdılar. Dünyaya göz açdığı evdə indi göz yaşları hazırlanırdı. Gələn həftə hüzr yerinə gələnlərin ehsan od – ocağı üçün işlənəcək odun, sarayda səliqəylə çinlənib; açarının bir dili cibində olan həmin qapının arxasında arvadı şirin – şirin yatır və güman ki, sabah ərindən məktub alacaqdı: hər şey qaydasındadır.
“Mən öləndə dünya da mənimlə ölür” – bu, onun daxili inamı idi, indi o, dünyanı izləyir və anlayırdı ki, dünya ölənə oxşamır.
Saatı çıqqıldayırdı.Başı üstündə ulduzlar parlayırdı. O, kəskin ağrılı bu sakit gecədə ürəyinin zəif döyüntüsünü eşidirdi.
Bu döyüntü onun taqətsiz bədənini ölümə təhvil verməyə hazırlaşan sadiq mühərrikinin döyüntüsü idi. Xatirələr yenidən keçmişə baş vurdular: bədəninin gərilməsi ilə boşalması bir oldu; gülüş anı xatırlanan kimi tez də unuduldu, arvadının gözlərindəki təbəssüm bir andaca quruyub qaldı. Itirilmiş, heç zaman geri qayıtmayacaq, heç vaxt bilinməyəcək qürub çağları, rahatlıq və bolluqda keçən şirin dəqiqələr, gecələr səslənən musiqi… zərif sümük örtüklü davamsız beyninə toplaşmış hər şey, hər şey tezliklə sevimli dünyada çürüyüb məhv olacaqdı.
O inildədi, ağrı bədəninə hakim kəsildi, daxilindəki soyuq ilan düyünlənib şişdi.
Təəssüf hissi dəhşətli, qaynar sel kimi yandıra-yandıra onun bədəninin çulğadı, itirməyə hazırlaşdığı şirin canı, ötəri səadətin əriyən kövrək anları, çata biləcəyi hər şey, gələcyi, yaşaya bilmədiyi daha qırx illik ömrü dərdə-ələmə çevrilib boğazını tıxadı. Düşünürdü ki, ömrünün son saatlarının üstünə düşən kölgə qorxudan deyil, təəssüfdən, dərddəndir… dərddəndir… Dünya səssizlikdən don geyərək yavaş-yavaş onun sümük əhatəli beynindən çıxırdı. Tanıdığı və sevdiyi adamların surətləri birəbir uzaqlaşırdılar, elə bil kölgəlikdən axıb gedən sular solğun çiçəkləri qoynuna alıb aparırdılar; çöhrələri, tanış simaları qaranlıq birəbir udurdu, ancaq hər sifət qaranlığa qovuşamış gərilirdi, baxışlarıdan təəssüf oxunurdu.
Ömrümü başa vurdum, o düşünürdü, sanki boş yerə keçirməyə hədsiz vaxtım olub, indi anlayıram ki, bu bir tikə ömür necə də mənasız keçirmişəm. Keçmişim də gələcyim kim təəssüfə laiqdir; xoşbəxtlik anlarının itirilməsi, dostluğun çiçək açması üçün adicə məntiqin gözlənməməsi, müəyyən sözlər, baxışlar, tay-tuşların laqqırtısına səbəb olan hadisələr: müəyyən yerlər, səslər, iylər… hər şey, hər şey həm darıxdırıcı, həm də yorucu olmuşdu.
Indi, itirdiklərinin yasını saxlayanda, öz arvadı, öz evləri, birlikdə yaşayacaqları həyatları, xoşbəxtliyin tən bölünmüş dəqiqələri, əl-ələ verib rahatlığa aparan yolla addımlamalarına ağlayırdı.
Səhərin açılmasına az qalırdı. Hələ qaranlıq olsa da, şərqdəki ulduzlar seyrəlirdi. Üfüqdəki solğun, buz işıltılı yaşıl titrəyişlər genişlənir, yayılır, açıq sarı rəng get-gedə artaraq, tən ortasında hələ görünəyən günəş üçün yer hazırlayırdı.
Dərisi nəsə təzə əlamət sezdi, bu, ağrı deyildi, onun donuq bədəninə qayğıyla sığal çəkən istilik axını idi. Ancaq bu axın onun əzablarını lap az müddətə yüngülləşdirdi. Süb dumanı, bulud-falan yox idi ki, yandırıcı günəşin dözülməz istiliyinin qarşısına kölgədən sipər çəkəydilər – günəş onun bədənini hirslə döyəcləməyə başladı. O, gözlərini yumdu, ancaq işıq örtülü bəbəklərində dən içəri soxuldu.
Həndəvərdə hərlənən vəhşi heyvanlar saatlarla insanda həyat əlaməti sezmədilər; heç kim deyə bilməzdi ki, onlar təyyarəçinin hələ ölmədiyini hardan bilirlər. Quraqlıq və bürkü birləşərək havanı yandırıcı etmişdilər; uzun qollar zorla tərpəndilər; onlarda həyat əlaməti yox idi; qədar təbiətləri qırmızıqəhvəyi gözlərindən bilinən siçovullar bir mil aralıda hücüma müntəzim dayanmışdılar. Sıçovullar ömürlərində belə yöndəmsiz düşüb qalmış, çirkliqanlı pal-paltarı sökülüb dağılmış insana rast gəlməmişdilər.
Çəkdiyi əzablar azmış kimi, üstəlik, həyat əlaməti olamayan səhra milçəklərlə doldu; sanki onlar çılpaq daşlardan, barsız kol-kosdan, ölü və gərəksiz qumun özündən törəyib artırdılar. Onlar bədxahlıqla vızıldaya-vızıldaya, xıncım-xıncım olmuş, ağlasığmaz dərəcədə şişmiş ayağı yavaş-yavaş çürüyən, köməksiz və heysiz bədəni get-gedə haldan düşən insanın burnuna, ağzına, gözlərinə oturur, qalxır, təzədən oturu hər nöqtəyə yüz xortum soxurdular.
Sifətində laxtalanmış qanın rəngi indi tamam qaralmışdı, sınıq ayağı kötük parçasına oxşayrıdı, batıq gözlərində isə quru və sarımtıl zolaqlar əmələ gəlmişdi. Bu kökdə onu heç bir tanrı bəndəsi tanımazdı.
Əzabının ölüçüsü yox idi. Çəkdiklərinin üstünə yeniləri gəldikcə hiss üzvləri də genişlənirdi. Milçəklər, isti, susuzluq və kəsgin ağrıların üst-üstə əzabları yaşamaqdansa ölümə daha yaxın olan insan üçün adi işgəncə idi. əslində o, sanki kütləşmişdi, beyni gah dayanır, gah da oyanaraq keçmişin zülmətə bükülü səhnələrini xatırladırdı. Sonra o elə ayıldı, fikri elə aydınlaşıd ki, beyni də bədəninin çəkdiyi əzablara ortaq oldu.
Nə üçün, əbəs yerə düşünürdü, nə üçün gərək belə olaydı? Nə üçün mənim başıma belə iş gəlməliydi? Axı mən hələ nə qədər uzun və xoşbəxt ömür sürməliydim. Qırmızısifət, saqqalı və medallı kişinin sözü ilə özümə sənət seçib təyyarəçi oldum. Hər şey baş verə bilərdi, ancaq bir hadisə digərini doğurdu, qarşıya məqsəd qoyulur və həyata keçrilirdi. Beləliklə, mən uçurdum, müdafiə etmək istədiyim yaşıl diyarımız uğrundakı döyüşlərdən sağ-salamat çıxırdım. Nəhayət, hadisələr bir-birini dəqiqliklə əvəz etdikdən sonra mən axırda bu səhraya düşdüm. Deyəsən, Cincer Mataysonu da həmin düşmən təyyarəsi vurdu və mənim adım həlak olanların siyahısında onunkundan sonra yazılacaq. Haqqında heç nə bilmədiyim düşmənim isə mənim kimi limanları deyil, səmanı seyr edirmiş, odur ki, məni qabaqcadan görmüşdü. Bütün bunlar sanki uzaq keçmişdə olmuşdu, vaxtında düşməni görməməyim dözülməz səhvə gətirib çıxarmışdır. Indi, budur, milçəklər göz bəbəklərimi didişdirir, qan damarlarımda laxtalanır və anbaan bədənimdəki cuzi ehtiyat qüvəsi də tükənir, əbədi olaraq susuz qum diyarına gömülürəm.
Günəş zenit nöqtəsini ötüb keçdi, hər qum ləpəsinin kiçik kölgəsi başqa səmtə yönələrək get-gedə uzanırdı. Nəhayət, təyyarəçinin geniş açılmış əli yavaş-yavaş yumuldu, sonra açıldı. Bir saatacan keçdi, kölgələr azca böyüdü, əl təzədən yumuldu.
Kütləşən şüuru ilə ölüm arasında çoxdandı ki, saatınını cıqqıltısısnı eşidirdi. Birdən hiss etdi ki, saat daha işləmir. Bədənindən qəribə bir tirəyiş keçdi, sanki içərisində küt bıçaq burdular. Bədəni azca gərildi, başı xəfifcə tərpəndi, ağzının kənarındakı qara qan şırımı təzədən açıldı. Sonra tamamilə huşunu itirdi. Bir kölgə onun bədəninə sığal çəkə-çəkə keçdi, sonra ikincisi, daha sonra üçüncüsü keçdi; üç yırtıcı quş günəşlə təyyarəçinin arasında dövrə vururdu.
Nə qədər vaxt keçdiyi bilinmədi, təyyarəçinin taxtaya dönmüş göz qapaqları geniş açıldı və anladı ki, bir azdan axşam düşəcək. Nə isə yeni idi. O özünü qeyri-adi dərəcədə yüngül və salamat hiss edirdi; ağrılar hardasa lap uzaqlardan gəlirdilər; daxilindən dözülməz düyünlər indi yorğunluqdan doğan zəiflik təsiri bağışlayırdılar. Gözləri önündən axıb keçən rəngli işıqlar yavaş-yavaş tərpənən qığılcımlar yığınına bənzəyirdilər. Daha axırım çatıb, o düşündü, beyni qeyri-adi bir aydınlıqla işləyirdi. O əzablı-ağrılı peşmançılığını və nahaq yerə güdaza getməsini, öz-özünü mühakimə etməsini xatırladı, elə bil bütün bunlardan sonra qərinələr ötmüşdü. Hamı ölüb getməlidir, o düşünürdü və onu da anlayırdı ki, belə düşünməklə heç bir böyük və lazımlı kəşf etmir. Rəngli qığılcımlar qeyri-adi atəşfəşanıq saçaraq gözə görünməz ox ətrafında, səmanın maviliyi fonunda hərlənməyə başladılar.
Hə, öz-özünə deyirdi, bu hadisə gec-tez hamının başına gəlir, ya dəhşətlə qarşılanır, ya təəccüblə, ancaq gəlir. Bunu düşünürdü, havayı yerə ölüb getməsi on qorxudurdu. Axı o, ölümü üçün peşmaçılıq keçirmirdi, əldən buraxdığı xoşbəxtliyi və xoş güzəranı düşünürdü. Düşündüyümdən xeyli qabaq ölürəm, həm də təkcə ölürəm. Indi mən tək deyiləm, bu dəqiqə canını tapşıran təkcə mən deyiləm, biz ölürük – isti qum üstündə, donmuş torpaqda, qazamat divarları dibindəki qanlı kollar yanında, dağıdılmış binaların xarabaları altında, diri-diri yandırılaraq, acından, boğularaq, soyuqda, yağış altında, palçıqda, zülmət içində, yandırıcı günəş altında ölürük və hamımız da ancaq təəssüflə peşmançılıq keçiririk ki, bizi evdə gözləyən xoşbəxtliyi və rahatlığı əbədi itiririk.
Üstəlik, biz xəsisik, ömür boyu yaşamaqdan doymuruq; həttda indi, heç bir ümid yeri olmayanda, son həyat işartıları da əriyib gedəndən sonra, qana və sümüklərə ölüm sükutu çökhaçökdə, ac və ərköyün bağırsaqlar etiraz sələrini ucaldırlar, ən pisi budur ki, bir azdan oları gözləyən dəhşətli sonluqdan xəbərləri yoxdur.
Günəş səmada lap aşağı enmişdi. Vurulmuş təyyarənin, daşların, kolların və qum ləpələrinin birləşərək dolaşıq dolaşıq düşmüş kölgələri öz işıldayan əsillərindən daha real təsir bağışlayırdılar.
Ölməkdə olan adamın başı yanında, üstündə pərakəndə səpələnmiş daşlar və quru səhra zir-zibilin yığınları olan qum təpəciyi vardı. Bu zir-zibilin ömrü də mənimkindən uzundu, təyyarəçi düşündü. Bu təpəcik onun müşahidə etdiyi son nöqtə idi, onun bütün dünyası idi və qürub çağının qəribə işığında o nə isə nəhəng, lakin ağacları qurumuş parka bənzəyirdi. Bu onun müşahidə etdiyi son mənzərə idi. Ancaq ürəyi hələ də zəifcə döyünürdü. O, dərhal ölmədi; söndürülmüş ocağın külü altda yaşayan köz kimi, onunda bədənində həyatın hansı hənirisə hələ də yaşayırdı. Ancaq həşaratlar, çaqqallar və yırtıcı quşlar onun haçan öldüyün bildilər. Yanmış təyyarənin skleti yanında sümükləri səliqə ilə təmizlənmiş təyyarəçi skiletinin görünməsi o qədərdə çox çəkmədi…
… Ey dumanlı gələcəyin həmin kövrək sümüklərə rast gətirəcəyi ilk adam, onun nə üçün həlak olduğunu yada sal və qarşısında diz çök.
Tərcümə: Qabil ƏHMƏDLİ