Sərbəst vəzn hələ qədim dövrlərdən mövcud olmuşdur. Ayrı-ayrı misralarda müxtəlif saylı hecalardan istifadə qaydalarından və romalılar mütəşəkkil şəkildə istifadə edir və «Algey beyti» adlandırırdılar. «Algey beyti»ndə misranın biri səkkiz, digəri doqquz, bir başqası isə on, on bir, ya da on iki hecalı olurdu. Məlumdur ki, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri heca vəznində, yazılı ədəbiyyat nümunələri isə əsasən əruz, bəzi hallarda isə heca vəznində yaradılmışdır. Qədim türk abidələri olan «Orxon-Yenisey» və «Gültəkin» abidələrində sərbəst vəznin ilk rüşeymlərinə rast olunsa da, lakin bütün Yaxın Şərq xalqları ədəbiyyatı kimi, Azərbaycan ədəbiyyatında da sərbəst vəzndə XX əsrə qədər şeir yazılmamışdır.
Ümumiyyətlə, Avorpada sərbəst vəznə geniş maraq XIX əsrin sonu, XX əsrin əvvəllərindən başladığına görə, bir müddət sonra Azərbaycan sənətkarlarından S.Vurğun, R.Rza, M.Müşfiq və Ə.B.Fövzi bu vəzndən olduqca məharətlə istifadə etmiş, sonra isə bu ənənəni O.Sarıvəlli, Ə.Kərim, İ.İsmayılzadə, F.Qoca, F.Sadıq, Ə.Salahzadə, A.Abdullazadə, V.Səmədoğlu və b. davam etdirmişdir.
Şübhəsiz ki, sərbəst vəzn misraları necə gəldi qafiyələndirmək, daha doğrusu, qafiyəsiz düzmək, qırmaq, səpələmək demək deyil. Sərbəstlik vəznin poetik imkanlarına yaradıcı şəkildə, sənətkarlıqla yanaşmağı tələb edir. Sərbəst vəznin özünün ahəngi, ritmi, tempi, harmoniyası vardır. Sərbəst şeirdə hər misra, hər söz, hər bədii sual və nida, hətta bağlayıcı təzə fikrə keçiddir. Sərbəst şeirdə hər sözün bədii təsiri vardır. Sərbəst vəzn məzmunun hərtərəfli açılması üçün geniş imkanlar yaradan, onu dərindən mənalandırmağa imkan verən bir vəzndir.
Sərbəst vəzndə yazılan şeirlər heca vəzninin bölgü ahənginə, qafiyə quruluşunun isə çarpaz şəkildə qafiyələnməsinə uyğun gəlir. Sərbəst vəznlə yazılan şeirləri oxuyarkən ahəngin yaranmasını təmin edən cəhətləri nəzərə almaq lazımdır.
Ramiz Rövşənin «Qapı» silsiləsindən bir parçanı nəzərdən keçirək:
O ilin paltarı uzun Dörd il idi biçən yoxdu,
Uzanmışdı boyları O ilin qızları uzun
dörd il idi çalınmırdı toyları
uzanmışdı, uzanmışdı boyları.
O dörd il yollara boylanmaqdan
qoca-qoca qarılar da bəlkə boy atmışdılar,
Şahxanım nənənin oğlu
davadan qayıdanda ha uzatdı əlini
Qapının cəftəsinə
əli çatmadı, çatmadı.
Ancaq qapı elə həmin qapıydı, Qapı bir damcı da boy atmamışdı.
Şeirdəki misraları nəzərdən keçirəndə aydın olur ki, misralar ölçü etibarı ilə bir-birinə bərabər deyil. Buna baxmayaraq, şair heca vəzninin tələblərinə ciddi şəkildə əməl etmişdir. Misraların standart ölçüdən kənara çıxmasına baxmayaraq, ahəngdəki tarazlıq saxlanılır. Burda eyni zamanda nitqdə ifadəsini tapan daxili həyəcanlar vurğu, intonasiya vasitəsilə düzəlir. Burada yüksüz söz, rəng artığı, təsvir israfçılığı yoxdur. Şair rəsm etmir, o, yalnız obraza açılan pərdənin ucunu qaldırır, işarə ilə, detalla, ştrixlə dramatik lövhə, bədii mənzərə yaradır. Gözəl ahəngə malik olan bu lirik şeir parçası ilk baxışdan sərbəst təsiri bağışlayır. Lakin sərbəst vəzndə yazan bir çox sənətkarlarımışzın əsərlərində olduğu kimi, burada da misralar şeir vahidləri baxımından olduqca məntiqli bir nizamla düzülmüşdür. Azərbaycan snətkarları sərbəst vəzndə əsasən liro-epik, fəlsəfi- romantik əsərlər yazmışlar.
Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007