Poema – ədəbiyyatın lirik-epik təsviri növlərindən biri kimi süjetli mənzum hekayə, yaxud mənzum povestdir. Poema iri həcmli nəzm əsəridir. Burda təsvir olunan hadisələrin gedişində iştirak edən obrazlarla – qəhrəmanlarla yanaşı, lirik qəhrəman (şairin özü) aydın nəzərə çarpır. Poemada qəhrəmanın hərəkəti və həyəcanları, onun iştirak etdiyi hadisələr təsvir olunmaqla bərabər, həyat hadisələrinin şairdə doğurduğu hiss və duyğular da ifadə olunur. Şair bu hiss və duyğuları əsas süjetlə bağlı lirik haşiyələr vasitəsilə ifadə edir. Beləliklə, poemada əhvalatın iştirakçısı olan qəhrəmanlarla yanaşı «lirik qəhrəman» adı daşıyan spesifik bir surət də olur.
Qədim Yunanıstanda xalqın yaratdığı o epik əsərlərə poema adı verilirdi ki, orada əfsanəvi qəhrəmanların, yaxud «tanrılar»ın həyatından və şücaətindən bəhs olunsun. Xalq fantaziyasının məhsulu olan bu surətlər Qədim Yunanıstandakı xalq həyatının mühüm cəhətlərini əks etdirirdi. Homerin «İliada» və «Odisseya» əsərlərinin əsas qəhrəmanı xalqdır: bu kimi əsərlərin mifologiya və xalq əfsanəsi formasında ifadə olunan məzmunu əsas etibarilə xalqın həyat və mübarizəsindən ibarətdir. Rus poemaları da belədir.
Yazılı ədəbiyyat yaranandan sonra poema ən çox yayılmış növlərdən biri olur. Tarixi şəraitin dəyişilməsi ilə əlaqədar poemanın məzmun və forması dəyişmir. Yusif Balasaqunlunun yazdığı «Qutadqu bilik» (Xoşbəxtliyə aparan elm, 1069/1070) ilk türkdilli poemalardandır. Əruz vəznində yazılmış bu əsərdə müəllifin fəlsəfi düşüncələri, dövlət, təbabət, riyaziyyat, astronomiya və s. haqqında fikirləri ifadəsini tapmışdır.
Poemanın çiçəklənməsi romantizm dövrü ilə bağlıdır, bu zaman poemada subyektiv – lirik cəhətlər ən parlaq ifadəsini tapmış və poemada qəhrəman surəti yaranmışdır. Dahi Füzulinin «Leyli və Məcnun» poeması bütün bəşər övladının, insanda olan ən yüksək və humanist sifətləri (Leyli və Məcnunun timsalında) özündə təcəssüm etdirən dünya ədəbiyyatının ən şah əsərlərindən biridir.
Məlumdur ki, poeziya öz iri addımlarını poema ilə atır. Şeirin müasir prosesini şərtləndirən obyektiv amillər, bugünkü poemanın da taleyinə təsirsiz qalmamışdır. Lirik poema, poema-sənəd, poema- reportaj, poema-müraciət assosiativ kompozisiya əsasında qurulan poema-monoloq və s. bu kimi formalar son dövrlərin Azərbaycan poemaları üçün səciyyəvidir. XX əsrin əvvəllərində Nizami, Füzuli ənənələrindən bəhrələnən Abbas Səhhət «Şair», «Şeir pərisi», «Şəhərli», «Əhmədin qeyrəti» və s. kimi əsərlər yazmışdır.
XX əsrin ikinci yarısında Azərbaycan poeması öz yeni təşəkkül, formalaşma axtarışlarını davam etdirdi. «Partizan Aliyə» (M.Dilbazi), «Memarın məhəbbəti» (A. Babayev), «Zəfər dastanı» (H.Hüseynzadə), «Apardı sellər Saranı» (M.Gülgün), «Həsrət», «Məhəbbət» (N.Həsənzadə), «Ürək əfsanəsi» (S.Tahir), «Müqəddəs kədər» (Məmməd İsmayıl), «Sevgi günü» (Ş.Aslan) «Toyda» (D.Nəsib), «Dörd yaşında fikir çəkdim» (Ayaz Vəfalı), «Oğlumun babasına» (G.Fəzli), «Ad» (M.Yaqub), «Sular qızı» (M.İsgəndərzadə) bu axtarışları əks etdirirdi.
Epik və lirik poemanın üzvi qaynaqlarını klassik poemanın bütün tarixində və təcrübəsində Bayronun, M.Hadinin, H.Cavidin, S.Vurğunun əsərlərində izləmək olar.
Azərbaycan, eləcə də Şərq ədəbi-bədii fikir tarixində əhəmiyyətli yer tutan, yeni yaradıcılıq ənənələrinə və zəngin bədii irsə sahib olan Seyid Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) «Heydərbabaya salam» poeması Azərbaycanın məlum regionunun tarixi salnaməsidir. Ustad sənətkar poemada varlığı əsas predmet kimi götürmüş, xalqın həyat və yaşayış tərzini, məişətini özünəməxsus ümumiləşdirmə yolu ilə, olduqca əlvan boyalarla əks etdirmişdir.
Heydərbaba dağ adıdır. «Heydərbabaya salam» isə möhtəşəm bir sənət dağıdır. Ustad Şəhriyar «tarixin bütün hadisələrini gözü ilə görmüş və onu sinəsinə zəbt etmiş» Heydərbaba dağından bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini dünyaya bəyan etmişdir. Şəhriyar «Heydərbabaya salam» əsəri ilə «Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq ola bilmişdir». Nümunə üçün əsərdən bir epizodu nəzərdən keçirək.
Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı silmişdim,
Halbuki lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.
«Heydərbabaya salam» poeması vahid Azərbaycan ideyası, zülmə, əsarətə və köləliyə qarşı etiraz motivləri əsasında, ata-baba qaydalarına, el-adət və ənənələrinə rəğbətlə, el oyunlarının və bayramlarının təsviri ilə, xalq ruhunun bədii ifadəsi və vətən tarixinin bir salnaməsi kimi yaradılmışdır.
Poema sözün əsl mənasında şeirin avanqardıdır, poetik fikrin dərinlik, vüsət və əzəmət ölçülərini ağır çəkidə təmsil edən bir janrdır.
Müasir poema yalnız xalis müasir mövzu ilə kifayətlənmir, tarixə və tarixi şəxsiyyətlərə tez-tez müraciət edir. Lakin son illərin məlum hadisələri bir sıra sənətkarlarımızı daha dərindən düşündürmüş və onlar bu ictimai-siyasi hadisələri ən bitkin epik lövhələrlə təhlil etmək üçün poemanın imkanlarından olduqca peşəkarlıqla istifadə etmişlər. Belə sənətkarlardan birinin – vətənpərvərlik mövzusu bütün əsərlərində qırmızı xətt kimi keçən Bəxtiyar Vahabzadənin 1990-cı ilin 20 yanvarında azğınlaşmış rus sovet qoşunlarından vətəni, torpağı qorumaq üçün yalın əlləriylə düşmən qarşısına çıxıb, sinələrini quduz neofaşistlərin gülləsi qabağına verən və uca Allahın yanında böyük şərəfə nail olaraq şəhidlik zirvəsinə qalxan şəhidlərimizə həsr etdiyi «Şəhidlər» poeması tarixi bir salnamə, ədəbi bir kitabə, möhtəşəm bir qəhrəmanlıq dastanıdır.
Şəhidlərin ölməz ruhunu əziz tutan şair, onların vətən torpaq sevgisini, yalın əllə ana yurdu, vətənin paytaxtı gözəl Bakını qorumaq üçün düşmənlə mübarizə misilsiz qəhrəmanlıqlarını belə tərənnüm edir (poemadan bir parça)!
Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
Müasir poema yalnız ideya-fikir sahəsində yox, klassik poeziyanın ənənə, bəhr, üslub, forma sərvəti ilə yaradıcı şəkildə bəhrələnməyin parlaq nümunəsidir. Eyni zamanda fitri, təbii, coşğun ilhamın, həqiqi şair zəhmətinin məhsuludur.
Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007