İosif Brodski

İosif Brodski

Rus şairi və esse ustası İosif Brodski (1940-1996) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun milliyyətcə yəhudi olan valideynləri bir neçə dil bilən ziyalı insanlar olmuşlar.

1947-ci ildə orta məktəbin 1-ci sinfinə gedən Brodski sonra bir neçə məktəb dəyişir. Dördüncü sinfi bitərən İosifə sinif rəhbəri belə bir məzmunda xasiyyətnamə verir: «Bu uşaq xarakterinə görə inadkar, sarsılmaz, həm də tənbəldir. Yazılı ev tapşırıqlarını ya çox pis yerinə yetirir, ya da ümumiyyətlə yerinə yetirmir.

Dəftəri dərsə aidiyyatı olmayan qeydlər və rəsmlərlə doludur. Bunlara baxmayaraq, qabiliyyətlidir, əlaçı da ola bilər, lakin cəhd göstərmir». Yeddinci sinfi bir neçə «iki» ilə «başa vuran» gələcəyin şairi təhsilini axşam məktbinə dəyişir və azad dinləyici kimi universitet mühazirələrində iştirak edir. Sonda o, sərbəst mütaliə hesabına geniş erudisiyalı bir şəxsə çevrilir. Qısa bir vaxtda ingilis və polyak dillərini dərindən mənimsəyir, latın, italyan və fransız dilində mətnləri çətinlik çəkmədən oxuyur.

Brodski 16 yaşından şeir yazmağa başlayır. 1957-ci ildə onun "Əlvida, unut, qınama" adlı məşhur şeirlərindən biri çap olunur. Bu şeirə görə böyük rus şairəsi Anna Axmatova «onun şərəfli taleyə malik olacağını və ağır həyat sürəcəyini» qabaqcadan söyləyir. Bir neçə il gərgin axtarışdan sonra Brodski öz yerini «tapır», poeziyada dünyanı özünəməxsus şəkildə görmə, duyma və qavrama rakursunu, ritmini və üslubunu müəyyənləşdirir. 1958-ci ildən onun şeirləri çap olunmağa başlayır. Lakin 60-cı illərin əvvəllərində onun yaradıcılığına faktiki olaraq qadağa qoyulur. 1964-cü ildə şairin əleyhinə «tüfeyliliyə görə» cinayət işi qaldırılır və ona məhkəmə qurulur. Brodskinin məhkəməsinə jurnalistlərin və yazıçı Viqdorovanın buraxılması sovet məkanında insan hüquqları uğrunda mübarizədə mühüm mərhələ hesab olunur. Xüsusi istedada malik bir gənc hazırcavablılığı ilə sovet məhkəmə sistemini ifşa edir:

Hakim: Şiz nə ilə məşğul olursunuz?
Brodski: Şeir yazıram, tərcümə edirəm.
Hakim: Sizin daimi iş yeriniz varmı?
Brodski: Mən belə başa düşürəm ki, bu, daimi iş yeridir.
Hakim: Dəqiq cavab verin.
Brodski: Mən şeirlər yazıram və hesab edirəm ki, onlar cap olunacaq.
Hakim: Siz cavab verin, nə üçün işləmirsiniz?
Brodski: Mən işləyirəm, mən şeir yazıram.
Hakim: Bizi bu maraqlandırmır, ümumiyyətlə, sizin sənətiniz nədir?
Brodski: Şair, şair- tərcüməçi.
Hakim: Sizin şair olmağınızı kim tanıyıb, sizi şairlər sırasına kim daxil edib?
Brodski: Heç kim. Onda məni insanlar sırasına kim daxil edib?
Hakim: Siz haradasa bunu öyrənmisinizmi?
Brodski: Nəyi?
Hakim: Şair olmağı. Bunu hazırlayan ali məktəbə daxil olmağa cəhd göstərmisənmi?
Brodski: Mən inanmıram ki, bu, təhsillə verilsin.
Hakim: Bəs haradan verilir?
Brodski: Mən hesab edirəm ki, bu, Allahla bağlıdır.

Məhkəmə Brodskini «tüfeyliliyə» görə 5 il azadlıqdan məhrum edir. İnsanın şeirlərinə və fikrinə görə həbs edilməsi o zaman Qərb dövlətlərini şoka salmışdı. Qərbdən dəstək gələnə qədər sovet mədəniyyətinin bütün görkəmli nümayəndələri ayağa qalxmışdılar. Gənc şair məhkəmə sistemini ifşa etməklə yanaşı, həm də ziyalılıarın birliyinə nail olmuşdu. Şairin vətənindəki həyatına diqqət edək: o, 15 yaşında orta məktəbi tərk edir, 18 yaşında «tüfeyli» şair adını qazanır, 20 yaşında həbs olunur, 23 yaşında həbsxanada psixiatrik klinikaya salınır, 32 yaşında ölkəni məcburi tərk edir.

Arxangelskə sürgün edilən Brodski elə həbsxanada ikən həyatının gələcək istiqamətini müəyyənləşdirir. Bu, həyatını poeziyaya həsr etmək yolu idi. O zaman tanınmış sovet mədəniyyət xadimləri Axmatova, Çukovski, Marşak, Paustovski, Şostakoviç onun azadlığa buraxılması üçün sovet rəhbərliyinə dəfələrlə müraciətlər edirlər.

Bir ildən sonra o, azadlığa buraxılır və vətəni Leninqrada qayıdır. Bu dövrdən başlayaraq Brodski beynəlxalq aləmdə tanınan yaradıcı şəxsiyyətə çevrilir. Şair bir sıra Qərb universitetlərində mühazirələr söyləmək üçün dəvətlər alır və şeirləri Avropada çap olunur. Nəhayət, 1972-ci ildə Brodski mühacirət yolunu seçir. Hava limanında sənətkar acı-acı deyir: «Yaramazlar, heç olmasa məni vətəndaşlıqdan məhrum etməyin. Nə vaxtsa mən bu torpağa ya ruhum, ya da kitablarımla qayıdacağam».

O, bir müddət Vyanada yaşadıqdan sonra Amerika Birləşmiş Ştatlarına gəlir. Burada iki dildə şeir və nəsr əsərləri yazmağa başlayır və Kolumbiya, Miçiqan, Nyu-York universitetlərində mühazirələr oxuyur. Mühacir şair tez bir zamanda Amerikada rus mədəniyyətinin mərkəzi təmsilçisinə çevrilir. 1980-ci ildə Brodski Massaçusetsdə məşhur «Beş kollec»də professor vəzifəsini tutur. Bununla yanaşı, Miçiqan, Kolumbiya, Kembric universitetlərinin professoru seçilir. 1978-ci ildə o, həmçinin Yel Universitetinin fəxri doktoru və ədəbiyyat üzrə professoru, bir ildən sonra isə Amerika İncəsənət və Ədəbiyyat Akademiyasına üzv olur. Ölkəsində özünü tapa bilməyən istedadlı bir şəxsin qısa bir vaxtda yad, lakin sözə və fikrə görə insanı təqib etməyən bir ölkədə fəth etdiyi zirvələr insanı heyrətə gətirir.

Brodski poeziyası müstəsna ustalığı, fəlsəfi dərinliyi, parlaq ironiyası və kəskin təxəyyülü ilə seçilir. Romantik istehzanın köməyi ilə sənətkar öz şeirlərində tənha insanı dünyada hökm sürən ədavətə, kinə qarşı qoyur. Bu ovqat onun «Səhrada dayanacaq», «Uraniya», "Çıxışın hissəsi" şeirlər toplusunda dolğun əks olunub. Onun «Vahiddən kiçik» adlı esselər toplusu, «Gözəl əsrin sonu», «Roma elegiyaları» şeirlər kitabı 1986-cı ildə ABŞ-da ədəbi tənqid sahəsində ən yaxşı tədqiqat işi və ən yaxşı şeirlər kimi qiymətləndirildi.

1987-ci ildə İosif Brodski «kəskin zəkası və dərin poetikliyi ilə seçilən çoxşaxəli yaradıcılığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Onun 1991-ci ilin 5-8 dekabrında keçirilən Nobel yubileyi sipoziumunda etdiyi çıxış xüsusilə böyük maraq kəsb edir. Şair bu çıxışında XX yüzilliyin ədəbiyyatını xarakterizə etməyə çalışıb. Həmin çıxışın bir hissəsində deyilir:

«Mən bu qış gecəsində XX əsrin axırıncı onilliyinin birinci ilində öz yüzilliyimizə baxıb, 6 böyük yazıçı görürəm və onları xatırlamaq istəyirəm: Bu, Marsel Prust, Frans Kafka, Robert Müzil, Uilyam Folkner, Andrey Platonov və Semuel Bekketdir. Onlar bizim yüzilliyin ədəbi peyzajının zirvələridir; bu əsrin ədəbiyyatının Alp, And və Qafqaz dağları arasında onlar həqiqi Himalaylardır. Bu yazıçılar zərrə qədər də olsun, ötən əsrin ədəbiyyat nəhənglərindən geri qalmırlar. Onların əsərləri əsl həqiqətdə XIX əsrin romanlarının dayandığı yerdən başlanıb. Özü də daha çətin şəraitdə. Son hesabda ədəbiyyat toplanan xoşagəlməz hadisələrə qarşı insanın müqavimət göstərə bilməsinin xronikasıdır.

Bu dahi altıların fərqli və oxşar cəhətləri nədən ibarətdir? Birincisi, onlar komanda oyunçusu olmayıblar. Əksinə, tənha olublar. Son nəfəslərinə qədər nə qəddar diktatorlara nə də şirindilli yepiskoplara tabe olmayıblar. Bu altıların sənəti şair demişkən məntiqin yoxa çıxdığı yerdən, XIX əsrin süjet və kompozisiyalar sisteminın dağıldığı yerdən başlanıb. Diqqət edin Kafkanın „Qəsr“, Müzilin „Xassəsiz insan“, Platonovun „Çuvenqur“ romanları həmçinin Folknerin, Prustun, Bekketin əsərlərinə tamamlanmış əsərlər kimi baxmaq mümkün deyil. Neçə ki epos mərkəzdənqaçandır, əslində o heç vaxt tamamlana bilməz. Həmin gözəl altılığın əsərlərindəki mərkəzdənqaçma qüvvəsinin getdikcə genişlənən hərəkətinin mənbəyində duran — dəqiqlikdir. Tərəddüd dəqiqliyi, həm özünün və həm də yazı üslubunun hərəkətverici qüvvəsidir. Başqa sözlə hekayədən əvvəl nəğmənin mövcud olmasına baxmayaraq, modernistlərin dilin təhkiyə üzərində hakimiyyətini qaytarması ilə ədəbiyyat öz inkişaf dairəsini tamamladı. Poeziya təqlid (yaxud yamsılama) üçün yaramır.

Məhz bu keyfiyyət ona imkan vermir ki, demoqrafik hadisəyə çevrilsin. Terminologiya, yarlıqlaşma, təsnifatlandırmalar ədəbiyyatı demoqrafik reallığa gətirib çıxarıb. Son anda mən hesab edirəm ki, „modernistlər“ kimlər ki, dilin diktatına (əmrinə) tabe olub, onu etik, tarixi və ictimai həmrəyliyə tabe etdirməyiblərsə, biz onları „yaxşı yazıçılar“ kimi fərz edirik. Kim ki özünü dilin aləti hesab edirsə onları nəzərdə tuturam, əksini yox. İncəsənət nə yaradırsa yaratsın: lap yeni estetika olsun, etika ondan əmələ gəlir. Bu incəsənətin istənilən ictimai qanundan yaşlı olmasından irəli gəlmir, ondan irəli gəlir ki, onu ictimai qruplar yox, fərdlər yaradıb.

Bir neçə il əvvəl mən demişdim: estetika — etikanın anasıdır. Mənim sənətimin daşıyıcısı olan hər bir kəs şeirin ən əvvəl vokal olduğunu bilir, bilir ki, şeir öz başlanğıcını mənadan yox, səsdən götürür və yazar, yazı anında estetik seçim edir – bu, dilin seçimidir. Bununla yanaşı, istənilən həlledici seçim, məsələn, „sevgi“ seçimi də estetik mahiyyət daşıyır. Etika üzərində seçimə söykənsək „itə“ də üstünlük verə bilərik. Bütün bunlar mahiyyətcə bizim yüzilliyin ikinci yarısında nəsr sənətinin başına gələnlərdir. Son onilliklər kimi ədəbiyyat üçün mülayim mühit heç vaxt olmayıb. Mən yazmağa başlayanda ədəbiyyat yüzə yaxın müəllifi əhatə edirdi. İndi kitab dükanlarına baxıram, solist və qrup albomlarıyla zəngin val-plastinka dükanına bənzəyirlər. Bütün bu albomlardakı qruplar və solistləri dinləmək mümkün deyil, çünki buna heç ömür də bəs etməz. Həm də ona görə ki, onların əsas üslubu-səs küydür. Bütün bunlar müasir ədəbiyyata da aiddir. Onun didaktik səs-küyü, bu səs-küydən fərqlənmir.

Öz müxtəlifliyinə, xüsusən dəhşətli yaşantılarına baxmayaraq, iyirminci əsrdə bizim rəflərimizin əsas sahəsini zəbt edənlər daha çox maklatura üçün yararlıdır. Çünki bizim əsrin ədəbiyyatı özünün bugünkü sifətiylə fərdin azadlığına deyil, özünün və onun ictimailəşməsinə can atır. Əsrin son 25 ilini o öz yerini kino və televiziyaya verdiyinə görə bunlar onu lazımsız bir şeyə çevirib».

Brodskinin 1989-cu ildə yazdığı şeirlərindən biri bu misra ilə başlayır: «Tezliklə başa çatan əsrdən əvvəl mən olmayacam». Belə də oldu. Böyük şair və mütəffəkir 28 yanvar 1996-cı ildə dünyasını dəyişdi. Onu vəsiyyətinə uyğun olaraq, Venesiyada dəfn etdilər.

İ. Brodskinin Nobel mükafatının təqdimetmə mərasimindəki çıxışı
İsveç Akvdemiyasının möhtərəm üzvləri, zat-aliləri, xanımlar və cənablar! Mən Baltikanın o biri sahilində doğulub böyümüşəm. Arabir, xüsusən payızın aydın günlərində haradasa Kelomayki tərəflərdəki çimərlikdə dayanıb suların şimal-qərb istiqamətindəki vərəqi üzərindən barmağını tuşlayan tanışım deyərdi: «Torpağın mavi zolağını görürsən? Ora İçveçdi». Əlbəttə, o, zarafat edirdi: çünki bucaq düz deyildi, nədən ki, açıq məkanda insan gözü yalnız iyirmi mili əhatə edə bilərdi. Məkan isə açıq deyildi.

Amma yenə də olsa, xanımlar və cənablar, mən çox şadam ki, biz eyni hava ilə nəfəs almışıq, eyni balıqdan dadmışıq, ara-sıra, radioaktivdirsə belə, eyni yağış altında islanmışıq və ağacların eyni iynə yarpaqları bizi darıxdırıb da. Küləyin səmtindən asılı olaraq pəncərədən baxanda mənim gördüyüm buludları siz də görmüsünüz və ya əksinə. Mən çox şadam ki, bu zalda rastlaşanadək artıq bizim ümumi cəhətlərimiz olub.

Bu zala gəlincə isə düşünürəm ki, bir neçə saat əvvəl o bomboşdu və bir neçə saat sonra o, yenidən boşalacaq. Bizim buradakı iştirakımız, xüsusən də mənim, divarların nöqteyi-nəzərinə görə, tam təsadüfidir. Məkanın nöqteyi-nəzərincə, ümumiyyətlə, ondakı istənilən iştirak təsadüfidir, təbii ki, yalnız hərəkətsiz və bir qayda olaraq cansız peyzaj əlamətləri yoxdursa: deyək ki, hərəkətindən doğan süxur yığımı, təpə zirvələri, çay döngələri. Məhz kiminsə və ya nəyinsə öz içinə vərdiş etmiş məkanda bu sayaq qəfil peyda olması da hadisə hissiyyatı doğurur.

Məhz bu səbəbdən mənə Nobel mükafatı vermək qərarınıza görə sizə təşəkkür etməklə əslində əhatəli ədəbi peyzajdakı buz qayalarına xas dəyişməzlik keyfiyyətlərini mənim işimdə qiymətləndirdiyinizə görə özümü sizə minnətdarlıq etmiş sayıram. Mən yaxşı anlayıram ki, gizlətdiyi soyuqluq, lazımsızlıq, uzun və sürətli erroziya səbəbindən bu müqayisə riskli görünə bilər. Yaxın keçmişdə poetik auditoriya çox az hallarda əhalinin bir faizini əhatə edirdi. Buna görə də, antik və intibah dövrü şairləri saraylara və hakimiyyət mərkəzlərinə can atırdılar; məhz buna görə bu günün şairləri universitetlərdə, elm mərkəzlərində məskən salırlar. Sizin Akademiya mənə hər ikisinin qarışığı kimi görünür və əgər gələcəkdə də-onda ki, biz olmayacağıq- sizlərin səyi nəticəsində bu faiz tənasübü saxlanacaqsa, ümid edirəm, demoqrafik partlayış haqda düşüncə sizi ruhlandıra bilər. Hətta həmin faizin dörddə biri bu gun üçün də bir ordu oxucu deməkdir.

Ona görə də, mənim minnətdarlığım, xanımlar və cənablar, bütünlüklə eqoist xarakter daşımır. Mən sizə o kəslərə görə minnətdaram ki, həm bu gün, həm də sabah öz qərarınızla onları şeir oxumağa sövq edir və sövq edəcəksiniz. Mən, böyük amerikan həmvətənimin bir vaxtlar söylədiyi kimi, insanın ayaq üstə qalxıb (düşünürəm ki, o, bu zalı nəzərdə tuturdu) qələbə çaldığına az inanıram, amma mən büsbütün əminəm ki, şeir oxuyan insan üzərində qələbə çalmaq şeir oxumayanla müqayisədə xeyli çətindir.

Əlbəttə, Sankt-Peterburqdan Stokholma — bu, olduqca kəsə yoldur, amma mənim peşəmin adamı ücün iki nöqtə arasında ən qısa yolun düz xətt olması təsəvvürü öz cəlbediciliyini çoxdan itirib. Ona görə də coğrafiyanın ali ədalət ölçüsü olduğunu anlamaq mənim üçün çox xoşdur. Sağ olun.

Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” əsərindən
Top