Vətən | Aleksandr Kuprin

Vətən | Aleksandr Kuprin

Əşyalar, hadisələr və sözlərin dərinliyinə varanda və inadla baxanda onlar qeyri-adi görünür. Yeni rəng və çalarlar hər zaman göz önündə dayanır.

Bax, Vətən anlayışı budur. O, nə qədər darısqal və ölçüsüz, hər şeydən üstün, mübaliğəsiz genişlikdə olsa belə, böyüyəcəkdir.

Mən ona qarşı sevgimi ən primitiv formada tanıdım — vəhşilərin öldüyü və meymunların vərəmə tutulduğu həsrət, xəstəlik obrazında… Mən üç yaşımdan iyirmi yaşıma kimi moskvalı idim. Ailəmiz hər yay bağa gedirdi: Petrovski parkına, Ximkaya, Boqorodski, Petrovsko-Razumovski, Ramenskiyə, Sokolnikə. Yaşıllıqlar içərisində yaşayarkən Moskvanın daş-kəsəyi üçün, təkcə anamın başa düşdüyü — heç olmazsa həftədə bir dəfə şəhər gəzintisinə çıxmaq, onun isti, tozlu küçələrində yürümək, əhəng, qaynar asfalt qoxusunu içinə çəkmək, dəmir və daş gurultusunu dinləmək ehtiyacı səbəbindən o qədər darıxırdım ki…

Bir dəfə — biz o zaman Ximkada, Nikolayevski dəmir yolunun 21-ci verstində yaşayırdıq — evdə pul qalmamışdı. Moskvaya piyada getdim, tanış məruzəçinin evində qaldım və piyada geri qayıtdım, tamamilə ac idim, amma ruhum zənginləşmiş, dincəlmiş və rahatlamışdı.

Lakin məkan üçün darıxmaq, tale məni — yenicə tərxis olunmuş leytenantı Cənub-Qərb vilayətinin ən uzaq yerinə tulladığı zaman xüsusilə dözülməz oldu. İlk günlər və həftələr o qədər darıxırdım ki! Yad adamlar, yad adət və ənənələr, Qara dəniz ucqarının sərt, soluxmuş, darıxdırıcı məişəti… ən əsası isə — bu lap çox hiss olunurdu — vəhşiyanə, pozuq şəkildə rus, malorus, polyak və moldovan dillərinin xoşagəlməz qarışığı...

Gündüzlər hardasa dözmək olurdu: darıxmağı əmək fəaliyyəti, mühüm görüşlər, nahar və şam yeməyi yığıncaqları ilə ört-basdır edirdim. Amma gecələr çox əzab çəkirdim. Həmişə də eyni yuxunu görürdüm: Moskva, Presnedəki Pokrov kilsəsi, Kudrinskaya Sadovaya, Malaya və Bolşaya Nikitskilər, Novinski Bulvarı...

Və yuxuda belə hər zaman hiss edirdim ki, onu heç zaman görə bilməyəcəyəm: son, ayrılıq, demək olar ki, ölüm. Öz hönkürtülərimin səsinə oyanırdım. Yastıq su içərisində olurdu… Amma dözürdüm. Bu zəifliyim haqqında heç kimə danışmırdım.

Həm də necə danışasan? Xidmətdə olduğum üçün gənc əsgərlərin xidmətdən qaçma hallarını istintaqa mən bildirməli idim. Çətin ki, həmkarlarımın hansısa onların cinayətinin günahsızlığını mənim qədər dərindən hiss edəydi. Axı mən də heç olmazsa bir dəqiqəliyə Moskvaya getmək, ora nəzər salmaq, qoxusunu içimə çəkmək istəyirdim… Amma mən intizama nəzarət edirdim və rəhbər idim.

Lakin bu qəddar hisslər keçib getdi. Zaman nəyi unutdurmur ki… Sonra mən hər tərəfi gəzib-dolaşdım, demək olar ki, bütün orta Rusiyanı gəzdim. «Məkan həsrəti»m sakitləşdi.

Daha sonra isə xarici ölkələri gəzdim. Məlum oldu ki, mənim vətən həsrətim ancaq genişlənir. Həmişə sarsılmaz, möhkəm mənəvi təməlim var idi: «Necə olsa da, orada evim var. Nə vaxt istəsəm gedərəm». Amma dönüş zamanı çatdı. Böyük ayı bürcü; onu gecənin bir yarısı görmək olur, sağdakı iki ulduzdan yuxarıya doğru xətt çəkirsən, demək olar ki, qütb ulduzuna çatırsan. Şimal. Və səni Rusiyaya çəkir, Moskvaya yox, məhz Rusiyaya. Çemodana bəzi xırda-xuruş əşyaları yığırsan, üçüncü sinif kupe və… səfər. 

İndi isə xəstəlik «kəskinlik» gücünü itirib və xroniki xarakter alıb. Gözəl ölkədə yaşayırsan, ağıllı, xeyirxah adamların, nəhəng mədəniyyət abidələrinin arasında… amma hər şey qəsdən bu cür baş verir, sanki kinematoqrafın filmi geri göndərilir. Və bütün sakit, axmaq kədərin səbəbi odur ki, artıq yuxuda ağlamırsan və arzularında Znamenski meydanını, Arbatı, Povarskini, Moskvanı, Rusiyanı yox, ancaq qara dəliyi görürsən.

1924

Tərcümə edən: Xatirə Nurgül
Top