Kitab xəstəsi | Herman Hesse

Kitab xəstəsi | Herman Hesse

Biri var idi, biri yox idi. Bir oxucu vardı. O, həyat burulğanlarından cavan yaşlarında ikən qorxaraq kitablara sığınmışdı. Evində çoxlu kitablar vardı, ancaq kitablarla ünsiyyət qururdu. Ən doğru, həqiqi gözəlliyə böyük həvəslə mübtəla olması, bəşəriyyətin ən nəcib, alicənab dərrakələri ilə ünsiyyəti ona təsadüflərlə rastlaşmaq və təsadüfi insanlara qoşulmaqdan daha səmərəli gəlirdi. Həyat insanın yolunu onsuz da istəyindən asılı olmayaraq bu cür təsadüflərə rast gətirir. Onun ev kitabxanasındakı kitabların müəllifləri qədim yunan və roma ədibləri və müdrikləri idi.

Oxucu onların yazı dilini çox sevirdi. Bu dil ona çox müdrik gəlir, düşüncələri ilə uyğunluq təşkil edirdi. Oxuduqca o, insanların zamanla niyə bu cür yüksək mövqelərdən azdığını, səhv yollara düşdüyünü anlaya bilmirdi. Axı bu qədim insanlar elmin bütün sahələrində zirvələri fəth etmişdilər. Höteni nəzərə almasaq, yeni gələn nəsillər demək olar ki, ədəbiyyata heç nə verməyib. Bəşəriyyət bu kitab fədaisinə heç də maraqlı olmayan, hətta lazımsız hesab etdiyi – avtomobillər və hərbi sursatların, dirinin ölüyə, təbiətin rəqəm və pullara çevrilməsi sahəsində xeyli inkişaf etmişdi.

Oxucu sakit həyat sürürdü. O, öz kiçik bağçasında Feokritin şeirləri dilinin əzbəri idi. Xəyallarında antiklərin – xüsusilə də Platonun söylədiklərini düşünür, onlara əməl etməyə çalışırdı. Hərdən ona elə gəlirdi ki, həyatı çox kasıb və məhdudiyyətlər içində keçir. Lakin, oxuduqlarından ona məlum idi ki, ağıllı insan xoşbəxtlik, bolluq və rəngarənglik içində keçirdiyi həyatla deyil, sadiqliyi və öz tələblərini məhdudlaşdırmağı ilə xoşbəxt ola bilər.

Qonşu dövlətlərin birinə kitab almağa gedən oxucu bir axşamını teatrda keçirir. Və onun sürdüyü bu sakit həyat pozulur. Teatrda Şekspirin bir dram əsərini tamaşaya qoymuşdular. Məktəb illərində bu əsəri oxumuşdu. Bu böyük və qaranlıq məkanda özünü məyus və gərgin hiss edirdi. O, qələbəliyi sevmirdi. Amma, özündə tezliklə bu dramın mənəvi çağırışına bir yaxınlıq hiss etdi və tamaşanı çox sevdi. Teatrşünas olmasa da, ssenarinin və aktyor oyununun ortabab olduğunu başa düşürdü. Lakin buna baxmayaraq, hansısa bir işığı, onu bürüyən, indiyə qədər görmədiyi bir ovsunun gücünü hiss edirdi. Pərdələr bağlananda teatrdan sərxoş kimi qaçdı. Səfərini davam etdi və bu ingilis yazıçısının bütün əsərlərini alıb özü ilə evə gətirdi.

İlk dəfə oxucunun dünyasına bir dəlik açıldı ki, oradan onun antik sakitliyinə hava və işıq doldu. Bəlkə də bu hisslərin hamısı oxucunun daxilində varıydı. Bəlkə də bu hisslər hələ indi onun qəlbində baş qaldırırdı. Bütün bunlar necə də qəribə və yeni hisslər idi. Çoxdan dünyasını dəyişmiş ədib heç bir ideala etiqad etmirdi. Əgər edirdisə də, onlar antik yunanlar deyildilər. Şekspirə görə bəşəriyyət tənhalığı seyr edən məbəd deyildi. O,bir dəniz idi. Bu dənizdə məhrumiyyətlərindən xoşbəxt, alın yazılarından sərxoş olmuş insanlar çapalayıb boğulurdular. Onlar sanki bir bürc üzrə, hər biri onun üçün qabaqcadan müəyyənləşdirilmiş istiqamətdə, hətta bu yol ölüm uçurumuna aparsa belə hərəkət edirdi.

Oxucu sanki nəhayət ki, əfsanələrdən ayrılandan və keçmiş həyatını yada salandan sonra, adət etdiyi kitablara qayıtdı. O, hiss etdi ki, indi yunan və romalıların zövqü başqadı – zəhlətökən və yüngüldür, həm də bir az da yaddır. O, müasir kitablar oxumağa başladı. Lakin onları da bəyənmədi. Sanki hər şey əhəmiyyətsiz və cılız sonluqla bitirdi. Süjetlər də qeyri-ciddi idi. Bu oxucunu yeni, qeyri-adi, füsunkarlıqları dərk etmək, anlamaq hissi tərk etmirdi. Axtaran tapar. Və tapdığı yeni kitab Hamsun adlı Norveç yazıçısının idi –qəribə müəllifin qeyri-adi kitabı. Oxucuya elə gəlirdi ki, Hamsun təkbaşına dünya səyahətinə çıxıb. O, plansız, burulğanlı bir həyat yaşayan, qəlbində Allah sevgisi olmayan, ərköyün, əzabkeş idi və sanki ürəyinin ətraf aləmlə həmahəngliyi üçün lazım olan hisslərin axtarışında idi.

Bir axşam gözləri yorulub ağrıyanadək mütaliə etdikdən sonra, oxucu dərin fikrə daldı. O, artıq gənc deyildi. Qədim yunanların belə bir dəyərli fikri vardı: "Özünü tanı!". İndi bu fikir, oxucunun düşüncəsini məşğul edirdi. Oxucu isə özünü tanımırdı, özü barəsində uzun zaman idi ki, heç nə bilmirdi. İtməkdə olan xatirələrin izləri ilə o, xəyalən keçmişə qayıtdı. Horatsinin lirikasından heyran, Pindarın himnindən xoşbəxt olduğu vaxtları yadına salmağa başladı. Antikləri oxuya-oxuya özündə insanlıq adlanan keyfiyyəti aşkarlamışdı. Yazıçılarla birgə o, həm qəhrəman, həm hökmdar, həm müdrik olurdu. O, qanunlar qəbul edir və onları ləğv edirdi. O, yüksək ləyaqət daşıyıcısı idi. İndi bunların hamısı dağıldı, heç vaxt olmayıbmış kimi itib-batdı. O, indi quldurlar və məhəbbət haqqındakı hadisələri oxuyub zövq almırdı. İndi o, həm məşuqla, həm günahkarla, həm qatillə, həm iztirab verənlə nöqsanlar uçurumuna atılır, cinayət və kasıbçılığa meyl edir, duyğu hərisliyinə aludə olurdu. Qorxudan tir-tir əsərək iyrənc insanların və açılması qadağan olunmuş hadisələrin içində nə isə araşdırırdı.

Onun düşüncələri nəticəsiz qaldı. Və tezliklə o, qəribə kitablara qapıldı. Oskar Uayldın insanı titrədən əxlaqsız əhvalatlarını qəbul etməyə çalışır, Floberin etiqadsız Allah axtarışları yollarında azır, yeni dövrün şeir və dram əsərlərini oxuyurdu. Yeni dövr ədibləri sanki həyata deyil, bütün yunanlara və klassiklərə ölüm elan edərək, üsyan və qarışıqlıq təbliğ edir, çirkinliyi Allahlaşdırır, dəhşətlərə gülürdülər. Və oxucu birdən anladı ki, onlar da haradasa bir az haqlıdırlar. İnsan gülürsə, onun daxili aləmində həyatın qanlı hərc-mərcliyindən mütləq nəsə olmalıdır!

Sonra ruhi gərginliyə qapıldı və yoruldu. O, özünü xəstə, qoca və aldadılmış kimi hiss etdi. Bir dəfə yuxuda özünün nə vəziyyətdə olduğunu gördü. O, hündür bir kitab divarının tikintisi üzərində çalışırdı. Divar böyüdükcə, ondan başqa heç nə görünmürdü. Onun məqsədi dünyada olan bütün kitablardan nəhəng bir bina ucaltmaq idi. Və birdən divarın bir hissəsi tərpəndi. Kitablar hörgünün arasından uçuruma tökülməyə başladı. Açılan yarıqdan qorxulu bir işıq şığıyaraq ona tərəf gəldi. Kitab divarının o tərəfindən dəhşətli nəsnələr gördü: tüstülənən havada canlılar və əşyaların ağlasığmaz qarışıqlığını, doğulan və ölən uşaqları, heyvanları, ilan və əsgərləri, od tutub alışan şəhərləri və batan gəmiləri. O, fəryad qoparanların və şənlik edənlərin səsini eşidirdi, qan su yerinə axır, çaxır axıdılırdı. Yanan məşəllərin gözləri kor edən tüstüsü isə aləmi bürümüşdü. O, dəhşət içində ürəyində ağırlıq hissi ilə çarpayıdan atıldı. Öz sakit otağının tən ortasında ay işığında pəncərəsinin önündəki ağaclara və masasının üzərindəki kitablara baxaraq donub qalmışdı. Və o, birdən hər şeyi başa düşdü.

O, aldadılmışdı. Büsbütün aldadılmışdı. Mütaliə edərək, səhifə-səhifə kağız həyatı yaşayırdı o! Bu iyrənc, çirkin kitab divarının arxasında isə əsl həyat qaynayırdı. Ürəklər yanır, ehtiras guruldayır, qan və şərab süzülür, haqsızlıq və məhəbbət şənlik edib qələbə çalırdı. Və bütün baş verənlərin ona heç bir aidiyyatı yox idi. Bunlar başqa adamların başına gəlirdi, o, sadəcə barmaqlarının ucunda səhifələrdəki kölgəni hiss edirdi.

Daha o, yatağa qayıtmadı. Tez-tələsik geyinərək şəhərə tərəf yollandı. Yüzlərlə fənərlərin işıqlandırdığı küçələrdə gəzir, minlərlə qaranlıq pəncərələrə boylanır, yüzlərlə bağlı qapıları dinləyirdi. Dan yeri ağarmağa başlamışdı. Sərxoşluqdan bihuş olacaq adam kimi, doğan günəşin zəif işığında gəzişirdi. Şəhər artıq yavaş-yavaş oyanırdı. Üzbəüz arıq, xəstə bənizli, üzündə qanı qaçmış bir qız gəlirdi. Oxucu qızın qarşısında diz çökdü və qız onu özüylə apardı.

O, qızın otağında yuxarıda toz basmış və hörümçək toru tutmuş, açıq yapon yelpinci asılan sınıq çarpayıda oturmuşdu. Oturub onun necə gümüş pullarla oynamağına baxırdı. Və birdən yenə də qızın əlindən yapışaraq yalvarmağa başladı: «Xahiş edirəm, məni tək qoyma! Mənə kömək et! Artıq yaşlanmışam və səndən başqa heç kimim yoxdur! Mənimlə qal! Daha xəstəlik və ölümdən başqa heç nəyi gözləmirəm! Bu ölümü mən bütün varlığımla, qanımla, ürəyimlə yaşamaq istəyirəm! Sən necə də gözəlsən! Əllərini sıxmaqla səni incitmirəm ki? Yox? Çox xeyirxahsan! Təsəvvür et ki, mən bütün ömrüm boyu dəfn edilmişəm, ölmədən, sağ ikən kağızların içində basdırılmışam! Bilirsən heç bu nə deməkdir? Yox? Yaxşı ki, bilmirsən. Biz birgə yaşayarıq. Günəş artıq çıxıb? Mən ilk dəfədir ki, günəşi görürəm!»

Qız onun narahat əllərini sığallayaraq dinləyirdi. Gülümsəyirdi. Onu başa düşmürdü. O, səhərin bu çağında yuxulu və bədbəxt görünürdü. Bütün gecəni o da küçədə keçirmişdi. Qız birdən gülümsünərək dilləndi: «Bəli, mən sənə kömək edəcəyəm. Sakitləş, narahat olma, mütləq sənə kömək edəcəyəm».

Rus dilindən tərcümə edən: Xanım Aydın
Top