Nobel nitqi | Günter Qrass

Nobel nitqi | Günter Qrass

Hörmətli Akademiya üzvləri, xanımlar və cənablar!
XIX əsrdə qəzet və jurnallar bu bildirişi dərc etməklə nəsr əsərlərinin çapını uzatdıqca uzadardılar. Seriya ilə nəşr olunan əsərlərin çiçəklənən çağı idi: qəzet və jurnallarda onlara böyük yer ayrılırdı. Romanın ilk fəsilləri kiçik fasilələrlə dərc olunurdu. Bu müddət ərzində müəllif sonrakı fəsillər üzərində işləyirdi, sonluğun necə olacağı isə heç onun özünə də məlum deyildi. Oxucuları təkcə qorxulu hekayələr və ya bayağı sentimental romanlar maraqlandırmırdı. Dikkensin əksər romanları, Tolstoyun “Anna Karenina”sı da hissə-hissə dərc olunan əsərlər sırasında idi. Bəlkə də hələ kifayət qədər tanınmayan gənc Balzaka əsərin sonuna yaxın gərginliyi yüksək həddə çatdırmaq bacarığını da məhz yaşadığı dövr – seriyalı kütləvi nəşrlərin yorulmaz sifarişçisi aşılamışdı. Fontanenin demək olar bütün romanları, o cümlədən “Keşməkeşlər və bədbəxtliklər” ilk dəfə seriyalı nəşr halında qəzet və jurnallarda dərc olunub. Bu romanın nəşri o qədər uzanmışdı ki, “Fossişe Tsaytunq» jurnalının naşiri bir dəfə qəzəbini cilovlaya bilməyib qışqırmışıdı: “Bu pozğun əhvalat nə vaxtsa bitəcək, ya yox?!”

Amma çıxışımı bu yöndə davam etdirməzdən əvvəl qeyd etmək istəyirəm ki, bu zal və məni bura dəvət edən İsveç Akademiyası, ədəbi nöqteyi-nəzərdən mənə heç də yad deyil. Təqribən 14 il əvvəl işıq üzü görmüş vəəgər bəxtim gətiribsə, hələ bir neçə oxucunun yaddaşında qalmış “Siçovul” romanımda təxminən belə bir auditoriya qarşısında siçovula, daha dəqiq desək, laboratoriya siçovuluna ünvanlanan mədhiyyələr səslənir.

Siçovul Nobel mükafatına layiq görülüb. Nəhayət ki! Onun adı artıq neçə il idi ki, namizədlər sırasında idi. Dəniz donuzlarından tutmuş rezus meymunlarınadək üzərində təcrübə aparılan milyonlarla heyvanı təmsil edən bu qırmızı gözlü, ağ dərili laboratoriya siçovulu axır ki, layiq olduğu qiyməti alıb. Axı, tibb sahəsinin sonradan Nobellə mükafatlandırılmış bütün tədqiqat və kəşflərində, eləcə də Vatson və Krik kimi laureatların genetik təcrübələr zəminindəəldə etdikləri nailiyyətlərdə hamıdan çox onun xidməti olmuşdu. Bundan sonra qarğıdalını və başqa tərəvəzləri, eləcə də heyvanları bu və ya digər dərəcədə qanun çərçivəsində klonlaşdırmaq mümkün oldu. Məhz buna görə də romanın sonuna doğru dünya üzərində hökmranlığı ələ keçirən siçovul-insanlara “vatsonkrik” adı verilir. Onlar hər iki irqin ən yaxşı xüsusiyyətlərini ehtiva edirlər. Siçovul-insanlar və ya əksinə insan-siçovullar. Bəlkə də bu sintez dünyanın öz sağlamlığını geri qaytarmaq istəyindən doğurdu. Böyük Partlayışdan sonra yalnız balıq və qurbağa yumurtaları, siçovullar, tarakanlar, milçəklər sağ qalmışdı. İndi isə dünya bir daha, bu dəfə möcüzə nəticəsində sağ qalan vatson-kriklərin köməyi ilə xilas olmalı idi.

Çıxışımı bu yerdə “Ardı var…” deməklə bitirə bilərdim, amma Laboratoriya siçovulunun şərəfinə söylənən nobel nitqi heç bir roman üçün yararlı sonluq deyil. Buna görə də incəsənət formalarının əsas prinsiplərinə toxunmaq istərdim.

İnsanlar nağıl danışmağa qədim zamanlardan başlayıblar. Onlar yazı kəşf olunmazdan xeyli əvvəl bir-birlərinə hekayələr danışmaqla tədricən savadlanıblar. Tezliklə onlar arasında daha yaxşı nağıl danışanlar, dinləyicilərini uydurduqları yalanlara daha yaxşı inandıra bilənlər meydana gəldi. Hekayətçilərin arasında hətta nağıllarının sakit axını qarşısına bənd çəkərək, onu çayın qoluna tərəf yönəldib daha sonra qəflətən coşğun su hövzəsinə çıxarmağın bədii yollarını kəşf edənlər də tapıldı. Onlar nə gün işığından, nə də çıraqdan asılı idilər, əksinə onlar dinləyicilərin nigarançılığını artırmaq üçün qaranlıqdan ustalıqla istifadə edirdilər. Onlara nə şəlalələrin gurultusu, nə də susuz səhralar mane ola bilirdi. Yalnız dinləyicilərin yorulduğunu görəndə “Ardı var…” deyib danışdıqları əhvalatı yarımçıq kəsirdilər.

Bəs, hələ heç kimin yaza bilmədiyi zamanlarda hansı nağıllar söylənilirdi? Hələ Kaim və Avelin dövrlərindən qətl və qatil barədə nağıllara təlabat böyük olub. Düşmənlər, xüsusilə də qan düşmənləri hekayələr üçün yaxşı material sayılırdı. Daşqın, quraqlıq, bollluq və aclıq illəri ilə yanaşı soyqırım da əsas mövzulardan idi. Qulların və qaramalın bir-bir sadalanması rəğbətlə qarşılanırdı. Xüsusilə qəhrəmanlıq dastanlarında sülalənin bütün üzvləri genetik ardıcıllıqla sadalanmalı idi. İndi də populyar olan məhəbbət üçbucaqları, müxtəlif labirintlərdə ağalıq edən və ya şikarını sahilboyunda bitən qamışların arasında gizlədən yarı insan, yarı heyvan nəhənglər, eləcə də dəniz səyahətləri, tanrılardan və bütlərdən bəhs edən nağıllara böyük təlabat var idi. Bu əfsanələr dildən dilə ötürülür, tədricən tamamlanır, şəklini dəyişir, tanınmaz hala düşürdü. Sonra isə adı güman ki, Homer olan bir hekayəçi, ya da Tövrat və İncildə olduğu kimi bir qrup tərəfindən yazıya alınırdı. Çində, İranda, Hndistanda, Peru dağlarında və yazının meydana gəldiyi başqa yerlərdə ayrılıqda yaxud kollektiv halında işləyən, ədib kimi tanınan, ya da adını gizli saxlayan hekayəçilər yarandı.

Yazını dərindən mənimsəsək də, biz həmin hekayəçilərin yaddaşını saxlayırıq. Bu isə müsbət haldır. Çünki biz bir vaxtlar nağılların gah güclə eşildilən qətiyyətsiz səslə, gah qorxunun təsiri ilə tələsik, gah açılan sirlər başqalarnın qulağına çatmasın deyə pıçıltı ilə, gah da ucadan, açıq-aydın söyləndiyini unutsaydıq əsərlərimizin hamısı quru, təravətdən məhrum kitab dilində yazılardı. Yaxşı ki, əlimizin altında tarixin sınaqlarından keçib gələn çoxlu kitab var. Ucadan və ya səssiz oxunmasından asılı olmayaraq bu kitablar əbədidir. Mən onlardan nümunə götürmüşəm.

Gənc yaşlarımda Melvil və Deblin kimi ustadlar, eləcə də lüteran almancasında oxuduğum İncil mənə danışa-danışa yazmağı, mürəkkəblə ağız suyunu qarışdırmağı öyrətdi. O vaxtdan bəri çox şey dəyişməyib. Fəxrlə tab gətirdiyim yazıçılıq əsarətimin 5-ci onilliyində də mən mürəkkəb və uzun cümlələri çeynəyib asan həzm olunan sıyıq halına salıram: təklikdə öz-özümə danışıram və yalnız lazımı intonasiyanı, intensivliyi və ahəngi eşitdikdən sonra qələmi əlimə götürürəm. Bəli, mən öz sənətimi sevirəm. Onun sayəsində mən daim əlyazmalarımda öz bədii təzahürünü tapmağa can atan insanların əhatəsində oluram. Ən xoşuma gələnsə məndən uzaqlaşıb, çoxdan oxucuların malına çevrilən kitablarımı auditoriya qarşısında ucadan oxumaqdır. Onda həm dil vərdişini çox tez tərk edən gənclər, həm də saçı ağarmış, amma hələ də həris qocalar qarşısında söz yenidən canlanır və bir daha hamını ovsunlayır. Bu yolla müəllif yenidən şamana çevrilir. Yazıçı yazılaryıla zamanın axınına qarşı çıxır, həqiqət yolu ilə irəliləyir və hamı onun səssiz vədinə inanır: «Ardı var…»

Bəs, necə oldu ki, mən həm yazıçı, həm şair, həm də rəssam oldum? Uşaq yaşımda məndə belə cürət haradan idi? Rəssam olmaq istədiyimi dərk edəndə 12 yaşım var idi. Bu isə II dünya müharibəsinin başladığı dövrə təsadüf edirdi. O vaxt mən ailəmlə birlikdə Dansiq ətrafında yaşayırdım. Peşəmdə irəliləmək imkanını isə yalnız bir il sonra əldə edə bildim. Hitlerçi gənclərin jurnalı “Hilf Mit!”də (Yardım əlini uzat!) cəlbedici təkliflə rastlaşdım: Almaniyanın gənc istedadlarına ədəbiyyat müsabiqəsində iştirak təklif edilir, mükafat vəd olunurdu. Dərhal ilk romanımı yazmağa girişdim. Anamdan eşitdiyim ailə tarixçəmizin təsiri altında romanı «Kaşublar» adlandırdım, amma hadisələr kaşubların soyunun tükənməkdə olduğu müasir dövrdə yox, XIII əsrdə yolkəsənləri, quldurların və oğru əyanların ağalıq etdiyi, kəndlilərin məhkəməsiz cəzalandırıldığı pərakəndəlik vaxtlarında – Səltənət Fasiləsi zamanı cərəyan edirdi.

Yadımdadır ki, kaşubların məskunlaşdığı ərazilərin iqtisadi vəziyyəti barədə qısa məlumat verdikdən sonra səhnəyə birbaşa quldurları, soyğunçuları çıxarmış və qətl hadisələrinin təsvirinə girişmişdim. O qədər adam boğulmuş, bıçaqlanmış, şişə taxılmış və edam edilmişdi ki, I fəslin sonunda artıq romanın əsas qəhrəmanlarının hamısı və ikinci dərəcəli obrazların çoxu öldürülmüş və dəfn edilmiş, yaxud quzğunlara yem olmuşdu. Üslub anlayışım ölüləri ruha çevirməyə və romanı xəyallar haqqında nağıla çevirməyə imkan vermədiyinə görə, məğlubiyyətlə razılaşıb, əsərimi «Ardı var…» vədi ilə deyil, qəfil sonluqla, vaxtından əvvəl bitirməli olmuşdum. Debütant ilk dərsini çıxarmışdı. Gələn dəfə xarakterlərlə daha nəzəkatlə rəftar etmək lazım idi.

Amma əvvəl çoxlu mütaliə etmək lazım idi. Mənim öz oxu üsulum var idi: əlimlə qulaqlarımı qapayırdım. İcazə verin, yeri gəlmişkən qeyd edim ki, bacım və mən iki otaqlı darısqal mənzildə böyümüşük, bizim evdə nəinki öz otağımız, heç öz guşəmiz də yox idi. İndi başa düşürəm ki, bunun da öz üstünlükləri var. Bu yolla mən erkən yaşlarımdan ətrafdakı insanlara və səs-küyə məhəl qoymadan diqqətimi bir yerə cəmləcəməyi öyrənmişdim. Mən kitablara elə aludə olmuşdum ki, zarafatı xoşlayan anam bir dəfə qonşu qadına ətraf aləmdən necə təcrid olduğumu göstərmək üçün mütaliə zamanı kitabımın yanına qoyub vaxtaşırı dişlədiyim yağ-cörəyi sabunla (səhv eləmirəmsə, «Palmoliv»lə) əvəzləmişdi. Sonra isə qonşu qadınla birlikdə fəxrlə mənim heç nədən xəbərsiz sabunu dişləməyimə və bir müddət çeynəməyimə tamaşa etmişdi.

İndi də uşaqlığımdakı kimi diqqətimi cəmləməyi bacarıram, amma oxuduqlarım artıq ruhuma hakim kəsilmir. Kitablarımızı üstünə mavi örtük çəkilmiş şkafda saxlayırdıq, anam kitab klubunun üzvü idi. Dostoyevski və Tolstoyun romanları Hamsun, Raabe və Vikki Baumun kitabları ilə yanaşı qoyulmuşdu. Selma Laqerleyin «Yesta Berlinq»i həmişəəlimizin altında olardı. Daha sonra şəhər kitabxanasından faydalanmağa başladım. Amma məndə kitablara qarşı sevgi oyadan çox güman ki, anamın xəzinəsi olmuşdu. Müstəmləkə mallarının satıldığı dükanın sahibəsi- nəzakətli, işgüzar qadın gözəllik vurğunu idi. O, öz köhnə radiosunda operettalara və mahnılara qulaq asar, mənim gələcək vəd edən hekayələrimə qulaq asmaqdan zövq alardı. O tez-tez Bələdiyyə teatrına gedir, bəzən məni də özü ilə aparırdı. Kiçik burjuaziya mühitində keçən və illər əvvəl epik vasitələrlə romanlarımdan birində təsvir etdiyim uşaqlıq illərimdən epizodlar danışmaqda məqsədim yazıçı olmağımın səbəbini izah etməkdir. Əlbəttə, xəyalpərəstliyimi, söz oyunları və cinaslara qarşı məhəbbətimi, həqiqət çox darıxdırcı olduğu üçün heç bir qərəz güdmədən yalan danışmaq istəyimi, qısası yazıçılıq istedadımı da səbəb göstərmək olar. Amma istedadımın lazımi çəkini qazanması siyasətin ailə həyatımıza müdaxiləsi nəticəsində mümkün oldu. Anamın özü kimi kaşub əsilli sevimli əmisi oğlu Dansiq şəhər Poçt İdarəsinin Polşa şöbəsində xidmət edirdi. O, tez-tez bizə gələrdi, ailəmizin istəkli qonağı idi. Müharibə başlayandan sonra bir müddət «Qevelşius» meydanındakı poçt binasının SS-çilərdən müdafiə etmək lazım gəldi. Sonradan müharibə qanunlarına əsasən mühakimə olunan və güllələnən dayım da təslim olanlar arasında idi.

Bu hadisədən sonra bir də heçkim onun adını çəkmədi. Elə bir belə bir adam olmamışdı. Amma vaxt keçdikcə yoxluğu daha çox hiss olunan dayımın xatirəsi yaddaşımda daha çox möhkəmlənirdi. 15 yaşımda ilk dəfə hərbi libas geyinəndə də, 16 yaşında qorxu hissi ilə tanışanda da, 17 yaşımda Amerika əsirliyinə düşüb, 18 yaşımda azad olunanda da, sonradan heykəltaraş və daşyonan peşəsinə yiyələnən zaman da, İncəsənət Akademiyasında rəssamlıq edəndə də, yüngülçəkili şerlər, təmtərəaqlı birpərdəli pyeslər yazanda da o, mənim yanımda idi. Bir müddət sonra bütün bunlardan heç bir zövq almadığımı hiss etdim. Günahkar isə anamın Polşa poçtunda xidmət edən güllələnib basdırılan sevimli əmisioğlu idi. Onu tapmaq, qazıyıb çıxarmaq və nəsrin köməyi ilə yenidən diriltmək mənim öhdəmə düşürdü. Bu dəfə yazdığım romanın qəhrəmanları və ikinci dərəcəli obrazları gümrah, həyat eşqi ilə dolu insanlar idi. Onlar bir çox fəsillərdə iştirak edir, bəziləri hətta romanın sonuna kimi sağ qalırdılar. Beləliklə, müəllifin dəyişməz «Ardı var…» vədi yerinə yetmişdi. Və sair, və ilaxır. İlk romanlarım «Dəmir baraban» və «İt illəri», bu iki kitabın arasına sıxışdırdığım «Siçan və Pişik» adlı povestim nisbətən gənc bir yazıçı kimi mənə kitabların təhqir edə, qəzəbləndirə, hətta nifrət oyada biləcəyini öyrətdi. Yazıçının ölkəsinə qarşı ünvanladığı Vətən sevgisindən doğan ittihamları müəllifin ana yurdunuı təhqir etmək cəhdi kimi başa düşülə bilər. O vaxtdan əsərlərimin ətrafında mübahisələr səngimir.

Buna görə adım Sibirə və ya başqa yerlərə sürgün edilən yazıçılarla birlikdə çəkilirsə, deməli, bu mənada bəxtim gətirib: mən pis mühitə düşməmişəm. Odur ki, şikayət üçün əsasım yoxdur. Əksinə, biz yazıçılar sonsuz polemikanı peşəmizin ilham mənbəyi kimi qəbul etməliyik. Məlumdur ki, yazıçılar özünə həmişə qalib adı qazanan güclülüərin qanını böyük həvəslə və bilərəkdən qaraldırlar. Ədəbiyyat tarixini senzura metodlarının kəşfi və təkmilləşdirilməsi tarixinin ayrılmaz hissəsi edən də məhz budur.

Hakimiyyətin ürəyincə olmadığı üçün Sokrat bir dolu fincan zəhəri içməyə, Seneka damarlarını kəsməyə məcbur edilib. Ovidiy sürgünə göndərilib. Əsrlər boyu, o cümlədən müasir dövrdə Qərbi Avropanın ədəbiyyat bağında yetişən ən gözəl meyvələr katolik kilsəsinin «qadağan edilmiş kitablar siyahısını» bəzəyib. Mütləq hakimiyyətə malik şahzadələrin senzura tədbirləri Avropa maarifçiliyinə azmı mane olub? Faşizm neçə-neçə alman, italyan, ispan və portuqal yazıçısını doğma vətənindən və dilindən ayrı salıb. Neçə yazıçı terrorçu Lenin-Stalin rejiminin qurbanı olub. Bu günün özündə Çin, Keniya yaxud Xorvatiyada yaşayan yazıçılar azmı təzyiqlərə məruz qalırlar?

Mən kitabların tonqalda yandırıldığı bir ölkədə doğulmuşam. Bilirik ki, nifrət doğuran kitabları yandırmaq meyli hələ də (ya da bir daha) zamanın ruhunu əks etdirir. Lazım gəldikdə bu, televiziya ekranlarında da öz təzahürünü tapır və deməli tamaşaçı toplaya bilir. Ən pisi isə budur ki, hələ də bütün dünyada yazıçılar təqib olunur, ölümlə təhdid olunur, hətta öldürülürlər və dünya bu sonsuz terrora artıq vərdiş edib. Düzdür, 1995-ci ildə Nigeriyada Ken Saro-Viva kimi bir yazıçı ölkəsinin radioaktiv maddələrlə çirkləndirilməsinə qarşı etiraz etdiyi üçün ardıcılları ilə birlikdə ölümə məhkum ediləndə dünyanın özünü azad adlandıran hissəsi hiddətini dilə gətirdi, amma çox keçmədən hər şey yenidən öz axarına düşdü, çünki ətraf mühitin mühafizəsi dünyanın bir nömrəli neft nəhəngi «Şell»in gəlirlərinin azalmasına səbəb ola bilər.

Bəs, kitabları və onların müəlliflərini bunca təhlükəli edən nədir? Niyə həm kilsə, həm dövlət, həm siyasi bürolar, həm də kütləvi informasiya vasitələri ona qarşı müqavimət göstərmək ehtiyacı duyurlar? Çox vaxt söhbət heç hakim ideologiyaya qarşı çıxışlardan da getmir. Təkcə həqiqətin nisbi səciyyə daşıdığını, vahid həqiqət anlayışının olmadığını demək kifayətdir ki, bu və ya digər həqiqətin keşikçiləri bu sözlərdə özləri üçün ölümcül təhlükə sezsinlər. Yazıçılar isə peşələrinin tələbinə uyğun olaraq keçmişi unuda bilmir, tez-tez qapanmamış yaraların qaysağını qoparır, bağlı qapıları pusur, köhnə məzarları qazır, meyitləri qəbirlərindən çıxarır, müqqəddəs inəkləri həzmi- rabiyyədən keçirirlər. Ya da Conatan Svift kimi kübar ingilis mətbəxinə qızardılmış, pörtlədilmiş və buğda bişirilmiş irland uşaqlarını daxil etməyi təklif edirlər. Bir sözlə onlar üçün müqəddəs heç nə yoxdur. Onlar üçün heç kapitalizm də müqqəddəs deyil. Bu isə hakimiyyətin gözündə yazıçıları cinayətkara çevirir. Söz adamlarının ən böyük günahı isə budur ki, onlar qaliblərlıə yanaşı dayanmaq istəmir, əksinə tarixi hadisələrdən kənarda qalan, ürəyində çox sözü olan, amma fikrini deməyə meydan tapmayan zəiflərin yanında hərlənməkdən zövq alırlar. Onlara söz haqqı verməklə yazıçılar güclülərin qələbəsini şübhə altına alırlar. Məğlubları müdafiə edən yazıçı özü də onlardan birinə çevrilir.

Əlbəttə, güc təmsilçiləri hansı dövrdə yaşamalarından asılı olmayaraq heç dəədəbiyatın əleyhinə olmayıblar. Onlar hətta bəzək əşyası kimi bir neçə kitaba sahib olmağa, ədəbiyyatı himayə etməyə də hazırdılar. Amma ədəbiyyatın vəzifəsi təkcə mənfi halları önə çəkmək, hadisələrin iç üzünü göstərmək yox, əyləndirmək, qaranlığa qərq olmuş insanlara kiçik də olsa ümid işığı verməkdir. Kommunizm illərindəki kimi açıq-aşkar olmasa da, bu gün də ədəbiyyatdan «müsbət qəhrəman» yaratmaq tələb olunur. Bu gün bu qəhrəman, azad bazar iqtisadliyyatının ucsuz –bucaqsız cəngəlliklərində meyitlərin üstündən Rembo kimi üzündə təbbəssüm adlaya-adlaya özünə yol açmağı bacarmalı, iki atışma arasında tələsik sevişməyə hazır olmalı, bir dəstə insanı məğlub edib həmişə qələbə çalmalı, bir sözlə qloballaşan dünyanın ideal qəhrəmanla bağlı bütün tələblərinə cavab verməlidir. Məğlubedilməz qəhrəmana təlabat böyükdür. Kütləvi informasiya vasitələri sifarişi yerinə yetirirlər: Klonlaşdırılmış Dolli kimi Ceyms Bondun çoxsaylı bənzərləri törənib. Bu soyuqqanlı supermenin mübarizə üsullarının köməyi ilə Xeyir bundan sonra da Şər üzərində qələbə çalacaq.

Bəs, onun rəqibinin və ya düşməninin mənfi qəhrəman olması mütləqdirmi? Yox, bu o qədər də vacib deyil. Yəqin kitablarımdan sizə məlumdur ki, mən macəra romanlarının Mavritan- ispan məktəbinin yetirməsiyəm. Əsrlərdir, bu məktəb yel dəyirmanları ilə mübarizəənənəsinə sadiqdir. Pikaro məğlubiyyətin komik təbiəti hesabına yaşayır. O, məğlub olacağını bilə-bilə saray sütunlarını isladır, taxtın təməlini mişarlayır. Pikaro yırğalana-yırğalana yanından ötən kimi əzəmətli saray yazıq görkəm alır, taxt azca silkələnir. Vəssalam. Bayreytedəki seçkin auditoriya qarşısında «Tanrıların toranı» təkrar-təkrar oynanılan zaman arxa cərgələrdən onun qəhqəhəsi eşidilir, çünki onun teatrında faciə və komediya yanaşı addımlayır. O, şəstlə addımlayan qalibləri ələ salır, vaxtaşırı büdrəməyə məcbur edir. Biz onun uğursuzluqlarına gülürük, lakin qəhqəhəmiz boğazımzıda ilişib qalır. Onun ən ədəbsiz zarafatları belə faciəylə doludur. Bundan başqa tənqidçilərin fikrincə, Pikaro formalist, hətta birinci dərəcəli maneristdir. O, binoklu tərsinə tutur. Zaman onun gözündə manevr paravozudur. O, hər yerə güzgü yerləşdirir. Onun nə vaxt kimin tərəfini tutacağını kəsdirmək mümkün deyil. Pikaro səhnəsindəəyləncə xatirinə hətta cücələr də nəhənglərə qalib gələ bilər. Rable yaradıcı həyatı boyunca müqəddəs inkivizisiyadan, kafir polisdən gizlənib, çünki onun pəhləvanları Qarqantua və Panateqruel sxolastik qanunlar əsasında qurulmuş həyatı alt-üst ediblər. Bu cütlüyün doğurduğu gülüşün həddi-hüdudu yox idi. Qarqantua Notr-Damın qülləsinə dırmanıb, oradan Parisi sidiyə qərq edəndə, seldə boğulmayıb sağ qalanlar şaqqanaq çəkirdilər. Ya da bir daha Svifti xatırlayaq: onun İrlandiyada aclığı aradan qaldırmaq üçün irəli sürdüyü kulinariya təklifini bu gün də həyata keçirmək olar. Dünya iqtisadiyyatının müzakirə olunduğu zirvə toplantılarından birində dövlət başçıları üçün açılmış süfrəyə bu dəfə irlandiyalı deyil, Braziliyanın və Cənubi Sudanın küçə uşaqlarının ətindən hazırlanmış ləzziz yeməklər qoymaq olar. Bu bədii forma satira adlanır. Bildiyiniz kimi satiraya məhdudiyət qoyulmur, hətta dəhşət oyatmaqla da gülüş doğurmaq olar.

1972-ci il may ayının j-də Henri Böll Nobel mühazirəsini oxuyur, insanlarda bir-birinə zidd duyğular oyadan poeziya və idrak anlayışları haqqında danışırdı. Çıxışının sonunda o, vaxt çatışmazlığı ucbatından yumordan İmtina etməli olduğundan şikayətlənirdi: «Yumor da sinfi üstünlük sayılmır, onda gizlənən poeziya və müqavimət çalarları heç kimin diqqətini cəlb etmir». Henri Böll bilirdi ki, bu gün çox az adamın oxuduğu jan Pol Almaniyanın nəhəngləri sırasında ümdə yer tutur, Tomas Mannın bədii irsinə isə həm solçu, həm sağçı nöqteyi nəzərindən ironiyalı şübhə ilə yanışırdılar. Onun yaradıcılığına qarşı münasibət bu gün də dəyişməyib. Əlbəttə Böll, işə gedən təlxəkliyi yox, mətnaltı səssiz gülüşü nəzərdə tuturdu.

50-ci illərin əvvələrində mən şüurlu şəkildə yazmağa başlayanda Henri Böll hələ hamı tərəfindən qəbul edilməyən, amma artıq kifayət qədər tanınmış yazıçı idi. Böll Volfqanq Keppen, Qünter Ayx və Arno Şmidtlə birlikdə o zaman bərpa edilməkdə olan mədəni hərəkatdan kənarda dayanırdı. Gənc idi, müharibə sonrası ədəbiyyatın faşizmin hakimiyyəti altında gücdən düşən alman dili ilə bağlı çətinlikləri var idi. Bölün yaşıdlarının və daha gənc yazıçıların yolunu həmçinin Teodor Adorno adlı qadağa nişanı və onun bu kəlamı kəsirdi: «Osvensimdən sonra şer yazmaq barbarlıqdır, buna görə də bu gün şer yazmaq qeyri-mümkün işə çevrilib».

Başqa sözlə artıq «ardı var…» vədi verilməyəcək. Amma biz yazırdıq. Bununla belə Adornonun «Minima Moralia» (Pozulmuş həyatlar barədə düşüncələr) adlı kitabında yazdığı kimi biz də Osvensimə sivilizasiya tarixinin sağlamaz yarası kimi baxırdıq. Teodor Adorno qadağasını yalnız bu yolla geridə qoymaq mümkün idi. Adornonun amansız xəbərdarlığı bu gün də aktualdır. Mənim nəslimin əbədiyyatçıları ona qarşı açıq mübarizə aparırdılar. Heç kim susa bilmir, heç kim susmaq istəmirdi. Biz alman dilini hərbi əsarətdən qurtarmalı, onu romantik xəyalpərəst qapalı dairədən və idiliyanın cəngindən azad etməli idik. Bizim, müharibədən zərər çəkmiş uşaqlar üçün ağ və qara ideologiya ştamplarından, sarsılmaz avtoritetlərdən yaxa qurtarmaq vacib idi. Şübhə və tərəddüd bizi valideynlərimizə qarşı çevirmişdi, onların bizə verdiyi hədiyyə isə boz rəngin müxtəlif çalarları idi. Hər halda mən bu asketizmi özümə aşılamışdım və heç bir əsas olmadan günahkar adlandırılan dilimin zənginliyini, valehedici yumşaqlığını, elastik möhkəmliyini, dialekt müxtəlifliyini, sadəliyini, çoxmənalılğını, fel formalarında təzahür edən gözəlliyini yalnız illər keçəndən sonra kəşf edə bildim. Adornoya və onun amansız hökmünə rəğmən bu xəzindən istifadə etmək lazım idi. Osvensimdən sonra – şeir, ya nəsr fərqi yoxdur- yalnız bu yolla yazmaq olardı. Müharibə sonrası alman ədəbiyyatı yalnız bu yolla yaddaşa çevrilib, keçmişin unudulmasına izn vermədən müasirləri və gələcək nəsil qarşısında yazıçılığın qanun halını almış «Ardı var…» ənənəsinə bəraət qazandıra bilərdi. Yalnız bu yolla yaranın epik «Biri var idi, biri yox…» girişinin köməyi ilə qapanmaya, keçmişin unudulmasına mane olmaq olardı.

Ədəbiyyat haqlı olaraq həmişə keçmişin üstündən xətt çəkməyə, utanc doğuran tarixi unutmağa çağıran qüvvələrə müqavimət göstərib. Almaniyada hər dəfə müharibənin sona yetdiyi elan olunanda, eləcə də 10 il əvvəl Berlin divarı söküləndə və ölkəmizin birliyi kağız üzərində öz əksini tapanda biz artıq yeni səhifənin açıldığını zənn edir, lakin çox keçmədən tarixlə yenidən üzləşməli olurduq.

Berlin divarı sökülən zaman 1990-cı ilin fevralında mən Frankfurt-Mayında tələbələrə «Osvensimə məktub» adlı mühazirə oxuyurdum. Bir-birinin ardınca kitablar haqqında icmal verirdim. Bu yolla növbə 197j-ci ildə işıq üzü görən «İlbizin gündəlikləri»nə çatdı. Bu kitabda övladlarımın mənə verdiyi «yazıçı kimdir?» sualına cavab tapmaq olar: «Uşaqlar, yazıçı zamanın əksinə yazan insandır». Tələbələrimə dedim: «amma bu mövqedə dayanan müəllif ətraf aləmdən təcrid olunmur, o, zamandan kənarda azıb qalmır, dünyaya müasir insanın gözləri ilə baxır, zamanın dəyişkən çaxnaşmalarından qaçmır, əksinə müdaxilə edir və kiminsə tərəfini tutur. Bu cür müdaxilənin və tərəfgirliyin nəticələri bəllidir. Yazıçı qorumalı olduğu məsafəni təhlükəyə atır. Onun dili aza qane olmağa vərdiş edir, ötəri şəraitin darısqallığı yazıçının azad uçuş zəminində təlim keçmiş təxəyyülünün sərhədlərini daraldır, o, boğulmaq təhlükəsi ilə üzləşir.

On illər ərzində bu risq məni müşayiət edib. Amma risqsiz yazıçı sənəti nəyə yarayardı? Yazıçı da bürokrat məmur kimi ehtiyacsız həyat sürə bilərdi, lakin o, indikı zamının çirkabına bulaşmaq istəmədiyindən qorxunun əsirinə çevrillərdi. Məsafəni itirmək qorxusundan özü əfsanələrin və nəcib duyğuların hökm sürdüyü uzaq diyarlarda itib qalardı. Yox, dayanmadan keçmişə çevrilən zaman onsuz da onu tapacaq və cavab tələb edəcək. Çünki vaxtından əvvəl və ya gec doğulduğunu iddia etsə də, hər yazıçı öz dövrünün yetirməsidir. O, öz mövzusunu könüllü seçmir, bu, onun alın yazısıdır. Hər halda mənim özbaşıma qərar vermək imkanın yox idi. Məndən asılı olsaydı, mən estetika qanunlarına tam riayət edər, zərərsiz və qayğısız məzhəkəçi rolunu seçərdim.

Amma belə olmadı. Maneələr yarandı. Qarşımı keçmişin yaratdığı daş təpələri vəətrafa səpələnmiş cəsədlər kəsirdi. Araşdırdıqca çoxalan yazı materiallarına laqeyd qalmaq mümkün deyildi. Digər tərəfdən mən qaçqın ailəsində böyümüşəm. Beləliklə, yazıçını yazmağa sövq edən səbəblərə- ən adi şöhrətpərəstliyə, eqosentrik meyllərə və darıxmaq qorxusuna daha biri- Vətən itkisi əlavə olunmuşdu. Yazı prosesində mən alt-üst edilmiş və itrilmiş Dansiqi qaytarmağa çalışmırdım, yox, mən onu təsəvvürümə gətirirdim. Mən inadla özümə və oxucularıma sübut etmək istəyirdim ki, itkilər izsiz-tozsuz unudulmamalıdır, onlar ədəbiyyatın köməyi ilə yenidən qazanıla bilər. Bütün əzəməti və heçliyi, kilsələri, qəbristanlıqları, heç bir tövbəyə sığmayan cəzasız cinayətləri, tərsanələrinin səsi, Baltik dənizinin yorğun dalğalarının ətri və çoxdan itirilmiş dili ilə Dansiq yenidən canlana bilər.

Belə itkilər təkcə mənim üçün deyil, başqa yazıçıların yaradıcılığı üçün də məhsuldar zəmin rolunu oynayıb. İllər əvvəl Salman Rüşdi ilə söhbətim zamanı məlum oldu ki, mənim üçün itirilmiş Dansiq onun üçün isə Bombey həm şəffaf bulaq, həm zibil çanağı, həm başlanğıcların başlanğıcı, həm də dünyanın mərkəzidir Bu cür özünə inam və coşğu ədəbiyyatın ayrılmaz ünsürlərindəndir. İncə psixologizmin zərgər dəqiqliyi ilə təhlili, səhvən reallığın tam əksi hesab olunan realizm bu növ materialları əxz etmək üçün yararlı deyil. Maarifçilik ənənələri əksini aşılasa da, tarixin absurd gedişatı məntiq qanunlarına sığmır.

Nobel mükafatı başlanğıcını dünyaya həm sevinc, həm kədər gətirən kəşflərdən birinin dinamitin ixtirasından götürür. Ədəbiyyat da partlayıcı xüsusiyyətə malikdir, onun törətdiyi partlayışlar dərhal hadisəyə çevrilməsə də, belə deyək, dünyanı dəyişir və bununla da insanları xoşbəxt olmağa, ya da acı- acı ağlamağa sövq edir.

Sxolastik cəhalətin ən zülmət guşələrinə zərrə qədər işıq salmaq üçün Montanyedən tutmuş Volter, Didro, Kant, Lessinq və Lixtenberqəcən Avropa maarifçiliyinə nə qədər vaxt lazım oldu? İşıq tez-tez sönür, senzura maarifçiliyin qarşısını kəsirdi. Geniş vüsət alanda isə bu işıq artıq texniki imkanlarla məhdudlaşdırılmış və yalnız iqtisadi və ictimai maraqlara xidmət edən sönük işartıya çevrilirdi. Həmin işıq özünü maaarifçilik kimi qələmə verərək əzəl gündən bir-birinə düşmən kəsilən iki qardaşı sosializmi və kapitlizmi yaratdı, saxta elmini onlara aşılayıb, nəyin bahasına olur-olsun irəli getməyi öyrətdi.

Bu gün biz Maarifçiliyin bu dahiyanə uğursuzluğunun nəticələrini görürük. Biz sözün yaratdığı və yalnız vaxt itkisi ilə nəticələnən partlayışın nəticələri haqqında fikir yürüdə bilirik. Maarifçiliyin köməyi ilə – əlimizdə başqa vasitə yoxdur – dəyən ziyanı azaltmağa çalışırıq. Biz dəhşət içərisində müşahidə edirik ki, qardaşı sosializmin öldüyü elan olunduqdan sonra kapitalizm allahlıq iddiasına düşüb. O, qardaşının səhvlərini təkrarlaya-təkrarlaya sərbəst bazar iqtisadiyyatını yeganə həqiqət kimi qələmə verir, hüdudsuz imkanlarından bihuş olub, həqiqətdə yalnız gəlirlərin artmasına xidmət edən qlobal birləşmə kimi ağılsız cəhdlər göstərir. Təəccüblü deyil ki, öz sularında boğulan sosializm kimi kapitalizm də islahatlar aparmağı bacarmır. Qloballaşma – onun verdiyi hökm belədir. Budur, bir daha üzünə peyğəmbər görkəmi verib qloballaşmadan başqa yol olmadığını deyir.

Beləliklə, tarix sona yetir. Əbəs yerə «Ardı var…» vədini gözləməyin. Bəlkə də ümid etmək olar ki, iqtisadiyyata hüdudsuz səlahiyyət verən siyasət vəziyyətdən çıxış yolu tapa bilməsə də, ədəbiyyat doqmatizmi laxlatmaq üçün tədbir görə bilər. Ədəbiyyata dinamit xassəsi vermək olarmı? Ya da onun tədrici partlayışının nəticələrini görməyə vaxtımız çatacaqmı? Kim bilir, gələcəkdə kitab hansı formalar alacaq, bəlkə də ümumiyətlə yox olub gedəcək. Gedişat onu göstərir ki, gələcəkdəədəbiyyat təqaüdə göndəriləcək, gənc yazıçılıara isə olsa-olsa oyun meydançası kimi internet məkanı təqdim olunacaq. Saxta «kommunikasiya» sözünün ətrafında yaranan ab-havanın nəticəsi olan işgüzar fəaliyyətsizlik getdikcə daha çox yayılır. Vaxt məhduddur. İnsan həyatının hər saniyəsinın planı tərtib edilib. Qərb dünyası mədəni-iqtisadi mənasızlığın əsirinə çevrilib. Nə etməli?

Allahsız olsam da, əlac bircə ona qalır ki, bu günə qədər mənə bütün çətinliklərə sinə gərməyə kömək edən müqəddəs qarşısında diz çöküb dua oxuyum. Kamyunun sayəsində Nobellə mükaftlandırılmış Ey Müqəddəs Sizif sənə and verirəm, elə et ki, daş dağın zirvəsində dayanmasın və bizə onu yerindən tərpətmək üçün güc ver, qoy bu daş sayəsində biz də sənin kimi heç vaxt yer üzünün əzablarından xilas ola bilməyək. Duam eşidiləcəkmi? Ya bəlkə, bəşəriyyətin gələcəyini klonlaşdırılmaş məxluqlar həll edəcək?

Beləliklə, yenə çıxışımın əvvəllinə qayıdıram və bir daha «Siçovul» kitabını açıram. Romanın beşinci fəslində elmə xidmət edən milyonlarla laboratoriya heyvanının nümayəndəsi kimi Siçovula Nobel mükafatının verilməsi məsələsi müzakirə olunur. Və mənə o dəqiqə aydın olur ki, mükafata layiq görülmüş bütün kəşflər aclığın kökünü kəsməkdə acizdir. Düzdür pulunu ödəmək imkanı olan hər kəs yeni böyrəklə təmin edilə bilər, ürəyin transplantasiyası mümkündür. Dünyanın istənilən nöqtəsinə naqilsiz zəng etmək olar. Peyklər və kosmik stansiyalar ətrafımızda qayğıyla fırlanır. Elmin təqdirəlayiq nailiyyətləri sayəsində silah sistemləri ixtira edilib, onları köməyi ilə ölümdən qorunmaq olar. İnsanın ağlına gələn hər şey həyatda öz təzahürünü tapıb. Amma aclığın öhdəsindən gəlmək heç cür mümkün olmur. Əksinə artır. Adət halını almış yoxsulluğu dilənçilik əvəz edir. Bütün dünyada artan qaçqın axınları aclıqla müşayiət olunur. Heç bir siyasi iradə və ya elmi bilik şiddətlə artan yoxsulluğun qarşısını almağa qadir deyil. 1973-cü ildə ABŞ-ın yardımı ilə Çilidə terror başladı, alman kanslerləri içərisində ilk dəfə Villi Brandt dövlət başçısı vəzifəsinə seçilməsi münasibəti ilə BMT-də çıxış etdi. O, qlobal yoxsulluq haqqında danışırdı. Kanslerin «Aclıq da müharibədir!» sözləri elə inandırıcı səslənirdi ki, dinləyicilər onun çıxışını gurultulu alqışlarla qarşıladılar.

O vaxt mən də həmin zalda idim. İnsan mövcudluğunun əsasını təşkil edən amil kimi yeməkdən, daha doğrusu bolluq və qıtlıqdan, böyük qarınqululardan və saysız-hesabsız aclardan, bəhs edən «Qalxan balığı» adlı romanım artıq yazılmışdı.

Bu mövzu aktuallığını saxlayır. İnsanların bir qismi zənginləşdikcə qalan hissəsi sürətlə yoxsullaşır. Zəngin Şimal və Qərb təhlükəsizlik tədbirləri vasitəsilə kasıb Cənubdan təcrid olunmağa nə qədər can atsa da, möhkəm qalalara qapanıb gizlənsə də, qaçqın axınları onsuz da ora yol tapacaq.

Gələcəkdə bütün bunlar haqqında danışacaqlar. Gec-tez romanın ardı olacaq. Hətta günlərin bir günü hamı yazmağı tərgitsə də, yazmaq yaxud çap olunmaq qadağan edilsə də, artıq bir kitab belə tapmaq mümkün olmasa da, bizə öz nəfəsləri ilə yenidən həyat verən, keçmişin saplarını yeni düzümdə gah daraya-daraya, gah hörə-hörə, gah gülərək, gah ağlayaraq yenidən toxuyan hekayəçilər tapılacaq.

Tərcümə etdi: Ülkər Nəsibbəyli
Top