-Çoxdan xəstəsiz ?- Nazim həkim Cavad müəllimi müayinə etdikdən sonra soruşdu.
- Son bir ildir , beləyəm -Cavad müəllim bir qədər pərt cavab verdi.
- Xəstələrdə tez-tez rast gəldiyimiz problemlərdən biridir. Hələ siz yaxşısınız ,elələri var otuz, qırx yaşından bu bəlaya tuş olur. Şəhər mühiti , çirkli hava ,yediyimiz mənşəyi bəlli olmayan qidalar –hər şey orqanizmə təsir edir. Nə yazıq ki, biz təbiətdən və eyni zamanda cəmiyyətdən asılı məxluqlarıq .Təbiət bizim maddi varlığımızı ,cəmiyyət isə mənəviyyatımızı şərtləndirir.
- Təbiət bizi yetişdirir və sonra da aradan götürür -Cavad müəllim dedi.
— Barışmaq lazımdır təbiətlə də , cəmiyyətlə də.
-Və elə ölümlə də-Cavad müəllimin səsində qəmli bir ahəng var idi.
-Cavad müəllim, o dəqiqə ölüm haqqında düşünmək olmaz. Əslində xəstə olmayan insan çox azdır. İnsanlar bu və ya digər xəstəliklə on illərlə yaşayır.Əsas odur ki, müalicə olunasız. Böyrək xəstəliyi müalicə olunandır.Uzaqbaşı bir böyrəklə yaşayarsız. Elə bu gündən müalicəyə başlayın, gecikmək olmaz.
-Yaxşı, sağ olun doktor -Cavad müəllim paltosunu geyindi.
-Sağ olun-Nazim həkim hörmətlə ayağa durdu.
Nahid həkim içəri daxil oldu.
-İşlər necədir Nazim?-Cavad müəllimə işarəylə göz vurdu-Məşhur pasientləriniz var.
Nazim həkim qeyri –müəyyən bir şəkildə gülümsündü.
-Əyləş...Nə var,nə yox, işlər necədir?
-Hər şey var , xəstə yoxdur..Darıxdım lap...Camaatın əsəbləri çox sakitdir, nervpotoloq lazım deyil millətə.
Nazim həkim güldü.
-Düz deyirəm ;əvvəllər camaatın anormal baxdığı şeyləri belə indi normal ,adi şeylər kimi qəbul edirlər; əsəbilik, nevroz yaradan amillər də aradan qalxır.
Nazim həkim bu dəfə qəhqəhə çəkdi.
-Nə gülürsən ,düz deyirəm də ...Keçmişdə bir-iki mavi nə bilim, nə olardı. O da bilinsəydi nəinki özü ,nəsli -kökü hörmətdən düşərdi . İndi isə ...Bir onlardır bəyəm? Qadınlar açıq-aşkar şəkildə aşnaları ilə durub –otururlar, hətta aşnalarını qohumları olan məclisə də dəvət edirlər.
-Ağ eləmə də...
-Bir neçəsinin şahidi elə mən özüm olmuşam. İnsanlar elə bil daxilən çürüyüb ,mənəviyyatlar, ideologiyalar çürüyüb.. İndi insanlar yalnız bu günlə yaşayırlar.
-Bunun problemi nədir?-
-Böyrəkləri xəstədir.
-Böyrəkləri...Yəqin çox yeyib - içib; yağlı-duzlu yeməklər, cürbəcür içkilər.
-Nədir, yeyib- içməyi də insana çoxmu görməliyik? Hər bir insan istədiyi kimi yeyib — içməli, yaşamalıdır bu həyatda.İnsan həyata xoşbəxt olmaq üçün gəlir.
-Xoşbəxt olurlarmı?
-Olmalıdırlar .Olmurlarsa günah çox vaxt özlərində olur.İnsan aza qane olmalıdır, xoşbəxtliyi bu gündə görməlidir.Belə şeyləri sən yaxşı bilərsən, psixoloqsan.
-Psixoloq yox ,nervpotoloq.
-Fərqi nədir . Sahəniz yaxındır. Ümumiyyətlə, həkimsənsə psixologiyanı bilməlisən .Orqanizm və psixologiya — bunlar bir-biri ilə çox əlaqəlidir.
-Sağlam bədəndə sağlam ruh olar.
-Tamamilə doğrudur. Mən insanların bədənini sağaltmaqla onların ruhunu da sağaldıram.
-Daha bizə ehtiyac qalmır eləmi?
-Niyə ki… Bunu sonra sənin yanına göndərərəm.
-Ay səni....Nazim doktor, səndə də az yoxdur ha!
Bu vaxt Nahid həkimi çağırdılar,o , “hələlik” deyib çıxdı.
x x x
Cavad müəllim havanın soyuq olduğunun fərqinə vardı :narın qar yağırdı,deyəsən , güclənəcəkdi.
Bakı çoxdan idi ki, belə qar görmürdü. İnsanlar , deyəsən, qara sevinirdilər .
Maşını kənarda saxlamışdı. Qapını açıb əyləşdi .Elə bu dəm telefonuna zəng gəldi,-Nadimə idi. Sevinclə telefonu açdı: axır vaxtlar onunla görüşdən qaçsa da, telefon zənglərinə həvəslə cavab verirdi.
-Bəli eşidirəm .
-Hardasız: evdə ,ya işdə?
-Polikilinikadayam.
-Poliklinikada neyləyirsiz?
- Poliklinikada neyləyirlər..Həkimə gəlmişəm.
-Haranız ağrıyır?
-Başım-Cavad müəllim tutuldu.
-Niyə?
-Niyə nədir? Ağrıyır da ...O qədər baş ağrıdanlar var ki..
-Biri də mənəm eləmi?
-Mən elə söz demədim...
-Yəqin siz düz -əməlli adam deyilsiniz də, ona görə sizə ilişirlər -qadın özünün də anlamadığı bir hisslə onu sancmaq ,acılamaq istəyirdi: Cavad müəllimin danışıq tövrü ,onu müəyyən məsafədə saxlamaq istəyi onu incidirdi. Hər dəfə bir ümüdlə zəng edir ,aralarındakı məsafəyə son qoyulacağını gözləyirdi ,lakin hər dəfə bu məsafə bir qədər də böyüyürdü.
-Yaxşı –Cavad müəllim söhbəti dəyişmək istədi -Nə deyirdin?
— Heç nə...Nə demək istəməyimin nə mənası var...-və Nadimə hirslə telefonu bağladı.
Yenə də bir-birindən incidilər.O, orada , bu da burada əsəbiləşdi.
-Xəstəyəm...ölürəm...Bilmirəm sabah başıma nə gələcək . Səni özümlə hara daşıyım axı...-Cavad müəllim dodağının altında deyinərək maşını işə saldı. xxx
Arvadı onu həmişəki canfəşanlıqla qarşıladı ;paltosunu alıb asdı ,çəkələklərini cütləyib qarşısına qoydu .Cavad müəllim əllərini yuyub peçin yanına keçdi .Arvadı bir stəkan təzə dəmlənmiş çay ,sonra isə ləyəndə isti su gətirdi ,kişinin ayaqlarını yumağa başladı
Bayırda külək qalxmışdı, deyəsən , qar da güclənirdi.
Cavad müəllim sıxılmış kipriklərini azacıq aralayıb arvadını süzürdü .Arvadı saçlarını səliqəsiz halda boynunun arxasında sancaqlamışdı ,sallanmış buxağı az qala sinəsinə düşürdü, çənəsində təkəm-seyrək ağlı
-qaralı tüklər gözə dəyirdi .Cavad müəllim qadında tükü heç sevməzdi , xəyalına Nadimə gəldi:onu arvadının oturduğu döşəkçə üstündə təsəvvür etdi ;xırdaca, zərif, ağ əlləri ilə onun ayaqlarını ovur və qəşəng üzünü qaldırıb məsum gözləri ilə ona baxır.
-Həkim nə dedi? -Səlimənin səsi onu xəyaldan ayırdı.
-Heç nə...Deyir ki, müalicə hələ getməlidir.
-Elə də müalicəni.
-Yeməyə nəyin var?
-Sup və kotlet.
— Süfrəni hazırla gəlirəm.
Səlimə ləyəni və dəsmalı götürüb çıxdı.
xxx
-Ay xanım , siz nə üçün mənə qarşı belə aqressivsiniz ?
-Neynirəm ki ,sizə ?
-Nə üçün zənglərimə cavab vermirsiniz? Nə üçün mənim dostluğumu qəbul etmirsiniz?
— Mən hər adamla dost ola bilmərəm.
-Mən hər adam deyiləm!-kişinin səsində nə isə bir lovğalıq hiss olundu.
Nadimə elə bil onun kinayə ilə baxan gözlərini qarşısındaca gördü, özünü təhqir olunmuş
sayaraq
-Bir də mənə zəng etməyin -dedi və telefonu söndürdü.
Nadimə otaqda o baş bu başa yeriyir və düşünürdü :gör bir ona nə deyir ; Nadimə onun üçün
küçədə qalmış deyil,-nə olsun ki, tək yaşayır-bu ona əsas vermir ki , küçədə qabağını kəssin , günün
hansı vaxtı oldu zəng etsin. Kimdir axı o? Bir az pulu var elə bilir kimi gəldi yoldan çıxarda bilər.Axı
nə üçün o, elə fikirləşir ki , Nadimə yoldan çıxa bilər? Niyə bilmir ki, Nadimə sevmədiyi kişiyə heç
gözünün ucu ilə də baxmaz. Sevgi isə bir dəfə gəlir .İkinci dəfə sevmək çətin məsələdir.Əsl
sevgi təlatüm kimidir, tufan kimidir .İnsan qəlbini tar-mar edir , orada sevgiyə aid nə varsa fəth edir ,özününküləşdirir ,insan qəlbi bütünlüklə ona aid olur .Hansısa səbəblər üzündən bu sevgi baş tutmasa
belə, bu sevginin yaratdığı münasibətlər uzun sürməsə belə, insan sevdiyi şəxslə birlikdə yaşamaq imkanı tapmasa belə o sevgi özündən sonraya heç bir salamat guşə saxlamır. İnsan özündə yeni bir hiss üçün güc tapmır; ona elə gəlir ki, hər şey artıq məhv olub ,yaxud onun üçün hər şey artıq olub -bitib, qurtarıb. Hadimə öz- özünə gülümsündü ; deyəsən , filosofluq etməyə başlayıb ,qırx yaş özünü göstərir.
Az yaş deyil ki… 15,18,20 yaşlarında elə bilərdi ki, qırx qocalıqdı .Amma baxırsan ki ,elə deyil .Əksinə daha duyğulu və həssas olub , ətraf aləmə daha vurğun nəzərlərlə baxır. Sadəcə 15,18 ,20 yaşlarından fərqli olaraq nəyin pis ,nəyin yaxşı olduğundan baş çıxardır, yaxud özünə belə gəlir.Özünü daha ağıllı hiss edir. Hər halda da belədir.
Artıq 15-18 yaşlarındakı qıza nisbətən yerini ,yurdunu ,şəxsiyyətini tanımış və tanıtmış biridir.
Ali təhsil alıb ,ailə qurub ,övladı var. Lakin nə isə yerində deyil. Və bu yerində olmayan nə isə son vaxtlar onu əzməyə başlayıb.
Nadimə balkona çıxıb gülləri suladı .Hava bu gün hərarətli idi ;odur ki, gülləri bir qədər də
balkonda saxlamaq qərarına gəldi .Təzədən otağa qayıtdı .Otaqdan da dəhlizə keçib oradakı güzgüyə yaxınlaşdı: əksinə baxdı: qəşəngdi –söz ola bilməzdi; həmişəki kimi xarici görünüşündən razı qaldı. Düzdür, 15-18 yaşlarındakı kimi gözəl deyildi ,amma bir başqa cür gözəl idi .
40 yaş...az yaş deyil .Nə isə bu 40 yaş onu yaman əzirdi .Axır vaxtlar psixologiyasında qəribə bir durğunluq yaranmışdı. Özünə başqa bir gözlə ,hansısa özünəarxayın ,təkəbbürlü, despot bir kişinin gözü ilə baxırdı .Ha əlləşsə də bu fikri özündən uzaqlaşdıra bilmirdi .Bu amansız , özünəarxayın ,təkəbbürlü , despot kişi hər yerdə-harada olur-olsun — onu istehzalı baxışlarla müşaiyət edir, özünü ağır aparmağı , qız kimi nazlanmamağı , xülyalara dalmamağı məsləhət görürdü. Onun üçün qoyulmuş vaxtın -bir qadın kimi- artıq tamam olduğunu söyləyirdi bu despot kişi .
Bu kişi kim idi, Nadimə onu tanıyırdımı?
Əllbəttə, yox. Amma o ,elə bil ki, Nadimənin tanıdıqlarından daha səbatlı idi ,onun sözü daha keçərli idi və o, nəyi deyirdisə düz deyirdi .Qadın istəyirdi ki, bu fikri özündən uzaqlaşdırsın ,həyatının hələ sona çatmadığına özünü inandırsın: 40 yaş nədir ki...Hələ o, çox yaşayacaq ,hələ sağlamdır, gözəldir ,hələ qarşıda həll olunası nələr..nələr... var .Elə hey özünə təlqin edirdi ki ,onun xəyalındakı despot kişi haqlı deyil ,o , birtərəfli düşünür ,o, əslində həyatda mövcud olan hər hansı bir kişi belə deyil ,o yoxdur, o ta qədimdən bəri süzülüb gələn ,qadına müəyyən sədd ,sərhədd qoyan bir dünyagörüşünün ,ictimai fikrin təcəssümüdür ki , Nadimənin xəyalında belə qəribə bir mövqe tutub.
Əslində Nadimənin xəyalı günahkardır ki , keçmişdəki insanların fikrinə belə aludə olub ,onları özü üçün az qala etalon halına gətirib və bu gün də ha əlləşir bu fikri özündən uzaqlaşdıra bilmir .
Bu fikir təkcə keçmiş dünyagörüşününmü təcəssümüdür? Bu günkü dünyagörüşünü özündə ehtiva etmirmi? Məgər bu gün bu sədd, sərhədd yoxdurmu?
Qapının zəngi səsləndi ; yəqin ki , qızıydı.. Qadın cəld gedib qapını açdı .Qızı Leyla şən və coşqun bir vəziyyətdə içəri daxil oldu.
-Salam ,mama .
-Salam.
-Neynirsən ?
-Heç fikirləşirəm...
Leyla güldü.
-Mama ,bu fikirləşmək səni qocaldacaq..
-Elədir ,-qocalmasam da qocaldacaq
-Mama,nə üçün qocalmaqdan belə qorxursan? Bütün insanlar qocalır da...
-Elədir...Mən barışa bilmirəm ;yəqin xarakterimlə ,ya da həyatımdakı kəm-kəsirlərlə bağlıdır.
Qızı ona qulaq asacaq halda deyildi .
-Nə bişirmisən ?Acından ürəyim gedir.
-Bu dəqiqə ..Gəl .quzum ,gəl əyləş .
Nadimə mətbəxə keçib süfrə hazırlamağa başladı .Leyla əllərini yuyub gəldi.
Bir qədər sonra araya çökən sükutu Leyla pozdu.
-Mən .əksinə .istəyirəm qocalım; evim ,işim, uşaqlarım olsun.
-İnşallah...
Nadimə güldü-qızı çox sevimli və məsum idi və onun belə düşünməsi də tam təbii idi.
-Çay süzümmü?
-Yox bəsdir..Gedim şeylərimi hazırlayım; bu gün hazırlığımız bir saat tez olacaq ,müəllim vaxtı dəyişib- Leyla cəld kitab- dəftərini yığışdırıb çıxdı.
Nadimə yenə evdə tək qald .Görən ona -Cavad müəllimə zəng etsinmi? Keçən dəfə də onu acıladı .Axı nə üçün Cavad məllim onunla görüşdən qaçır? Bu nə deməkdir? O, bunun səbəbini öyrənmək istəyir .Qoy hər şeyi açıb desin.
Nömrəni yığdı .Cavad məllim həmişəki kimi telefonu ləngimədən açdı.
-Hə sənsən? Necəsən?
Zəng edən Nadimə olsa da hal-əhvala o başladı.
-Yaxşıyam..
-Nə əcəb zəng etmisən?
-Səsinizi eşitmək istədim...
-Yenə də dəlilik edirsən...ağıllanmadın...-Cavad müəllimin səsində bir nəvaziş var idi.
-...
-Ərinlə barışmadın?
-Yox
-Niyə barışmırsan?
-Biz çoxdan ayrılmışıq ...Siz ki bunu bilirsiniz....
-Nahaq...Günah yəqin ki, səndə olub.
-Niyə ?
-Nə bilim ..Günah həmişə qadında olur.
-Ya da günahı həmişə qadının boynuna qoyurlar. Çünki o, zəif məxluqdu.
-Özün deyirdin ki, sən ayrıldın .
-Ayrıldım, amma o, məni illərlə cəzana gətirdi ,illərlə tək buraxdı ..Bu, bir il olar, iki il olar, üç il olar...Yarıtmadığı bir işin dalınca nə qədər getmək olar axı. İş də bəhanə idi .Sadəcə o ,avara ,səllimi həyat tərzinə öyrəşdi .Arvad- uşaq onu sıxırdı.
-Qadın hər şeyə dözməlidir.
-Nə qədər?
-Nə qədər lazımdırsa o qədər.
-Mən dözmək istəmədim.
-Dözmək istəmədin ...İndi də..
-İndi də nə?
.-İndi də cəzanı çəkirsən.
-Sizə nifrət edirəm -qadın pıcıldadı .İstəyirdi bağırsın –çığırsın ,ona görə ailəsini dağıtdığını kişinin üzünə vursun, lakin qüruru buna yol vermirdi.
-İnsan başına gələnlərdə çox vaxt özü günahkardır,insan öz taleyini özü seçir ,-çox vaxt belə olur...
-Həmişə belə olmur. Bəzən insan taleyini sevdiyinin ixtiyarına verir, o da adamı belə, sizin kimi on ildən sonra atıb gedir
-...-Cavad müəllim cavab vermədi
-Sizə nifrət edirəm..-Və Nadimə , həqiqətən də , bu dəqiqə ona nifrət edirdi. Kaş bu nifrəti , o , qəlbində həmişəlik saxlaya biləydi.Və qadın telefonu söndürdü.
Buyur , bu da sənə danışmaq .İstədi desin kişilərin elə hamısı zibildi ,hamısı əclafdı,- demədi, heysiyyəti yol vermədi .Ona elə gəldi ki, belə desə o da milyon- milyon atılmlş və təhqir olunmuş qadınlar zümrəsinə daxil olacaq . O isə hələlik özünü belələrindən hiss etmirdi və heç cür rəva bilməzdi ki ,özünü nə vaxtsa belələrindən hiss etsin
Cavad müəllimlə aralarındakı münasibət illərlə davam etmişdi. Son vaxtlar isə Cavad müəllim birdən –birə ondan gen gəzməyə başlamışdı. Lakin aralarındakı yaşanmış eşq ölə bilməzdi. Nadimə bir qadın kimi hiss edir ;Cavad müəllim hələ də onu sevir ,lakin burada nə isə bir əmma var .Bəlkə , o , tutduğu işdən peşiman olub ,Nadimənin ailəsinin dağılmasına dolayısı ilə səbəb olduğunun fərqinə varıb , gec də olsa bu səhvi aradan qaldırmaq istəyir ,bəlkə vicdan əzabı ona rahatlıq vermir .Nə olsun ki ,Nadimə ondan heç nə tələb etmir ,amma Nadimənin buna haqqı var ;Nadimənin ailəsi dağılmamalı idi. Dağıldısa, o, Nadiməni himayəsinə almalı idi. Cavad müəllim isə məsuliyyətdən maddi yardım göstərməklə yaxa qurtardı. Əvəzindəsə Nadimə-gənc və gözəl qadın illərlə onun sevgilisi oldu .İndi isə o, münasibətdən qaçır və bu, Nadiməyə yaman yer eliyir.
Bəlkə , Cavad müəllim Nadimədən doyub ,bezikib. Bəlkə , Nadimə ona qoca qadın təsiri bağışlayır Hərçənd , o Nadimədən böyükdür, amma o, kişidir və əksər kişilər kimi daha cavan qadınlara meyl edir ,pulu və görkəmi buna imkan verir. Son vaxtlar isə lap dəbə minib; kişilər özlərindən qat-qat cavan və gözəl qadınları kənarda sevgili kimi saxlayırlar.
Cavad müəllim belə adamdırmı?
Kişiləri tanımaq olmur .Bir də ki, zaman çox şeyi dəyişir ;bəzən illərlə inkar etdiyin şeyi qəbul ,bəzən də illərlə qəbul etdiyin şeyi inkar edirsən,- çox şey dəyişə bilər. Nadimə özü 25 yaşındakı Nadimə ilə eynidirmi, eyni tərzdə düşünürmü? Hər şey ola bilər, həyat sürprizlərlə doludur.
Qadın pəncərəyə yaxınlaşıb yaxınlıqdakı tikilini seyr etdi. Axır vaxtlar onu qarabaqara izləyən və tez- tez zəng edən Həsən orada idi; fəhlələri buyururdu . Nadimə gözucu onu süzdü: beynindən ani bir fikir keçdi; birdən axırda naəlac qalıb bununla ...Gerisini düşünmək istəmədi və pəncərədən qorxu ilə çəkildi.
Nadimə bəzən kədərlənir , həyatını qəribə ,darıxdırıcı bir məcraya saldığının fərqinə varırdı .Çox şeydə -həyatının bu yönə düşməsində özü günahkar idi-ya da özünü günahkar sayırdı.O, əlində olanın qədrini bilməmiş ,qismətinə çıxana qane olmamış ,ya da kəm- kəsirlərlə barışa bilməyib bu günə qalmışdı.
Əri qəribə ,laqeyd ,məsuliyyətsiz bir adam idi .İllərlə bir işin dalınca düşmüş ,qadını inandırmışdı ki, hər şey yaxşı olacaq.
Sonda isə məlum olmuşdu ki, o, əslində avaralanır , əlindən heç bir iş gəlmir.Eləcə qatır inadı ilə tutduğunu buraxmır, öz bildiyini edirdi. Nadimə dözür ,ona ağıllı məsləhətlər verir ,hər dəfə də kobud yontanmamış cavablar eşidirdi:”Arvadsan otur arvad yerində”, “ Kişi xeylağıyam özüm bilərəm nə edirəm”, “ Çörəyini verirəm ,paltarını verirəm .Sənə başqa nə lazımdır?” Sonda yenə işini yarıtmır ,nahaq yerə Nadiməyə qulaq asmadığını söyləyirdi . Və beləcə hər dəfə qadının qəlbində oyanmış ikrah hissini gücləndirir, onu özündən uzaqlaşdırırdı.
Sonra da Cavad müəllimlə olan münasibətlər başlandı. Məhəbbət onun həyatına güclü bir qasırğa kimi daxil oldu. Onsuz da zəifləmiş ,çürümüş bir bağ -ailə bu qasırğanın qarşısında param-parça oldu. Qadın məhəbbətin ovsununa düşdü ,həyatına yeni rəng ,yeni dad gəldi.Və qadın özünü göyün yeddinci qatında hiss etdi.Ona artıq heç nə lazım deyildi.
Cavad müəllimlə olan eşqdən sonra onun artıq ərinə dözəcək təhəmmülü qalmamışdı.Odur ki ,Nadimə ərindən ayrıldı.
Cavad müəllimdən isə nə isə tələb etməyə cürət etmədi.Və Cavad müəllim də onu dəli kimi sevsə də hər addımını izləsə də ,onu maddi cəhətdən necə lazımdır təmin etsə də evlilik barədə heç söz salmadı.
Sanki nəyisə gözləyirdi və elə bil , Nadimə də nəyisə gözləyirdi. Ya bəlkə xoşbəxtlikdən bu barədə düşünməyə vaxtları yox idi
Aqillər deyib ki ,vüsalla nəticələnən eşq çox da uzun sürmür ;qadın və kişi bir- birindən doyur.Xüsusən kişilər eyni bir qadından usanır ,qadın dəyişməyi vacib sayırlar. Yəqin, Cavad müəllim də özünə başqasını -yenisini tapıb.
x x x
- Salam ,xanım.
Nadimə diksindi.Həsən qulağının dibindəcə durmuşdu və düz gözlərinin içinə baxırdı. Qadın əlindəki kağız-kuğuzu nədənsə gizlətməyə çalışaraq
-Salam -dedi.
-Tələsmirsiz ki?
-Tələsirəm- qadın qeyri-ixtiyari cavab verdi.
-Gəlin sizi ötürüm,-maşınlayam.
Təzə ,bahalı maşın almışdı.
Nadimə həyəcanla dayanacaqdakılara baxdı,-bir-iki tanımadığı adam var idi.
-Yox-yox. Sağ olun, indi avtobus gələr.Odur ey gəlir-qadın avtobusa minməyə hazırlaşdı.
Həsən artıq dayanmağın yersiz olduğunu görüb uzaqlaşdı.
Avtobus saxladı.Nadimə keçib arxa sıralardan birində əyləşdi və işə yollandı.
Həmişəki yorucu və yeknəsəq iş həyatı...İş yerini təzə dəyişmişdi .Və bu kollektivə heç cür isinişə bilmirdi .Bəzən tələbə yoldaşları -rəfiqələri ilə söhbətdə indiki kollektivin çox qəribə, ikiüzlü, xəbərçi və yaltaq bir kollektiv olduğunu vurğulayır və hər dəfə də rəfiqələri indiki zəmanənin pis olduğunu, insanların psixologiğasının dəyişdiyini söyləyirdilər.
Hər halda onların idarəsində insanların belə olmasında zəmanə təqsirkar deyildi. Rəis qadın idi , Bu qadın bütün günü qeybətlə, kiminsə dalınca danışmaqla məşğul idi. Və bu işçilərdə də adət halını almışdı. .Nadimə neçə dəfə təsadüfən işçilərin onun yanında bir-birini “satdığının “ şahidi olmuşdu.
O, otağa girəndə şöbə müdiri Məlahət-o qarımış qız idi və həm də müdirin sağ əli idi- onu sirli bir tövrlə qarşıladı.
-Harada qalmısan ?Müdir dünyanı dağıdır ,deyir bu necə adamdır işləyə bilmir.
- Niyə?
— Tabeli gətirmisən ?
-Bəli.
- Get də yanına .Denən bilmirdim ki, təhvil verməliyəm .
-Bilirdim axı. Budur ey gətirmişəm
-Təbrik edirəm .Axır bir dəfə yarıtmısan -.Məlahət qəribə bir jestlə otaqdakılara baxdı . Nadimə tanış mimikalardan hiss etdi ki, indi də oyunun qurbanı odur . Şöbə müdiri nəinki rəisin yanında , hətta burda da onun dalınca o ki var asıb- kəsib . Nadimə tabeli götürüb müdirin otağına daxil oldu .Müdir telefonda kiminləsə danışırdı :
-Hazırlamayıb, sizi eşitməyib, işi ləngidib, bacarmır töhmət verərik ,işdən qovarıq. Onun nə haqqı var ki, işi ləngitsin?
Nadimə salam verdi .
Müdir salamı almadan başladı :
-Bu nədir nə üçün işi vaxtında təhvil vermirsən? Bu nə oyundur ? İşləyirsən işlə, işləmirsən işləmə.
— Axı nə olub ? Mən hər şeyi hazırlamışam.
-Gətir görüm, göstər görüm - baş çıxartmadığı halda irad tutmağa başladı-Bu nədir?
Nadimə izah etdikdən sonra
-Tez apar bunu baş idarəyə ,orada gözləyirlər .-dedi.
-Oldu.
Həmin gün işi çox oldu. İşdən sonra yolda mağazaya dəyib yüngülvari bazarlıq edərək evə döndü.Axşama yemək hazırlamağa başladı.
Telefonuna zəng gəldi: Həsən idi. Telefonu açmadı. Təkrar zəng gəldi. Fikirləşdi ki, telefonu açıb ona kəskin şəkildə bir də zəng etməməyi tapşırsın .Odur ki ,telefonu açdı.
-Salam ,xanım
-Salam.
-Sizə o qədər böyük hörmətim var ki...
-Sağ olun -bilmədi nə desin.
-Hərdən sizə zəng etməyimə icazə verin.
-Onsuz da edirsiniz.
-Acığınız tutmasın. Səsinizi eşitməklə təsəlli tapıram.
-...Söz tapmadı.
-Sizin üçün hər şeyə hazıram. Nə köməklik desəniz baş üstə hazıram.
-Sağ olun.-O fürsət vermirdi ki ,Nadimə demək istədiyini desin--İmkan verin söz demək istəyirəm.
-Deyin , xahiş edirəm, deyin- minini deyin.
Nadimə özü də anlamadığı bir hissıə soruşdu:
-Evlisiniz?
-Bəli.
-Arvadınız qəşəngdi?
-Bəli
-Eləysə sizə nə olub?
Həsən deyəsən Hadimədən belə sual gözləmirdi ,cavab vermədi, eləcə güldü.
Nadimə davam etdi.
-İndi dəbdir də kimin bir balaca pulu var..
-Yox-yox mən elə adam deyiləm..Sadəcə ...Siz mənim çox xoşuma gəlmisiz.
Nadimə onun dediklərinə fikir verməyərək davam etdi:
- Görün ətrafda nə qədər qadın, qız var...Bu qədər ehtiyacınız varsa...
-Onlar məndə heç bir duyğu oyatmır. Bu ürək məsələsidir. Mənim sizdən xoşum gəlir.
-Mənimsə sizdən xoşum gəlmir-onu acılamaq bu yersiz zənglərdən yaxa qurtarmaq istəyirdi.-Məni yorursunuz Nə vaxt oldu zəng edirsiniz. Zəngləriniz yəqin ki , qızımda pis bir əhval-ruhiyyə yaradıb. Gərək sizə ağır söz deyim?
-Bir dəqiqə..bir dəqiqə..Nə üçün özünüzə də ,mənə də zülm edirsiniz. Həyat əzab çəkmək üçün deyil . Bir də bu dünyaya gəlməyəcəyik.
-Sizinlə münasibət xoşbəxtlik deyil..
-Nə bilirsiz?
-Bilirəm də ...Əl çəkin məndən ...-telefonu söndürdü.
Hönkürüb ağlamağa başladı.O, daha kənarda xoşbəxtlik axtarmayacaq. Xoşbəxt olsaydı əri ilə olardı, lap elə Cavad müəllimlə olardı .Deyəsən, heç həyatda xoşbəxtlik yoxdur .Və heç kim xoşbəxt olmur .Bəlkə, heç insan xoşbəxt olmaq üçün yaradılmayıb ?