İvan Bunin

İvan Bunin

İvan Bunin 1870-ci ildə Voronejdə, zadəgan nəslində anadan olubdur. Onun mənsub olduğu nəslin Rusiyanın ictimai və mədəni həyatında rolu böyük olmuşdur. Bu nəsildən dövlət xadimləri, hərbçilər, şairlər, yazıçılar çıxmışdır. Məsələn, onlardan biri Vasili Jukovski olmuşdur. Vasili Jukovski İvan Buninin ulu babasının qeyri-qanuni oğlu olmuşdur.

Belə ki, İvan Buninin ulu babasının əsir türk qızı Səlimə ilə olan münasibətindən Vasili Jukovski anadan olmuşdur. Vasili Jukovski XIX əsr rus ədəbiyyatının inkişafında xidmətləri olan yaradıcı insanlara mənəvi cəhətdən qayğı, diqqət göstərmiş, onlara mənəvi dayaq olmuşdur. Məsələn, Puşkin, Lermontov, Nekrasov və digərləri bu mənəvi dayağı görənlər içərisində olmuşdur.

İvan Alekseyeviç Buninin həyatının üç ili anadan olduğu Voronejdə keçmişdir. Sonra onun atası Orlov quberniyasının Yelits əyalətinə gəlmişdir. Və burada Butırkı xutorunda yaşamışdır. İvan Buninin uşaqlıq illəri burada keçmişdir.

İvan Alekseyeviç Buninin ilk müəllimi Nikolay Romaşkov olmuşdur. Nikolay Romaşkov Buninin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Nikolay Romaşkov Moskvada Lazarev adına Şərq Dilləri İnstitutunu bitirmişdir. Çoxlu dil bilirdi və geniş dünyagörüşə malik idi. O, Bunində Şərq aləminə marağı yaratmışdı. Eyni zamanda onda poeziyaya, rəssamlığa məhəbbətini artırmışdır. Təsadüfi deyil ki, Buninin şeirlərində Türkiyə, Suriya, Misir, Səudiyyə Ərəbistanı, Hindistan xatırlanır, bu ərazilərlə bağlı mənzərələr canlandırılır. Buna Bunin ona görə nail ola bilir ki, o, gənc yaşlarından bütün Şərq ölkələrinə səyahət etmişdi. Onda Şərq ölkələrinə olan bu marağı məhz müəllimi Nikolay Romaşkov yaratmışdı. Bunin öz şeirlərində Şərqdə gözləri ilə gördüyü canlı mənzərələri əks etdirməklə yanaşı, həm də Şərqin dini dəyərlərinə də üstünlük verirdi. Məsələn, “Quran”a, Məhəmməd Peyğəmbərə, islamın yaşıl bayrağına və s. Əlbəttə irəlidə onun şeir yaradıcılığından bəhs edərkən bu məsələlərə bir daha qayıdacağıq.

İvan Buninin atası övladına və onun tərbiyəsinə biganəlik göstərmişdir. Bunun səbəbi isə onun atasının içkiyə və qumara aludə olması ilə bağlı olmuşdur. Belə olduğundan Buninin tərbiyəsində, formalaşmasında anasının rolunu xüsusilə qeyd etmək lazım gəlir. Onun anası Lyudmila Çubarova övladının tərbiyəsində, zövqünün formalaşmasında, nəcib keyfiyyətlərin yaranmasında xeyli rol oynamışdır. Buninin böyük qardaşı universitet bitirmişdi və o da kiçik qardaşının yazıçı kimi formalaşmasında mühüm rola malik olmuşdur. Kiçik qardaşına həyat, ədəbiyyat barədə müstəqil fikir söyləməkdə müstəqilliyi öyrətmişdir.

Bunin təbəiətə, kənd həyatına çox bağlı olmuşdur. O, gimnaziyada cəmi dörd il təhsil aldıqdan sonra buradan çıxmışdır. Onun gimnaziyadan çıxmasının səbəbi məlum olmamışdır. Ancaq gimnaziyadan çıxdıqdan sonra təbiətə, kənd həyatına bağlılığı daha da artmışdır. Bunin qırmızıların Rusiyada törətdikləri bolşevik çevrilişindən sonra öz vətənindən didərgin düşür və ömrünün qalan hissəsini Parisdə yaşayır.

Bunin proletar inqilabını qəbul etməmişdir. Onun proletarlardan xoşu gəlməmişdir. Hətta proletarlara nifrəti də olmuşdur. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Bunin Rusiyanı tərk etmək niyyətində olur. 1920-ci ilin fevral ayında mühacirət edir və ömrünün sonuna qədər Sovet Rusiyasına düşmən münasibətdə qalır. Bunin 1953-cü il noyabr ayının 8-də Parisdə dünyasını dəyişir və orada da torpağa tapşırılır.

Bunin mühacirət həyatı yaşasa da, rus dilini, rus torpağını, rus düşüncə tərzini dərin məhəbbətlə sevibdir. Bunu onun yaradıcılığı da təsdiq edir. O, yaradıcılığında rus düşüncə tərzi ilə rus kəndini, onun həyatını güclü şəkildə təsvir edibdir. İvan Alekseyeviç Bunin 1933-cü ildə Nobel mükafatı alıb. O, Nobel mükafatı alanda yaradıcılığının ən qaynar dövrü idi. İvan Bunin Nobel mükafatı alan ilk rus yazıçısıdır. O, yazıçı, şair, tərcüməçi kimi populyar olmuşdur.

Buninin şeir yaradıcılığı onun yaradıcılığının orijinallığını təsdiq edir. O, ilk şeirini 1887-ci ildə (aprel ayında) Peterburqda çap olunan “Rodina” jurnalında nəşr etdirmişdir. XIX əsrin 90-cı illərindən başlayaraq onun şeir yaradıcılığı daha da genişlənməyə başlayır. Yazdığı şeirləri 1900-cü ildə kitab şəklində çap etdirir. Yeri gəlmişkən qeyd edək ki, onun A.M.Qorki ilə dostluq münasibəti olmuşdur. A.M.Qorki onun şeirlərini yüksək qiymətləndirirdi. 1901-ci ildə Buninin şeirləri barədə yazıçı Valeri Bryusova məktub da yazmışdı. Həmin məktubda yazırdı: “Böyük məmnuniyyətlə sənə məlum edirəm ki, Buninin gözəl şeirlərindən ibarət kitabı almışam. Onu bu günlərin birinci şairi hesab edirəm”.

İvan Buninin şeir yaradıcılığında diqqəti cəlb edən məqamlardan biri “Quran”a olan rəğbətdir. “Quran”dakı “Biz sizə kövsər verdik”, “Ölümündən qorxub, vətənini atanları unutma”, “O, yol göstərən işarələr qoyur”, “Əlif, Lam, Mim”, “Bu gecə mələklər göydən enir”, “Biz mələklərə: “Adəmə səcdə edin!” – dedik. Oddan yaranmış İblisdən başqa hamı səcdə edir”, “O yatmır, mürgüləmir” və s. kəlmələr İvan Buninin şeirlərinin qaynaq yeri, mənbəyidir. İvan Bunin “Quran”dakı “Biz sizə kövsər verdik” kəlməsinə istinad edərək “Kövsər” adlı şeirində yazır:

Duman arxasında çayların çayı,
Çağlayır Kövsərin lacivərd suyu.
Bütün yer üzünü xoşbəxt edəcək-
İnan – ibadət et, döz ömrün boyu.

“Quran”dakı “Ölümündən qorxub, vətənini atanları unutma” kəlməsinə istinad edərək “Xəyanətə görə” şeirini yazır:

Allah qırdı Vətənə xəyanət edənləri,
Kəllə sümükləriylə səpildi çöl, biyaban.
Peyğəmbərsə dirildib: Haqdan həyat dilədi,
Yer torpaq təhqirini bağışlamır heç zaman.

İvan Bunin “Quran”dakı “O, yol göstərən işarələr qoyur” cümləsindən faydalanaraq “Yol göstərən işarələr” şeirini, “Bu gecə mələklər göydən enir” cümləsindən faydalanaraq “Qədr gecəsi” şeirini, “O yatmır, mürgüləmir” cümləsindən faydalanaraq “Təmcid” şeirini yazır. “Quran”dakı “Biz mələklərə: “Adəmə səcdə edin!” – dedik. Oddan yaranmış İblisdən başqa hamı səcdə edir” cümləsindən qaynaqlanaraq “İblis-Allaha” şeirini yazır:

Adəmin qarşısında səcdə edin! – dedin sən,
Mən oddan yaranmışam, o, palçıqdan, bilirsən.
Quru yarpaqlar ilə alov yola gedərmi?
Atəş ehtirasını yarpaqlar söndürərmi?

Mən öz od bayrağımı daha uca tutaram,
Sənin o Adəmini atəşimə qataram.
Dulusçu kimi onu odumda bişirərəm.
Onu bərkidib, sonra ona nəfəs verərəm.

İvan Buninin İslam dininə hörmət və ehtiramını əks etdirən xeyli şeirləri vardır. Məsələn, “Peyğəmbərin xələfləri”, “İbrahim”, “İstanbul”, “Kəbənin qara daşı”, “Məhəmməd qovulanda”, Məhəmməd və Sofiya”, “Yaşıl bayraq” və s. şeirlər bu qəbildəndir. İvan Bunin yaradıcılığına şair kimi başlasa da, sonralar onlarla hekayə və povestlər yazmışdır. Onun nəsr yaradıcılığı 1910-cu ildən sonra başlamışdır. Hekayələri kifayət qədər həyat hadisələrini dolğun əks etdirən nümunələr kimi diqqəti cəlb edir. İvan Buninin “Natali”, “Gözəl”, “Gicgici”, “Antiqona”, “Zümrüd”, “Qurdlar”, “Vizit kartları”, “Bir tanış küçədə”, “Xaç analığı”, “Gəcə vaxtı”, “Ballada”, “Qafqaz”, “Henrix”, “Parisdə”, “Qisas”, “Gecə qonağı”, “Başlanğıc”, “Quzğun” və s. hekayələri real həyatı əks etdirmək baxımından bədii dəyəri ilə seçilən hekayələrdir. Onun hekayələrinin əksəriyyəti 1940-cı illərdə yazılmış hekayələrdir. 1940-cı ilin 28 sentyabrında yazdığı “Gözəl” hekayəsi gözəllik barədə düşünməyə əsas verir. Belə ki, bu hekayə “Dünyanı gözəllik xilas edəcək” fikrini təsdiq etmir. Gözəllik bir göstərici kimi yaxşıdır, göz oxşayandır, həyata bəzəkdir. Ancaq gözəllik dünyanı xilas edə bilərmi?! Axı gözəlliyin özünün qorunmasına, mühafizə olunmasına ehtiyac var. Yaxşı olar ki, konkret olaraq “Gözəl” hekayəsinin öz məzmunundan çıxış edək. Bu mənada hekayədəki konkret bədii parçalara müraciət edərək təhlil aparmaq yerinə düşər.

Hekayə belə başlayır: “Dövlət palatasının dul, qoca məmuru hərbi rəsisin gözəl, gənc qızı ilə evləndi. O, təvazökar və azdanışan idi, qız isə öz qiymətini bilirdi. O, arıq, uzun, vərəmlilərə xas bədən quruluşuna malik idi, yod rəngli eynək taxır, bir az boğuq səslə danışırdı, əgər nəyisə ucadan demək istəsə, səsi elə gəlirdi ki, sanki, hansısa deşikdən çıxır. Qız isə bəstəboy idi, həmişə zövqlə geyinərdi; ev işlərində çox diqqətcil, təsərrüfatçı qabiliyyəti vardı, nüfuzedici baxışlara malik idi. O, bütün münasibətlərdə quberniyanın bir çox başqa məmurları kimi maraqsız görünürdü, ancaq birinci nikahda da gözəl qadınla evlənmişdi; — hamı əlini yelləyərək fikirləşirdi ki, görəsən, nəyə görə gözəllər buna ərə gedirlər?” (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50)

Sual olunur: Niyə belələri həmişə gözəllə evlənməlidir? Niyə belələrinin qismətinə həmişə gözəllər çıxmalıdır? Nə üçün belə dul, qoca məmurlar gözəl, göyçək bir qızla evlənməlidirlər? Nəyə görə hər kəs öz tayını tapmamalıdır? Nəyə görə hərə öz ayağını yorğanına görə uzatmamalıdır? Nəyə görə hər kəs öz gördüyü iş barədə düşünməməlidir? Etdiyi və gördüyü işlər barədə fikirləşməməlidir?



İvan Buninin “Gözəl” hekayəsində gözəlliyin gətirdiyi ziyan da suallara səbəb olur. Belə ki, hər hansı bir gözəlliyə vurğunluq başqa bir gözəlliyi məhv edir, öldürür. Bu mənada hekayənin digər bir bədii parçasına diqqət edək: “Budur, ikincinin (dul, qoca məmurun ikinci arvadı, gözəl gənc qız – B.X.) onun birinci arvadından olan yeddiyaşlı oğlundan zəhləsi getməyə başladı, elə bil, onu heç görmürdü də. Uşağın atası isə arvadının qorxusundan özünü riyakarlıqla elə göstərməyə başladı ki, guya, heç əvvəldən oğlu olmayıb. Təbiətən çılğın və mehriban oğlan onlar evdə olanda söz deməkdən qorxub özünə qapandı, evdə mövcud olmayana çevrildi”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50)

Yenə də suallar yaranır. Bir-birinin ardınca doğan suallar gözəlliyin gətirdiyi acı nəticələri üzə çıxarır. Suallar belədir: Dul, qoca məmurun birinci arvadından olan yeddiyaşlı oğlundan niyə zəhləsi getdi? Dul, qoca məmurun özünü riyakar göstərməsinin səbəbi nə oldu? Təbiətən çılğın və mehriban oğlan niyə söz deməkdən qorxdu, evdə mövcud olmayana çevrildi? Cavab belədir: Ona görə ki, dövlət palatasının dul, qoca məmuru hərbi rəisin gözəl və gənc qızı ilə evlənmişdi. Deməli, dövlət palatasının dul, qoca məmuru gözəl və gənc bir qızla evləndiyi üçün başqa bir gözəlliyi – yeddiyaşlı oğlan uşağının gözəlliyini məhv edir. Onun görəcəyi bütün gözəl günləri uşağın əlindən alır. Bunların hamısını gənc və gözəl bir qızla ailə qurmaq üçün edir. Yenə də hekayənin süjetinə diqqət yetirək: “Toydan sonra onu atasının yataq otağından balaca qonaq otağındakı məxmər üzlüklü divana köçürdülər. O, narahat yatır, gecə üstündən adyal və döşəkağını yerə salırdı. Çox keçmədi ki, gözəl ev sahibəsi qulluqçuya dedi:

— Bu biabırçılıqdır; belə getsə, o, tezliklə divanın məxmərini sürtüb çıxaracaq, Nastya, onun üçün yatağı dəhlizdə sənə gizlətmək üçün verdiyim, rəhmətlik xanımın sandığının üstündəki döşəkcədə, özü də yerdən salarsan.

İşıqlı dünyada tamamilə yalqız qalan oğlansa tam müstəqil, evdən tamamilə təcrid olunmuş bir həyat yaşayırdı – eşidilməz, görünməz, gündən-günə yeknəsəq olan bir həyat...Özü üçün qonaq otağının küncündə farağat oturur, qrifel lövhədə evciklər çəkir, vərəqləri qatlanmış, hələ anası sağ ikən ona alınan yeganə şəkilli kitabı pıçıltı ilə oxuyur və pəncərələrdən baxırdı…
O, kiçik divanla palma basdırılmış çəlləyin arasında yatırdı. Özünə axşamlar yer salır, səhərlər isə səliqə ilə yığıb qatlayır, dəhlizdəki anasındanqalma sandığa qoyurdu. Ona əziz olan hər nə varsa, orada gizlədilmişdi”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50-51)

Yeddiyaşlı uşağın atasının yataq otağındakı divana köçürülməsinin, oradan dəhlizdəki sandığın üstündəki döşəkçə üstündə yerləşdirilməsinin səbəbi nədir? Əlbəttə, yeddiyaşlı uşağın atasının gözəl bir qızla evlənməsi.

Gözəl bir qız… Onun qarşısındakı acizlik… Gözəl bir qızın yeddiyaşlı oğlan uşağının həyatına gətirdiyi bədbəxtlik… Dul və qoca məmurun gözəl bir qızla ailə qurması və bunun naminə yeddiyaşlı oğluna əzablar gətirməsi...

Bunların hamısı gözəlliyin dəyərini azaldır. Əgər gözəllik naminə kimlərəsə əzab-əziyyət veriləcəksə, onda o gözəllik gözəl görünmür. Belə olanda gözəl də, gözəllik də kiçik maraqların, ötəri və keçici zövqlərin təsiri altında olur. Belə gözəl və gözəllik hamı tərəfindən qəbul olunmur. Necə ki “Gözəl” hekayəsində gözəl və gənc qız zahiri gözəllikdən o yana gedə bilmir. Daxili aləmi, mənəvi dünyası baxımından kasıb, lakin zahirən gözəl olan qız çox aldadıcı görünüşü ilə insan həyatına bədbəxtlik gətirir.



Buludxan Xəlilov
filologiya üzrə elmlər doktoru, professor
Top