Avqustun sonlarında dənizdə çimmək və naturadan şəkil çəkmək məqsədilə gəldiyim Kann pansionundakı bu qəribə qadın ayrıca masada səhər qəhvəsini içir və nahar edirdi.
Gərgin, qaşqabaqlı görünüşü var idi, elə bil, ətrafında heç kimi və heç nəyi görmürdü; qəhvədən sonra, demək olar ki, axşamadək harasa yox olurdu. Mən artıq bir həftəyə yaxın idi pansionda qalır və maraqla ona göz qoyurdum: qara, qalın saçlar, başını dövrələmiş yoğun qara hörük, qara gülləri olan qırmızı kreton paltar geyindiyi sağlam bədən, yaraşıqlı, sərt sifət, bir də o kədərli baxışlar.
Yeməkpaylayan elzaslı bir qız idi; on beşə yaxın yaşı olmasına baxmayaraq, iri döşləri, enli dalı var idi, həddən artıq kök olsa da, bu, ona məlahət və zəriflik verirdi; son dərəcə yelbeyin və mehriban idi, hər sözdən ürkər və gülümsəyərdi; bir dəfə onunla dəhlizdə qarşılaşarkən həmin qadınla maraqlandım. Qız diksinməyə və gülümsəməyə hazırmış kimi bulanıq-mavi gözlərini mənə zillədi:
— O rusdur, cənab.
– Hə, sonra…
– Mən onun haqqında heç nə bilmirəm.
– O çoxdan buradadır?
– Üç həftədir, cənab.
– Həmişə tək olur?
– Xeyr, cənab. Bir ağa var idi.
– Gənc, idmançı görkəmli?
– Xeyr, cənab, çox əsəbi və dalğın.
– Sonra birdən-birə yoxa çıxdı?
– Bəli, cənab. “
Deməli, belə. Artıq bəzi şeylər aydınlaşır, – deyə fikirləşdim, – görəsən, bu qadın səhərlər hara yox olur? Hələ də onu axtarır?” Ertəsi gün qəhvədən sonra tanış səs – pansionun bağçasındakı dəyirmi yastı daşların xırçıltısını eşidib otağımın açıq pəncərəsindən boylandım: o, həmişəkitək başıaçıq, paltarının rənginə uyğun çətir tutaraq qırmızı espadrilyalarda tələsik addımlarla harasa gedirdi. Əlağacımı və kanotyemi götürüb onun arxasınca yollandım. Bizim döngədən Karno bulvarına buruldu, mən də döndüm; ümid edirdim ki, fikri bir yerə cəmlədiyindən arxaya boylanmaz, məni görməz. Doğrudan da, vağzala qədər bir dəfə də olsun arxaya baxmadı. Hətta vağzalda üçüncü dərəcəli vaqonun kupesinə girəndə də baxmadı. Qatar Tulona gedirdi, hər ehtimala qarşı Sen-Rafaelədək bilet aldım, qonşu kupeyə qalxdım. Yəqin, yaxına gedir, amma hara?
Napulda və Teulda pəncərədən başımı çıxarıb boylanırdım. Nəhayət, Treyyasedə, bir dəqiqəlik dayanacaqda boylananda gördüm k, o artıq stansiyadan çıxışa doğru gedir. Vaqondan sıçrayıb yenə onun arxasınca düşdüm: düzdür, arada müəyyən məsafəni də saxlayırdım. Biz çox getməli olduq – əyri-üyrü torpaq yolla, dənizkənarı yarğanların üstü ilə, kiçik şam ağacıların arasındakı daşlı sıldırım cığırla – buradan getməklə o, sahili kiçik meşədən ayıran qayalıqlarla əhatələnmiş bomboş əraziyə yaxınlıqdakı sıldırım dağlardan keçən yolu qısaldırdı – gedirdik.
Günorta yaxınlaşırdı, istiydi, hava sakit idi, iynəyarpaq çürüntüsündən kəsif qoxuyurdu, heç yerdən səs-səmir gəlmirdi – yalnız cırcıramalar öz işindəydi: cırıldaşırdılar; cənuba tərəf dəniz isə parıldayır, iri gümüşü ulduzlar kimi bərq vururdu. Nəhayət, cığırla qaça-qaça sıldırımlarım arasında olan su basmış yerə çatdı, çətiri quma tullayıb ayaqqabılarını çıxartdı, sonra soyunmağa başladı. Mən bir az əvvəl onun qaçaraq keçdiyi, keçərkən tutqun güllü paltarının düymələrini açmağa başladığı daşlı yamacda uzanmışdım, ona baxır və fikirləşirdim ki, yəqin, çimərlik paltarı da özü kimi məsumdur. Amma donun altında qısa çəhrayı köynəkdən başqa heç nə yox idi. O, köynəyi də çıxarıb, günəşdə yanmaqdan şabalıdı rəngə çalan, güclü, möhkəm, lüt əndamı ilə parlaq suya doğru addımladı. Gözəl topuqlarını gərərək, günəşdə qaralmaqdan parlayan yanbızlarını yırğaladı. Suya yaxınlaşıb durdu – yəqin, parıltı gözlərini qamaşdırdı – sonra ayaqları ilə suyu şappıldatdı, oturdu, çiyinlərinə qədər suya girdi, çevrilərək qarnı üstə uzandı, ayaqlarını aralayaraq qumlu sahilə tərəf dartındı, dirsəklərini və başını quma qoydu.
Dənizin səthi göz işlədikcə gümüşü ulduzlar kimi bərq vurur, sakitcə yırğalanırdı, qapalı balaca körfəzi və onun qayalarla əhatələnmiş rahatlığını günəş daha bərk isidirdi; bu bürkülü qayalıq səhraya və gənc cənub meşəliyinə elə bir sakitlik hakim idi ki, şüşəyəbənzər xırda ləpələrin məndən aşağıda üzüqoylu uzanmış bədənə qəfil axın etməsi də, sonra kürəyindən, yanlarından, yoğun aralı ayaqlarından çəkilib getməsi də aydın eşidilirdi. Uzandığım yerdən – daşların arxasından bu möhtəşəm çılpaqlığa boylanarkən getdikcə daha çox həyəcanlanır, hərəkətimin mənasız və ədəbsiz olduğunu tamam yaddan çıxarırdım; həyəcandan dikəlib qəlyanımı yandırdım, birdən o da başını qaldırdı, sual dolu nəzərlərlə altdan-yuxarı gözlərini mənə zillədi; bununla belə, necə uzanmışdısa, eləcə də qaldı.
Mən qalxdım, artıq nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Birinci o səsləndi:
– Bütün yolboyu hiss edirdm ki, arxamca kimsə gəlir. Niyə məni güdürdünüz?
Mən düzünü demək qərarına gəldim:
– Bağışlayın, maraqdan…
– Hə, görünür, siz hər şeylə maraqlananlardansınız. Odette dedi ki, mənimlə bağlı onu sorğu-suala tutmusunuz. Rus olduğunuzu təsadüfən eşitdim, ona görə də heç təəccüblənmədim – ruslar hər şeylə həddindən artıq maraqlanırlar. Niyə mənim arxamca gəldiniz?
– Elə həmin maraq xatirinə və müəəyyən qədər də peşəkarlıq üzündən.
– Hə, bilirəm, siz rəssamsınız.
– Hə, siz də rəsmə çəkməli qadınlardansınız. Bundan başqa, hər gün səhərlər harasa gedirdiniz, bu, məni maraqlandırdı – görəsən, hara, niyə? Hətta səhər yeməyi də yemirdiniz, bu, pansionda tez-tez rast gəlinən hadisə deyil, bir də görkəminiz həmişə qeyri-adi olurdu; fikriniz haralardasa, başqa yerlərdəydi. Özünüzü tənhalığa məhkum etmisiniz, elə bil, susqunluğunuzla daxilinizdə nəyisə gizlədirsiniz…
Hə, niyə siz soyunmağa başlayanda çıxıb getmədim, soruşsanız?..
– Bu aydın məsələdir, – o dedi və bir anlıq susaraq əlavə etdi, – indi çıxıram.
Bir dəqiqəliyə üzünüzü çevirin, sonra bura gəlin. Siz də məni maraqlandırdınız.
– Dünyanı versələr də, üzümü çevirmərəm, – cavab verdim.
– Mən rəssamam, həm də artıq uşaq deyilik.
O çiyinlərini çəkdi:
– Yaxşı qoy olsun, mənim üçün fərqi yoxdur.
Ayağa qalxaraq qarşıdan görünüşü ilə bütün qadınlığının əzəmətini nümayiş etdirə-etdirə daşların üstündəki köynəyini tələsmədən başına keçirdi, sonra başını yaxalıqdan çıxarıb köynəyi yaş bədəni boyu aşağı sürüşdürdü. Mən qaça-qaça onun yanına getdim və biz yanaşı oturduq.
– Bəlkə, papirosunuz da var? – o soruşdu.
– Var.
– Birini verin.
Mən ona papiros verib kibrit yandırdım.
– Təşəkkür edirəm.
O, tüstünü içinə çəkib nəzərlərini uzaqlara zillədi, ayaq barmaqlarını tərpədə-tərpədə, çevrilmədən kinayə ilə soruşdu:
– Deməli, hələ də kiminsə xoşuna gələ bilirəm?!
– Əlbəttə, – mən həyəcanla dedim, – əla bədən quruluşu, qəribə saçlar… gözlər, amma üzünüzdə xeyirxahlıqdan əsər-əlamət yoxdur.
– Ona görə ki, həqiqətən də, məni daim pis bir fikir məşğul edir.
– Elə belə də bilirdim. Bu yaxında kimdənsə ayrılmısınız, kimsə sizi tərk edib…
– Tərk etməyib, atıb. Qaçıb. Mən bilirdim ki, o, məhv olmuş insandır, buna rəğmən onu sevdim. İndi aydın olur ki, bir əclafı sevmişəm. Biz onunla ay yarım əvvəl Monte-Karloda rastlaşdıq. Həmin gecə kazinoda qumar oynayırdım, o da oynayırdı, özü də mənimlə yanaşı dayanmışdı, dəlicəsinə bərəlmiş gözləri ilə şarları izləyir, dayanmadan da udurdu, bir, iki, üç, dörd…
Mən də udurdum və o, bunu görürdü. Birdən “Şabaş! Assez” – dedi, sonra mənə tərəf çevrilib: “Bəsdir! Elə deyilmi, madam?” – soruşdu.
Mən gülərək cavab verdim:
– “Hə, şabaş”.
– “Aha, siz russunuz?”
– “Gördüyünüz kimi”.
– “Onda gedirik kef eləməyə”.
Diqqət yetirdim – çox üzgün, amma yaraşıqlı görünüşü olan biri idi… Sonrasını anlamaq çətin deyil…
– Əlbəttə, çətin deyil, şam yeməyində yaxınlıq hiss etdiniz, fasiləsiz söhbətlər… ayrılmaq zamanı gəldikdə isə ikiniz də təəccübləndiniz ki, belə tez…
– Tamamilə doğrudur. Biz heç ayrılmadıq da; başladıq udduqlarımızı dağıtmağa…
Gah Monte-Karloda, Truybidə, gah da Nitsada yaşayırdıq, qəhvəaltını və naharı Kannla Nitsa arasındakı yolqırağı meyxanalarda edirdik – yəqin, bilirsiniz də, bu nə qədər xərc deməkdir, hətta bir müddət yalandan özümüzü varlılar kimi göstərərək Cap d¢Antibes hotelində də yaşadıq. Pul isə yavaş-yavaş azalırdı, son qəpik-quruşla Monte-Karloya səfərimiz isə, demək olar, tamam uğursuz oldu. Sonra başladı harasa yoxa çıxmağa: pulla geri döndü, gətirdikləri də xırda-xuruş – yüz frank, əlli frank. Sonra haradasa mənim sırğalarımı, nişan üzüyümü satdı – axı mən də nə vaxtsa ərdə olmuşam – qızıl işləməli, daim boynumda gəzdirdiyim xaçı, hamısını…
– Əlbəttə, sizi inandırırdı ki, yaxında haradansa borc götürəcək, guya, tanınmış və imkanlı dostları var…
– Hə, həqiqətən, elədir. O kim idi – indi də dəqiq bilmirəm, həmişə keçmiş həyatı barədə ətraflı, aydın danışmaqdan qaçırdı, mənsə buna əhəmiyyət vermirdim. Adətən, emiqrantların çoxunun keçmişi eyni olur: Peterburq, parlaq hərbi xidmət, sonra müharibə, inqilab, Konstantinopol…
Köhnə əlaqələri vasitəsilə Parisdə pis yerləşməmişdi, həmişə yaxşı yerləşməsi mümkün imiş. Nə qədər ki Monte-Karloda, ya da Nitsadaydıq, onun dediyi kimi, adlı-sanlı dostlardan bir şey qoparmaq olurdu. Mən həvəsdən düşmüşdüm, ümidsizliyə qapılmışdım, o isə istehza ilə: “Sakit ol, mənə inan, artıq Parisdə bəzi hazırlıqlar görmüşəm, hansı hazırlıqlar olduğunu soruşma, necə deyərlər, bu, qadınların ağlının işi deyil”, – deyirdi.
– Belə, belə…
– Nə belə?
Birdən o, sönmüş papirosunu kənara tullayıb kəskin hərəkətlə mənə tərəf döndü, gözləri parlayırdı:
– Bütün bunlar sizə gülməli gəlir?
Onun əlindən tutub sıxdım:
– Eyib deyil? Bax indi sizi ya Meduza, ya da Nemezida kimi çəksəm…
– O, qisas allahıdır?
– Hə, həm də çox qəzəbli…
O, kədərlə gülümsədi:
– Nemezida! Nemezidaya bax bir! Yox, siz yaxşı adamsınız. Mənə bir dənə də papiros verin. Çəkməyi də öyrətdi… Hər şeyi öyrətdi… Sonra çəkə-çəkə uzaqlara baxmağa başladı:
– Sizə deməyi unutmuşam – görəndə ki bu cür uzağa çimməyə gəlirsiniz, çox təəccübləndim, hər gün bütöv bir səyahət, həm də hansı məqsədlə? İndi başa düşürəm: tənhalıq axtarırsınız.
– Hə.
Günün istisi getdikcə daha da artırdı, ətirli şamağacıların başındakı cırcıramalar zəhlə tökür, getdikcə daha inadla və daha çılğınlıqla səslənirdilər, mən isə onun dizinə qədər uzanan qara saçlarının, çılpaq çiyinlərinin necə göründüyünü hiss edirdim.
– Gəlin kölgəliyə keçək, gün çox yandırır, siz də mənə öz kədərli əhvalatınızın ardını danışarsınız…
O, xəyaldan ayıldı:
– Keçək…
Biz körfəzin ətrafından fırlanaraq keçib qırmızı qayaların işıqlı, bürkülü kölgəsində oturduq. Mən yenidən onun əlini tutub ovcumda saxladım. O, bunu hiss etmədi.
– Əlavə nə danışmaq olar? – o dedi.
– Artıq bu qəmgin və utancverici macəraları xarıtlamaq belə istəmirəm. Yəqin, fikirləşirsiniz ki, gah bu, gah da başqa bir fırıldaqçının məşuqəsi olmuşam. Qətiyyən elə deyil. Mənim də keçmişim hamı kimi sadədir. Ərim əvvəllər Denikinin, sonra da Vrangelin könüllülər ordusunda olub, sonra – biz Parisə gəlib çıxanda, əlbəttə ki, sürücü işləməyə başladı, amma içkiyə qurşandı, o qədər aludə oldu ki, işini itirdi, axırda da əyyaşa çevrildi. Onunla yaşamaqda davam edə bilmədim. ərimi sonuncu dəfə Monparnasda “Dominika”nın qapısında gördüm – yəqin, rus meyxanasını tanıyırsınız? Gecədir, yağış yağır, o isə cırıq çəkmələrdədir: gölməçələrin içi ilə gəlib-keçənlərin qabağına yüyürür. Büzüşə-büzüşə əlini uzadıb dilənir, hərdən taksidən düşənlərə yöndəmsiz hərəkətlərlə, guya, yardım edir, əslində, onlara daha da mane olur. Ayaq saxladım, ona baxdım və yanına getdim. Tanıdı, qorxdu, sifətini turşutdu – təsəvvür edə bilməzsiniz, o, necə yaraşıqlı, xeyirxah bir adam idi – dayanıb özünü itirmiş halda mənə baxdı: “Maşa, sənsən?” Balacalaşıb, cır-cındırın içində, sarı saqqalı sifətini basıb. İslanıb, soyuqdan titrəyir. Əl çantamda nə vardısa, ona verdim, o isə öz yaş, buz kimi soyuq əlləriylə əlimi tutub öpməyə başladı; göz yaşları axıdır, tir-tir titrəyirdi. Amma mən nə edə bilərdim ki? əlimdən ancaq ona ayda iki-üç dəfə yüz, iki yüz frank göndərmək gəlirdi
– Parisdə şlyapa atelyem var, özüm də pis qazanmıram. Buraya isə dincəlməyə, çimməyə gəlmişəm, amma buyur… Yaxında Parisə qayıdıram. Onunla görüşmək, sifətinə bir şillə çəkmək istəyirəm və sair və ilaxır… Çox səfeh arzudur… Bilirsiniz bunu nə vaxt anladım? Yalnız indi, sizin sayənizdə. Bütün olanları sizə danışdım və başa düşdüm ki…
– Amma yenə də… o, necə qaçdı?
– Məsələ də elə bundadır ki, çox alçaqcasına. Cap d¢Antibes hotelindən sonra sizinlə qonşu olduğumuz bu pansiona yerləşdik; və bir axşam, düz on gün bundan qabaq, kazinoya çay içməyə getmişdik. Əlbəttə ki, musiqi çalınır, ətrafda rəqs edən beş-altı cütlük – mən artıq bütün bunlara ikrahla baxırdım, doyunca görmüşdüm! – oturub mənə və özünə sifariş verdiyi pirojnanı yeyirdim, o isə qəribə tərzdə gülür: bax, bax, – musiqiçiləri göstərir, – həqiqətən, meymundurlar, gör necə tappıldadır, əzilib-büzülürlər, – deyirdi. Sonra boş portsiqarını açır, şasseri çağırır, ona ingilis papirosu gətirməyi əmr edir, o da gətirir, bizimki isə dalğın halda – sağ olun, papirosun pulunu çaydan sonra ödəyərəm – deyir, sonra dırnaqlarına baxır və mənə müraciətlə: “Əllərim pis gündədir. Gedim yuyum”, – deyir və gedir.
– Bir daha da qayıtmır.
– Hə, mən də oturub gözləyirəm. On dəqiqə gözləyirəm, yarım saat, bir saat. Təsəvvür edirsiniz?
– Təsəvvür edirəm. Baş verənləri aydın şəkildə xəyalıma gətirdim: çay stolunun arxasında əyləşiblər, baxışırlar, susaraq hərə öz acınacaqlı vəziyyəti haqqında düşünür. Böyük pəncərələrin arxasında qaralmaqda olan səma, parlaqlıq, dənizin sakitliyi, alaqaranlıqda sallanan palma budaqları, musiqiçilər, elə bil cansızdırlar, ayaqları ilə döşəməni tappıldadır, alətləri üfləyir, metal nimçələri döyəcləyirlər, kişilər onların ahənglərinə uyğun dabanlarını tappıldadaraq yırğalanır, öz qadınlarını sıxcalayır, onları, sanki, məlum məqsədə sürükləyirdilər. Qolçaqlı yaşıl mundirə bənzəyən forma geyinmiş balaca oğlan dimdikli şapkasını ehtiramla çıxararaq ona bir qutu “High-Life” uzadır.
– Bəs sonra?.. Siz oturmursunuz?..
– Hə, oturmuşam və hiss edirəm ki, məhv oluram. Musiqiçilər getdilər, zal boşaldı, işıqları yandırdılar…
– Pəncərələr qaralıb…
– Hə, amma mən yerimdən qalxa bilmirəm: nə edim, necə xilas olum? Çantamda cəmi altı frank, bir də qəpik-quruş var…
– O, həqiqətən də, tualetə gedib işini gördü, öz fırıldaqçı ömrünü götür-qoy etdikdən sonra şalvarını düymələyib, dəhliz boyu barmaqlarının ucunda o biri çıxışa doğru qaçaraq özünü çölə atdı.
Allahdan qorxun, özünüz bir fikirləşin, görün kimi sevirmişsiniz! Onu axtarmaq, ondan qisas almaq? Nəyə görə? Siz qız uşağı deyilsiniz, bilməliydiniz ki, o kimdir və hansı vəziyyətə düşmüsünüz. Bəs hər mənada dəhşətli olan həyatı nəyə görə davam etdirirsiniz?
O susdu, sonra çiynini çəkdi:
– Mən kimi sevirdim – bilmirəm. Belə demək mümkünsə, heç zaman yaşamadığım məhəbbətə ehtiyac duymuşam. Bir kişi kimi o, mənə heçnə vermirdi, heç verə də bilməzdi, çünki çoxdan kişilik bacarığını itirmişdi, deyirsiniz, görməliydim ki, o kimdir və mən hansı vəziyyətə düşmüşəm? Əlbəttə, bilməliydim, amma görmək, fikirləşmək belə istəmirdim, həyatımda ilk dəfə belə bir ömür yaşayırdım, bu günah dolu bayramı onun bütün həzləri ilə hiss edirdim, elə bil, məni şeytan azdırmışdı. Niyə onunla qarşılaşmaq və qisas almaq istəyirdim? Yenə də şeytan yoldan çıxarır… zəhlətökən ideyadır. Məgər bilmirdim ki, iyrənc və miskin qalmaqaldan özgə heç nə edə bilməyəcəyəm? Deyirsiniz ki, nəyə görə? Ən azı, ona görə ki, onun sayəsində bu günlərə düşmüşəm, bu fırıldaqçı ömrü yaşayıram; ən əsası isə kazinonun ayaqyolundan qaçdığım, həmin axşam kazinoda yaşadığım rüsvayçılığa görə! Onda kazinonun kassasında ağlını itirmiş kimi nə isə uydurur, vəziyyətdən çıxmaq üçün yalvarırdım ki, sabaha qədər çantamı girov götürsünlər; o vaxt çantamı götürmədilər, ikrahla çayı da, pirojnanı da, ingilis papirosunu da mənə keçdiklərini bildirdilər.
Parisə teleqram göndərdim, üçüncü gün min frank aldım, kazinoya getdim – orada heç üzümə də baxmayıb pulu götürdülər, hələ çek də verdilər. Ah, əzizim, mən Meduza deyiləm, sadəcə, qadınınam, həm də həssas, tənha, bədbəxt bir qadın; məni başa düşün- hətta toyuqda da ürək var! Həmin o lənətə gəlmiş axşamdan sonra çox kədərləndim. Sizi mənə Allah göndərib; necə oldusa, birdən-birə özümə gəldim. Əlimi buraxın. Geyinmək vaxtıdır, bir azdan qatar Sen-rafaeldən çıxır…
– Onu yaddan çıxarın, – dedim, – yaxşısı budur, ətrafa baxın, bu qırmızı qayalara, yaşıl vadiyə, əyri-üyrü şamağaclara, bu cənnət cırıltısına qulaq verin. İndən sonra buralara birlikdə gələcəyik. Doğrudur?
– Doğrudur.
– Birlikdə də Parisə gedərik.
– Hə.
– Sonrası nə olacaq – fikirləşməyinə dəyməz…
– Hə, hə.
– Əlinizi öpmək olar?
– Olar, olar.
Tərcümə: Tahir Kazımlı