Bilinməz nə vaxtdan hərlənir bu tas,
Nə zaman pozular bu gözəl əsas.
Belə nazik fikri dərindən duyub
Ağıl ölçüsüylə dərk etmək olmaz.
Keçmiş günlərə baş vuranda , xəyala dalanda öncə gözü önünə kəndlərinin kənarını əhatə etmiş yamaclar gəlirdi. Nədənsə həmişə yaz vaxtları canlanırdı xəyalında ; yamaclar yaşıl dona bürünmüş olurdu .Və ən qəribəsi o idi ki , yamaclar aralıdan dağa bənzəyirdi, yaxından isə elə yamac idi ki, vardı. Sonra uca Pirdirəki dağını xatırlayırdı. Və anlayırdı ki , Pirdirəki dağı, sözsüz , dağdır, çünki ətrafdan , hətta çox uzaqdan belə görünür. Və ona çox təəccüblü gəlirdi nədən aşağılar - dağın yamacları yaşıl ,zümrüd rəngində, əsas özəyi — başı isə yumru və bozumtuldur: sanki sal qranit parçasıdır.
Uşaq vaxtı babası ilə dəfələrlə dağa getmiş və yəqinləşdirmişdi ki, dağ qranit parçası — filan deyil, amma daşlı- kəsəklidir. Yəqin ,elə buna görə də ətraf yamyaşıl zümrüd rəngunə boyananda o, eləcə bozumtul qalır .Bozumtul...
Nədənsə bu rəng həmişə ona kasıb gəlirdi , qoca gəlirdi və o , həmişə o vaxt da, indi də düşünürdü ki ,bu dağ nə isə qocadır, kasıbdır .Dağ onda qəribə bir təəssürat yaradırdı.
… O, bu dağın bozumtul və dik təpəsində durub ətrafa baxırdı, babası da yanındaydı. İlk dəfə o, aralıdan daha bir dağ müşahidə etdi- ağappaq ,qarla örtülü bir dağ . Heyrətlə babası Əkrəmdən soruşdu:
— Baba , o nədir elə?
-Qardır ,bala.
-Bu vaxtı qar ?
-Bəli , canım, o dağın başı avqust ayında da qarla örtülü olur.
-O dağın adı nədir ?
-Qarlı baba.
-Qarlı baba ?
- Bəli.
-Bəs bu dağa niyə baba demirlər ?
-O dağ ziyarətgah sayılır .İnsanlar ora ziyarətə gedirlər.
Birdən- birə onun öz dağına, ona daha yaxın olan dağa yazığı gəldi. Əyilib xırdaca əlləri ilə dağın boz təpəsini sığalladı.
-Baba , nədən bizim dağın yaylağı, sıx meşəsi ,qaynar çeşməsi. gur şəlaləsi yoxdur ?
Əkrəm kişi gülümsündü.
-Hə , olur elə dağlar. Bu da belə dağdır. Sevmədinmi bu dağı ?
— Sevdim .Amma istərdim: bu dağ da köksü sıx meşəlikli, gur çəlaləli , qaynar çeçməli bir dağ olsun.
-Yetər ,canım, bu da belə dağdır. Hər dağın öz gözəlliyi var. Bunun da gözəlliyi qranitə bənzəməsindədir.
Bu, dağ deyil sal qranit parçasıdır.
Ah, onun əziz, sevimli və həmişə ona yoxsul görünən sal qranit parçası- dağı.
Amma yox yaşamaq lazımdır. Yaşamaq üçün isə xatirələrdən bir qədər aralanmaq , bu günlə uyuşmaq lazımdır. Bu günü yaşamaq lazımdır. Bu günü yaşamaq üçün müəyyən imtiyazlar lazımdır. Amma onun bu imtiyazları yoxdur. Nədənsə yoxdur .Bu hansı səbəblərlə bağlıdır ,nədən o bu imtiyazlar-
dan məhrumdur?
Bunu heç kəsə izah edə bilməz, özü üçün də aydınlaşdıra bilməz. Deyən , bu ,elə taleyin qismətidir, hərəyə bir cür yazılır.
Hava da bu gün lap qiyamətdir. Televizor bar-bar bağırır ki, son otuz-qırx ilin ən sərt qışıdır. Otağı da buz kimidir :soba axşamdan sönüb. Sobaya atmağa odun da yoxdur.
Əvvəllər çoxlu üzüm bağı var idi kənddə ; camaat budamadan sonra gətirib çırpısından, kötüyündən qapısında taya vururdu, qış yazatan yandırırdı –pulsuz-parasız. İndi hardadır kötük ki ,yandırasan da… Bağlar elə qurudu ki ...Təzək də qəhətə çıxıb.
Yox...Bərk üşüyüb deyəsən.
Bəlkə, getsin qardaşının qapısını döysün? Yəqin, küləyin, çovğunun səsinə oyanıblar. Bəlkə, elə indi onu düşünürlər, bəlkə, rəhmləri gəlir ona; bir də gördün uşağı göndərib onu çağırırlar ki , gəlib qaz peçinin kənarında qızınsın, çay içsin.
Yox səs -səmir yoxdur. Yəqin bərk-bərk bürünüblər yorğana .Qoy o da girsin yorğana.
Yorğanda da boş –boş uzanmaq olmur; keçmiş günlər öz-özünə gəlib halay vurur gözlərinin qarşısında.
… -Gəl ,Nəriman , gəl gedək Kərəm Mürşüd bulağına. İndi oralar cənnətə bənzəyir lap; zanbaqlar, lalələr bir – birinə qarışıb. Sənin sevdiyin cığcığalar da səslənir daha .Gəl gedək şomu yığaq, turşəng yığaq, yemlik yığaq. Nənən bir yaxşı şomu qovursun , yeyək ağzımız dada gəlsin.
— Baba ,Kərəm Mürşüdü kim inşa edib ?
-Kərəm Mürşüd.
-Nədən bunun suyu belə boldur? Heç Ağ Bulaq , Qoca Bulaq belə deyil.
-Bu Quru dağın ətəyində yerləşir ,bala , yəqin ki, dağdan qidalanır.
-Baba, bu quşlar nə gözəldir . Adları nədir ?
-Qumru quşlarıdır.
-Bu quşları sevdim, baba; səsləri cığcığa gülünün səsinə oxşayır lap. Baba , bu çəmən çox gözəldir. Bizim baxçamız da gözəldir .Bu çəmənin öz gözəlliyi, bizim baxçamızın da öz gözəlliyi var . Baxçamızdan baxanda Quru dağ görünür ;quru yox , yamyaşıl görünür. Elə , doğrudan da, yamyaşıldır. Nədən ona Quru dağ deyirlər ?
-Yəqin, yamacları ətəklərinə nisbətən quru olub ona görə. Əvvəllər bu düzlər bütün su olub.
-Gör a… Baba , əmimgilin baxçasındakı yapon almasından da ək də baxçamıza. Çox yekədir ,xoşum gəlir. Cümşüd deyur ki ,o almalar bir kilo gəlir.
-Gəlir.
-Onu kim əkib?
-Əmin əkib ,calaq almadır. Mən sevmirəm calaq almanı. Hər meyvə öz tamında, dadında daha gözəldir, xeyirlidir. Məgər bizim almalar, alçalar ,armudlar, heyvalar pisdirmi ?
-Şəhanədir , baba .Bircə yay gəlsəydi. Lap ağzım sulandı.
Babası Əkrəm bığaltı-bığaltı gülümsəyir.
Amma yox… yaşamaq lazımdır. Yaşamaq üçün isə insana ailə , uşaq lazımdır. Onunsa ailə -uşağı yoxdur. Əvvəllər arvadı var idi ,amma nagah badi-sərsər əsdi üstünə və arvadı öldü. Uşaqları isə olmamışdı. O da dərd- sərdən xəstələndi, bir müddət yatağa düşdü. Sonra qardaşı Rövşən baxımsız qaldığı üçün onu qəsəbədən həyətdəki daxmasına daşıdı ki, arvadı baxsın.
İndisə artıq əlli yaşı var. Ömür-gün sürətlə gəlib keçdi .Əvvəllər qardaşı ,qohumlar ona evlənmək təklif edirdilər .Evlənmədi .İndisə çətin ona gələn olar; nə varı var ,nə də də görkəmi .
Hərdən lap təəccüb edir ; insanların ,lap elə onun qardaşı arvadının qəlbində nə üçün rəhm, məhəbbət qalmayıb . Əvvəllər belə deyildi, deyəsən. Anası qonşuları Güllü xalanın səksən yaşlı anasını böyük bir ehtiramla süfrənin kənarında oturdardı, xiyarın özəyini , yeməyin ən dadlı, yumşaq tikələrini onun qarşısı-
na düzərdi.
Fikirləri özündən uzaqlaşdırdı . Əvvəla, Güllü xalanın anasının səksən yaşı vardı, onunsa əlli yaşı var.
Güllü xalanın anası belini büküb gəzirdi , osa dimdik gəzir. Deyəsən, onun möhtaclığı heç qocalıq möhtaclığı deyil, bədbəxtlik möhtaclığıdır.
Hə...o, bunu demək istəyirdi, amma deməyəcək. İstəyir həyata daha yumşaq nəzərlərlə baxsın-yumşaq...yupyumuşaq...Qoy həyat da ona yumşaq nəzərlərlə baxsın - yumşaq ...yupyumuşaq...
Amma həyat ona sərt nəzərlərlə baxıb, deyəsən. Onun taleyi çoxlarının taleyindən nə isə seçilir ,fərqlənir.
Məgər o, həyata gələndə başqa uşaqlardan fərqlənirdimi ?
Uşaqlar onsuz da bir- birindən fərqlənir; biri qaraşın olur ,biri sarışın; biri arıq olur ,biri kök : biri
tez böyüyür, birinin böyüməsi nisbətən ləng gedir. Bütün bunlar ta əzəldən belə olub. Böyüyüb insan olan cocuqların xoşbəxtliyinin ,bədbəxtliyinin göstəricisi deyil bunlar. Düzdür , bəzən uşaqlarda müəyyən qüsurlar olur , amma bu əsas vermir ki, onların gələcəkdə bədbəxt olacağını söyləyəsən. Çox vaxt hansısa bir qüsuru olan uşağın taleyində elə bir bədbəxtçilik olmur, deyəsən.
Bax...bax... yenə də sərt prizmaya keçdi. Olmaz , əzizim , olmaz. İnsanları qüsurlu, qüsursuz cərgələrə bölmək düzgün deyil .İnsan insandır. İnsanın ruhu insandır. Bədən isə bu ruhun hələlik yaşadığı biologi bir canlıdır. Ondan daha ağıllılar , sözü keçərlilər belə deyib, həlhəlbət..
Kənddə təkcə omu bədbəxtdir?
Yox, var belələri,- qonşuları Əlxan ,- orta məktəbdə ona şair deməyə başladılar. Vardı hərdən bədahətən şeir deməyi. Kəndlərində oxumağa gələn Maygülü adlı gözəl bir qıza aşiq olmuşdu , ona şeir qoşmuşdu. Bir beyti yadındadır:
Maygülü qonaq gəlib .
Əlxan dur kəs quzunu.
Əlxan Maygülü ilə evlənə bilmədi. Maygülü kimi gözəli kasıb, sısqa , xəstə uşaq olan Əlxana verməzdilər. Maygülünün sonrakı taleyindən xəbəri olmadı. Əlxan isə özündən on yaş böyük xalası qızı ilə evləndi. Bir neçə il uşaqları olmadı .Sonra biri oldu. Uşağın adını Taleh qoydular. Talehin iki – üç yaşı olanda Əlxan öldü və s. və i .
Çoxdur bədbəxtlər. Və o, deyəsən, bu bədbəxtlərə baxıb təsəlli də tapır.
Təsəlli özü böyük şeydir. İnsan təsəllisiz yaşaya bilməz. İnsan çox şeysiz yaşaya bilməz. Amma insan yaşamalıdır. Həyatdakı bütün çətinliklərə rəğmən yaşamalıdır. İnsanlar yaşamağa və ölməyə məhkumdurlar.
Yaşamaq və ölmək ...Dünyaya gəlmək və getmək. Bu ikisinin arasında duran cəmiyyət. Deyəsən, insanın xoşbəxtliyini və bədbəxtliyini şərtləndirən də elə bu cəmiyyətdir.
Qoy getsin baxsın , bəlkə , Nailə, uşaqları durub yuxudan .Saat artıq on birdir.
Köhnə paltosunu çiyninə salıb qardaşı evinə yollandı. Qardaşı evdə olmamalı idi . Qardaşı evdə olanda həyat daha gözəl olur. Nailə Rövşəndən çəkinib qapını ona açır. Və o isti otağa daxil olur. Uşaqları min bir şirin dil ilə dindirərək isti peçin kənarında çay içir ,kasada xoç ətir saçan, buğlanan zəfəranlı küftə yeyir.
Çoxları var, bəlkə də, bilmir çay necə gözəl nemətdir; çay bəzən insana həyat verir. Onu içdikcə canına can gəlir. Böyründə mürəbbəsi, konfeti olsa lap qiyamətdir.
İçəridən çən gülüş səsləri gəlir. Nailə uşaqlara səslənir. Qapını döyür. Səslər xırp kəsilir. Yəqin, Nailə tapşırır ki, səsinizi çıxarmayın : guya hələ yatıblar.
Nədənsə Nailə onu sevmir. Bir o deyil, qonşular da onu sevmir. Sevilməməyinin səbəbi onun
bədbəxtliyidir. Cəmiyyət bədbəxtliyi sevmir. Heç kim istəmir ki, səhər- səhər qanı qaralsın. Eybi yox qoy səhər- səhər keflərinə soğan doğramasın. Getsin Əsligilə .Əlxanın arvadı Əsli hərdən acıyıb ona çay təklif edir .
Əsli pərdəni gizlicə aralayıb baxır, amma qapını açmır. Axır vaxtlar o da çay dəsgahını kəsib , yəqin, camaatın dilinə düşməkdən qorxur. Camaat bəzən bədbəxtləri bəzəyib- düzəməkdən xüsusi zövq alır.
Nə Nailə qınanılasıdır, nə də Əsli. Qınanılası elə odur , ya da onun bədbəxtliyi qınanılasıdır. Hərçənd ondan daha ağıllılar, sözü keçərlilər deyib ki, lağ etmə bədbəxtə, gülmə nakama.
Olmadı yenə yumşaq , şəfqətli dairədən çox kənara çıxdı. Bu dairədən kənara çıxmaq insana heç vaxt xoşbəxtlik verməyib və verməyəcək. Bu dairənin içində hər-hər hərlənmək çox gözəldir .Anası çox gözəldi ,babası, atası, Güllü xala , bütün kəndləri çox gözəldi. Amma o gözəl deyil.
Hərdən rast gəldiyi qohumları onun gözəl nənəsini, babasını, ata- anasını, su sonası bibilərini xatırlayıb ağlayırlar .Elə o da ağlayır. Çünki onun həyatda görüb götürdüyü elə o illər oldu. O illər də zamanın hansısa əl irişməz qatlarında - çox –çox dərinlərdə qaldı. Zamanın bu günkü qatlarında isə o və onun bədbəxtliyi durub. O və onun bədbəxtliyi zamanin çarxlarında fırlanır. Fırlandıqca dairə böyüyür və bədbəxtlik çoxalır. Bir müddət sonra o və onun bədbəxtliyi də zamanin əl irişməz qatlarında qalacaq.
Zamanın əl irişməz qatları ...O qatların hansısa birində Ömər Xəyyam durub , hansısa birində Füzuli durub, hansısa birində Mirzə Ələkbər Sabir durub, daha birində babası durub, daha birində də o və onun bədbəxtliyi durub.
Və bu gün nəsə ona xoş gəlir, deyəsən , özünün də hansısa bir qatda durmağı. Hər halda zaman camaat deyil . Camaat onu qapı arxasında qoysa da , zaman onu qatlar arxasında qoymayacaq. Zamanın da möhtəşəmliyi elə bundadır.
Zaman...Əl irişməz qatlar .Aparıb özünü Ömər Xəyyamla , Füzuli ilə müqayisə edir. Amma burada Ömər Xəyyamın təbirincə elə bir qəribəlik yoxdur. Çünki Ömər Xəyyama görə şah və gəda Allahın hüzurunda , ölümün qarşısında eynidir.
Yaşasın üç yüz il, beş yüz il, min il
Bu köhnə dünyadan gedəcəksən bil.
İstər dilənçi ol, istərsə şah ol
Sonda qiymət birdir iki cür deyil.
Hə...belə...belə… işlər… Amma yox... yaşamaq lazımdır. Yaşamaq üçün isə bir isti bucaq lazımdır. İsti bucağısa dağıldı. Yenisini yaratmaq isə çətindir, bəzən mümkünsüzdür. İnsan gücdən düşür,
Ömür- gün, sağlamlıq əhdə vəfa etmir .Amma insan tək də yaşaya bilməz. İnsan vəhşi yalquzaq , şir deyil ki, tək yaşasın. Heç yalquzaq, şir də tək yaşayanda xoşbəxt olmur.
Hərçənd, bu an özünü lap vəhşi yalquzaq kimi hiss edir. İçində nə isə bir vəhşinin qımıldandığını duyur. İşində qımıldanan bu vəhşi ona pıçıldayır ki ,arvadı xəstələnəndə qardaşları (o vaxt o, uzaqda idi ) onu şəhər xəstəxanasına belə aparmayıblar. Qəsəbə xəstəxanasındakı həkim də sevinclə onu yarıb töküb (çünki filan qədər pul qazanacaqdı.) Sonradan xəstənin sağalması şərt deyil , operasiyadan sonra o qədər ağırlaşmalar olur ki , yazar birinin ayağına . Sonra elə belə də oldu.
Hamı ; onun qohumları da , arvadının qohumları da laqeyd- laqeyd tərpəşirdilər. . Nitsşe deyib ki, yıxılanı heç vaxt qaldırma , itələ qoy canı çıxsın. Onun qohumları da məhz belə etdi; xəstəxana döşəyinə yıxılmış arvadını itələdilər ki, canı çıxsın .Çıxdı da. Can nədir ki ,birdən elə guppultu ilə çıxır ki ...
Hə...belə...belə..işlər… Ha deyir ki, yaxşıları xatırlayacaq : olmur ki , olmur. Pislər onun dövrəsində halay vurub hərlənirlər. Hərdən yuxusuna girir kəndləri : ikimərtəbəli daş evləri , Ağ Bulağa ,Qoca Bulağa gedən cığırlar. Gündüzləri ha əlləşsə də xatırlamadığı küçələr yuxusuna elə xırdalığına qədər aydınlıqla girir ki ....Ağ Bulağa gedən cığırın tinindəki daş skamyaya qədər. Nabat xalanın cığıra baxan qırmızı pərdəli pəncərəsinə qədər. Qışda qışlağa, yayda yaylağa köçən Əsbət xalanın otlu -ələfli həyətinə qədər. Nədənsə onların kəndində qadınlar lap mələyə bənzəyirdi. Qocaların isə üzlündən nur yağırdı. Niyə görən beləydi ?
Üz – gözündən nur yağan nənəsi bir dəfə söhbət edirdi : “Anam o qədər gözəl idi ki ,aya deyirdi sən çıxma, mən çıxacam , günə deyirdi: sən çıxma mən çıxacam. Atam da əsl igid : yeriyəndə yer tərpənirdi,
qəbzəsindən qan damırdı .Qapımızda odunumuzu doğrayan , suyumuzu daşıyan bir nökərimiz var idi.
Anam nökərdən yaşınmağı özünə ar bilib yaşınmayıb. Bu nökər də bir gün belə, beş gün belə vurulub anama .Atam da arif kişi olub nökərin qırımını anlayıb. Bir gün nökər anama pis- pis baxanda daşı götürüb vurub nökərin başına, nökərin canı elə orada çıxıb .”
O vaxtı bu söhbəti eşidəndə də , indi bu söhbəti xatırlayanda da - hər dəfə elə bilir daş elə nökərin yerinə onun başına dəyir.
— Ay nənə, niyə axı ,nökər də insandı da, vurulub da nənəmə.
--Kəs səsini, haramdı olmaz axı.
Amma yox...yaşamaq lazımdır. Yaşamaq üşün isə həyatla bacarmaq lazımdır. Görən həyat özü mürəkkəbdir ,yoxsa insanlar onu mürəkkəbləşdirib Deyən, elə həm həyat özü mürəkkəbdir , həm də insanlar onu mürəkkəbləşdirib. Yaşamaq üçün mübarizə aparmaq lazımdır .Necə ki heyvanlar yaşamaq üçün mübarizə aparırlar, elə də insanlar yaşamaq üçün mübarizə aparırlar. Şirlər ceyranları maralları zürafələri; tülkülər dovşanları, dələləri; quşlar da cücüləri, soxulcanları , balıqları, nə bilim nələri ovlayırlar. Heyvanlar bu gün nə tapdılar onu yeyirlər, insanlar isə həm bu gün yaşamalıdırlar , həm də sabahın qayğısına qalmalıdırlar.
Sabahın qayğısına qalmaq da bir az çətin məsələdir. İnsan bəzən heç bu günü əməlli dolana bilmir ,gəl indi sabahın da qayğısına qalsın. Hələ mollalar, din xadimləri üçüncü bir məsələni - o dünyanı da atırlar ortaya . İnsanlar o dünyanı da fikirləşməlidir. Lap çətin məsələdir. Bu günü əməlli yaşaya bilməyən insan o dünyanın öhdəsindən necə gələcək ?
Ömər Xəyyam da deyir ki :
Xoş həyat kədərlə vurulmaz başa.
Şad könül şüşəsi çırpılmaz daşa.
Kim bilir dünyada nələr olacaq!
Şərab iç, ay üzlü gözəl sev, yaşa.
Ömər Xəyyamın heç olmasa içməyə meyi, qucaqlamağa gözəli olub. Bəs o neyləsin ?
Durub bir kəndə çıxsın. Hara getsin axı ? Küləkdə qarda- qiyamətdə kim var axı ?
Arvad deyil ki, bulağa getsin. Heç indi bulaqda arvad da yoxdur. Klubun yanında da adam olmaz.
Bir kisə kömür bəzən hər şeyi həll edir : qalayırsan peçə , qızınırsan özünçün .Bir kisə də kartof. Kartof külləməsi lap xanlara, bəylərə layiq yeməkdir.
Xanlar...Bəylər...Xandan bəydən söz düşən kimi Koroğlu da gəlib öz-özünə yadına düşür.
— Baba , Koroğlu harada yaşayıb?
-Çənlibeldə.
-Çənlibel haradadır ?
-Deyilənə görə Şamaxı tərəfdədir.
-Doğrudan oradadır. Gedək də bir dəfə.
-Qoy yaz açılsın gedərik.
Bircə yaz açılsaydı. Kasıbınki yenə də yazdır ,yaydır: odun dərdi çəkmirsən , qaz dərdi çəkmirsən.
Bu Əlxan da ölməyə vaxt tapdı. Yenə yaxşı həmsöhbət idilər.
Bir məhlədə iki şair ,
Yazır bir- birinə dair.-
Əlxanın kəlamlarından idi. Bərk üşüməyinə baxmayaraq dodağı da qaçdı. Hərcənd, o , şair deyildi ,amma Əlxan qafiyə xatirinə deyirdi də.
Nə isə, yüz fikir bir borcu ödəməz . Qoy bir də gedib qapını döysün.
Qapını döyür . Nailə qapıya çıxır.
- Sabahın xeyir.
-Sabahın xeyir-Nailə nə isə həmişə onun salamını dodağını büzərək alır.
-Bir çayın olmaz?
-Heç su var ki çay da olsun. Get bulaqdan su gətir. Soyuqdur, gedə bilmirəm.
Hərçənd bulağa şox vaxt arvadlar gedir , amma eyb etməz ,çünki adam qocalanda və onun kimi kasıb, bədbəxt olanda arvadlıq , kişilik də əhəmiyyətini itirir.
Yolda bibisi qızı Nigarla rastlaşır. Nigar ondan bir-iki yaş böyükdür.
-Ay qadan alım bu soyuqda uşaq yox , köşək yox niyə yıxılıb yatmırsan?-bibisi qızı Nigar səslənir.
Cavab vermir.
-Bu qədər suyu neynirsən ?
— Nailə üçün aparıram.
— Rövşən buradadır ?
- Yox, Sumqayıtdadır.
-Odunun varmı yandırmağa ?
-…- Bu zəhrimar yaşlar da onu lap kişilikdən qoyub .Kişi də qadının qarşısında ağlayarmı ?
-Yoxdur demək. Gəl bizə bir kisə kömür apar . Yenə bir həftə yandırarsan .
Qabları doldurub elə Nigarla birlikdə evə dönür. Nailəni səsləyir.
Nailə içəridən
-Çıxart eyvana — deyir.
Tələsə- tələsə bidonları eyvana çıxarır. Nailə, deyəsən ,heç onu içəri dəvət etməyəcəkdi. Amma bu indi elə də əhəmiyyət kəsb etmir, çünki onun ümıd mələyi — Nigar onu doqqazın ağzında gözləyir. Pillələri cəld düşüb Nigarla birlikdə uzaqlaşır və hiss edir ki, Nailə dodaqlarında həmin narazı ifadə onun Nigarla qoşa getməsini izləyir