Uzundur dünyanın bu əfsanəsi/Şiringül Musayeva(2-ci hissə)

Uzundur dünyanın bu əfsanəsi/Şiringül Musayeva(2-ci hissə)

Nigar  ona  bir  kisə  kömür   və  içi  yeməli  şeylərlə  dolu  zənbil  də  verdi. Ayaqları  bir- birinə  dolaşaraq   kömürü  və  zənbili  daxmasına  gətirdi.
  Tələsik  peçi   qaladı.  Zənbildə  kartof ,  soğan ,  vermişel,  düyü  ,  çay  .  yağ   konfet  və  bir  qutu  xurma  var  idi.   Xurmadan   bir  neəsini  tələsik  ağzına  atdı.
    Budur, çay  da  qaynadı.  Hə   indi  xurma  ilə   şay  içmək  ,  kartof  soyutmasının  bişməsini  gözləmək   və  xəyallara  dalmaq  olar.
   Xəyallar...İnsan  qocaldıqca   xəyala  dalmağı  daha  çox  sevir  .Əslində  insan  cavan    olanda  da  xəyala  dalmağı  çox  sevir. Gənc  olanda  xəyallar  daha  vüsətli  olur :  gözlənilməz  gedişlər  ,  xoş  sürprizlər ,ən  əsası  da  bunların  baş  verəcəyinə  olan  inam.
  Qocalanda  isə   heç  bir  sürprüz  qalmır.  Qarşıda  sanılı  qoz  kimi  yeknəsəq  günlər  durur. Bəzən  bədbəxtlik  qocalmanı  ,  deməli  yeknəsəqliyi  sürətləndirir. Ya  da  bədbəxtlik  elə  qocalıqdan  da  betər  bir  durumdur.  İnsan 
nə  üçün   bədbəxt  olur. Ümumiyyətlə  bədbəxtlik  və  xoşbəxtlik  arasında  fərq  böyükdür,  yoxsa  kiçik ?Və  yaxud  bir  çox  filosofların    təbirincə   deyilsə   xoşbəxtlik  və  bədbəxtlik  bəlkə  nisbidir.  Əslində  bədbəxtlik  və  xoşbəxtlik  yoxdur.  İnsanın  özünü  bədbəxt  və  xoşbəxt  hiss  etməsi  var.
   Lap   dolaşıb  qalır.  İçində  sanki  şeytan  oyanıb. Yaxud  bu  şeytan  həmişə  onun  içində  olub , amma  indi  bədənin  düşdüyü  bu  çətin  vəziyyətdən , zəifləməsindən  istifadə  edib  güclənib  bu  şeytan. Elə  hey  onun  içində 
qımıldanır  ,  ora – bura  vurnuxur, nələrisə  çək –çevir  edir.
  Ətrafda  minlərlə  insan  var.  Minlərlə  insanın   minlərlə  dərdi- səri   var  .Minlərlə  insan  yaşamaq  istəyir və  həm  də  gözəl  yaşamaq  istəyir. Keçmişdən  bu  günə  qədər  minlərlə  quruluş , minlərlə  insan  dəyişib. Və  bu  minlərlə  quruluşda  çox  vaxt  əzilən  və  əzən  təbəqə  olub. Əzən  təbəqə  də  bədbəxt  olub, əzilən  təbəqə  də. Onların  hər  ikisi  mövcudluqlarına  görə  müxtəlif  bədəllər  ödəyib ,  dərd – bəlalarla  rastlaşıb.
    Ah,   insanın    əzəli  dərdləri- bitməz – tükənməz...  Kimini  şair  edib  bu  dərdlər, kimini  filosof ,  kimini  də  dəli ,  məcnun...
    Amma  yox  yaşamaq  lazımdır.  Yaşamaq  üşün  isə  həyatda   yapışacaq  bir  şeyin  olmalıdır. Nədən   o,  indi  öz  tənha  ,  kasıb ,  bozumtul  otağında   üşüdükcə  minlərlə   insanın  da  üşüməsini  hiss  edir.  Bu  ki  dəhşətdir. Nədən   küçəyə  çıxanda, qəsəbəyə  çıxanda  yüzlərlə  insan  ona  üşümüş  gəlir.  Ah,  pencəyinin  açıq  qalmış  yaxasını  bağlamayan ,  eloğlu,   ,nədən   rəngin  belə  bozdur, şalvarın  belə  ütüsüz, ayaqqabın  belə  boz  və  burnu  sürtülmüşdür, dabanı  belə  əzilmişdir.
   Necə  olmalıdır  ki… Bütün  yaradılmış  ütülü  şalvar – köynəkdə  gəzə  bilməz  ki… Bu  geyimlər   göydən  yerə  zənbillə  tökülmür.  İnsanlar   onları  əldə  etməlidir.
   Bax  da . Nə  isə  azıb  qalır.  Bir  tərəfə  çıxa  bilmir.   Dolaşıq  fikirlər  onu  yorub.  Və  nədənsə  ona   elə   gəlir   ki ,  elə  bütün  bəşəriyyət  dolaşıq  fikirlərin  əlində  yorulub, bezikib. Bəşəriyyət  öz  dediklərindən  ,  öz yaratdıqlarından  usanıb. Bəşəriyyətin  dedikləri  ilə  yaratdıqları  üst – üstə  düşmür. Heç  nə  üst- üstə  düşmür.
Necə  ki o, öz  arzuları  ilə  üst- üstə düşmür  ,  elə  də  bəşəriyyət  öz  arzuları  ilə  üst – üstə  düşmür. Necə  ki o ,soyuq  otaqda  titrəyir ,  elə  də  bəşəriyyət  titrəyir.  Əfqanıstanda  titrəşirlər ,  Liviyada  ,  Suriyada , Çeçenistanda  titrəşirlər. Nə  isə  titrəşirlər. Və  bu  titrəmələri  o, öz  arıq  vücudunda  hiss  edir. “ Bəşəriyyət ,  bütün  dünya  bir  atomdan  yaradılıb “-  deyəsən ,  doğru  fikirdir. Onun  bu  atomun  zərrəsinin  zərrəsinin  zərrəsi  olan  vücudu  Qəddafinin  ağrılarını  canında hiss  edir. Hərçənd  Qəddafi  həmişə  əzmişdi,  amma  axırda  elə  əzildi ki ...
   Nə  isə  ...
   Amma  yox  yaşamaq  lazımdır   .Hərçənd, yaşamaq  çox  çətinləşib; fizikən  də  çətinləşib, mənən  də  çətinləşib. Dünyada  maraqlanmalı  bir  şey  qalmayıb  sanki. Yaman  çətin  məqamda  dünyaya  gəlib, deyəsən  -bəşəriyyətin  qocalıq  məqamında . Bəşəriyyət  də  qocalıb, o  da  qocalıb. Fikirləri  sanki  nəyləsə  toqquşub  dayanır.  Bəşəriyyətin  də  fikirləri  nəyləsə  toqquşub  dayanır.  Və  o,  ruhdan  düşür .  Bəşəriyyət  də  ruhdan  düşür. 
         Hə...belə...belə… işlər… “Qocalığın  depressiyası”-  deyən, belə  bir  termin  də  var.   O,  artıq  gələcəyə   inana  bilmir. Bəşəriyyət  də  inana  bilmir.   Bəşəriyyət  də  bədbəxtdir, o da  bədbəxtdir.  “Bədbəxt  bəşəriyyət  “-demək  olarmı  ? 
                                                           Ariflər   yaratmış   sözdən   dürr,  gövhər                                                                                                            
                                                            Göylərin  işindən   qalmış   bixəbər.
                                                            Cahanın  sirrini  aça   bilmədən
                                                             Bir neçə  söz  deyib  çıxıb   getmişlər.
         Görən,  o, yumşaq ,şəfqətli  dairədən  kənara çıxmır  ki?
        Yumşaq, şəfqətli  dairə . Bəşəriyyət  çox  istəyir    bu  yumşaq ,  şəfqətli  dairənin  daxilində  fırlansın. Amma   bəşəriyyətin  bəzi  qütblərini   bu  dairədən    elə  fırıltı  ilə  kənara  tolazlayırlar  ki...
   Kim  tolazlayır ?  Elə  bəşəriyyət  özü. Gücü  çatan  gücü  çatanı  tolazlayir. Bəzən  də  bəşəriyyət  özü –özünü  tolazlayır. Bəşəriyyət  özü -  özündən  baş  açmır. Necə  ki  o,  özü- özündən  baş  açmır ,  elə  də  bəşəriyyət  özü- özündən  baş    açmır… Necə  ki  o ,  özünün  haradan  gəldiyini ,  nə  üçün  yaradıldığını,  irəlidə  onu  nələrin  gözlədiyini  bilmir ,  elə  də  bəşəriyyət  bilmir.  Necə  ki  onun  yaranması, yaşaması ,  günlərin  birində  də  ölməsi  öz  əlində  deyil ,  elə  də  bəşəriyyətin  yaranması ,  yaşaması  gönlərin  birində  də  məhv  olması  öz  əlində  deyil.
Heç  vaxt  olmamışdır  və  heç  vaxt  olmayacaqdır.  Bunu  belə  söyləyirlər ,  yaxud  bunu  belə  söyləyiblər.  Heç  özündən  deyən  fatehlərin  də  əlində   belə  bir  imkan  olmamışdır.  Şah  Abbasın  əlində  olmamışdır  ,  Sultan  Süleymanın  əlində  olmamışdır, Napeleon  Bonapartın  da    əlində  olmamışdır.
   Onlar  sadəcə  tarixə  bir  qədər    təşəxxüs  satıblar. Lakin  onlar  da  aram –aram  tarixin  əl  irişməz  qatlarına  hörülüblər  .Zamanı  dəyişmək ,  dünyanın  gərdişini  dəyişmək   mümkünsüzdür. Heç  bu  küləyin  istiqamətini  belə  dəyişmək  mümkün  deyil.  Həyat  mümkünsüzlüklərlə ,  paradokslarla  doludur.
    Paradoksal  həyat...
    Amma  yox  yaşamaq  lazımdır.  Yaşamaq    üçün  isə həyata  tutulmaq  lazımdır.
       Həyatda  yaxşı  adam  olmağa  çalışmaq  lazımdır.  Yaxşıların  tərəfində  dayanmaq  lazımdır. İnsanlıq  ölmür- bunu  elə  insanlar  özləri  deyiblər ,amma  insanlar  özləri  daxilən,  içdən  yaxşı  adam olmağa  çalışırlarmı?  Bir-  birlərini  yaxşılıqla  əhatə  edirlərmi?  Yoxsa  ,   insanlar  insani  hissləri  yalnız  görk  xatirinə  dilə  gətirirlər.  Hamı  da  bilir  ki, bunlar  yalnız  söylənmək   xatirinə  söylənilir.  Əslində  isə  Liviya  xalqı Liviyada, Suriya  xalqı  Suriyada , əfqanıstanlılar,  iraqlılar  da  öz  yerlərində, Yer  üzü  insanları  da  yer  üzündə   əzilib  məhv  olurlar ,  ölürlər  ,haqsızlığa  uğrayırlar.  Anamız  Yer  də  bəzən  coşub  daşır,  silkələnir, od  alov  püskürür  .İnsanları  daş, torpaq  altında  qoyur ,qırıb  çatır ,  suda  batırır.  Yaşar  Nuri  Öztürk  də  deyir  ki, insanlar  Quran  ayələrindən  kənar  işlərlə  məşğul  olduğu  üçün  belə  olur. İnsanlar  əxlaqsızdırlar, tülküdürlər, bic- vələdüznadırlar.Və  bunu  bütün  cəmiyyətlərdə  cəmiyyətin  öndə  gedən , sayılıb  seçilənləri  söyləyirlər.  Və  nədənsə  bu  gün  soyuq  otaqda   arıq  vücudu  ilə  titrəyib  əsən   o  da  bu  fikirdədir. Və  həm  də  bu  fikirdədir  ki  ,bu  sayılıb  seçilənlər  özləri  də  elə  Yaşar  Nuri  Öztürk  deyənlərdəndirlər. Nədənsə  ona  belə  gəlir. Ona  belə  gəlməyi  də  yəqin  ki, cızığından  çıxmaqdır.  Kasıblar  xoşlayır  hərdən  cızığından  çıxmağı.  Əslində  bütün  bəşəriyyət  xoşlayır  cızığından  çıxmağı.  Cızığından  çıxmaq ...
  İlk  əvvəl  cənnətdə  Adəm  və  Həvva  cızığından  çıxdı. Sonra  minlər ,milyonlar  cızığından  çıxdı. Bu  gün  o, öz   soyuq  otağında  dəhşətlə  tir- tir  titrəyərək  hiss  edir  ki  ,  bəşəriyyəti  öz  cızığına  qaytarmaq    çox  çətindir, mümkünsüzdür.  Həyatda  hər  şey   zəncirvaridir : inkişaf  da  zəncirvaridir  ,  yaxşılıq  da  zəncirvaridir  ,  pislik  də  zəncirvaridir.   Rəhmsizlik  də  və  elə  cızığından  çıxmaq  da  zəncirvaridir.  İnsanın  xəyalları  ,  arzuları  da  zəncirvaridir  .İnsanın  həyatda  qarşılaşdıqları da  nəyinsə  zəncirvari  davamıdır.
  -Ah , baba , başım  bərk  ağrıyır  ,  çox  bərk  ağrıyır.
   -Niyə  ,  bala ?
  -Ah ,  baba, sənin  babanın  nökərin  başına  vurduğu  daş  bu  gün  qayıdıb  mənim  başıma  dəyib  çox  pis  dəyib. Bax, baba ,  buramdan  qan  axır, pis  axır .Bu  qanı  kəsmək  olmur.  Nənəmə  de  indi  də  yana-  yana  məni  ağlasın.  Daha  nənəmin  gözəlliyini, babamın  igidliyini  yox  məni  danışsın.  Məni  ,baba,  məni...məni…
    Kaş  heç  o, həyata  gəlməyəydi. Amma  gəlib. Və  gəlıibsə  yaşamaq  lazımdır. Yaşamaq  üçün   isə  insana  həyatda  üz  tuta  biləcəyi, arxalanacağı ,  inanacağı  bir  şeylər  lazımdır.  Kişiyə  sevə  biləcəyi  qadın ,  qadına  sevə  biləcəyi  kişi  lazımdır.   İnsana  yemək  lazımdır,  iş  lazımdır, işləyə  bilmək  üçün  güc  ,  ruhuna  işıq lazımdır.  Və  bütün  bunların  baş  tutması  üçün  insana  bəxt ,  tale  lazımdır.  Deməli, onun taleyində  bütün  bunlar :  kasıblıq  ,  bədbəxtlik  var  imiş.  Niyə  var  imiş ?
           Milyonların  taleyində  var  bu  bədbəxtlik  ,  kasıblıq. Niyə  var? Bunun  özü  bir  haqsızlıq  deyilmi? Sual  çox  primitiv  deyilmi ?  Ümumiyyətlə  insan  həyatı  primitiv  deyilmi? İnsan  özü  primitiv  deyilmi? İnsan  içində   hər  iki  dünyanın sevgisini və əzabını  daşıyan insan.  Birindən  baş  aça  bilmədiyi  halda  o  birindən  baş  açmağa  çalışan  insan. Dünyaya  ilk  gəldiyində  xəyalı  göylə, yerlə  çarpışan  insan, dünyanı  sevən  insan.
  -Baba, mən  böyüyəndə Koroğlu  olacam ,  böyük  adam  olacam, dünyanı  gözəlləşdirəcəm.
 -...
 -Gözəl  evlər  tikəcəm ,  gözəl  bağçalar  salacam,- sənin  bağçandan  da  gözəl. Mən  elə  ağaclar  əkəcəyəm  ki  armudlar  da  bir  kilo  gəlsin , heyvalar  da, alçalar  isə  lap  alma  boyda  olsun.
 -...
  — Baba,  mən  bağçamda  güllər  də  əkəcəm: qızılgüllər,  yasəmənlər, zanbaqlar, nərgizlər  — güllərin  hamısından. Bağım  lap  nağıllardakı  kimi   olacaq.
-...
-Baba,  dünya  həmişə  olacaq ?
-Həmişə.
-Baba,  insanlar  da  həmişə  olacaq ?
 -Həmişə. 
 -Baba  həmişə  yaz, yay, payız, qış olacaq ?
 -Həmişə.
 -Baba,  mən  ən  çox  yazı  sevirəm :  güllər  açır :  bənövşələr, süsənlər  ,zanbaqlar  ,  lalələr, cığcığalar.
Cığcığa  güllərini  lap  çox  sevirəm  :  elə  səslənir  ki ,  sanki  zınqırovdur.  Yox, baba,  mən  yayı  da  çox  sevirəm :  isti  olur  :  meyvələr  böyüyür ,  çoxu  dəyir .Səninlə gedib  zəmidən  qardaq  da  yığırıq.  Mən  günəbaxanı  qardağda  olanda  daha  çox  sevirəm.
...Amma  payız  da  gözəldir: nar , heyva  ,  üzüm  dəyir. Üzüm  mənim  ən  çox  xoşladığım  meyvədir. Heyva  da  gözəldir. Bütün  meyvələr  gözəldir.   Baba ,  niyə  hamının  bizimki  kimi  gözəl  baxçası  yoxdur ?
  -Hamının  babası  yoxdur.
   — Nə  yaxşı  ki,  mən  sənin  nəvən  olmuşam ,baba.
  -...
     -Baba ,  qış  da  gözəldir. Mən  sən  düzəldən  xizəyimlə  sürüşürəm. Odun  peçində  bişirdiyimiz  külləmə  də  gözəldir.  Nənəmin  söylədiyi  nağıllar  da  gözəldir.  Dünya  gözəldir.  Dağlar  gözəldir, çəmənlər  gözəldir ,Qoca  Bulaq  ,  Ağ  Bulaq  ,  Kərəm  Mürşüd  gözəldir. Sən  də  gözəlsən, baba.
“Mənsə  gözəl  deyiləm,  baba. “-qoca  gülümsünərək  xəyaldan  ayrıldı  .Əli  ilə  gözlərini  sildi.  Solğun ,  bozumtul,  kasıb  otağını  seyr  etdi.
  Otaq  çox  kasıb  idi :  əşyalar  köhnə, sınıq- salxaq  və  boz  idi. Otaqda  qəribə  bir  iy  də  var  idi  — kasıblıq  iyi. Bu  iyi  həmişə  kasıbların  evində  hiss  etmişdi.  İndi  də  onun  evində  var  idi.  Qoca  gündə  bir  şey  alsa  da  qocadır.  Gəl  ki  on  beş  ildən  bəri  bir  şey  almayasan.   Rövşənin   uşaqları  onun evinə  girəndə ağızlarını  büzüb  “  Cındırxana “  deyərək  gülüşürlər.  O  da  gülür. Və  hər  dəfə  babası  və  uşaqlıq  xatirələri  xəyalına  gəlir.  Uşaqlara  yazığı  gəlir ; onların  xatirəsi   yoxsul  olacaq.  Onlar  gələcəkdə  onu  və  onun  yoxsul  daxmasını  xatırlayacaqlar.
  ...Amma  yox,  yaşamaq  lazımdır. 
  Ayaq  səsləri  və  gülüş...Ardınca  qapıya  bir  zərbə.  Bu,  yəqin  ki, Salamdır. –O,  həmişə  qapını  belə  döyür. Uşaqlar  otağa  doluşurlar.  Dördü  də    oğlan  ,  dördü  də  qarabəniz , dəlisov  ,  səsli-  küylü.
   -A-a-a  peç  yanır .- Salam  heyrətlənir.
  — Konfet  də  var.-ondan  kiçik  Rüfət  də  onun  kimi  heyrətlənir.
  -Mənim  anamın  da  bu  konfetdən  var –üçüncü  Davud  deyir .
Balaca  isə  hələ  əməlli  danışmır.
  Nailə  də  içəri  daxil  olur.
   -Sənə  yemək  gətirmişəm.-qazançanı  peçin  kənarına  qoyur.  Ətrafa  baxınır.-Şərəf  gəlmişdi ,-  deyir  gəlib  odunları  doğrasın.- Qaz  pulu  verməliyəm . ( Yəni  odunu  doğra,  pulu  mənə  ver. Uşaqlar   konfet  və  xurmanın  axırına  çıxır. Həmişəki  kimi  düşünür  ki  uşaq  yesə  daha  yaxşıdır  ,  çünki  uşağın  gələcəyi var.)
   Uşaqlar   gəldikləri  kimi  hay- küylə  də  gedirlər.
    Arada  kənddə  belə  xırda – mırda  iş  düşür .Amma  bu  bir  sənət  deyil. Kişinin  davamlı  işi  olar. Gərək  yazda  şəhərə  getsin  bir  iş  tapsın ,  lap  elə  göy – göyərti  ,  meyvə  satsın. Hərçənd  göy- göyərti ,  meyvə  satmaq  onun  xoşuna  gəlmir. Amma  eyb  etməz.  Bundan  artıq  keçib ,  çünki  heç  əlli  yaş  da  və  bu  kasıblıq ,  bədbəxtlik  də  onun  xoşuna  gəlmir. Deməli, insan  heç  də  xoşuna  gələnləri  əldə  etmir, bəzən   xoşuna  gəlməyənlər də   onun  nəsibi  olur.   Görən  bu  dünyaya  gəlməsinin  ,  ələlxüsus   belə  bədbəxt  olmasının  bir  mənası  var  idimi.
                                                  Gəlişimdən  fayda  görmədi  həyat
                                                  Getsəm  də  dəyişməz  qoca  kainat.
                                                   Bu  gəliş  gedişin  səbəbi  nədir   
                                                   Eşidə  bilmədim  kimsədən  heyhat.
   Yayda  gedər şəhərə , ya  da  qəsəbəyə: işləyər,  pul  yığar.  Otağına  qaz  çəkdirər. Əsas  məsələ  istilikdir.  İstilik  ki,  oldu  insanın  kefi  saz  olar. Yoxsa  soyuq  insanın  əhədini  kəsir.
  Hə  isə…  gedib  odunu  doğrasın.
   Odun  çox  idi. Bu, Nərmanı  lap  sevindirdi. Odun  çoxsa, deməli, pul  da,  nahar  da  çox  olacaq. Gündə  bir  dəfə  yaxşı  yesə  qalan  öynələri  çayla  başa  vurar.  Odunu  üç  günə  doğradı   .Şərəf  ona  tez-tez  isti  çay ,  konfet  ,kökə  ,  nahara  isə  ətli  xörək  verirdi. Axırıncı  gün  Şərəf  ona  qırx  manat  pul  və  isti  bir  kürk  verdi.   Kürkü  verərkən  sədəf  kimi  ağ  dişlərini  göstərərək  gülümsədi :
 -Bu  kürkü  geyinib    soyuq  otaqda  otursan  da  sənə  soyuq  olmaz.
  Kürk  elə  Şərəfin  dediyi  qədər  də  var idi.  Hər  şey  yaxşılığa  doğru  dəyişir  bircə  bu  Nailənin  xarakterindən  başqa. Qırx  manatı  o  almasa  bir  on  beş  gün  dolanar. Görən  qaza  borcu  nə  qədərdir ?Niyə  əri  vermir?.Əgər  bircə  kəlmə  buna  eyham  atsa  qiyamət  qopacaq.  Pulu  versə  də  bircə  gün  üzünə  xoş  baxacaq.  Sonra  isə  yenə  qapı  bağlanacaq, səslər  kəsiləcək.  Nə  isə  yaman  bəlaya  düşüb.
  Evinə  gəldi  Nailə  qazança  ilə  hazır  oldu. 
  -Nə  qədər  verdi?
  -Qaza  nə  qədər  borcun  var?
 -Otuz  manat.
-Niyə  ərin  vermir.? 
  — Sən  çimmirsən ?
 -On  beş  gündən  bir  çimirəm
  -Axır  çimirsən  də.
 -Al  iyirmi  manat.
Nailə  pulu  və  qazançanı  götürüb  fırıltı  ilə  çıxdı.
    Nə  isə … Eybi  yox  Nailəni  də  qınamalı  deyil;  o  da  yaxşı  yaşamaq  istəyir. Gərək  o, özünə  əməlli  bir  iş  tapıb  onlara  kömək  etsin.  Əvvəllər  xəstə  idi  .İndi  daha  yaxşıdır. Yəqin  ki, bir  iş  tapar. Bərk  yorulub, yıxılıb  yatsın. Əvvəlcə  peçi  qalasın. İstidə  yatmaq  daha  yaxşıdır. İş  insanın  cövhəridir – atalar  düz  deyib. Yoxsa  bütün  günü  uzanıb   dünyanın  işlərini  vərə-  vürd  etməkdən  bir  çey  çıxmaz.  Onsuz  da  insan  nə  qədər  vərə — vürd  etsə  də ,əlləşsə  də , çalxalansa  da   dünyanın  işlərindən  heç  baş  açmaz.
                                  Açılmaz  heç  kəsə  əsrar  pərdəsi
                                 Çatmaz ki   göylərə  kimsənin  səsi.
                                 Torpağın   altından  başqa  mənzil  yox
                                  Uzundur  dünyanın  bu  əfsanəsi.
    Dünyanın  əfsanəsi… Haradadır  babası, nənəsi   ,ata-  anası, bibiləri ,  Güllü   xala ,  keçmiş  günlər...
Hələlik  onun kimilərin   xatirəsində  yaşayırlar.  Amma  bir  müddət  sonra o və  onun yaşıdları   ölüb  gedəcək  və  onlar  da  xatirələrlə  birlikdə  yox  olacaqlar.  Sanki  heç  olmayıblar.  Çətin  məsələdir.   İnsan  bütün  bunları  dərk  etmir.  İnsan  bu  yoxluğu, bu  boşluğu  dərk  etsə  yaşaya  bilməz , ayağı  yerdən  üzülər. İnsan  bu  yoxluğu  bu  boşluğu  dərk  ersə  çəkdirərmi  bir -  birinə   zülmü..   İnsanın   bir-  birinə   zülmü   nəylə  əlaqədardır?  Çoxunu  mənimsəmək, hər  şeyi  mənimsəmək  ,  bu  günü  yaxşı  yaşamaq, sabahı  təmin  etmək.  Ölümü  düşünməmək  ,  zamanın  gərdişini  düşünməmək.  Nədən  insan  bunu  unudur ?  Bəlkə,  təbiətin  insana  qarşı  rəhmsizliyi  insanı  bir-  birinə  qarşı  rəhmsiz  edir?
    İnsan  sən  nələrə  qadirsən ...  İnsan  sən  heç  nəyə  qadir  deyilsən.… İnsan...
  İşıqlar  da  söndü.  Zülmət  qaranlıq....Qaranlıq… Qaranlıqdan  qorxardı  əvvəllər. Ölümdən  qorxardı əvvəllər. İndi  isə  qaranlıq  və  ölüm  ona  elə  doğmadır  ki...
  Həyatın  ki  yarısı  qaranlıqdır. Həyatın  ki  davamı  ölümdür.
 … Bu  ki  babasıdır.  Ah,  babası  necə  doğmadır  ...necə  qüvvətlidir  ...necə  gözəldir...
  -Baba ,  sən  Koroğlumu  olmusan ?
  -Niyə  belə  deyirsən ?
  -Axı  ağ  at  minmisən .
  — Ağ  at  muraddır  deyərlər. Gəl ,  əzizim ,  gəl  gedək  Kərəm  Mürşüd  bulağına.  Orada  indi  bahardır. Sənin  sevdiyin  cığcığa  gülləri  açıb.  Zanbaqlar ,  lalələr  bir- birinə  qarışıb.
   -  Ah ,  baba  ,  yemlik  də , turşəng  də  bitibmi ?
   -Bitib, bitib  .Şomu  da  bitib . Gəl  gedək  şomu  da  dərək. Nənən  bir  yaxşı  qovursun  yeyək ,  ağzımız  dada  gəlsin.
  -Baba, baharı  şomusuz  təsəvvür  etmək  olmaz, eləmi? –Nəriman   babasına  söz  atır.
  -  Elədir.  Gəl ,  gəl  gedək.
  -  Atın  nə  bərk   gedir, baba ?
  -At  deyil  bu  küləkdir ,  külək.
  -  Kərəm  Mürşüd  lap  gurlaşıb ,  baba, lalələr  lap  gözəlləşib.  Zanbaqlar  heyrətamizdir.  Cığcığalar  isə  möcüzədir. Sanki  qumru  quşu  oxuyur , heç  cığcığa  səslənmir.  Qumrular  da  var.  Bir  bax  bulağın  başına.    Nə  gözəldir ,baba .Baba ,  məni  burdan  yollama, qoy  burda  səninlə  qalım.  Qumrular  lap  çiynimə  qonublar.
 -Səni  görüb  sevinirlər.
 -Bunlar  həmin  quşlardımı ?
  — Həmin  quşlardır, bala.
  -Həyat  nə  gözəldir  ,baba.
Top