Ruhunu şeytana satan Bulqakov

Ruhunu şeytana satan Bulqakov

Ruhunu satmaqla bağlı
Deyilənə görə, Bulqakov tez-tez “Faust”a baxmaq üçün “Bolşoy Teatra” gedirmiş. Bu opera onun əhvalını açırmış. Faust obrazı ona xüsusilə doğma imiş. Ancaq, günlərin bir günü Bulqakov teatrdan evə qaşqabaqlı, gərgin vəziyyətdə gəlir. Arvadı nə olduğunu soruşunca, o yaxın günlərdə yazmağa başladığı “Batum” pyesin ucbatından bu hala düşdüyünü deyir. Sən demə Stalin haqda pyes yazmağa razılıq vermiş Bulqakov, birdən-birə ruhunu şeytana satmış Faustun yerində özünü görüb.

Əskik olan personaj
1937-ci ildə A. S. Puşkinin ölümünün ildönümü münasibətiylə bir neçə yazara onun haqda pyes yazmaq tapşırılır. Bu yazarlar arasında M. A. Bulqakov da olur. Lakin Bulqakovun “Aleksandr Puşkin” adlı pyesində digər müəlliflərin əsərlərindən fərqli olaraq bir obrazı verilmir. Bulqakov hesab edirmiş ki, bu şəxsin səhnəyə çıxması vulqar və zövqsüz görünəcək. Həmin şəxs Aleksandr Puşkin özü imiş.

Mixail Bulqakovun xəzinəsi
Bulqakov “Ağ qvardiya” romanında özünün Kiyevdə yaşadığı evi təfərrüatı ilə təsvir edib. Evin sonrakı sahibinin isə romandakı bircə detala görə Bulqakovu görməyə gözü yoxdur, belə ki, o ev sahibinə böyük zərər vurub. İş orasındadır ki, ev sahibi Bulqakovun romanını oxuyanda sonra evin bütün divarlarını uçurub təməlini qazır ki, romanda təsvir olunan xəzinəni tapsın, ancaq biri də çıxıb ona demir ki, bu yazıçının bədii təxəyyülündən başqa bir şey deyil.

Volandın əhvalatı
Bulqakov “Master və Marqarita” romanındakı Voland obrazını Götenin qəhrəmanı Mefistofeldən götürmüşdü. “Faust” poemasında Mefistofel qaranlıq qüvvələri kənara çəkilib yol verməyə səsləyərkən deyir: “Zadəgan Voland gəlir!”. Həmçinin, qədim alman ədəbiyyatında iblisin Faland adlandırıldığı məlumdur. Bu ad “Master və Marqarita”da, məmurlar sehirbazın adını yada salmağa çalışarkən də ortaya çıxır: “...Bəlkə də Faland idi?”

Kitabın ilk çap versiyasında əvvəlcə naməlum adam kimi ortaya çıxan Volandın təsvirinə geniş (əlyazmada on beş səhifədir) yer ayırılmağına baxmayaraq, indiki versiyada bu təsvirlə tamam çıxarılıb. Bundan əlavə ilk dəfələrdə Volandın yerinə Astarot (qərb demonologiyasında cəhənnəmin ən yuxarıda dayanan iblisi) işlənilirdi. Sonradan Bulqakov onu Volandla əvəz edir, görünür o obrazının mifologiyadakı şeytanla eyni olmasını istəməyib.

“İt ürəyi” və rus inqilabı
“İt ürəyi” povestində cəmi bircə siyasi məqamın olduğu sanılır. Belə ki, baş qəhrəman Şarikov lümpen-ploretariata aid olan alleqorik obrazdır. O təsadüfən çoxlu imtiyazlar və azadlıqlar əldə edir, ancaq bunun ardınca daxilində eqoizmi və özünəbənzərləri məhv etmək istəyini aşkarlayır. Lakin povest haqda başqa iddialar da var, deyilənə görə bur 1920-ci illərdəki hökümətdaxili vəziyyəti ələ salan siyasi satiradır. Yozumlara görə, Şarikov-Çuqunkin əslində Stalinin (hər ikisinin iki soyadından biri “dəmir”lə bağlıdır), professor Preobrajenski –Leninin (preobrajit – rusca dəyişmək deməkdir, burda Leninin ölkəni dəyişməsinə işarə edilir), onun köməkçisi daim Şarikovla ixtilafda olan doktor Bormental – Trotskinin (onun sonyadı Bronşteyn idi), Şvonder – Kamenovun, köməkçi Zina (Darya Zinovyev) – Dzerjinskinin prototipləridir.

Begemotun prototipi
Volandın ən çox diqqət çəkən köməkçisi Begemotum gerçək həyatda prototipi varmış. Amma o pişik deyil Mixayıl Bulqakovun Begemot ləqəbli, zil qara itidir. Deyilənə görə it çox ağıllı imiş. Günlərin bir günü Bulqakov arvadı ilə birlikdə yeni ili qeyd edərkən kreml saatının zənglərini eşidən it düz on iki dəfə hürür, ancaq ona bu şeyi heç kim öyrətməyibmiş.

İvan Vasiliyeviç: yenidən keçmişə
Hələ 1934-cü ildə Mixayıl Afansaiyeviç Bulqakov zaman maşını yaratmağa çalışan moskvalı ixtiraçı-alim Nikolay İvanoviç Timofeyev haqda komediya-pyes yazır. Pyesdə Nikolay İvanoviç zaman maşını vasitəislə İvan Qroznunu müasir dövrə gətirir (1934-cü ilə), əvəzində isə evlər idarəsinin müdiri Bunş-Koryçki və fırıldaqçı Jorj Miloslavskini keçmişə yollayır. Pyesi oxuyanlar Bulqkovu pyesdə bəzi dəyişikliklər etməsi üçün dilə tuturdular. Hər kəs İvan Qroznu ilə İyosif Stalin obrazının açıq-aydın bənzərliyinə görə qorxurdu.

“İvan Vasiliyeviç” pyesi öz təntənəli uğurunu 1973-cü ildə, böyük kino ustası Leonid Qayday bu işə əl qoyandan sonra qazandı. Tanınmış rejissor Bulqakov xəttini tam olaraq saxladı, təkcə 30-cu illərə aid detalları 70-ci illərə uyğunlaşdırmalı oldu. Məsəlçün, pyesdə haqqında bəhs edilən patefon maqnitofonla, koverkot palto zamşa gödəkcə ilə dəyişdirildi, zaman maşınında isə tranzistorlardan istifadə edildi. Yakinin İvan Qroznu ilə görüşündə 70-ci illərdə SSRİ-də məşhur olan məşhur kino artistlərinin adını sadalayır.* Yeri gəlmişkən, film amerikalı tamaşaçılara da tanışdır, ancaq filmin amerikan versiyasının adı dəyişidirilərək “İvan Vasiliyeviç: yenidən keçmişə” olaraq dəyişdirilib (“Ivan Vasilievich: Back to the Future” və “Ivan the Terrible: Back to the Future”).

Tərcümə: Namiq Hüseynli
Top