Dil bəlası | Anton Çexov

Dil bəlası | Anton Çexov

Səhər Yaltadan geri dönmüş cavan xanım Natalya Mixaylovna nahar süfrəsində dil-boğaza qoymadan ərinə Krımın gözəlliklərindən bəhs edirdi. Bundan xoşhallanan əri isə arvadının heyranlıq dolu üzünü nəvazişlə süzərək onu dinləyir və ara-sıra suallar verirdi… 

— Deyirlər amma oralarda yaman bahaçılıqdır? – deyə sözarası əri xəbər aldı.

— Necə deyim sənə? A-a-tam, məncə bu bahalıq söhbəti çox şişirdilib. Ona qalsa, yəqin heç “şeytan” adlı məxluq da deyilənlər qədər qorxunc deyil. Məsələn, biz Yuliya Petrovna ilə günü iyirmi beş manata çox rahat və xudmani otaq kirayələmişdik. Əzizim, yaşamağı bacarmaqdan çox şey asılıdır. Əlbəttə, əgər könlündən hara isə dağlara… məsələn, Ay-Petriyə getmək keçirsə, onda sən, aydın məsələdir ki, özünə bələdçi və at kirayələyirsən və onda, sözsüz ki, xərcin artır. Həm də dəhşət artır! Amma, Vasyacan, oralarda dağlar da dağdır ha! Təsəvvürünə yüksək, çox yüksək dağlar gətir, hətta kilsədən də min dəfə uca dağlar… Zirvələri duman içində itib-batan, ətəklərində isə nəhəng qayalar… və şam ağacları bitən… Eh, indi oraları təsəvvürümdə canlandırmağa da acizəm!

— Hə, bir də… sən burda olmayanda mən jurnallardan birində oralardakı tatar bələdçilər haqda yazı oxumuşdum… Çox sırtıqmışlar! Yəni doğrudanmı onlar bu qədər əcaibdirlər?

Natalya Mixaylovnanın üzünə nifrət dolu ifadə çökdü, o, başını yelləyərək dedi:

— Qəribə-zad deyillər, adi adamlardır… Bir də ki, mən onları uzaqdan, həm də ötəri gördüm… Onları mənə göstərdilərsə də, düzü, bir o qədər də fikir vermədim. A-a-tam, bütün bu yunanlara, çərkəzlərə, … həbəşlərə qarşı mən həmişə özümə bir ayrıcalıq hissi aşılamışam!..

— Deyilənlərə görə, yaman şorgözdürlər.
— Ola bilər! Çünki elə ləçərlər tapılır ki… Bu yerdə Natalya Mixaylovna dəhşətli bir şey xatırlayıbmış kimi yerindən dik atıldı, bir müddət ərini ürkək baxışlarla süzəndən sonra uzada-uzada sözə başladı:

— Hə, Vasyacan, mən sənə po-o-ozğun qadınlar haqda danışacam! Ah, necə də sırtılıblar onlar! Aşağı, ya da orta təbəqədən olsalar, yenə dərd yarıdır, amma əsl kübar qadınlar bu yolu seçəndə bilmirsən ki, onlara nə deyəsən! Düzü, orda gördüklərimə hələ də inanmıram, əsl rəzalətdir! Ölənə qədər də yadımdan çıxmaz! Görünür, insan özünü bunca da alçaltmağa qadirmiş… eh, Vasyacan, hətta danışmağa da çiyrinirəm! Elə mənim rəfiqəm Yuliya Petrovnanı götürək… Yaxşı əri, iki dənə də uşağı var… yüksək təbəqədəndir, özünü həmişə mələk kimi aparır – amma heç ağlına da gətirməzsən ki… Ancaq, a-a-tam, bilirsən də, bu söhbət entre nous (fransızca: “öz aramızda” — A.Y.) qalacaq… And iç ki, bunları heç kəsə danışmayacaqsan.

— Guya mənə bələd deyilsən də! Əlbəttə ki, kimsəyə demərəm.

— Söz verirsən də? Bax ha, sənə güvənirəm…

Xanım çəngəli yerə qoyub, çöhrəsinə sirli bir ifadə verərək pıçıltıyla sözə başladı:

— Təsəvvür elə ki… Bu Yuliya Petrovna dağlara gedib… hava da ki, kefin istəyən! O, öz bələdçisiylə irəlidə gedir, mən isə bir qədər arxadayam. Heç üç-dörd verst yol getməmişdik, bizim Yuliya çığıraraq, əllərini sinəsinə apardı. Tatar bələdçi də, qadın yəhərdən yerə yumbalanmasın deyə, onun belindən yapışmalı oldu… Öz bələdçimlə gəlib, onların bərabərinə yetişdim… Soruşuram ki: “Nə olub belə? Nə haray-həşir salmısan?” Deyir: “Off, ölürəm! Halım fənadır! Burdan o yana bircə addım da atammaram!” Məni necə qorxutduğunu anlayırsan da yəqin ki! Qayıdasan ki: “Yox, Natali, heç geriyə də gedən deyiləm! İnan ki, çox yox, belə halda bircə addım da atsam – canım çıxacaq, çünki spazmam tutub!” Sonra da məni və bələdçim Süleymanı yalvar-yaxarla, and-amanla dilə tutdu ki, şəhərə dönüb, onun üçün dərdinin tək dərmanı olan “Bestujev damlaları” gətirək.

— Dur, bir görüm… Bir şeyi heç anlamadım… – deyən əri alnını qaşıdı.
– Axı, bayaq özün dedin ki, sən bu tatarları eləcə uzaqdan görübmüşsən, indi isə durub hansısa Süleymandan söz danışırsan. Arvadı zərrəcə utanmadan üz-gözünü turşutdu:

— Gördün, yenə də başladın sözümün başına ip salmağa?! Bunu heç başım götürmür də! Bu nə xırdaçılıqdır, axı?!

— Yox, mən hər deyilən sözə ilişmirəm ey… Amma bu hap-gopa nə hacət varmış – onu anlamıram! Sən Allahın, yəni bunu… bunca ört-basdır etmək nəyinə lazımdır axı?

Arvad lap hikkələndi:
— Hmm! Əcəb də kişisən amma! İndi məni o Süleymana qısqanırsan, eləmi? Təsəvvür edirəm, sən özün o dağlara bələdçi olmadan necə gedərdin! Çox əla təsəvvür edirəm bunu! Əgər oralardakı şəraiti bilmir və anlamırsansa, yaxşı olar ki, ən azı mumlayasan. Mumla, mumla barı! Oralarda bələdçisiz bircə addım da atmaq olmaz.

— Əlbəttə ki!

— Onda bu gicgici gülümsəmələrini yığışdır! Mən sənin üçün Yuliya-filan deyiləm… Düzdü, heç ona da haqq qazandırmıram, amma mən tamam baş-ş-qa… Hərçənd mən də özümü orada övliya kimi aparmırdım, amma hər şeyə bir hədd qoyurdum. Süleymanın mənim yanımda həddi nəydi ki, cızığından çıxa…

Heç qoyardım?! Məhmədqul bəzən bütün günü Yuliyanın dizinin dibində otururdu. Mən isə saat on bir olan kimi: “Süleyman! Haydı, dur get!” əmrini verirdim. Mənim üzüyuxa tatarım da qalxıb gedirdi. Hə-ə, a-atam, mən onun ipini yaxşıca əlimə yığmışdım… Elə ki görürdüm məndən pul-para, ya başqa bir şey istədi, o dəqiqə üstünə şığıyıb: “Necə, necə? Nə-ə-ə dedin? Nə-ə-ə?” çımxırırdım, yazıq o andaca sarısını udurdu… Ha-ha-ha…

Vasyacan, onun o fağır gözləri kömür kimi qapqaraydı, sir-sifəti – əsl tabaq, davranışları isə – sarsaq və gülünc… Mən onu öz əlimdə bax, belə saxlayırdım! Ba-a-a-x be-lə-ə!* Çörəyin xəmirindən düzəltdiyi topu süfrənin üstündə ora-bura dığırladan əri mızıldandı:

— Təsəvvürümə gətirirəm…
— Axmaqlama da, Vasyacan! Ağlına nələr gəldiyini çox yaxşı anlayıram sənin! İndi nələr düşündüyünü də təxmin edirəm. Amma səni inandırıram ki, hətta gəzintidə olanda belə o, öz yerini bilirdi. Məsələn, biz dağlara və ya Uçansu şəlaləsinə yollananda durmadan ona xatırladırdım: “Süleyman, arxamca gəl! Bax belə!” O da, zavallı, həmişə buna riayət edirdi… Hətta… ən xoş məqamlarda da aramızdakı fərqi onun başına qaxırdım: “Hər şey bir yana dursun, sən mənim dövlət müşavirinin xanımı, özünün isə adi tatar olduğunu unutmamalısan!” Ha-ha-ha…

Arvadı qaqqanaq çəkdi, amma gözü ərinə sataşınca tez üzünə ürkək bir ifadə qonduraraq pıçıldadı:

— Bəs Yuliya?! Ax, o Yuliyaya nə deyim mən! Əlbəttə ki, Vasyacan, bu mənasız kübar həyatından sıxılan birisinin, keçici də olsa, bir az şıltaqlıq etməyə, nazlanmağa da haqqı çatır. Heç kim bunu inkar eləmir… Şıltaqlıq da et, əylən də, kimsə səni qınamaz, amma bunu əsas məqsədə çevirmək, hoqqalar çıxarmaq nəyə gərəkmiş? Yox, nə deyirsən de, mən bunu anlamaqda acizlik çəkirəm! Təsəvvür elə ki, məni qısqanmağa da başlamışdı! Əcəb axmaqlıqdır, deyilmi? Günlərin bir günü məşuqu Məhmədqul ona baş çəkdi… Yuliya evdə yox idi… mən də kişini öz otağıma çağırdım… ordan-burdan bir az söhbət etdik… bu tatarlar, bilirsən də, çox məzəlidirlər! Bir də baxdıq ki, axşam düşüb…
Qəflətən Yuliya otağa soxuldu… Bir mənə hücum çəkdi, bir Məhmədqula… bizə bir üzlər göstərdi ki… tfu sənə! Amma mən belə şeyləri heç vaxt ciddiyə almıram, Vasyacan…

Vasyacan da bir boğazını arıtladı, sonra qaşlarını çatdı, otaqda var-gələ başladı. Kinayə ilə gülümsəyərək donquldandı:

— Day denən orda əməlli-başlı kef görürmüşsüz də!

Natalya Mixaylovna incidi:

— Bax da, əcəb düşük şeylər gəldi yenə ağlına! Bilirəm sənin o fikrindəkiləri! Ürəyinə də ancaq qara-qura fikirlər gələr sənin! Odur ki, daha sənə heç nə danışmayacağam! Heç nə!

Dodaqlarını acıqla büzən qadın susdu.

Tərcümə: Azad Yaşar
Top